Naxçıvan Muxtar Respublikası — 85
Arxeoloji abidələr
Naxçıvanın qədim tarixindən soraq verir
Naxçıvan Muxtar
Respublikasının 85 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin imzaladığı sərəncamın qədim
və möhtəşəm tarixə malik olan bu diyarın zəngin
keçmişinin araşdırılmasına, Azərbaycan
tarixindəki əvəzsiz rolunun bir daha təsdiqlənməsinə
böyük təkan verəcəyi şübhəsizdir.
Azərbaycanın qədim
mədəniyyət beşiyi Naxçıvanın füsunkar
gözəlliyə, təbii zənginliklərə malik
çay vadilərində, dağ yamaclarında, Şərurun,
Günnüt, Sədərək dağətəyi
zonalarında, Ordubadın Kilid, Sirabın Daşqala, Əlincəçay
vadisinin Ərməmməd, Tənənəmin, Qazma və b.
karst mağaralarında daş dövründə 100000 illər
bundan əvvəllər ulu babalarımız olan ibtidai insanlar
yaşayış məskənləri salmışlar.
Şahbuz bölgəsində
öz füsunkar təbiəti ilə insanları valeh edən
Batabat yaylağında, Naxçıvan çayı vadisindəki
İkinci Kültəpə qədim yaşayış yeri
yaxınlığında, Əlincə çayı vadisindəki
Ərməmməd piri ətraflarındakı qayaaltı
sığnaqlarda və terraslarda daş dövrü mədəniyyətinin
izləri qeydə alınmışdır.
Batabat yaylağında,
Zorbulaq yaxınlığındakı qayaaltı
sığnaqlardan Mustye mədəniyyəti dövrünə
(e.ə. 80 minillik) aid qaşov tipli obsidian alət əldə
edilmişdir.
Culfa rayonu ərazisində,
İlandağın qərb ətəyində yerləşən
Ərməmməd piri yaxınlığındakı
mağaranın girəcəyindən çoxlu
bıçaqvari daş lövhələr
tapılmışdır.
Naxçıvan şəhərindən
12 km şimalda yerləşən II Kültəpə qədim
yaşayış yeri yaxınlığındakı
1983-cü ildə terrasdan tapılmış bifas tipli
çaxmaq daşı çapacaq aləti e.ə. 100 min il
bundan əvvələ aid olub, böyük tarixi əhəmiyyət
kəsb edir.
Şərur ərazisində
Tənənəm kəndi yaxınlığındakı Qazma
mağarasında daş dövrünün Mustye mədəniyyətinə
aid ibtidai insan məskəni aşkara
çıxarılmış və 80 min il bundan əvvəllərə
aid obsidian (dəvəgözü) əmək alətləri -
itiuclu qaşovlar, bıçaqlar və osteoloci materiallar əldə
edilmişdir. Dünyanın ən qədim insan məskənlərindən
biri olan Naxçıvan diyarında daş dövrü ibtidai
insanlarının əsas məşğuliyyəti
ovçuluq olmuşdur.
İbtidai icma
quruluşunun sonrakı mərhələlərində -
meozolit, neolit, eneolit, tunc və ilk dəmir dövrlərində
(e.ə. XII-I minilliklərdə) Naxçıvan ərazisində
ardıcıl və intensiv yaşayış olmuşdur. Bu
mühüm tarixi dövrləri araşdırıb öyrənmək
üçün yeganə mənbə maddi-mədəniyyət
abidələridir.
Naxçıvanın qədim
mədəniyyət abidələri XIX əsrin sonları və
XX əsrin əvvəllərində rus, ingilis, polyak alimlərinin,
səyyahlarının diqqətini cəlb etmişdir.
Naxçıvan şəhərindən
cənubda, Nehrəm kəndi yaxınlığındakı
Qızılburun adlı yerdən tapılmış qədim
Naxçıvan mədəniyyəti nümunələri
Rusiya İmperator Arxeoloji Komissiyası tərəfindən
Moskvaya aparılmış (1896-cı ildə) və hazırda
Moskva Dövlət Tarix Muzeyində ən qiymətli materiallar
kimi saxlanılır.
Görkəmli rus alimləri
akademik İ.İ.Meşşaninov, A.A.Miller, A.A.İyessen,
T.S.Passek, B.A.Latınin, Azərbaycan arxeoloqları Ə.K.Ələkbərov
və İ.M.Cəfərzadə XX əsrin 20-30-cu illərində
Naxçıvanın bir sıra qədim abidələrində
tədqiqat işləri aparmışlar. Lakin
Naxçıvanın qədim tarix və mədəniyyət
abidələrinin sirləri 50-ci illərdən etibarən
arxeoloq O.H.Həbibullayevin Kültəpə qədim
yaşayış yerində apardığı tədqiqat
işlərindən sonra açılmağa başlandı.
