Səhiyyə: uğurlar göz qabağındadır

 

Burada çox islahatlar aparılmalıdır. Həm ümumi ab-hava sağlamlaşdırılmalıdır, eyni zamanda, əhaliyə göstərilən tibbi xidmət yüksək səviyyədə olmalıdır.”

Azərbaycan səhiyyəsinin real vəziyyətini əks etdirən bu fikirləri üç il əvvəl möhtərəm Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin 2005-ci ilin yekunlarına həsr olunmuş iclasında söyləmişdi. Dövlət başçısının bu sözləri Səhiyyə Nazirliyi, nazirimiz Oqtay Şirəliyev qarşısında çox ciddi və həlli vacib olan məsul vəzifələr qoyurdu. Azərbaycan səhiyyəsini düşdüyü ağır vəziyyətdən qurtarmaq, onun xidmət sahələrində qayda yaratmaq, maddi texniki bazanı, bütövlükdə səhiyyə xidmətini zamanın tələbləri səviyyəsinə qaldırmaq, sözün əsil mənasında, böyük səy, iradə, qətiyyət və təşkilatçılıq tələb edirdi. Amma ümidverici məqam ondan ibarət idi ki, bu işləri görmək üçün lazım olan dövlət dəstəyi var idi.

Geniş miqyaslı sürətli islahatların aparılmasını təmin etmək üçün ilk addım nazirliyin özündə başladı. Həyata keçirilən struktur islahatlardan sonra mexanizm tədricən hərəkətə gəlib sürət götürdü. Bu işlərin daha geniş miqyas almasına təkan verən isə dövlət büdcəsində səhiyyəyə ayrılan xərclərin ildən ilə artması olmuşdur. Belə ki, 2006-cı ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 157,8 milyon manat, yəni 2005-ci ilə nisbətdə 40-45 faiz çox, 2007-ci ildə 283 milyon manat, 2008-ci ildə isə 331 milyon manat təşkil etmişdir. Müvafiq olaraq hər adambaşına düşən səhiyyə xərcləri də ildən ilə artmışdır ki, belə artım sürəti də Azərbaycan səhiyyəsinin tarixində olmamışdır.

Təqdirəlayiq haldır ki, bu dövlət vəsaitlərinin səmərəli istifadəsi üçün Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən mühüm strateji istiqamətlər müəyyən edilmiş və sosialyönümlü xəstəliklərə dair 9 dövlət proqramı qəbul edilib, həyata keçirilməyə başlanmışdır. Bunlar səhiyyəmizin prioritet istiqamətlərinə, yəni - ambulator - poliklinika xidmətinə, stasionar, ixtisaslaşdırılmış və nəhayət, yüksək texnologiyalı tibbi avadanlıqlarla təmin edilmiş mərkzlərin yaradılmasına, müalicə-profilaktika məsələlərinə diqqətin daha da artırılmasına, diaqnostik tədqiqatların təkmilləşdirilməsinə və müalicə üsulları paketinin hazırlanmasına yönəldilmiş və qısa vaxtda öz müsbət nəticəsini göstərməyə başlamışdır.

Naxçıvanda, Lənkəranda, Bərdədə, Gəncədə, Balakəndə və bir çox digər regionlarda qısa zamanda tikilmiş, ən müasir tibb avadanlıqları ilə təchiz edilmiş və dünya standartları səviyyəsində olan 8 diaqnostika müalicə mərkəzinin istifadəyə verilməsi buna əyani sübutdur. Lakin diaqnostika mərkəzlərinin tikintisi bununla bitmir və möhtərəm Prezidentimizin göstərişi ilə bütün regional mərkəzlərdə daha 8 belə diaqnostika mərkəzlərinin tikintisi həyata keçrilir.
Diqqət çəkən əsas məqamlardan biri də müasir diaqnostika mərkəzləri ilə yanaşı paytaxtda və eyni zamanda, regionlarda müasir tipli xəstəxana və poliklinika binalarının tikilib istifadəyə verilməsi, bir sıra xəstəxana və kliniki mərkəzlərdə əsaslı təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsidir. Belə xəstəxanalardan biri də, vaxtı ilə Lerik şəhərinin inzibati idarə binalarından birində yerləşdirilmiş mərkəzləşdirilmiş rayon xəstəxanasıdır. Ötən ildən başlayaraq Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə binanın əsaslı təmiri və xəstəxana üçün uyğunlaşdırılmasına başlanmışdır. Hazırda binada təmir işləri başa çatdırılmış və onun müasir tibbi texniki avadanlıqlarla təmin olunmasına başlanmışdır.

