Mədəniyyət evi istifadəyə verilmişdir

 

Zaqatala rayonunun Uzuntala kəndində daxili imkanlar hesabına əsaslı təmir edilərək hər cür inventar və avadanlıqlarla təmin edilmiş kənd mədəniyyət evinin açılışı olmuşdur.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Zaqatalanın ən ucqar kəndlərindən biri olan Uzuntala kəndində 1966-cı ildə tikinmiş, son illər tam yararsız vəziyyətdə olan 150 yerlik mədəniyyət evinin qısa müddət ərzində müasir tələblər səviyyəsində istifadəyə verilməsinin kənd sakinlərinə layiqli töhfə olduğunu qeyd etmişdir. O, Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyev siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikanın hər guşəsində olduğu kimi, Zaqatalada da böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd etmişdir. Daha sonra rayon rəhbəri bütün dünyanı iqtisadi böhran bürüməsinə baxmayaraq, dövlətimiz tərəfindən aparılan uğurlu iqtisadi siyasət nəticəsində respublikamızda, eləcə də Zaqatalada əhalinin rifahının yüksəldilməsi istiqamətində işlərin davam etdirildiyini xüsusi vurğulamışdır.

Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar və gənclər son üç ildə Zaqatala rayonunda görülmüş işlərdən geniş söhbət açmış, diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.

Uzuntala kənd mədəniyyət evinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Tədbir Uzuntala kənd mədəniyyət evinin özfəaliyyət kollektivinin konsert proqramı ilə yekunlaşmışdır.

 

 

İ.MUSAOĞLU

 

Xalq qəzeti.- 2009.- 17 aprel.- S. 7.