Naxçıvanın
tarixi abidələri 1960 illərdən etibarən daha
geniş planda tədqiq edilmişdir. Naxçıvanın
ibtidai icma quruluşu dövrü tarixi və mədəniyyətləri,
qədim yaşayış yerləri, nekropollardan əldə
edilmiş arxeoloci materiallar və qayaüstü rəsmlər
əsasında öyrənilir.
Avropa və Asiya
miqyasında ən nadir abidələrdən sayılan
çoxtəbəqəli Kültəpə yaşayış
yerlərinin arxeoloji materialları, Azərbaycan tarixində
uzun müddət qaranlıq qalmış ibtidai icma
quruluşunun neolit, eneolit, tunc və ilk dəmir dövrü
problemlərini ardıcıl şəkildə öyrənməyə
imkan verir.
Naxçıvan şəhərindən
8 km şimal-şərqdə yerləşən Kültəpə,
Şərur ərazisindəki Sədərək, Ovçular təpəsi
və b. yaşayış yerləri eneolit dövrü oturaq əkinçi-maldar
tayfalarının əsas mədəniyyət mərkəzləri
olmuşdur. Kültəpədə Naxçıvanın qədim
memarlığına aid bina qalıqları, müxtəlif əmək
alətləri və zəngin sənətkarlıq nümunələri
aşkara çıxarılmışdır. Naxçıvanda
qədim memarlıq sənəti e.ə. VI-II minilliklərdə
yüksək inkişaf tapmış, qədim Şərqin ilk
sivilizasiya ocağı sayılan Mesopotamiya ilə bir səviyyəyə
çatmışdır.
Naxçıvandakı
Kültəpə, Təbriz yaxınlığındakı
Yanıqtəpə və Urmiyadakı Göytəpə
yaşayış yerlərinin dairəvi binaları öz
planına, tikinti xüsusiyyətlərinə görə
Şimali Mesopotamiyanın Arpaçi və Govurtəpə abidələrinin
dairəvi planlı binaları ilə eyniyyət təşkil
etməsi təsadüfi deyildir. Azərbaycanın bu qədim mədəniyyət
mərkəzləri ilə qonşuluqda yerləşən
Mesopotamiya arasında - Qədim Naxçıvan və şumer
tayfaları arasında sıx etnik, iqtisadi mədəni əlaqələr
olmuşdur. Kültəpədən Naxçıvanın
eneolit dövrü tayfaları üçün səciyyəvi
mədəniyyət nümunələri ilə birlikdə
Yaxın Şərq mədəniyyətinə aid nəfis
boyalı qabların və füruzə bəzəklərin
tapılması bu əlaqələrə gözəl
sübutdur.
Neolit, Eneolit dövrlərində
Naxçıvanda əkinçilik və maldarlıq əsas təsərrüfat
sahələri olmuşdur. Metalişləmə,
dulusçuluq, daşişləmə, sümükişləmə,
toxuculuq və s. mühüm sənət sahələri
inkişaf tapmışdır. Naxçıvan dünyanın
ilk qədim metal (mis) işləmə ocaqlarından biri kimi
tanınmışdır. Kültəpə abidəsindən
e.ə. VI-V minilliklərə aid müxtəlif mis alətlər
və bəzək nümunələri əldə
edilmişdir.
İbtidai icma
quruluşunun tunc dövrü (e.ə. IV-II minilliklər) mərhələsində
qədim Naxçıvan tayfalarının iqtisadi, ictimai və
mədəni həyat tərzində böyük təkamül
baş vermişdir. Bu dövrdə bütün Azərbaycanda
olduğu kimi, Naxçıvanda da iri tayfa ittifaqları
yaranmışdır.
Tunc dövrünün
ilk mərhələsində – eramızdan əvvəl IV-III
minilliklərdə Naxçıvan tayfaları Azərbaycan
xalqının etnogenezinin formalaşmasında böyük rol
oynamışdır. Bu tayfaların həyat tərzini səciyyələndirən
tarixi mənbələr Kür-Araz mədəniyyəti abidələridir.
Bütün Qafqazda, Cənubi Azərbaycanda (Urmiyada), Ön
Asiyada (Suriya, Fələstin və b.) geniş
yayılmış Kür-Araz mədəniyyətinin əsas vətəni
Naxçıvan diyarıdır. Odur ki, Kür-Araz mədəniyyətinin
ən zəngin və qalın təbəqəli qədim
yaşayış yerləri (I Kültəpə, II Kültəpə,
Maxta, Ovçular təpəsi, Daşarx və b.) Naxçıvan
ərazisindədir.
