Dünyanın gələcək inkişafı
ekoloji problemlərin həllindən asılıdır
Son illər ölkəmizin
ekoloji cəhətdən sağlam bir diyara çevrilməsi
üçün məqsədyönlü iş
aparılır. Məlumdur ki, Azərbaycan Respublikası zəngin
təbii sərvətlərə və inkişaf etmiş sənaye
sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən
bəri yığılıb qalmış ekoloji problemlər
vaxtında öz həllini tapmadığı
üçün respublikamızın ətraf mühiti xeyli
çirkləndirilmişdir.Vəziyyəti
aydınlaşdırmaq üçün Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə
yaratdıq.
Bildirildi ki, hazırda
respublikamızda həllini təcili tələb edən bir
sıra ekoloji problemlər vardır: su hövzələrinin,
o cümlədən Xəzər dənizinin məişət
və sənaye sularının tullantıları ilə
çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin
dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer
havasına zərərli qazların yol verilən normadan
artıq atılması, biomüxtəlifliyin azalması,
torpaqların eroziyaya uğraması və
şoranlaşması, sənaye və məişət
tullantılarının utilizasiyası və s. 1992-ci ildə
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü
ilə Rio-de-Janeyro şəhərində keçirilmiş
beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək
inkişafı ilk növbədə ekoloji problemlərin necə
həll olunmasından asılı olacaqdır.
Bu konfransda dünyada
mövcud olan ətraf mühit problemlərinin həlli
yolları çox ciddi şəkildə nəzərdən
keçirilmiş və mühüm qərarlar, o cümlədən
artıq bütün beynəlxalq ekoloji təşkilatların
proqram sənədinə çevrilmiş “Dayanıqlı
inkişaf” konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada
iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil
etməsi, üstünlüyün ətraf mühitin
qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə
həll olunması, gələcək nəsillərin
imkanları məhdudlaşdırılmadan çağdaş
nəsillərin rifahının
yaxşılaşdırılması ön xəttə
çəkilmişdir. Buna nail olmaq üçün ilk
növbədə iqtisadiyyatın səmərəliliyinin
yüksəldilməsi və ətraf mühitin qorunması təmin
olunmalıdır. “Rio konfransı”nın davamı kimi 2002-ci
ildə Yoxannesburq şəhərində keçirilmiş
Dünya sammitində dayanıqlı inkişaf prinsipləri
bir daha təsdiqlənərək onların
reallaşdırılması üçün zəruri tədbirlərin
görülməsi xüsusi vurğulanmışdır.
İndiki dövrdə ətraf
mühitlə bağlı mövcud vəziyyət hər bir
ölkəni ekoloji problemləri ümumbəşəri
kontekstə çıxarmağa məcbur etmişdir. Bu
gün artıq ətraf mühitin mühafizəsi məsələləri
aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində
öz əksini tapmışdır. Azərbaycan Respublikası
son illər sosial və iqtisadi inkişaf sahələrində
kifayət qədər nailiyyətlər əldə
etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə
öz əksini tapmışdır.
Sosial və iqtisadi sahələrdəki
nailiyyətlərin artmasının dayanıqlı olması
ölkə tərəfindən əsas prioritet kimi qəbul
edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf
mühitin qorunması sahəsində fəaliyyətin
koordinasiyasının gücləndirilməsi yolu ilə milli,
beynəlxalq və regional səviyyələrdə təbii
ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf
prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin
maraqlarını təmin edən ölkənin iqtisadi və
insan resurslarının istifadəsində
davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan
Respublikası müstəqillik əldə etdikdən və
bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə
ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət
yeni vüsət almış və formalaşmağa
başlamışdır. Bu həm də ekoloji məsələlərin
ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə
də izah edilir.
Respublikamızda bu
dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi
“Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan
Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək
olar. Bu konsepsiyada respublikamız üçün ətraf
mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli
olan problemlərin həlli üzrə əsas prinsiplər
öz əksini tapmışdı. Azərbaycan Respublikasında
yürüdülən ekoloji siyasətin əsas məqsədi
indiki və gələcək nəsillərin
ehtiyaclarının təmin edilməsi naminə mövcud
ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi ilə
davamlı inkişafın təmin edilməsindən ibarətdir.
Bunu gerçəkləşdirmək məqsədi ilə təbii
ehtiyatlardan istifadə yolları işlənib
hazırlanmalı və iqtisadiyyatın inkişafı
davamlılıq prinsipləri əsasında həyata
keçirilməlidir.
İnkişafın
ekoloji baxımdan davamlı olmasını təmin etmək
üçün iqtisadi fəaliyyət zamanı meydana
çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq,
onların ətraf mühitə mənfi təsirinin minimuma
endirilməsi tələb olunur.
Müasir dövrdə
yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə
alaraq respublikamızın ekoloji siyasətinin
aşağıdakı üç əsas istiqamətlərini
müəyyənləşdirmək olar: a) ekoloji təhlükəsizliyin
təmin olunmasını əsas götürərək, ətraf
mühitin çirklənməsinin minimuma endirilməsi və
mühafizəsinin tənzimlənməsi məqsədilə
davamlı inkişaf prinsipləri üzrə mütərəqqi
üsulların tətbiq edilməsi; b) indiki və gələcək
nəsillərin tələbatını ödəmək məqsədilə
təbii sərvətlərdən səmərəli istifadə
etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə
tükənməyən enerji mənbələrindən
yararlanmaq və enerji effektivliyinə nail olunması; c) qlobal
ekoloji problemlər üzrə milli səviyyədə tələbatların
qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi,
beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi,
eləcə də milli potensial imkanlardan istifadə etməklə
həyata keçirilməsinin təmin edilməsi.
