Qobustan: 2008-ci il
birinci mərhələnin
uğurlu yekunu oldu
Ötən ilin
yekunları və nəticələr barədə söhbət
edərkən Qobustan Rayon İcra Hakimiyyətinin
başçısı İsmayıl Vəliyev bir məqamı
xüsusi vurğuladı:2008-ci il Qobustan rayonunda daha əlamətdar
bir il kimi yadda qalmışdır.Möhtərəm
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə rayon
mərkəzi Qobustan şəhəri
adlandırılmışdır. "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın (2004-2008-ci illər)
icrası burada da müvəffəqiyyətlə başa
çatdırılmış, 2004-2008-ci illər ərzində
rayonda 1610-u daimi olmaqla 4740 yeni iş yeri
açılmışdır. Təkcə 2008-ci ildə 1253
yeni iş yeri yaradılmışdır.
Abadlaşan bölgə
Ötən il
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 56-105-ci kilometrliyində,
şəhərdaxili yollarda, Qobustan-Hilmilli, Poladlı-Girdə,
Təklə Mirzəbaba avtomobil yollarında 310 min manatlıq
orta, 398,2 min manatlıq orta və cari təmir işləri
aparılmışdır. “Azərkörpü”ASC Qobustan şəhərində
piyada və mal-qara keçidlərinin inşasını
başa çatdırmışdır.
Tikinti materialları
istehsalının dəstəklənməsi istiqamətində
rayonda Bəklə, Sündü və Cəmcəmli daş
karxanaları fəaliyyətə başlamış, “Xilə”
daş karxanasının fəaliyyət göstərməsi
ilə əlaqədar tədbirlər görülür. “Qobustan
Holdinq” MMC-nin Hilmilli kəndində
çınqıldoğrayan istehsalat sahəsi, şəhərdə
sutkalıq istehsal gücü 50 ton olan asfalt zavodu, plastik
qapı-pəncərə və taxta sexləri fəaliyyətə
başlamışdır.
Həmçinin rayon
icra hakimiyyətinin, Qobustan rayonu üzrə Maliyyə
Şöbəsinin, Qurbançı kəndində klub,
kitabxana və həkim ambulatoriyasının, Qobustan Sukanal
İdarəsinin, “Azinko Holdinq” MMC tərəfindən istirahət
evinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Hissəsi, Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin
Qobustan rayon şöbəsi üçün inzibati
binaların tikintisi başa
çatdırılmışdır. Rayon Mədəniyyət
evinin və mərkəzi rayon kitabxanasının dam
örtüyü yenisi ilə əvəz edilmişdir.
Olimpiya İdman Mərkəzi,
Qobustan bələdiyyəsi, Baytarlıq İdarəsi və
Diaqnostika mərkəzinin və rayon təhsil şöbəsi
üçün inzibati binaların, Şəhidlər xatirə
kompleksinin, Qobustan şəhərində üç parkın
tikintisi davam etdirilir. Qarabağ əlilləri və şəhid
ailələri üçün 8 mənzilli yaşayış
binasında tikinti işləri başa
çatdırılmış, son tamamlama işləri
aparılır.
Azərbaycan Milli Elmlər
Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə
seysmoloci stansiyasının tikintisi üçün torpaq sahəsi
ayrılmışdır.
Azərbaycan Respublikası
Prezidentinin seçkilərinə hazırlıq dövründə
28 seçki məntəqəsi tam şəkildə təmir
olunaraq inventarla təchiz edilmişdir.
2008-ci ildə rayon icra
hakimiyyətinin təşəbbüsü ilə “Abad Qobustan”
proqramı hazırlanaraq həyata keçirilməyə
başlanmışdır. Bu proqram çərçivəsində
Qobustan bələdiyyəsi tərəfindən əhaliyə
göstərilən kommunal xidmətlərin səviyyəsini
yüksəltmək məqsədilə 5 ədəd müxtəlif
markalı kommunal texnika alınmışdır. Eləcə də
Yekəxana kəndində şitillik salınmış, zibillərin
saxlanılması üçün Qobustan şəhərinin
mərkəzindən 5 kilometr uzaqlıqda poliqonun tikintisinə
başlanmışdır.