Naxçıvan
çayı vadisində yerləşən I Kültəpə,
II Kültəpə, eləcə də Şərurdakı
Maxta yaşayış yerində aparılmış arxeoloci tədqiqatların
nəticələri Kür-Araz mədəniyyətinin
özündən əvvəlki yerli eneolit mədəniyyəti
əsasında inkişaf tapdığını sübut edir.
İlk tunc dövrü
Kür-Araz mədəniyyəti tayfalarının
yaşayış binaları eneolit dövrü
memarlığı ənənəsinin davamı olub, əsasən
dairəvi planda möhrə və çiy kərpiclə
inşa edilmişdir.
Naxçıvanda zəngin
mis və mışyak yataqlarının olması, burada qədim
metallurgiyanın çox erkən inkişaf tapmasına imkan
yaratmışdır. Qədim Naxçıvan tayfaları
arasında dulusçuluq, toxuculuq sənəti, daşişləmə,
sümükişləmə və b. peşə növləri
də xeyli inkişaf tapmışdır. Kür-Araz mədəniyyəti
abidələrindən əldə edilmiş müxtəlif
çeşidli, simmetrik formalı qara, boz, çəhrayı
rəngli, üzərləri cilalı və rəngarəng
motivlərlə naxışlanmış gil qablar qədim
dulusçuluq sənətinin gözəl nümunələridir.
İlk tunc
dövründə (e.ə. IV-III minilliklərdə)
Naxçıvanla Yaxın Şərqin və Cənubi
Qafqazın mədəniyyət mərkəzləri arasında
sıx iqtisadi, mədəni əlaqələr olmuşdur.
E.ə. II minillikdə –
tunc dövrünün orta və son inkişaf mərhələlərində
Naxçıvan tayfaları yeni həyat tərzinə qədəm
qoymuşlar.
Eramızdan əvvəl
III minilliyin sonu və e.ə. II minilliyin əvvəllərində
Naxçıvanda, eləcə də Azərbaycanın bir
çox cənub regionlarında əkinçiliyin,
maldarlığın, atçılığın, metallurgiyanın,
dulusçuluğun və sənətkarlığın bir
çox növlərinin intensiv inkişafı sosial-iqtisadi və
mədəni yüksəlişə böyük təkan
vermişdir.
Tunc dövrünün
inkişaf etmiş çağlarında güclü tayfa
ittifaqları yaranmışdır. Əhalinin sayı xeyli
artmış, əkinçilik, maldarlıq, sənətkarlıq
əsas təsərrüfat sahələri kimi
formalaşmış, mübadilə və ticarət əlaqələri
daha da genişlənmişdir.
İri tayfa
ittifaqlarının mərkəzlərində metallurgiya,
toxuculuq və s. mühüm sənət növləri
yüksək inkişaf tapdı.
Yaxın Şərq
ölkələrilə Azərbaycanı, eləcə də
bütün Cənubi Qafqazı əlaqələndirən əsas
ticarət yollarının kəsişdiyi əlverişli
mövqedə yerləşən iri tayfa ittifaqları mərkəzləri
iqtisadi, mədəni cəhətdən yüksək
inkişaf tapdı və nəticədə Naxçıvanda
ilkin şəhərlər meydana gəldi. Bu qədim şəhər
mərkəzləri sahəsinin böyüklüyünə və
əhalisinin sayına görə iki qrupa ayrılır. Birinci
qrupa sahəsi 6-10 hektar, ikinci qrupa isə 30-40 hektar olan qədim
şəhər mərkəzləri aiddir. Belə mərkəzlərdə
yaşamış əhalinin sayı təxminən 5000-10000 nəfər
olmuşdur.
Naxçıvanın
ilkin şəhər mərkəzlərindən II Kültəpədə,
Govurqala (Şahtaxtı), Qarabağlar, Oğlanqala, Plovtəpə
və Qazançı qalasında arxeoloji tədqiqat işləri
aparılmış və dəyərli materiallar əldə
edilmişdir. Naxçıvançay vadisində
yaşamış qədim tayfa birliyinin ilkin mərkəzi II
Kültəpə iqtisadi, mədəni cəhətdən
sürətlə inkişaf etmiş və tezliklə şəhər
kimi tanınmışdır. Bu qədim şəhər 10
hektara qədər ərazini əhatə etmişdir. Plan
quruluşuna görə mərkəzi hissə Narınqala və
onun ətrafındakı yaşayış sahəsindən ibarətdir.
Narınqala
beşbucaqlı plana malik möhtəşəm qala
divarları ilə əhatələnmişdir. Divarların
birləşən küncləri dördkünc bürclərlə
daha da möhkəmləndirilmişdir.
II Kültəpə qala
divarları planına, memarlıq xüsusiyyətlərinə
və möhtəşəmliyinə görə Yaxın
Şərqin qədim şəhərlərinin
qalalarını xatırladır.
