ŞahnazRahabsimfonik muğamlarının partituraları çap olunub

 

Son illər musiqi ədəbiyyatının nəşri sahəsində inkişaf aydın nəzərə çarpır. Simfonik muğam yaradıcılığı sahəsində inamlı addımlarını atan bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun əsərlərinin nəşri bu istiqamətdə atılan uğurlu addımlardandır. Artıq bəstəkarın “Nəva” və “Humayun” simfonik muğamlarının partituraları çap olunmuşdur.

Bu yaxınlarda isə onun daha iki simfonik muğamının — “Rahab” və “Şahnaz”ın partituraları işıq üzü görmüşdür. Qeyd edək ki, bəstəkar 1994-cü ildə yazdığı “Rahab” simfonik muğamını Azərbaycanda maarifçilik hərəkatının banilərindən olan ulu babası Abasqulu ağa Bakıxanovun 200 illik, 1996-cı ildə yazdığı “Şahnaz” simfonik muğamını isə böyük Füzulinin 500 illik yubileyinə həsr etmişdir.

Hər iki kitaba giriş məqaləsini görkəmli bəstəkar SSRİ və Azərbaycan Respublikasının xalq artisti, AMEA-nın müxbir üzvü, professor, Arif Məlikov yazmışdır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunan bu partituraların hər ikisinin redaktoru xalq artisti, sənətşünaslıq doktoru Ramiz Zöhrabovdur. Arif Məlikov “Şahnaz” simfonik muğamının partiturasına yazdığı giriş məqaləsində deyilir: “Muğamlarımızın simfoniyalaşdırılması ideyası Azərbaycan musiqisində peşəkarlığın formalaşdığı dövrə təsadüf edir. Bu janrın inkişafına layiqli töhfə verən bəstəkarlar arasında Tofiq Bakıxanovun özünəməxsus yeri vardır. Tofiq Bakıxanovun müəllifdən dərin, spesifik peşə bilikləri ilə yanaşı, eyni zamanda yaradıcılıq orijinallığı tələb edən mürəkkəb janra müraciət etməsi faktı diqqətəlayiqdir”.

Məhəmməd Füzuliyə həsr olunan “Şahnaz” simfonik muğamı partiturasının əvvəlində şairin “Tökülüb zülfi-pərişan üzünə halə misal” misrası ilə başlayan qəzəli də verilmişdir.

Hər iki partiturada orkestrin tərkibi də verilmişdir. Kitablardakı mətnlər üç dildə – Azərbaycan, rus və ingilis dillərində verilmişdir.

Onu da qeyd edək ki, hər iki əsərdə müəllif muğamların bütün quruluş və düzülüşü xüsusiyyətlərini saxlayaraq rapsodik tərzdə kompozisiya yaratmışdır. Nəticədə bəstəkar müasir simfonik orkestrin imkanlarından və müxtəlif növlü palifonik və harmonik üsullardan istifadə edərkən yeni çoxşaxəli ifa üsulu yaratmağa nail olmuşdur. Bəstəkar Arif Məlikovun giriş məqaləsində yazdığı kimi, “Tofiq Bakıxanovun simfonik muğamlarını Azərbaycan simfonik musiqisində əlamətdar bir hadisə kimi qiymətləndirmək lazımdır. Tofiq Bakıxanovun simfonik muğamlarının işıq üzü görməsi ifaçılar, musiqişünaslar və bəstəkarlar üçün dəyərli töhfədir”.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 23 aperel.- S. 11.