Şübhəsiz bütün bunlarla yanaşı, nazirliyin əhaliyə səhiyyə xidməti göstərən tibbi personalın ixtisas səviyyəsini də xüsusi diqqət mərkəzində saxlaması çox mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Nazir cənab Oqtay Şirəliyev fəaliyyətə başlayandan bu sahəni xüsusi nəzarətdə saxlayır. Onun imzaladığı ilk əmrlərdən biri də tibb kadrlarının ixtisas səviyyəsinin qaldırılması tədbirləri ilə bağlı olmuşdur. Bu əmrdən sonra mərkəzləşdirilmiş qaydada kadr təyinatı ləğv olunmuş və səhiyyə müəssisələrində vokant həkim ştatları üzrə işə qəbul səhiyyə müəssisələrinin öz ixtiyarına buraxılmışdı. Lakin burada da ən yaxşılarını seçməyin əsas prinsip kimi qarşıya qoyulduğundan işə qəbul açıq müsabiqə yolu ilə həyata keçirilir.

Digər vacib məsələlərdən biri də xəstəliklərin müalicəsində çox mühüm rol oynayan dərman təminatı ilə bağlıdır ki, son üç ildə Səhiyyə Nazirliyinin bu sahədəki özbaşınalığa qarşı apardığı kəskin mübarizə ancaq alqışlanmalıdır. Bu mübarizə metodlarından biri həkimlərimizin Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept formasına keçməsi, xəstəxanaların ərazisində fəaliyyət göstərən apteklərin bağlanması və xəstəxanalara pulsuz verilən dərmanların satışa yol tapmaması üçün onların qutusu üzərində Səhiyyə Nazirliyi tərəfindən verildiyinin qeyd edilməsi artıq öz müsbət nəticəsini verməkdədir. Səhiyyə Nazirliyinin yeni yaratdığı və ölkədə əczaçılıq siyasətini müəyyənləşdirəcək İnnovasiya və Təchizat Mərkəzi bu istiqamətdə aparılan islahatların daha səmərəli olacağına təminat verir.

Diqqət çəkən məsələlərdən biri Heydər Əliyev Fondu və onun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı, Mehriban xanım Əliyevanın səhiyyədə aparılan islahatlarda öz müstəsna töhfələri ilə iştirak etməsi və çox önəmli layihələri günümüzün reallığına çevirməsidir.

Bu tədbirlər 3 ildən artıqdır ki, davam etdirilir və vaxtaşırı şəkər xəstəliyindən əziyyət çəkən insanları və xüsusilə uşaqları xaricdə istehsal olunmuş dərmanlar və ən müasir insulin preparatları ilə təmənnasız olaraq Heydər Əliyev Fondu və onun əməkdaşlıq etdiyi Danimarkanın “Novo Nordisk” şirkəti təmin edir.

Layihədə fond tərəfindən, Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası məqsədilə ixtisaslaşdırılmış mərkəzin və qan bankının, könüllü donor xidmətinin yaradılması, xəstəliyin genişlənməsinin qarşısını almaq üçün əhalinin maarifləndirilməsi və prental diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması və sair məsələlər öz konkret əksini tapdı. Bu gün fondun bu istiqamətdə apardığı işlər çox mühüm əhəmiyyət daşıyır və Azərbaycan xalqının gələcək nəslinin sağlam olmasında müstəsna rol oynayacaq.

Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdiyi əvəzsiz xidmətlərdən biri də xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə yardımıdır. Bu məqsədlə fondun əməkdaşlıq etdiyi bir sıra təşkilatların və şirkətlərin təmənnasız olaraq fonda verilən ən müasir və çox dəyərli tibb avadanlıqları, Mehriban xanımın göstərişi ilə ehtiyac duyulan xəstəxanalara və kliniki mərkəzlərə hədiyyə edilmişdir. Məsələn, 2006-cı ilin avqustunda Almaniyanın “Frezerius” şirkətinin istehsalı olan 7 hemodializ aparatı M.Əfəndiyev adına klinik xəstəxanaya hədiyyə edilmişdir, Almaniyanın “Karl-Storz” şirkətinin bağışladığı 160 min avro dəyərində endoskopik avadanlığı, yenə bu ölkənin “Fresenius Medikal Care” şirkətinin bağışladığı bir dəfə 200 min avro dəyərində 10 hemodioliz, ikinci dəfə 130 min avro dəyərində 2 ədəd autogeotransfuziya və dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən 4 ədəd ən müasir aparat fond tərəfindən Səhiyyə Nazirliyinə hədiyyə olunmuşdur. Şübhəsiz bu qəbildən olan çoxlu sayda faktları sadalamaq olar ki, onlar Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xidməti sayəsində Azərbaycanın bir çox tibb ocaqlarının maddi-texniki bazasının ən müasir avadanlıqla təchiz edilməsində əvəzsiz rol oynamışdır.

Əvvəldə qeyd etdiyim kimi regionların sosial-iqtisadi inkişafı ucqar Lerik rayonunun bütün sahələrində olduğu kimi, səhiyyədə də özünü aydın göstərir. Hazırda rayon əhalisinə bir mərkəzi, bir uşaq, 10 kənd xəstəxanası, 17 həkim ambulatoriyası, 45 feldşer-mama məntəqəsi, bir gigiyena-epidemiologiya mərkəzi, təcili yardım şöbəsi və iki aptek xidmət göstərir. Rayonun Piran və Biləband kəndlərində həkim ambulatoriyasının tikintisi başa çatmışdır. Lerik səhiyyə sistemi üçün ən uğurlu göstərici isə regionların sosial iqtisadi inkişafı Dövlət proqramına uyğün olaraq, əvvəldə qeyd etdiyim kimi, rayon mərkəzi xəstəxanasının dördmərtəbəli binasının əsaslı təmir olunmasıdır. Binada istilik, işıqlandırma, kanalizasiya sistemləri yenidən qurulmuşdur. Xəstəxananın ən müasir tibbi avadanlıqla təmin olunması üçün görülən tədbirlərdən sonra, rayon sakinləri artıq müayinə üçün Bakıya və ya Lənkərana getməyəcək, xəstələr buradaca yüksək səviyyədə tibbi müayinədən keçib müalicə olunacaqlar.

Lerikdə səhiyyə xidmətinin səviyyəsini qaldırmaq üçün kompleks tədbirlər planı işləyib hazırlamışıq. Bu tədbirlər planında ən önəmli yeri əhaliyə xidmət göstərən tibbi personalın işə vicdanlı münasibəti, yüksək məsuliyyət hissi və hazırlıq səviyyəsinin yüksək olmasıdır. Bunun üçün daxil olan ərizə və şikayətlərə operativ münasibət göstərilir, ortaya çıxan problemlər ciddi araşdırılır və müvafiq tədbirlər görülür. Səhiyyə maarifinin genişləndirilməsinə, vərəm, diabetli və onkoloji xəstələrin pulsuz dərman təchizatının yaxşılaşdırılmasına ciddi nəzarət həyata keçirilir.

Qısa zamanda həyata keçirilən tədbirlərdən sonra rayon səhiyyə xidmətindən yuxarı təşkilatlara daxil olan ərizə və şikayətlər demək olar ki, tamam azalmışdır. Bu da onu göstərir ki, dövlət başçısının qarşıya qoyduğu tələblər səviyyəsində əhalinin sağlamlığına diqqət yetirəndə, işə məsuliyyətlə yanaşanda giley-güzar yox, razılıq və minnətdarlıq eşidirsən.

 

 

Mübariz AĞAYEV,

Lerik Rayon Mərkəzi

Xəstəxanasının baş həkimi

 

Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 5.