Naxçıvanın bu
qədim qalası Fələstinin İyerixon (e.ə. III-II
minilliklər) Mesopotamiyanın Ur (e.ə. III minillik - VI əsrədək),
Xafəci (Upi) (e.ə. 2500-cü il), Egey mədəniyyəti
mərkəzi Troya - II (e.ə. III-II minilliklər), xetlərin
Karxemış (e.ə. XX-VII əsrlər), Xattuşaş (e.ə.
II minillik) və b. şəhərləri, qalaları ilə
eyni memarlıq mədəniyyəti səviyyəsindədir. Həmin
qalalar hazırda Alxanqala, Oğlanqala, Govurqala, Qızqalası
adı ilə məşhurdur.
Naxçıvanın qədim
şəhərsalma və qalatikmə memarlıq mədəniyyətinin
ən parlaq nümunələri Şərurun Oğlanqala və
Şahtaxtı-Govurqala abidələridir.
Naxçıvanın
tunc dövrü tayfaları yaxın qonşuları -
urmiyalılar, şumerlər və xetlərlə daim iqtisadi,
mədəni əlaqə şəraitində
yaşamışlar. Qədim Şərq dünyası
sivilizasiyası üçün səciyyəvi olan erkən
şəhər memarlıq mədəniyyətinin incəlikləri
Naxçıvan ustaları tərəfindən mənimsənilmişdir.
II Kültəpənin Narınqalasında aparılmış
arxeoloji qazıntılar nəticəsində aşkara
çıxarılmış tikinti qalıqlarında qədim
Naxçıvan memarlığında tədqiq olunmuşdur.
Naxçıvanın
mühüm Tunc dövrü memarlığında
böyük təkamül, yeniləşmə baş
vermişdir. Binalar dördkünc planda, çaydaşları
və kvadrat iri çiy kərpiclərlə inşa
edilmişdir. Küçələr düz və əyri
planlardadır. Qala divarları boyunca yerləşən
küçələrə səliqə ilə çay
daşları döşənmişdir.
II Kültəpədə
və digər e.ə. II minillikdə mərkəzlərdə
dulusçuluq, metalişləmə və toxuculuq kimi
mühüm sənətkarlıq sahələri və bir
sıra peşə növləri yüksək inkişaf
tapmışdır.
Monoxrom və polixrom
boyalı qablar müxtəlif rənglərlə
(qırmızı, qara, ağ, sarı, göy və s.)
yüksək bədii tərtibatda, əsasən həndəsi
motivli naxışlarla bəzədilmişdir. Ayinlər və
adətlərlə bağlı mərasimlərin icrası
zamanı işlədilən xüsusi boyalı qabların
üzəri adam, at, öküz, maral, keçi, quş (qartal,
leylək, durna) rəsmləri və simvolik məzmun kəsb
edən piktoqrafik işarələrdən ibarət
kompozisiyalı təsvirlərlə
naxışlanmışdır. Polixrom boyalı qablardan bəzisinin
üzərində qırmızı rənglə çəkilmiş
səkkizguşəli türk ulduzunun rəsmi xüsusi rəmzi
məna kəsb edir. Günəş, həyat,
işıqlı dünya simvolu olan bu rəmz 4000 il bundan əvvələ
aid olub, sonrakı tarixi dövrlərdə də
Naxçıvanda geniş yayılmış, bədii tərtibatlı
müxtəlif sənət nümunələrində və
memarlıqda tətbiq edilmişdir.
Azərbaycanın
üçrəngli milli dövlət bayrağı üzərindəki
səkkizguşəli ulduz rəmzi belə qədim tarixi əsasa
malikdir.
Naxçıvanın
boyalı qabları, Qədim Şərqin Mesopotamiya, Urmiya,
Elam və b. ilkin şəhər mədəniyyəti
boyalı qabları ilə eyni səviyyədə yüksək
qiymətləndirilir.
Naxçıvanın zəngin
duz yataqlarında böyük həcmdə istehsal edilən duz
yerli əhalinin tələbatını ödəməklə
yanaşı, qonşu regionlara və Yaxın Şərq
ölkələrinə ixrac olunmuşdur.
Naxçıvan və
Urmiya əyalətləri qədim şumerlərin ilkin şəhər
mədəniyyəti ilə yaxından tanış
olmuşlar. Yaxın Şərqdə ilkin şəhər mədəniyyətinin
yaranması və təkamülündə
Naxçıvanın özünəməxsus xüsusi rolu
olmuşdur.
Ümidvarıq ki,
Prezident sərəncamı Naxçıvanın qədim
tarixinin, o cümlədən də onun arxeoloji abidələrinin
öyrənilməsi işinə yeni təkan verəcəkdir.
Vəli ƏLİYEV,
AMEA-nın müxbir üzvü,
tarix elmləri dokturu, professor
Xalq qəzeti.- 2009.- 15 aprel.- S. 7.