Qazax: dost sevinir, düşmən kədərlənir

 

Azəraycanın bu füsunkar rayonu neçə illərdir düşmənlə üzbəüz, özü də məğrur dayanıb. Səmimi desək, Ermənistanla 168 kilometr sərhədi olan Qazaxın ən böyük silahı son illər burada aparılan çox böyük abadlıq və quruculuq işləridir. Rayonda olarkən ağsaqqal bir kişi söhbət zamanı dedi ki, Qazaxın bu gününü görən əhali, qonaq-qara sevinir, düşmən isə kədərlənir. Sərhəddən bu tərəfə boylanan ermənilər dəqiq bilirlər ki, neçə illər keçsə də, yaşadıqları ərazini bu cür cənnətə döndərə bilməyəcəklər. Onların çoxu Qazaxın bu büsatını görüb ev-eşiklərini tərk edib başqa şəhərlərə üz tuturlar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynovla bu mövzuda söhbət edərkən gülümsədi:

- Qoy özləri müqayisə etsinlər, biz necə yaşayırıq, onlar necə? Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük diqqət və qayğısı, uzaqgörənliyi sayəsində baş verib. Dəfələrlə deyib ki, bizim bütün şəhər və rayonlar gözəl olmalıdır. Sərhəd rayonları isə ikiqat gözəlləşdirilməlidir. Bu gün Qazaxda gördüyünüz işlərin hamısı ölkə başçısının xeyir-duası, qayğı və köməyi sayəsində baş verib. Gərək biz bu etimadı bundan sonra da doğruldaq.
Qazaxda son illər çox işlər görülüb. Lakin təkcə son bir ildə həyata keçirilən abadlıq, quruculuq, yenidənqurma işləri haqqında danışmaq kifayətdir ki, burada gedən inkişaf haqqında oxucuda təsəvvür olsun.

 

Təmir-tikinti, abadlıq işləri

 

Keçən il istifadəyə verilən obyektlər çoxdur. Tayı-bərabəri olmayan Müalicə-Diaqnostika Mərkəzi, Elm Mərkəzi, əsaslı təmir edilərək “Barokko” üslubunda yenidən qurulub istifadəyə verilən Dövlət Rəsm Qalereyası şəhərin görkəmini xeyli gözəlləşdirmişdir. Qeyd etmək lazımdır ki, hər üç obyektin açılışında ölkə Prezidenti İlham Əliyev iştirak etmişdir.

Yeni inzibati binaların da sayı artmışdır. Maliyyə idarəsinin, baytarlıq idarəsi diaqnostika kabinetinin, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin, Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin inzibati binalarının hər birinin quruluşu müxtəlifdir, milli-memarlıq ənənələrinə uyğun tikilmişdir. Daş Salahlı kəndində illik gücü 1 milyon ton olan sement zavodunun, Çaylı kəndində 5 min tonluq taxıl elevatoru gücü saatda 10-12 ton olan qarışıq qırmapeletistehsal kombinatının Sınıq körpüsərhəd-keçid məntəqə binalarının tikintisində qızğın gedir yəqin ki, yaxın aylarda bu oyektlər işə düşəcəkdir.

Bundan başqa Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış binası və Ağköynək kəndində 480 şagird yerlik orta məktəb binası da tikilib istifadəyə verilmiş, Heydər Əliyev parkında geniş abadlıq və yenidənqurma işləri aparılmış, parkın işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Ulu öndərin adını daşıyan prospekt də öz görkəmini dəyişdirmişdir.

Uzun illər baxımsız qalan bir sıra yaşayış binalarına əl gəzdirilmişdir. Şəhərin 28 çoxmərtəbəli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, binaların daxili və fəsadı əsaslı təmir olunmuşdur. Qazax Cümə məscidi, Aslanbəyli kəndindəki qədim ziyarətgah olan Hacı Mahmud Əfəndinin türbəsi tamamilə yenidən qurulmuşdur. Bir sıra məktəblərə yeni istilik sistemi çəkilmişdir.

Yollar, səkilər qaydaya salınmış, yeni artezian quyuları qazılmış, içməli su proleminin həlli üçün təsirli tədbirlər görülmüşdür.

 

İqtisadi inkişaf sürətimiz

 

Əvvəlki illə müqayisədə məhsul buraxılışının həcmi 13 faiz çoxalmışdır. Burada ümumi məhsul buraxılışının 82 faizi qeyri-dövlət bölməsinin payına düşür. Sahibkarlığı inkişaf etdirmək məqsədi ilə rayonda 5 özəl bankın filialı açılmış, sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün kreditlər verilmişdir.

Ərzaq bolluğu yaratmaq məqsədilə Prezidentin müvafiq fərmanı ilə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yanacaq üçün kompensasiya verilmiş, gübrə və toxumlar da güzəştli qiymətlərlə satılmışdır.

Orta aylıq əmək haqqı 2007-ci illə müqayisədə 2,1 dəfə artıb. 2003-cü ilin sonlarından başlayaraq keçən ilin sonunadək rayonda 5112 yeni iş yeri açılmışdır ki, onun da 3207-si daimi iş yerləridir. Ötən il açılan 764 yeni iş yerinin təxminən 80 faizi daimi iş yerləridir.

2008-ci il kənd təsərrüfatı əməkçiləri üçün də uğurlu il olmuşdur. Bir sıra kənd təsərrüfatı məhsulları, xüsusilə taxıl istehsalı artmışdır. Ötən il rayonda taxıl əkini sahələri artırılaraq 7385 hektara çatdırılmış və 21 min tondan çox məhsul istehsal olunmuşdur. Bu, 2007-ci ilə nisbətən əkin sahəsinin 4313 hektar, məhsul istehsalının isə 13 min tona yaxın artırılması deməkdir. Hektardan orta məhsuldarlıq 29,1 sentnerə çatıdırlmışdır ki, bunu da Qazax rayonu üçün yüksək göstəricilərdən biri hesab etmək olar. Digər sahələrdə, o cümlədən ət, süd, yun, yumurta istehsalında da artım tempi müşahidə olunur.

Kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün rayon rəhbərliyi əlaqədar təşkilatların köməyi ilə suvarma kanallarının çəkilişinə, bərpasına və yenidən qurulmasına xüsusi əhəmiyyət vermişdir. Kür çayı boyunca yerləşən kəndlərin əkin sahələrini seldən mühafizə etmək üçün qoruyucu dambanın tikintisi, eləcə də Qaymaqlı-Kəmərli nasos stansiyasında yenidənqurma işləri davam etdirilir.

 

Sosial qayğı

 

Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Ötən il Ağköynək kəndində 480 yerlik yeni orta məktəb binası tikilib istifadəyə verilmiş, Qaymaqlı və Birinci Şıxlı kəndlərinin hər birində 220 yerlik yeni məktəb binalarının, Canallı və Cəfərli kəndlərində müasir tələblərə cavab verən uşaq bağçalarının tikintisi davam etdirilmişdir. Qış mövsümü ərzində bütün təhsil müəssisələrinin yanacaqla təmin olunmasına diqqət yetirilmiş, 9 məktəbdə fərdi istilik sistemindən, 4 məktəbdə qaz, 34 məktədə isə odun və maye yanacaqdan istifadə olunmuşdur. 2007-ci ildə rayonun məktəblərində 167 kompyuter olduğu halda, keçən il bu rəqəm 346-ya çatdırılmışdır.

Ali məktələrə qəbul olan məzunların da sayı durmadan artır. Keçən il ali məktəblərə daxil olan 293 nəfərdən 52 nəfəri 500-dən yuxarı, 7 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Ali məktəblərə qəbulun nəticələrinə görə rayonun bir neçə məktəbi respublika üzrə ən yaxşı məktəblərin sırasına daxil olmuşdur.

Qazaxda səhiyyə, mədəniyyət, idman və digər strukturların fəaliyyətini yaxşılaşdırmaq üçün rayon icra hakimiyyəti kompleks tədbirlər həyata keçirir. Turizm infrastrukturunun inkişafı istiqamətində aparılan işlər daha çox diqqət çəkir. Hazırda rayonda müasir tələblərə cavab verən idman-sağlamlıq mərkəzi fəaliyyət göstərir. Atçılıq turizm mərkəzinin yaradılmasına hazırlıq işlərinə başlanmışdır. Rayonun turizm imkanları nəzərə alınaraq turizm marşrutu müəyyənləşdirilmiş və onun xəritəsi hazırlanmışdır.

Rayonda idmanın kütləviliyinin artırılması üçün bütün imkanlardan istifadə olunur. 2008-ci ildə keçirilən yeniyetmələrin VI respublika oyunlarında qazax idmançıları 7 idman növü üzrə iştirak edərək 4-ü qızıl olmaqla 12 medal əldə etmişlər. Ağır atletika üzrə yığma komanda həmin yarışlarda komanda hesabında birinci yeri tutmuşdur. İtaliyada keçirilən Kunq-fu üzrə Dünya çempionatında 2 nəfər qazax idmançısı gümüş medal qazanmışdır.

Əhalinin telefon, qaz, su, elektrik enerjisi ilə təminatı sahəsində də xeyli iş görülmüşdür. Daş Salahlı, Çaylı, Kosalar kəndlərinə kabellər çəkilərək mərkəzi elektron ATS-ə birləşdirilmiş, nəticədə həmin istiqamətlərdə kanalların sayı 420-yə çatdırılmış, keyfiyyətli və dayanıqlı rabitə təmin edilmişdir. Sərhəd kəndləri olan Bala Cəfərlidə peyk rabitəsilə 32, Məzəmdə 48 və Quşçu Ayrım kəndində 64 nömrəlik mini EATS-lər quraşdırılıb istifadəyə verilmişdir.

Rayonda keçən il 24,15 kilometr uzunluğunda hava xəttində, 109 ədəd müxtəlif gücdə olan transformatorlarda əsaslı və cari təmir işləri aparılmış, 18 ədəd zədəli transformator təmir edilmişdir. İndeksion sayğaclar yeni elektron sayğaclarla əvəz olunmuşdur.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən Aşağı Salahlı və Cəfərli kəndlərinə qaz kəmərləri çəkilmişdir. Bir sıra sərhəd kəndlərinə gedən qaz xətləri bərpa olunmuşdur.

Qazaxda son vaxtlar hüquq-mühafizə orqanlarının işində olan böyük canlanma da açıq-aşkar hiss olunur. Belə bir fakt diqqəti cəlb edir ki, Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış 124 cinayət hadisəsindən 122-nin açılması təmin edilmiş və baş vermiş cinayətlərin açılması 96,8 faiz təmin olunmuşdur. Keçən il ərzində axtarışda olan 25 nəfərdən 19-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilmişdir.

...Qazaxda görülən işlər, rayonun bugünkü siması adamda fərəh hissi doğurur. Rayonda ayrı-ayrı adamlarla aparılmış söhbətlərdən bu qənaətə gəldik ki, əhali ölkə rəhbərliyinin, yerli icra orqanlarının işindən razıdır. Hamı əmindir ki, növbəti 5 ildə Qazaxın yüksəlişində daha böyük irəliləyişlər olacaqdır. Bax beləcə, Azərbaycanın “Qərb qapısı” sayılan füsunkar Qazax hər gün gözəlləşir, inkişaf edir.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 5.