Şəhər əhalisinə
göstərilən kommunal xidmətlərin
yaxşılaşdırılması məqsədilə
Kommunal Müəssisələri Kombinatı tərəfindən
1 ədəd su maşını və 1 ədəd “Kamaz”
markalı avtomobil alınmış, tullantı yeşiklərinin
sayı artırılmışdır.
Qobustan şəhərinin
içməli su təminatını
yaxşılaşdırmaq məqsədilə 2008-ci ildə
200 tonluq sututar tikilib istifadəyə verilmiş, şəhərdaxili
su xətlərindəki 6 ədəd supaylayıcı
qurğu, 1812 metr müxtəlif ölçülü su
boruları yenisi ilə əvəz edilmişdir. “Sukanal” Elmi Tədqiqat
və Layihə İnstitutu Təsi, Sədəf, Bədəlli,
Cəmcəmli, Ərəbqədim, Göydərə və Dərəkənd
kəndlərinin və eləcə də, Qobustan şəhərinin
içməli su təminatını
yaxşılaşdıracaq Təsi su xəttinin layihə-smeta
sənədlərini hazırlamış və işin
icrasına başlanılmışdır. Artıq layihə
üzrə 6 kilometr boru xətti çəkilmiş, artezian
quyuları qazılmışdır.
Elektrik enerjisi, qaz və
istilik sisteminin inkişafı istiqamətində Qobustan Elektrik
Şəbəkə rayonu üçün inzibati bina, 3
yarımstansiyada isə növbətçi otaqları tikilib
istifadəyə verilmiş, şəhər və kəndlərdə
12 ədəd transformator yenisi ilə əvəz olunmuş,
35/10 kv Qobustan şəhər yarımstansiyasında isə 3 ədəd
yeni gərginlik transformatoru, şəhərdə 122, Cəngi
kəndində isə 30 ədəd müasir tipli
işıqlandırma dirəyi
quraşdırılmışdır.
Əhalinin elektrik
enerjisi ilə fasiləsiz və keyfiyyətli təminatı,
eyni zamanda, istehlak edilmiş elektrik enerjisinin dəyərinin
vaxtında ödənilməsi məqsədilə hələ
2005-ci ilin sonlarından etibarən sayğaclaşma işinə
başlanılmış və 2006-cı ildə bu iş tam
şəkildə başa
çatdırılmışdır. Artıq rayonda 6073
elektrik sayğacı quraşdırılmışdır.
Aqrar sahə: göstəricilər
uğurludur
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramında və
2008-ci ildə qəbul olunmuş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı”nda
qarşıya qoyulmuş mühüm vəzifələrin
yerinə yetirilməsi istiqamətində rayonda kifayət qədər
işlər görülmüş və görülməkdədir.
2008-ci ildə 23083 hektar
sahədən 33180 ton taxıl istehsal olunmuşdur ki, bu da
2007-ci ildəkindən 5186 ton artıqdır. Adambaşına
taxıl istehsalı 800 kiloqram təşkil etmiş, hektardan məhsuldarlıq
14,4 sentner olmuşdur ki, bu da əvvəlki ildəkinə nisbətən
2,2 sentner çoxdur. 2008-ci ildə digər bitkiçilik məhsulları
istehsalında da dinamik inkişaf təmin edilmişdir. Belə
ki, rayonda 1242 ton kartof, 1187 ton tərəvəz, 826 ton bostan məhsulları,
1130 ton meyvə, 474 ton üzüm istehsal olunmuşdur. 26917
hektar sahədə şum çıxarılmışdır
ki, bu da əkinçiliyə marağın
artırılmasının əsas göstəricilərindəndir.
