Ölkə
regionlarının yeni inkişaf dövrü başlanır
Azərbaycan
Respublikasının regionları yeni inkişaf mərhələsinə
qədəm qoyur. Məlum olduğu kimi, ölkə Prezidenti
İlham Əliyev 2009-cu il aprelin 14-də “Azərbaycan
Respublikası regionlarının 2009–2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında" fərman imzalamışdır. Sənəddə
qeyd olunur ki, ölkə regionlarının mövcud potensialından
daha səmərəli istifadə etməklə yerlərdə
sənaye sahələrinin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin
yaşayış səviyyəsini daha da
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək dövlətin qarşısında duran əsas
vəzifələrdəndir.
Elə növbəti
beş ildə ölkənin davamlı və tarazlı
inkişafını nəzərdə tutan yeni dövlət
proqramı da respublika iqtisadiyyatını şaxələndirmək
yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin
daha da yaxşılaşdırılmasına, əhalinin həyat
səviyyəsinin davamlı olaraq yüksəldilməsinə
nail olmaq məqsədi daşıyır.
Onu da qeyd edək ki,
ümummilli mənafelərə yönəldilmiş bu
mühüm dövlət proqramında qarşıya qoyulan
başlıca məqsədə çatmaq üçün
artıq möhkəm təməl, zəngin təcrübə
mövcuddur. Buna isə “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004–2008-ci illər)” və Bakı şəhərinin
qəsəbələrinin 2006–2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı”nda nəzərdə tutulmuş
tədbirlərin uğurla reallaşdırılması sayəsində
nail olunmuşdur. Belə ki, adı çəkilən
mühüm dövlət proqramlarının yüksək səviyyədə
icra edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında
keyfiyyətcə yeni mərhələnin
başlanğıcını qoymuş, qeyri-neft sektorunun
davamlı inkişafına, yeni iş yerlərinin
yaradılmasına, sahibkarlıq mühitinin
yaxşılaşdırılimasına, xidmət və sosial
infrastruktur təminatının həcminin və keyfiyyətinin
yüksəldilməsinə, xüsusən də əhalinin həyat
səviyyəsinin xeyli dərəcədə
yaxşılaşdırılmasına gətirib
çıxarmışdır.
Təkcə onu demək
kifayətdir ki, ötən beş il ərzində ölkədə
27,5 mindən çox yeni müəssisə
yaradılmış, 547,5 min daimi iş yeri
açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək
azalmışdır. Ölkənin sosial-iqtisadi
inkişafını şərtləndirən ümumi daxili məhsulun
real həcmi 2,6 dəfə, ötən beş ilin
başlıca hədəflərindən sayılan qeyri-neft
sektorunda məhsul istehsalı 1,8 dəfə
artmışdır. Həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində iqtisadiyyatın
bütün sahələrində dinamik artım baş
vermiş, xüsusən də sənaye istehsalı 2,5 dəfə,
kənd təsərrüfatının ümumi məhsulu 25,2
faiz, əhalinin gəlirləri isə düz dörd dəfə
artmışdır.
Ötən beş ildə
Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət
dövlət büdcəsinə, onun gəlir və xərclərinin
dinamikasına müsbət təsir göstərmişdir. Həmin
dövrdə aparılan uğurlu islahatlar və
ardıcıl, məqsədyönlü iqtisadi siyasət nəticəsində
dövlət büdcəsinin gəlir və xərclərinin
ümumi daxili məhsula nisbəti ilbəil dəyişmiş,
büdcə-vergi siyasəti ölkədə makroiqtisadi
sabitliyin möhkəmləndirilməsinə, iqtisadi
inkişafın sürətləndirilməsinə, əhalinin
sosial vəziyyətinin daha da yaxşılaşmasına və
büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir.
Bir sözlə, ölkənin dövlət büdcəsi
sosial və investisiya yönümlü, inkişaf və
quruculuq büdcəsinə çevrilmiş, iqtisadi
islahatların və ümummilli proqramların başlıca
maliyyələşmə mənbəyi kimi çıxış
etmişdir.
Ölkə
iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri
hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi
son beş ildə 33,5 milyard manat təşkil etmişdir ki,
bunun da 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar
olmuşdur. Onu da deyək ki, 2003-cü ildə ümumi
investisiyaların həcmində daxili investisiyaların payı
24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz
təşkil etmişdir. Göründüyü kimi, ölkənin
maliyyə resurslarının artması nəticəsində
daxili investisiyaların həcmi ilbəil artmaqdadır.
Ölkənin ilk regional
sosial-iqtisadi inkişaf proqramı bölgələrdə
yüksək iqtisadi fəallığa və təşəbbüskarlığa
geniş meydan açmış, iqtisadiyyatda məşğul əhalinin
sayının artmasına səbəb olmuşdur. Təkcə
onu demək kifayətdir ki, son beş ildə
yaradılmış 766 mindən çox yeni iş yerinin təqribən
84 faizi regionların payına düşmüşdür.
