Səhnəmizin ilk ulduzlarından biri
Azərbaycanın ilk
qadın aktrisalarından olan Fatma Qədir qızı Qədri
uzun illər milli teatrımızın inkişafına xidmət
etmişdir. Onun yaradıcılığı klassik aktyor sənəti
ənənələrindən bəhrələnmiş, öz
güclü istedadı ilə tamaşaçıların dərin
rəğbətini qazanmışdır. Fatma Qədrinin
yaradıcı irsi böyük bir məktəbdir. Onun
rolları arasında dünya və Azərbaycan klassik ədəbiyyatının
çox qiymətli nümunələrindən olan obrazlar
vardır.
Fatma xanım on dörd
yaşında Bakıya gəlmiş, yeni yaradılmış
Bakı Dövlət Teatr Texnikumuna daxil olmuşdur. Məktəbin
ilk direktoru Şövkət Məmmədova ona analıq
qayğısı göstərmiş, qismən də olsa cari
ehtiyacını ödəmiş, yaşamağa, sevdiyi sənətə
daha da ruhlandırmışdır. O, burada A.Tuqanov, A. Muradov,
V.Sladkonevsev və başqa zəngin təcrübəyə
malik teatr xadimlərindən təhsil aldı. Azərbaycanda ilk professional teatr təhsili görmüş qadın-artist
Fatma Qədri olmuşdu. Oxumağa onda elə böyük həvəs varmış ki, teatr məktəbi ilə paralel olaraq Ali Qadın Pedaqoji İnstitutunda da təhsilini davam etdirmişdi. Səhnə fəaliyyətinə isə
elə tələbəlik
illərində başlamışdı.
1926-cı ildə onu Bakı Türk-İşçi
Teatrına dəvət
etmişlər. Orada
Sürücü (“Hind qızı”),
Esmiralda (Notrdam kilsəsi"), Polina (“Gəlir yeri”), Novbar (“Çançur Səməd”), Gülbahar
(“Anamın kitabı”),
Şərəfnisə (“Müsyö
Jordan və dərviş
Məstəli şah”),
Susanna (“Namus”) və başqa tamaşalarda yaddaqalan obrazlar yaratmışdı. Onun “Sevil”
tamaşasında oynadığı
Gülüş rolu zamanın əbədi hadisəsi kimi qarşılanmışdı.
F.Qədri 1926-1932-ci illərdə Türk-İşçi
Teatrında, 1933-1936-cı illərdə
Bakı Rus Dram Teatrında və ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmışdır. Roldan-rola
daha da püxtələşən,
sevilən sənətkar
1935-ci ildə respublikanın
əməkdar artisti fəxri adına
layiq görülmüşdü.
Sonralar onun oynadığı Luiza, Maşa, Polina, Reqana, Emilya, Raşel, Xlebnikova rolları dillər əzbəri olmuşdu. Yaratdığı
Xuraman,
Oynayacağı rolların talelərini duyub anlayar, onların həyata, cəmiyyətə, zəmanəyə
münasibətlərini dərindən
öyrənərdi. Görkəmli
teatrşünas Cəfər
Cəfərov yazırdı:
“Bir gün Fatma xanım mənə zəng etdi. Soruşdu ki, ”Vaqif"
əsərində Xuramanı
oynamağı mənə
etibar ediblər. Ancaq qəhrəmanın daxili aləmindən, yaşadığı
mühitdən xəbərsizəm.
Xahiş
edirəm bu barədə mənə məlumat verəsiniz.
Təbii,
sevimli aktrisanın istəyinə uyğun danışdım. Tamaşa zamanı
onun bənzərsiz ifasını görüb
heyrətləndim".
Fatma xanım teatra sıx bağlılıqla
yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul
olmuşdu. 1933-cü ildən Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında,
Teatr İnstitutunda dərs demişdi. Onun yetirmələrindən bəziləri
hazırda da müxtəlif teatrlarda çalışırlar. Tamaşaçıların alqışını,
məhəbbətini qazanmış
görkəmli səhnə
xadimi Böyük Vətən müharibəsi
illərində cəbhəyə
gedənlərin qohum-əqrəbalarının
həsrətini, intizarını
özününkü bilmiş,
mütəmadi olaraq onlarla görüşmüş,
hərbi hospitallarda, xəstəxanalarda səhnəciklər
təşkil etmişdi.
Uzun illər hazırkı Bakı Dövlət Universitetində dram dərnəyinin
rəhbəri olmuşdu.
O, dəfələrlə yerli
sovetlərə deputat
seçilmişdi. Əməyi vaxtaşırı
qiymətləndirilmişdi. Xalq artisti fəxri
adına layiq görülmüşdü.
Qırmızı Əmək Bayrağı,
“Şərəf nişanı”
ordenləri və neçə-neçə medalla
təltif olunmuşdu.
Onun vəfatı
ilə əlaqədar
verilmiş nekroloqda deyilirdi: “Respublikamızın
teatr ictimaiyyətinə
ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin görkəmli
xadimlərindən biri,
respublikanın xalq artisti Fatma Qədir
qızı Qədri
1968-ci il fevral ayının 29-da vəfat etmişdir. İstedadlı artist, səmimi insan,
sevilən pedaqoq Fatma Qədri son nəfəsinə qədər
ömrünü Azərbaycan
teatr mədəniyyətinin
inkişafına həsr
etmişdir”. Doğrudan da,
Fatma xanım çox dəyərli sənətkar ömrü
yaşamışdır. Onun xatirəsi sənətsevərlərin
qəlbində əbədi
yaşayacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 15
aprel.- S. 7.