2008-ci ildə əkinçiliyin
inkişafı, əhalinin taxıl məhsullarına olan tələbatının
ödənilməsi və taxılçılığın
inkişaf etdirilməsi məqsədi ilə Nazirlər
Kabinetinin 15 fevral 2007-ci il və 16 noyabr 2007-ci il tarixli qərarları
ilə istifadə olunan yanacaq və motor yağlarına
görə, mineral gübrələrin güzəştlə
satılmasına və buğda
istehsalçılarının maddi marağının
artırılması məqsədilə
taxılçılara 2008-ci ildə 1425061 manat yardım
verilmişdir.
Qaz təchizatı
yaxşılaşır
Bəhmən
Mehtiyev, Qaz İstismar İdarəsinin rəisi:
— Sakinlərin təbii
qazla təmin edilməsi məqsədilə 2008-ci ildə
bütün yaşayış məntəqələrində
daşıyıcı və paylayıcı xətlər
yoxlanılmış, qaz tənzimləyici şkaf və
siyirtmələr təmir edilmişdir. 2005-ci ildən
sayğaclaşma işinə başlanılmış və
3238 abonentin mənzilinə təbii qaz sayğacı
quraşdırılaraq bu iş tam başa
çatdırılmışdır.
2008-ci ildə ulu öndərin
85 illiyi ərəfəsində, 17 illik fasilədən sonra ən
böyük kəndlərimizdən olan Ərəbşalbaş
və Təklə Mirzəbaba kəndlərinə təbii
qazın verilişi bərpa edilmiş və qazla təmin
olunan yaşayış məntəqələrinin sayı 17-yə
çatdırılmışdır. Rayonun təbii qazla təmin
olunmayan Hilmilli, Şıxzahırlı, Qaracüzlü, Cəngi,
Poladlı, Yekəxana, Sədəfli, Təsi və Bədəlli
yaşayış məntəqələrinin
qazlaşdırılması və Heydər Əliyev prospektində
qaz xətlərinin yeraltı və plastik qaz xətləri ilə
əvəz edilməsi məqsədilə layihə smeta sənədləri
hazırlanmış və 2009- 2013-cü illəri əhatə
edən Dövlət Proqramına uyğun olaraq bu məsələlərin
həlli nəzərdə tutulur. Bunu da qeyd etmək istəyirəm
ki, istehlak olunmuş qazın dəyərinə görə
ödəniş 93-95 faizə
çatdırılmışdır.
Əhaliyə təbii
qazın verilməsində yarana biləcək problemlərin
vaxtında aradan qaldırılması məqsədilə idarəmizə
1 ədəd xidməti minik avtomobili, 1 ədəd traktor və
1 ədəd qaynaq aparatı verilmişdir.
Sündü kəndində
131 mənzilə təbii qazın verilməsi ilə kəndin
tam surətdə qazlaşdırılıması 2008-ci ildə
gördüyümüz işlər sırasındadır. Yeri
gəlmişkən, Nabır kəndində hazırda 190
abonent “mavi yanacaq”dan istifadə edir. Qalan hissənin — 400-ə
yaxın abonentin də qazla təmin edilməsi məqsədilə
layihə hazırlanmışdır və ilin sonunadək
gerçəkləşəcəkdir.
Əlbəttə,
görülən işlər barədə daha ətraflı
danışmaq olar. Ancaq bunu xüsusi qeyd etmək istəyirəm
ki, möhtərəm Prezidentimizin təsdiqlədiyi fərman
növbəti beş il üçün fəaliyyətimizə
stimul verən əsas amil olacaqdır.
Təhsil diqqət mərkəzindədir
İmran
Sabirov, təhsil şöbəsinin müdiri:
— 2008-ci il təhsil
müəssisələrimizin maddi-texniki bazasının
möhkəmləndirilməsi, təlim məşqlərinin
müasir təlim texnologiyaları baxımından
qurulması, bir sıra islahat yönümlü proqramların
həyata keçirilməsi, təhsilin inkişaf etdirilməsi,
eləcə də, ali və orta ixtisas məktəblərinə
qəbulda əldə olunan uğurlarla yadda
qalmışdır. Ali məktəblərə sənəd
verən 179 məzunumuzdan 46-sı ali təhsil müəssisələrinin,
37-si isə texnikumların tələbələri olmuşlar.