Azərbaycanda biznes
mühitinin yaxşılaşdırılması və
investisiya fəallığının artırılması məqsədilə
ötən dövrdə dövlət tərəfindən
ardıcıl tədbirlər həyata keçirilmiş,
sahibkarlığı stimullaşdırmaq üçün
vergi dərəcələri müəyyən qədər
azaldılmışdır. Xüsusi qeyd etmək
lazımdır ki, dövlət başçısının
“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin
”bir pəncərə" prinsipi üzrə təşkilinin
təmin edilməsi tədbirləri haqqında" 2007-ci il
oktyabrın 25-də imzaladığı sərəncam ölkədə
biznes mühitinin əlverişliliyinin daha da
artırılmasına və biznesə başlama
prosedurlarının sadələşdirilməsinə imkan
yaratmışdır. Eyni zamanda, birinci regional inkişaf
proqramının icrası dövründə sahibkarlığa
dövlət maliyyə dəstəyinin gücləndirilməsinə
xüsusi diqqət yetirilmiş, İqtisadi İnkişaf
Nazirliyi nəzdində fəaliyyət göstərən
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə
323,4 milyon manat kredit verilmişdir.
Yeri gəlmişkən,
sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi
istiqamətində ölkəmizdə aparılan islahatlar beynəlxalq
təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir.
Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası tərəfindən hazırlanan və biznes
mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən nüfuzlu “Doing Business”in
2008-ci ildə açıqladığı hesabatda Azərbaycan
Respublikası biznes mühitinin təkmilləşdirilməsi
sahəsində dünya üzrə ən islahatçı
ölkə elan edilmişdir.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı bölgələrdə
kənd təsərrüfatının dirçəldilməsinə,
adı çəkilən sahədə məşğulluğun
xeyli artmasına səbəb olmuşdur. Bunun da nəticəsində
qeyd etdiyimiz kimi, kənd təsərrüfatının
ümumi məhsulu 25,2 faiz artmış, mühüm növ məhsullardan
sayılan taxıl, kartof, tərəvəz, bostan məhsulları,
meyvə və giləmeyvə, eləcə də
heyvandarlıq məhsulları istehsalında əhəmiyyətli
artım baş vermişdir.
Dövlət proqramı
çərçivəsində regionlarda infrastrukturun bərpası
və inkişafı, əhalinin kommunal xidmətlərlə təchizatının
yaxşılaşdırılması istiqamətində son dərəcə
mühüm tədbirlər həyata keçirilmişdir. Bir
sözlə, proqramda nəzərdə tutulmuş tədbirlərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
dövlətin, xüsusən də ölkə Prezidentinin daim
diqqət mərkəzində olmuşdur. Belə ki, dövlət
başçısı bununla əlaqədar regionlara müntəzəm
səfərlər etmiş, görülən işlərlə
şəxsən maraqlanmış, hətta meydana
çıxan məsələlərlə bağlı əlavə
tədbirləri özündə əks etdirən müvafiq sərəncamlar
imzalamışdır.
Bütün bu tədbirlərin
davam etdirilməsi məqsədilə qəbul olunmuş “Azərbaycan
Respublikası regionlarının 2009–2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da bu
baxımdan olduqca mühüm əhəmiyyət
daşıyır. Ölkənin növbəti beş illik sosial-iqtisadi
inqkişafına yönəldilən bu mühüm dövlət
proqramında üç əsas istiqamətdə tədbirlər
nəzərdə tutulmuşdur. Bunlar isə ölkə əhəmiyyətli,
Bakı şəhərinin rayon və qəsəbələri
üzrə, eləcə də ölkənin iqtisadi
rayonları üzrə kompleks tədbirlərdən ibarətdir.
Yeni regional proqramın əsas
məqsədi ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin
sosial-rifah halının daha da
yaxşılaşdırılmasına nail olmaqdır. Bunun
üçün dövlət proqramında qarşıya bir
sıra mühüm vəzifələr qoyulmuşdur. Nəzərdə
tutulmuşdur ki, ilk növbədə ölkənin təbii və
əmək potensialından səmərəli istifadə etməklə
qeyri-neft sektorunun sürətli inkişafına nail
olunmalı, infrastruktur təminatı daha da
yaxşılaşdırılmalı, sahibkarlıq mühitinin
əlverişliliyinə diqqət gücləndirilməli,
investisiyaların qoyuluşu artırılmalıdır. Bütün
bunlarla yanaşı, dövlət proqramında
ixracyönümlü məhsul istehsalının
stimullaşdırılması, əhalinin kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması, məşğulluq
səviyyəsinin yüksəldilməsi, yoxsulluğun
azaldılması məsələlərinin həlli də
öz ifadəsini tapmışdır.
