Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın mənzərəsini dəyişmişdir
Son illər əldə
edilən uğurlar Azərbaycanda həyata keçirilən məqsədyönlü
islahatların, iqtisadi strategiyanın, qəbul olunmuş
ümummilli proqramların uğurla
reallaşdırılmasının məntiqi nəticəsidir.
Təkcə onu demək kifayətdir ki, 2004-2008-ci illərdə
ölkə həyatının bir çox sahələrinin
inkişafını əhatə edən 70-dən artıq
Dövlət proqramı qəbul edilmiş, onların bir
çoxu çevik şəkildə icra olunmuş, digərləri
isə tamamlanmaq üzrədir. Məhz bütün bunların
nəticəsidir ki, 2006-2007-ci illərdə Azərbaycanda
iqtisadi artım müvafiq olaraq 34,5 faiz və 25 faiz təşkil
etmişdir.
Məlum olduğu kimi,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış yeni neft
strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın
iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli
artırmışdır. Artıq qlobal enerji layihələrinin
mərkəzinə çevrilmiş Azərbaycan təkcə
özünün deyil, həm də Avropa ölkələrinin
enerji təhlükəsizliyinin təminatına mühüm
töhfələr verir. Son illər neft gəlirlərinin əhəmiyyətli
dərəcədə artması Azərbaycanda qeyri-neft
sektorunun inkişaf etdirilməsi üçün çox
yaxşı zəmin yaratmışdır. Elə son dövrlərdə
ölkəmizdə qeyri-neft sektorunun inkişaf sürətinin
16 faizə çataraq neft sektorunu (7 faiz) üstələməsi
də bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın
valyuta ehtiyatlarının 18 milyard dolları ötməsi və
bu məbləğin getdikcə artması belə deməyə
əsas verir ki, ölkəmizin sosial-iqtisadi inkişafı,
rifahlı cəmiyyətin möhkəmlənməsi
tendensiyası qarşıdakı illərdə də davam edəcəkdir.
Son illər ölkəmizdə
ardıcıl və sistemli şəkildə atılan
bütün addımlar güclü iqtisadi potensialın
yaradılmasına, dövlətin möhkəmlənməsinə
və xalqın ictimai təhlükəsizlik və sabitlik
şəraitində yaşamasına müsbət təsir
göstərmişdir. Regionların tarazlı inkişafı,
yoxsulluğun azaldılması, işsizliyin aradan
qaldırılması istiqamətində mühüm
uğurlar qazanılmışdır. Son beş ildə
dünyada analoqu olmayan nəticələr əldə
edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi
olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır.
Maraqlı bir neçə
rəqəmə də diqqət yetirək. 2008-ci ildə
ümumi daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki
ilə nisbətən real artım 10,8 faiz təşkil
etmişdir. Qeyri-neft sektorundakı 15,7 faiz artım isə
ölkə iqtisadiyyatının inkişafının və
onun neft sektorundan asılılığının
azaldılmasının nəticəsidir. Ötən il əsas
kapitala 9,1 milyard manat investisiya yönəldilərək, əvvəlki
illə müqayisədə 34,3 faiz artım əldə
olunmuşdur. Burada diqqət çəkən ən əsas məqamlardan
biri odur ki, əsas kapitala istiqamətlənmiş vəsaitin
75,5 faizini daxili investisiyalar təşkil etmişdir.
Ölkədə sosial məsələlərin
həlli istiqamətində də mühüm göstəricilər
əldə olunmuşdur. Belə ki, orta aylıq əmək
haqqı 268 manata, əmək pensiyalarının orta aylıq
məbləği isə 96 manata
çatdırılmışdır. Son beş il ərzində
minimum pensiya 3,8 dəfə, minimum əməkhaqqı 8 dəfə,
orta aylıq əməkhaqqı isə 3,5 dəfə
artmışdır. Əhalinin sosial müdafiəsinin təmin
olunması, büdcə təşkilatlarında
çalışan işçilərin əməkhaqlarının
artırılması üçün Prezident İlham Əliyev
tərəfindən silsilə sərəncamlar
imzalanmışdır.
İqtisadi
inkişafın əsas hədəflərindən biri də
yoxsulluğun azaldılmasıdır. 2003-cü ildən
icrasına başlanılan müvafiq dövlət
proqramının həyata keçirilməsi nəticəsində
yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq, ötən
il 13,2 faizə enmişdir.
Yoxsulluğun
azaldılmasında regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının uğurla həyata
keçirilməsi, yeni iş yerlərinin yaradılması
müstəsna rol oynamışdır. Son beş ildə
ölkə Prezidenti tərəfindən söz verilmiş 600
min iş yerinin müqabilində 766 min iş yeri
açılmışdır ki, onlardan da 547 mini daimi iş
yerləridir. Cənab İlham Əliyevin bütün digər
məsələlərdə olduğu kimi, bu məsələdə
də tutduğu prinsipial mövqe həm insanların rifah
halının yaxşılaşmasına xidmət göstərir,
həm də bölgələrdə gedən müsbət
iqtisadi və sosial proseslərə güclü təkan verir.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, diqqəti, eyni zamanda, dövlət büdcəsində
nəzərə çarpan dinamikaya da yönəldək. Ölkə
Prezidentinin xüsusi diqqəti və qayğısı nəticəsində
dövlət büdcəsi investisiya yönümlü büdcəyə,
inkişaf və quruculuq büdcəsinə
çevrilmişdir. Büdcənin gəlir və xərclərinin
səmərəli və şəffaf şəkildə
icrasında əhəmiyyətli irəliləyiş əldə
olunmuşdur. Belə ki, son beş ildə dövlət
büdcəsi on dəfədən çox
artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın
dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə,
2008-ci ildə 13 milyard dollar olmuşdur. Dövlət büdcəsinin
xərclərində böyük əhəmiyyət kəsb
edən səhiyyə xərcləri 6,3 dəfə, kənd təsərrüfatı
və meşə təsərrüfatı xərcləri 5,2 dəfə,
təhsil xərcləri 4,8 dəfə, sosial müdafiə və
sosial təminat xərcləri 3,9 dəfə, müdafiə xərcləri
isə 9,7 dəfə artmışdır.