Onlardan 2-si 600 baldan, 5-i isə 500 baldan yuxarı nəticələr
əldə etmişdir. 2008-ci ildə 200 şagird yerlik şəhər
2 saylı əsas məktəbinin müasir binası istifadəyə
verilmişdir. Ümumiyyətlə qeyd etmək lazımdır
ki, Qobustan rayonu yarandığı 1990-cı ildən 2001-ci ilə
kimi burada yalnız Təklə kəndinin məktəb
binası istifadəyə verilmişdisə, son 3 il ərzində
artıq 920 yerlik 6 müasir məktəb tikilərək
istifadəyə verilmiş, Hilmilli kənd orta məktəb
binasının tikintisinə başlanmışdır.
Möhtərəm
Prezidentimizin 12 yanvar 2004-cü il tarixli “ Azərbaycanda
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” sərəncamına uyğun
olaraq 18038 ədəd müxtəlif adda bədii ədəbiyyat
, ensiklopediya, müxtəlif lüğət və poliqrafik cəhətdən
müasir tələblərə cavab verən 19911 ədəd
yeni dərslik alınaraq məktəb kitabxanalarına
verilmiş və zəngin dərslik fondu yaradılmışdır.
Bununla yanaşı təhsil sahəsində ilk dəfə
olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri
üzrə hazırlanmış elektron təlim
materiallarından 25 dəst alınaraq tədris prosesində
istifadə etmək üçün məktəblərə
verilmişdir.
Tədrisin keyfiyyətini
yüksəltmək məqsədi ilə hesabat dövrü ərzində
fizika, kimya, biologiya, riyaziyyat, ibtidai sinif və hərbi
hazırlıq fənləri üzrə 140 adda 8730 ədəd
müxtəlif plakat və əyani vəsaitlər
alınmış və məktəblərə verilmişdir.
Heydər Əliyev Fondu hesabına ümumtəhsil məktəblərinin
1-ci sinif şagirdləri üçün 566 ədəd
çanta və 16 adda tədris ləvazimatı məktəblərə
paylanaraq şagirdlərə təqdim olunmuşdur.
İnsanların
sağlamlığı keşiyində
Elşən
Rəcəbov, Qobustan Mərkəzi Rayon Xəstəxanasının
baş həkimi:
— 2008-ci ildə rayon əhalisinin
sağlamlığının təmin edilməsi sahəsində
müəyyən işlər görülmüşdür. Mərkəzi
rayon xəstəxanası 125 çarpayılıq şəhər,
50 çarpayılıq Sündü, 25 çarpayılıq
Təklə kənd xəstəxanaları, 11 kənd həkim
ambulatoriyası və 6 feldşer mama məntəqəsi vasitəsilə
rayon əhalisinə tibbi xidmət göstərmişdir.
Ötən il xəstəxananın
kəskin ehtiyac duyulan tibb avadanlıqları ilə təminatında
da müəyyən işlər görülmüşdür.
Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya
şəkərli xəstələr üçün 90 ədəd
qlükometr, USM, narkoz bloku ilə süni tənəffüs,
anastatik buxarlandırıcı, 2 ədəd iliometr, KÜVEZ
və kardiomanitor aparatları verilmişdir.
Mərkəzi rayon xəstəxanasının
mütəxəssis həkim və avadanlıqlarla təminatı
əhaliyə həm diaqnostika, həm də müalicə
baxımından əvvəlki illərə nisbətən daha
keyfiyyətli tibbi xidmət göstərməyə şərait
yaratmışdır.
Sözsüz ki, ən
düzgün nəticəni obyektiv təhlil və müqayisə
üzə çıxarır. Sadaladığım məsələlər,
heç şübhəsiz ki, növbəti Dövlət
Proqramı çərçivəsində öz həllini
tapacaq. Bir neçə il öncəki vəziyyətlə
indini müqayisə edəndə sabaha inamımız qat-qat
artır. Bir vətəndaş olaraq möhtərəm
Prezidentimiz İlham Əliyevə regionların sosial-iqtisadi
inkişafını xüsusi diqqətdə
saxladığına və həyati əhəmiyyətli
addımlar atdığına görə dərin minnətdarlığımı
bildirirəm.