Yeni proqramda göstərilir
ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
üçün ölkədə makroiqtisadi sabitliyin davam
etdirilməsi mühüm şərtdir. Uğurla həyata keçirilən
neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə
inteqrasiyasına, neft və qaz gəlirlərinin səmərəli
istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub
saxlanılmasına səbəb olmuş və bu sahədə
tədbirlərin davamlı şəkildə
reallaşdırılmasına əlverişli şərait
yaratmışdır.
Dövlət
proqramında bildirilir ki, bundan sonra da orta illik inflyasiya tempinin
və milli valyutanın məzənnəsinin məqbul səviyyədə
saxlanılması, vergi dərəcələrinin optimal həddə
müəyyənləşdirilməsi, kənd təsərrüfatı
məhsulları istehsalçılarına tətbiq edilən
güzəştlərin müddətinin
artırılması, yeni iş yerlərinin
yaradılmasının stimullaşdırılması,
gömrük dərəcələrinin optimal həddə
saxlanılması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin
artırılması, inflyasiya risklərinin azaldılması,
monetar və büdcə-vergi siyasətinin
koordinasiyasının gücləndirilməsi, qeyri-neft
sektorunun inkişafına mənfi təsirlərin
qarşısının alınması növbəti illərdə
də iqtisadi siyasətin başlıca məsələləri
hesab olunur.
Ölkə
iqtisadiyatının dünya təsərrüfat sisteminə
inteqrasiyasının sürətləndirilməsi məqsədilə
gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq
təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığının
genişləndirilməsi üçün qanunvericiliyin,
standartların beynəlxalq tələblərə
uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir.
Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların
ixracı üçün əlverişli şərait
yaradılimasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən
qorunmasına yönəldiləcəkdir.
Yeni regional proqramda
vurğulanır ki, büdcə-vergi siyasətində əsas
məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı
inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin
sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi
və onun dinamik inkişafının
stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu
baxımdan yaxın gələcəkdə istehsalın
genişləndirilməsi, rəqabət qabiliyyətli
iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya
mühitinin yaradılması mühüm vəzifə kimi
qarşıda durur. Ümumiyyətlə, dövlət
proqramında ölkə iqtisadiyyatının prioritet istiqamətləri
aydın göstərilmişdir. Bu, kənd təsərrüfatına
dövlət qayğısının və sahəyə
subsidiyaların artırılmasını, emal müəssisələrinin
yaradılmasına investisiyaların cəlbini, qeyri-neft,
qeyri-xammal sənaye sahələrinin, turizmin
inkişafının dəstəklənməsini nəzərdə
tutur.
Yeni dövlət
proqramında vergi sisteminin təkmilləşdirilməsi ilə
bağlı bir sıra məsələlər də öz
konkret ifadəsini tapmışdır. Məsələn,
qarşıdakı illərdə vergi dərəcələrinin
optimallaşdırılması, sahibkarlığın təşviqinə
yönəlmiş vergi-gömrük siyasətinin həyata
keçirilməsi, kənd təsərrüfatı məhsullarının
istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin
müddətinin uzadılması, sahibkarlara göstərilən
vergi xidmətinin yaxşılaşdırılması və əhatə
dairəsinin genişləndirilməsi üçün
kompyuter terminallarının, habelə özəl vergi məsləhəti
xidmətinin yaradılması nəzərdə tutulur.
Proqramda göstərilir
ki, qarşıdakı illərdə pul-kredit siyasətinə
xüsusi diqqət yetiriləcəkdir. Bu məqsədlə,
ilk növbədə, manatın rəqabət qabiliyyətinin əlverişli
səviyyədə saxlanılmasını reallaşdıran məzənnə
siyasətinə mühüm əhəmiyyət veriləcəkdir.
Bununla yanaşı, pul-kredit siyasətinin əsas məqsədləri
sırasına ölkənin valyuta ehtiyatlarının
artırılması, bank sistemində maliyyə sabitliyinin
qorunması, bankların regional şəbəkəsinin
genişləndirilməsi, nağdsız ödəniş vasitələrinin
quraşdırılmasının sürətləndirilməsi,
sığorta və lizinq xidmətlərinə xüsusi
üstünlük verilməsi diqqət mərkəzində
saxlanılacaqdır. Dövlət proqramında həmçinin
bildirilir ki, qarşıdakı illərdə özəlləşdirməyə
açılmış müəssisələrdə şəffaf
və səmərəli özəlləşdirmə
prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir. Qeyri-neft
sektorunda müəssisələrin investisiya fəaliyyəti dəstəklənəcək,
müasir istehsal avadanlıqlarının
quraşdırılması sürətləndiriləcəkdir.
Yeni proqramda yuxarıda
qeyd edilənlərlə yanaşı, qarşıdakı illərdə
məşğulluq siyasətinin, miqrasiya prosesinin konkret məsələlər
əsasında tənzimlənməsi, sosial təminatın
gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət
sahələrində mövcud problemlərin aradan
qaldırılması üçün konkret tədbirlərin
həyata keçirilməsi də nəzərdə tutulur.
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 17 aprel.- S. 4.