Dövlət
başçımızın fəaliyyətində
sosialyönümlü siyasət strategiyasına
üstünlük verməsi bir tərəfdən insan amilinə,
insan hüquqları sisteminə yüksək həssaslıq
nümunəsidirsə, digər tərəfdən bazar
iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra
qabaqcıl dünya dövlətlərinin təcrübəsinə
əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bəşər
cəmiyyəti sivilizasiyanın yüksək mərhələsinə
çatdıqca, cəmiyyətdə formalaşmış mənəvi
dəyərləri qoruyub saxlamaqla sosial müdafiəyə
ehtiyacı olan insanlara daha diqqətlə yanaşılmalı,
həmin insanların sosial tələbatının ödənilməsi
bir növ cəmiyyətin mənəvi göstəricisinə
çevrilməlidir. Büdcədən maliyyələşən
təşkilatlarda məvaciblərin, pensiya və müavinətlərin,
tələbə təqaüdlərinin mütəmadi olaraq
artırılması da deyilənlərin əyani təcəssümüdür.
Prezident İlham Əliyevin
yeritdiyi sosialyönümlü siyasətin məqsədi
heç də sosial bərabərsizliyi aradan götürmək
deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların
maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin
təbəqələşməyə yol verməmək, cəmiyyətin
bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin
etməkdir. Dövlət başçısı sosial ədalət
prinsipinin cəmiyyətdə bərqərar olması
vacibliyini dəfələrlə önə çəkmişdir:
“Bu gün biz öz işimizi bazar iqtisadiyyatıprinsipi əsasında
qururuq. Ancaq bununla bərabər, sosial ədalət prinsipləri
də tam şəkildə təmin olunmalıdır... Heydər
Əliyevin siyasətinin əsas istiqamətləri məhz
bunlar idi. Azərbaycanda sosial ədalət prinsipləri tam
şəkildə bərqərar olmalıdır. İnsanları
narahat edən problemlər aradan qaldırılmalıdır.
Biz hamımız insanlara böyük diqqət və
qayğı ilə münasibət bəsləməliyik. Prezidentdən
tutmuş onun yerlərdəki nümayəndələrinə
qədər hamımız bu amala qulluq etməliyik. Azərbaycanın
hərtərəfli inkişafı, əlbəttə ki, həm
ölkəmizi gücləndirəcək, həm yeni iş
yerlərinin açılmasına imkan yaradacaq və
insanların yaşayış səviyyəsini
yaxşılaşdıracaqdır”.
Son beş ilin diqqətçəkən
ən mühüm məqamlarından birinə də toxunmaq
istərdim. Bu da cənab İlham Əliyevin ciddi səyi,
düzgün müəyyənləşdirilmiş iqtisadi
strategiyası nəticəsində işsizlik probleminin aradan
qaldırılması, regionların tarazlı inkişafı,
qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş
yerlərinin açılması ilə bağlıdır.
Xatırladım ki,
möhtərəm dövlət başçımızın
11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər)” Dövlət Proqramı Azərbaycan
regionlarının tarazlı və davamlı inkişafı,
sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və
əyalətlərdə özəl sektorun yüksəlişi,
milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun
inkişafı hesabına aradan qaldırması
üçün kompleks tədbirlər müəyyənləşdirilmiş,
uğurlu nəticələr əldə edilmişdir. Artıq
icrası yekunlaşan adı çəkilən dövlət
proqramı çərçivəsində atılmış
ardıcıl addımlar indiyə qədər
regionlarımızın sosial-iqtisadi tərəqqisinə mane
olan köklü problemləri nəzərəçarpacaq səviyyədə
aradan qaldırılmış, yerlərdə infrastrukturun
yeniləşdirilməsinə maddi zəmin
yaratmışdır. Respublikanın paytaxtında olduğu kimi,
əyalət şəhərlərində, hətta ən
ucqar rayonlarda,kəndlərdə nəqliyyat-kommunikasiya
sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı
kimi sosial problemlərin həlli, müasir informasiya
texnologiyalarının tətbiqi mədəni-intellektual
yüksəlişə yol açmışdır.
Yuxarıda göstərilənlər
deməyə əsas verir ki, dövlət
başçımız İlham Əliyevin həyata
keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi
Azərbaycanın hər bir vətəndaşı
üçün layiqli və firavan həyat tərzinin təmin
olunması, ölkədə azad və demokratik cəmiyyətin
qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan
Prezidentinə ən böyük dəstək xalqdan, son
seçkilərdə öz taleyini yenidən İlham Əliyevə
etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir.
Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi
sabitliyin, əmin-amanlığın və sülhün
qarantı hesab edir, ona tam güvənir, respublikanın mənafelərinə
xidmət göstərən amalların həyata
keçirilmsində öz dəstəyini əsirgəmir.
Xeyrulla HÜMBƏTOV,
Dövlət Dəmir Yolunun
rəis müavini
Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 4.