Tarixi abidələrə
qayğı artır
Şəhriyar
Soltan, mədəniyyət və turizm şöbəsinin
müdiri:
Rayonumuzun ərazisində
1 ölkə əhəmiyyətli memarlıq, 5 yerli əhəmiyyəti,
12 yerli əhəmiyyətli arxeoloji abidə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
qeydə alınaraq inventar nömrəsi verilmişdir. Bu abidələrin
mövcudluğu rayonumuzun turizm imkanlarını
artırır. Ərazimizdə dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcəsinə
görə bölgüsünə yenidən baxılması,
eyni zamanda, dövlət mühafizəsinə
götürülməmiş tarix və mədəniyyət
abidələrinin qeydiyyata alınması, müəyyən səbəblərdən
dağılmış, uçmuş, atmosfer təsirinə məruz
qalmışlarının bərpası, XVII əsrə aid
edilən Qobustan şəhərindəki karvansaranın əhəmiyyət
dərəcəsinin dəqiqləşdirilməsi və əsaslı
bərpası ilə əlaqədar Mədəniyyət və
Turizm Nazirliyinə müraciət edilmişdir.
2008-ci ildə mədəniyyət
sahəsində illərlə yığılıb
qalmış problemlərin bir hissəsi öz həllini tapsa
da, həllini gözləyən məsələlər də
var. Belə ki, şəhər mədəniyyət evi, mərkəzi
kitabxana binasının müasir tələblərə cavab
vermir, əksər kənd kitabxana və klub binalarının əsaslı
təmirə ehtiyacı var. Bəzi kənd klub və
kitabxanaların müasir binalarla təmin edilməsi, mədəniyyət
müəssisələrinin, demək olar ki, hamısında
kitabxana texnikasının, aparatların, digər
avadanlıqların müasirləşdirilməsi zəruridir.
Qobustan şəhərində yerləşən XIV əsrə
aid Karvansaranın bərpası məqsədilə mütəxəssis
göndərilməsi üçün aidiyyatı orqanlar
qarşısında məsələ qaldırmışdıq.
2008-ci ildə rayonda tarix diyarşünaslıq muzeyi
yaradılmışdır.
Yeni massiv ərazisində
qəzalı vəziyyətdə olan məscid binasının
sökülərək yerində yeni Heydər Məscidinin
tikilib istifadəyə verilməsini və həyətində
səliqə-sahman, abadlıq və yaşıllıq işlərinin
aparılmasını, “Diri Baba” qəbiristanlığının
ətrafına hasar çəkilməsini 2008-ci ildə
gördüyümüz işlər sırasında qeyd edə
bilərəm. Ümumiyyətlə qeyd etmək istəyirəm
ki, biz də son illər rayonda baş verən dəyişikliklər
prosesinin iştirakçılarıyıq və ölkəmizin
tərəqqisi, inkişafı naminə həmişə
ön sıralarda olmağa hazırıq. Heç bir
şübhəmiz yoxdur ki, möhtərəm dövlət
başçımızın bir neçə gün əvvəl
imzaladığı fərman bütün mənalarda
2009-2013-cü illər üçün “uğurlar proqramı”
olacaq.
Rabitə əlaqə
deməkdir, əlaqə isə inkişaf tələb edir
Tofiq
Baloğlanov, telekommunikasiya qovşağının rəisi:
– 2008-ci ildə
rayonumuzun 4 kənd ATS-i müasir standartlara cavab verən
elektron ATS-lə əvəz olunmuş, Qobustan şəhərində,
Bədəlli və Şıxzahırlı kəndlərində
ATS binalarının tikintisi başa
çatdırılmış, Bədəlli kəndində
2,4 kilometr uzunluğunda fiber-optik kabel qoyulmuşdur. Rayonda ATS-lərin
elektron ATS-lə əvəz edilməsi 100 faizə
çatdırılmışdır.