Ekoloji siyasətin əsas
istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə
çatmaq üçün aşağıdakı vəzifə
və prinsiplər əsas götürülməlidir: a) ətraf
mühitin keyfiyyətinin yaxşılaşdırılması
üçün iqtisadi və insan potensialının idarə
edilməsinin müasir üsullarından istifadə edilməsi;
b) indiki və gələcək nəsillərin
rifahının yaxşılaşdırılmasını təmin
edən, stimullaşdıran iqtisadi modellərin,
texnologiyaların yaradılması və istifadəsi; c) eyni və
müxtəlif nəsillərin nümayəndələri arasında
təminatın ədalətlilik prinsipləri əsasında həyata
keçirilməsi; d) insanın həyat fəaliyyətini təmin
edə biləcək ekosistemlərin və biomüxtəlifliyin
təbii mühitinin olduğu kimi qorunub saxlanılması.
Prinsiplər isə aşağıdakılardır: a) qısa
müddətli və uzunmüddətli iqtisadi, ekoloji və
sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə
alınmaqla qərarların qəbul edilmə prosesinin həyata
keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə
alınması; b) ətraf mühitin mühafizəsi sahəsində
qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi;
c) ətraf mühitin hər hansı komponentinin bərpa
olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək
fəaliyyətin qarşısının alınması; d) ətraf
mühitin mühafizəsinin təmin edilməsi
üçün aztullantılı, güclü və
çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;
e) beynəlxalq təşkilatlar və inkişaf etmiş
ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində
əlaqələrin genişləndirilməsi; f) əhali
arasında ekoloji təbliğatın və maarifləndirmənin
gücləndirilməsi.
Ekoloji siyasətin həyata
keçirilməsinin təzahürü kimi respublikamızda
Avropa standartlarına uyğun müvafiq qanunvericilik
bazasının yaradılmasını, ətraf mühit
üzrə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsini,
beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi
yolu ilə prioritet layihələrin tədricən realizə
olunmasını qeyd etmək olar.
Keçid dövründə
respublikamızda sosial-iqtisadi proseslər sürətlə
inkişaf etdiyinə görə ekoloji siyasətdə də
yeni metod və prinsiplər üzə çıxarılır.
Bu baxımdan ETSN tərəfindən hazırlanmış və
2003-cü ildə ölkə prezidenti tərəfindən təsdiq
olunmuş “Ekoloji cəhətdən dayanıqlı
sosial-iqtisadi inkişafa dair” Milli Proqram ekoloji siyasəti daha da
təkimlləşdirilmiş səviyyədə özündə
əks etdirərək, onun tətbiq edilməsi
üçün imkanlar yaratdı. Bundan əlavə, əhali
arasında ekoloji təbliğatın gücləndirilməsi,
orta ümumtəhsil məktəblərində ekologiya və ətraf
mühitin mühafizəsi ilə bağlı tədris
saatlarının artırılması mühüm məsələlərdəndir.
Son illər Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən qəbul
olunmuş ətraf mühitlə bağlı bir sıra
qanunlar bu sahədə mövcud olan boşluqların
doldurulması üçün böyük imkanlar
açır. Mövcud problemlərin həll edilməsi
üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla,
donor ölkələrlə əlaqələrin genişləndirilməsinə
xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin
İnkişaf , Ətraf Mühit, Sənayenin
İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond,
Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı,
İqtisadi Əməkdaşlıq təşkilatı,
Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət
fondu və s. təşkilatlarla əməkdaşlıq davam
etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında
inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar
qurulur. Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə
qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan
Respublikası bu günə kimi beynəlxalq konvensiyaya
qoşulmuş, müvafiq protokollar imzalamışdır.
Ətraf mühitlə
bağlı qeyd olunan problemlərin həlli yollarını
müəyyənləşdirmək üçün beynəlxalq
təşkilatlarla mütəmadi əməkdaşlıq
edilir. Regiondakı mövcud ekoloji problemlərin planlı surətdə
həll edilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 28 sentyabr
2006-cı il tarixli “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı” təsdiq
olunmuşdur. Bu Proqramın reallaşması üçün
ciddi tədbirlər həyata keçirilmiş və bu istiqamətdə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işləri
davam etdirir. Yeni meşə sahələri salınır,
Abşeronda və digər regionlarda çirklənmiş
göllər qurudulur, çirklənmiş torpaqların təmizlənməsi
prosesi davam etdirilir. Aran rayonlarda əhalinin içməli su ilə
təmin olunmasına xüsusi diqqət yetirilir.
Ölkədə ekoloji
siyasəti həyata keçirən ETSN son illər öz fəaliyyətini
daha da fəallaşdırmışdır. Dövlət rəhbəri
İlham Əliyevin qayğısına cavab olaraq ölkədə
ekoloji mühitə nəzarət daha da
artırılmışdır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 17 aprel.- S. 7.