ZƏRİFƏ ƏZİZ
QIZI ƏLİYEVA 1923-cü il aprelin 28-də Azərbaycanın
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun
Şahtaxtı kəndində dünyaya göz açıb. 1942-ci
ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olub və 1947-ci ildə həmin
institutu bitirib. Sonra o, Moskva şəhərində Mərkəzi
Həkimləri Təkmilləşdirmə İnstitutunda
oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
Elmi tədqiqatlara olan
sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat
İnstitutuna gətirib çıxarmış və orada həkim-ordinator
kimi işə başlamışdır. Zərifə xanım
1950-ci ildə aspiranturaya daxil olmuşdur. Aspiranturanı
bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat
İnstitutunda elmi işçi olmuşdur.
Həmin illərdə
Azərbaycanı traxoma göz xəstəliyi
bürümüşdü. O zaman təsirli müalicə
üsulları yox idi və həmin xəstəliyə
qarşı mübarizə təkcə oftalmologiya elmi
üçün deyil, bütövlükdə respublika səhiyyəsi
üçün mühüm əhəmiyyət kəsb
edirdi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə
qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin
təşkilində və keçirilməsində fəal
iştirak edir. Konkret müalicə təcrübəsindən
başqa o, Azərbaycanda traxoma xəstəliyinin daha geniş
yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr
oxuyur, əhali arasında söhbətlər aparırdı.
Beləliklə, Zərifə
xanımın ilk elmi araşdırmalarının mövzusunu
həyat özü müəyyənləşdirdi. O, tədqiqat
işini traxomanın müalicəsi ilə bağlı məsələlərə,
traxomanın müalicəsində və onun
ağırlaşdığı hallarda daha təsirli vasitələrin
öyrənilməsinə, o dövr üçün yeni olan
antibiotikdən — sintomitsindən istifadə olunmasına həsr
etdi. Çünki sintomitsin geniş antibakterial spektrlərlə
yanaşı, antixlamedik fəallığa malik idi. Bu tədqiqatların
nəticələri Zərifə xanım Əliyevanın
1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın
digər terapiya üsulları ilə birlikdə sintomitsinlə
müalicəsi” mövzusunda namizədlik
dissertasiyasının əsasını təşkil etdi. Gənc
alim Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi
işçi seçildi.
Traxoma xəstəliyinin
öyrənilməsi və müalicəsi üzrə elmi
işləri yekunlaşdırdıqdan sonra Zərifə
xanım oftalmologiya elmi üçün vacib olan digər
istiqamətlərdə tədqiqatlar aparmağa başladı.
O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə
bağlı bir sıra tədqiqat işləri apardı. Həmin
tədqiqatların nəticələrindən bəhs edən
elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi
sahəsində çalışan həkimlərin biliklərinin
genişlənməsinə kömək etdi. 1960-cı ildən
1967-ci ilədək Zərifə xanım Oftalmologiya
İnstitutunda böyük elmi işçi vəzifəsində
çalışmışdır. 1963-cü ildə SSRİ
Ali Attestasiya Komissiyası ona “oftalmologiya” ixtisası üzrə
böyük elmi işçi adı vermişdir.
Zərifə xanım Əliyeva
1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasına dosent
vəzifəsinə dəvət olunmuşdur. Yeri gəlmişkən,
bu institut ömrünün son illərində həmin kollektivə
rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim
oğlu Əliyevin — Zərifə xanımın atasının
adını daşıyırdı. Həmin dövrdə Zərifə
Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul
olur: cərrahiyyə əməliyyatları aparır, xəstələrə
məsləhətlər verirdi. Həm də onun fəaliyyəti
yalnız öz klinikasına qapanıb qalmır, bütün
oftalmologiya təşkilatlarını və şöbələrini
əhatə edir. Bununla yanaşı, o, göz xəstəlikləri
üzrə təkmilləşdirmə kurslarının dinləyici
həkimləri ilə pedaqoji iş aparırdı.
Tibbi təcrübə və
kadr hazırlığı məsələləri ilə
çox ciddi məşğul olmasına baxmayaraq, Zərifə
xanım elmi tədqiqat işlərinin davam etdirilməsinə
böyük əhəmiyyət verirdi. Həmin dövrdə
o, oftalmologiyanın bir sıra aktual məsələlərinə,
o cümlədən diaqnostika, qlaukomanın və görmə
orqanının iltihabının müalicəsi və s. kimi məsələlərə
xüsusi diqqət yetirirdi. Bu zaman oftalmalogiyanın elmi cəhətdən
az araşdırılmış sahəsi — görmə
orqanının patologiyası da onun diqqətini cəlb etdi. Bu
problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin
geniş inkişafı ilə yox, həm də bir sıra yeni
kimyəvi birləşmələrin görmə orqanına təsirinin,
demək olar ki, elmi şəkildə tədqiq olunması ilə
əlaqədar idi.
