“İnsanlara sevinc bəxş
etməkdən gözəl nə ola bilər”
Sərlövhəyə
çıxardığımız bu sözlər xalq artisti
Ağahüseyn Cavadova məxsusdur. Milli aktyor sənətimizin
məşhur nümayəndələrindən olan xalq artisti
Ağahüseyn Cavadovun 105 yaşı tamam olur. Bu böyük
aktyor Azərbaycan klassik aktyor məktəbinin məşhur
davamçılarından idi. Onun teatrda, kinoda
yaratdığı rollar insanlara həmişə sevinc dolu
anlar bəxş etmişdi və bu gün də filmlərdəki
qəhrəmanları bu missiyanı həyata keçirməkdədir.
Ağahüseyn Cavadovun
sənətə gəldiyi vaxtlar artıq milli
teatrımızda böyük yüksəliş hiss olunmaqda
idi. O dövrdə Mirzağa Əliyev, Sidqi Ruhulla,
Ağasadıq Gəraybəyli, Kazım Ziya, Möhsün Sənani,
Ələsgər Ələkbərov kimi çox böyük
sənətkarlar artıq səhnədə idilər və
teatrımızın yüksəlişinə, tərəqqisinə
xidmət göstərirdilər. Məhz belə bir vaxtda o, sənətə
gəldi və özü də “məşhurlar”
sırasına qoşuldu.
Ağahüseyn Xəlil
oğlu Cavadov 1894-cü ilin aprelində Xırdalanda anadan
olmuşdur. Ömrünün 60 ilini səhnəyə həsr
edən Ağahüseyn Cavadov da öz sələfləri kimi
ilk təhsilini mollaxanada almışdır. Anası Hürmət
xanım isə oğlunun oxumuş, savadlı olmasını
çox istəyirdi. Lakin o dövrün ab-havası bir
çoxları kimi Ağahüseyn Cavadovun da əl-qolunu
bağlayırdı. A. Cavadov harda olursa-olsun teatr sənəti
ilə maraqlanır, o dövrün görkəmli
aktyorlarının, xüsusilə Sidqi Ruhullanın, Mirzəağa
Əliyevin, Cahangir Zeynalovun, Hacıağa Abbasovun ifalarına
tamaşa edir, onlarla bir sırada olmağı
arzulayırdı. İlk addımlarını Tənqid-Təbliğ
Teatrında atan Ağahüseyn Cavadovun sənət taleyi
çox uğurlu olmuşdur. 1920-ci ildən səhnə fəaliyyətinə
başlayan aktyor “Çin tanrısı”, “Fırtına”,
“Ovod”, “Anamın kitabı”, “Qanlı səhra”, “Bəxtsiz cavan”,
“Paris Noterdam kilsəsi”, “Romanovların son günləri”,
“Namus” tamaşalarında yaratdığı obrazlarla
tamaşaçıların dərin rəğbətini
qazanır. Bu obrazların hərəsi ayrı-ayrılıqda
süjet xəttinə görə bir-birindən kəskin surətdə
fərqlənsə də, onun ifasının təkrarsızlığını
sələfləri dönə-dönə qeyd edirdilər.
Zəngin
yaradıcılıq imkanlarına malik olan Ağahüseyn
Cavadov xarakterik və dramatik rolların da ustad
ifaçılarından olub. Yumşaq, sakit təbiətə
malik olan bu aktyorun yaratdığı obrazlar həmişə
təbii, canlı və inandırıcı olub. Çünki
aktyorluq bu insanın varlığında idi. Onun rəng və
boyalarının zənginliyi və əlvanlığı, sənətinə
ciddi münasibəti həm dramlarda, həm komediyalarda, həm
də operettalarda bir-birindən fərqlənən orijinal
obrazlar yaratmağa imkan vermişdir.
Musiqili Komediya
Teatrının repertuarının zənginləşməsində
Ağahüseyn müəllimin böyük rolu olmuşdur. 1938-ci
ildə o, yenicə təşkil edilmiş Azərbaycan
Dövlət Musiqili Komediya Teatrına dəvət
olunmuşdur. Burada o, “Ər və arvad”, “Əlli
yaşında cavan”, “Beş manatlıq gəlin”, “Arşın
mal alan”, “Toy kimindir”, “Evli ikən subay” və sair əsərlərin
səhnə həyatının uğurlu alınmasından
ötrü böyük yaradıcılıq zəhmətinə
qatlaşmışdır. Yaratdığı komik obrazlarla
yadda qalan, sevilən, istər kiçik, istərsə də
böyük rollarında həmişə gülüş
doğuran, satira və yumora imkan verən epizodların, səhnələrin
daha canlı, parlaq olması üçün öz aktyorluq
imkanlarından məharətlə istifadə edirdi. Əsl sənət
fədaisi olan bu insan həmişə, istər səhnədə,
istərsə də həyatda təbiiliyi, səmimiliyi ilə
hamıdan seçilmişdir. Ekranda yaratdığı obrazlar
ciddi sənət axtarışları, dəqiq və zəngin
həyat müşahidəsi sayəsində maraqlı ekran həyatı
kəsb etmişdir. Onun “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Bir
qalanın sirri”, “Qızmar günəş altında”, “Sehirli
xalat”, “İstintaq davam edir”, “Şərikli çörək”,
“Əhməd haradadır?” filmlərində
yaratdığı rolları kino tariximizin qiymətli
obrazları hesab etmək olar. İstər baş, istərsə
də epizodik rollarda onun ifası tamaşaçıların
ürəyincə idi. Və bu gün də həmin filmlər
böyük maraqla baxılır. Bədii əsərlərimizin
bir çoxunun efirdə və mavi ekranda səslənməsində
Ağahüseyn Cavadovun xidmətləri böyük
olmuşdur. O, ömrünün 60 ildən çoxunu səhnəyə
vermiş və 200-dən artıq səhnə obrazı
yaratmışdır. İstər klassik dramaturgiya nümunələrində,
istərsə də müasir əsərlərimizdə aktyor
eyni hərarət və səmimiyyətlə
çıxış etmişdir. Yaratdığı obrazlar
uzun müddət hafizələrdə
yaşamışdır.
Ağahüseyn Cavadov Azərbaycan
SSR xalq artisti (1938) kimi fəxri ada layiq görülmüş,
2 dəfə “Şərəf nişanı” ordeni ilə təltif
edilmişdir. Cavadov sənəti, onun komizmi isə neçə-neçə
sənətkar üçün əvəzsiz bir örnək
olaraq Azərbaycan teatrının ayrılmaz tərkib hissəsi
kimi bu gün də öyrənilir.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 17 aprel.- S. 7.