Zərifə xanım Əliyeva
1968-ci ildən etibarən məqsədyönlü şəkildə
görmə orqanının patologiyası ilə məşğul
olmağa başladı. Qeyd etmək lazımdır ki, bir
sıra ciddi elmi məsələlərlə yanaşı, o,
bütün ömrü boyu peşə ilə əlaqədar əmələ
gələn göz xəstəlikləri problemlərinə
dair tədqiqatlarını davam etdirmişdir. Eyni zamanda, bir
sıra məsələlərə, o cümlədən yod-sənaye
müəssisələrində, neft-kimya sənayesində
çalışan şəxslərin görmə orqanına
təsir edən amillərə əsas diqqət yetirmişdir.
Zərifə xanım bu
problem üzərində iş apararkən çox vaxt
bilavasitə sənaye müəssisələrində
olmuş, zərərli peşə sahələrində
çalışan şəxsləri oftalmoloji müayinədən
keçirmişdir. Bununla yanaşı, Bakının və
Sumqayıtın bir sıra sənaye müəssisələrinin,
o cümlədən, şin zavodunun sexlərində laboratoriya
şəraitində elmi təcrübələr
aparmışdır. Geniş miqyaslı klinik və təcrübi
tədqiqatlar nəticəsində alim zəhərli maddələrin
görmə orqanına təsirinin əsas qanunauyğunluğunu
aşkara çıxara bilmişdir.
Çoxillik
müşahidələrin, klinik tədqiqatların və
eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın
doktorluq dissertasiyasının əsasını təşkil
etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri
işçilərinin görmə orqanının vəziyyəti”
mövzusunda yazdığı dissertasiya işini
dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən
birində — H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda müdafiə etmişdir. Həmin dissertasiya
işi alim-oftalmoloqların yüksək qiymətini
almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən
biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya
tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər
sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun oftalmologiya
kafedrasının professoru, 1983-cü ildə isə həmin
kafedranın müdiri seçildi. Elə ilk gündən o, ətrafına
istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat
işini, kadrların və elmi işçilərin
hazırlanmasını müvəffəqiyyətlə təşkil
edə bildi. Amma kafedranın mövcud bazası elmi tədqiqatların
keçirilməsi tələblərinə cavab vermirdi. Təşəbbüs
göstərmək lazım gəlirdi və Zərifə
xanım bu problemin həlli yolunda bir sıra konkret addımlar
atdı. 1977-ci ildə professor Z.Əliyevanın təşəbbüsü
ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar
Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Bakıda
ilk dəfə belə bir möhtəşəm tədbirin
keçirilməsi təbii ki, böyük təşkilatçılıq
bacarığı və zəngin təcrübə tələb
edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin
bütün ağırlığı Zərifə
xanımın üzərinə düşdü. Bu plenumun
keçirilməsi həm Azərbaycanda, həm də
keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində
oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji
kadrların hazırlanmasında müstəsna rol oynadı.
Plenum Azərbaycanda
görmə orqanının peşə patologiyasının
öyrənilməsi üzrə ilk
ixtisaslaşdırılmış elmi-tədqiqat
laboratoriyası yaradılması barədə professor Zərifə
xanım Əliyevanın irəli sürdüyü təşəbbüsü
bəyəndi. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının
Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü
və təşkilatçılığı ilə
yaradılan həmin laboratoriyada az intensivli zəhərli
istehsal sahələrində görmə orqanına fizioloji,
klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi
üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı.
Elmi araşdırmalar nəticəsində Zərifə
xanım bir neçə monoqrafiya, o cümlədən,
“Şin istehsalında gözün peşə patologiyası”,
“Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod
sənayesində gözün peşə xəstəliyinin
profilaktikası” monoqrafiyalarını çap etdirdi. Bu əsərlər
dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.
Oftalmologiyanın
inkişafına verdiyi böyük töhfəyə — görmə
orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə professor Zərifə
xanım Əliyeva oftalmologiya aləmində ən yüksək
mükafata — SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax Mükafatına layiq görüldü. Qeyd
olunmalıdır ki, Zərifə xanım həmin mükafata
layiq görülən ilk qadın idi.
Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutu
oftalmologiya kafedrasının müdiri seçildikdən sonra
(1983-cü il) onun fəaliyyəti daha da genişləndi. Yeri
gəlmişkən qeyd etmək lazımdır ki, Zərifə
xanım elmi maraqları yalnız görmə orqanının
peşə patologiyası problemləri ilə məhdudlaşmırdı.
Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin
differensial diaqnostikasını
yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini
yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə
tutulmuş dərs vəsaitləri, məsələn, “Herpetik
göz xəstəliyi”, “Ağır virus konyuktivləri” və
s. məhz bu məsələlərə həsr olunmuşdur.
Həmin dövrdə Zərifə
xanım qlaukomanın etimologiyası, diaqnostikası və
müalicəsi məsələlərinə həsr
olunmuş bir sıra maraqlı tədqiqatlar
aparmışdır. Gərgin və gərəkli tədqiqatlar
nəticəsində o, bir sıra elmi məqalələr və
iki monoqrafiya — “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji
xarakteristikası” və “Yaşla bağlı gözün əsəb
yollarının dəyişməsi” əsərlərini
çap etdirmişdir.
Professor Zərifə
xanım Əliyeva həm də gözün zədələnməsinin
profilaktikası və müalicəsi imkanlarını öyrənmişdir.
Bir sıra elmi işlərində o, görmə orqanı zədələndikdə
mövcud olan cərrahiyyə əməliyyatları
üsullarını araşdırmış, həmin
üsulların təkmilləşdirilməsi
üçün faydalı tövsiyələr işləyib
hazırlamışdır. Bu tövsiyələr cərrahiyyə
əməliyyatına məruz qalan zədələnmiş
görmə orqanının müalicəsini xeyli
yüngülləşdirmişdir.
Alimin bir sıra elmi
işləri görmə orqanında bədxassəli
şişlərin diaqnostikasına və müalicəsinə
həsr olunmuşdur. Zərifə xanımın daktriologiyadan
bəhs edən — “Göz sulanmasının fiziologiyası”,
“Göz sulanmasının müasir cərrahiyyə
üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə
oftalmoloqların yox, həm də fizioloqların böyük
marağına səbəb oldu.
Zərifə xanım Əliyeva
fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən
biridir. Bu nəşr indi də hər bir oftalmotoloq
üçün stolüstü kitab olaraq qalır.
Zərifə xanım xəstəliyin
diaqnostikasının yeni istiqamətində
inkişafını (gözün əlvan təbəqəsində
dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq
edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr
həsr etmişdir. O, “İridodiaqnostikanın əsasları”
kimi nadir elmi əsərin müəlliflərindən biridir. Həmin
kitab bu gün həkimlərin iş təcrübəsində
əvəzolunmaz elmi vəsaitdir.
Professor Zərifə
xanım Əliyevanın zəngin pedaqoji, elmi və əməli
təcrübəsi professor N.B.Şulpina və L.F.Moşetova
ilə birlikdə yazdığı “Oftalmologiyanın aktual məsələləri”
monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab həm
oftalmotoloqlar, həm də həkimləri təkmilləşdirmə
fakültələrinin müəllimləri üçün
böyük əhəmiyyət kəsb edir.
Zərifə
xanımı həkim etikası və tibbi deontologiya məsələləri
həmişə düşündürmüşdür. O, gənc
həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti
ilə bağlı problemlərin öyrənilməsinə və
həllinə xeyli zəhmət sərf etmişdir. Onun
çoxsaylı məqalələri, çıxışları
məhz bu məsələlərə həsr olunmuş
“Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin
şəxsiyyət kimi formalaşması prosesinə dəyərli
töhfə vermişdir. O, səhiyyədə kadr
hazırlığına və həkimlərin
ixtisasının təkmilləşdirilməsinə gərgin
əmək sərf etmişdir.
Onun rəhbərliyi
altında cavan alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli yetişmişdir. Zərifə
xanım tələbələrinə zəngin həyat təcrübəsini
öyrətmiş, onlara diqqət və qayğı ilə
yanaşmışdır. O heç vaxt gərgin işdən
usanmamış, həmişə həvəslə və
ilhamla çalışmışdır. Bir həkim kimi fədakarlığı,
yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi
və qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının,
yetirmələrinin və xəstələrinin dərin
hörmətini qazandırmışdır.
Böyük xidmətlərinə,
çoxillik elmi-tədqiqat işlərinə görə
professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan
Respublikası Elmlər Akademiyasının akademiki
seçilmişdir.
Akademik Zərifə
xanım Əliyeva ömrü boyu fəal ictimai iş
aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə
Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə
Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə
Heyətinin üzvü və keçmiş SSRİ
Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin
üzvü olmuşdur. O, “Oftalmologiya xəbərləri”
jurnalının redaksiya heyətinin üzvü idi.
Zərifə xanım Əliyeva
bir sıra orden və medallara, Azərbaycanın əməkdar
elm xadimi fəxri adına layiq görülmüşdür.
Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 3.