Əhalinin rabitəyə
olan tələbatını ödəmək məqsədilə
Təklə kəndində 304, Cəyirli kəndində 256
yerlik EATS quraşdırılmış, mərkəzi EATS-də
64, Poladlı kənd ATS-də 50 nömrə
artırılmışdır.
Təklə-Acıdərə
istiqamətində 4,9 kilometr FO-4 kabeli çəkilərək
mərkəzlə birləşdirilmişdir. Nabur-Bəklə
kəndləri arasında 3,5, Ərəbşalbaş-Təklə
kəndləri arasında isə 4,6 kilometr KSPP kabeli çəkilmişdir.
Rayonun ucqar kəndlərindən
olan Qaracüzlü və Təsi kəndləri peyk
avadanlıqları vasitəsilə
telefonlaşdırılmışdır. 2008-ci ilin 6 ayında
rayonda 174 ədəd yeni telefon çəkilmiş, Hilmilli kəndində
kabel şəbəkəsi 30 yer genişləndirilərək
istifadəyə verilmişdir. Həmçinin 1 “Bakcell” və
3 “Nar Mobile” ötürücü stansiyası
quraşdırılmışdır.
Bələdiyyələr
yeni mərhələyə qədəm qoyur
Vasif
Novruzov, şəhər bələdiyyəsinin sədri:
— Şəhər
infrastrukturunun inkişaf etdirilməsi, abadlıq, vətəndaşların
müxtəlif problemləri ilə bağlı məsələlər
daim diqqət mərkəzində olmuşdur.
Qobustan şəhər
bələdiyyəsinin, Qobustan şəhər icra nümayəndəliyinin
və Qobustan kommunal müəssisələri
kombinatının birgə fəaliyyəti nəticəsində
şəhər təsərrüfatının müxtəlif
sahələrində müəyyən işlər
görülmüş, küçələrin təmizlənməsi,
işıqlandırılması, şəhər əhalisinin
normal istirahətinin təmin edilməsi gündəlik
qayğımıza çevrilmişdir.
Eyni zamanda şəhər
əhalisinin yoxsul təbəqəsinə maddi yardımlar
göstərilmiş, gənc ailələrə fərdi mənzil
tikintisi üçün torpaq sahələri verilmişdir.
Örüş sahələrində
üç ədəd süni gölün yaradılması, əkin
sahələrinə gedən yolların hamarlanması, zibillərin
təmizlənməsi, yaşıllaşdırma işlərinin
aparılması əhalinin sosial rifah halının yaxşılaşdırılması
istiqamətində gördüyümüz işlərin bariz
nümunəsidir.
Şəhər bələdiyyəsi
də digər bələdiyyələr kimi “Bir bələdiyyə
azı bir layihə” təşəbbüsü çərçivəsində
öz işlərini qurmağa
çalışmışdır.
2008-ci ildə tikintisinə
başlanılan bələdiyyənin inzibati binası
yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Əhaliyə
işığın, qazın, suyun verilməsi və digər
xidmət sahələri üzrə icra hakimiyyəti ilə əlaqəli
işin nəticəsidir ki, bu sahədə heç bir problem
yaranmamışdır.
Şəhərin məişət
tullantılarından təmizlənməsi məqsədilə
bələdiyyəmizin kommunal müəssisəsi
yaradılmış və 3 ədəd texnika ilə təmin
edilmişdir. Bundan başqa bələdiyyənin üzlük
daşı — tamet istehsalı sexi də fəaliyyət
göstərir. Bələdiyyəmiz öz işini yeni tədbirlər
planı əsasında quracaq, qarşıya çıxan problemlərin
öhdəsindən layiqincə gəlməyə
çalışacaq.
Sosial müdafiə tədbirləri
güclənir
İrşad
Həsənov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin
direktoru:
— Mərkəz tərəfindən
hazırda 1318 nəfərə sosial müavinət, 331 ailəyə
Ünvanlı Dövlət Sosial yardımı verilir. 2008-ci
ildə sosial, aylıq, birdəfəlik müavinətlərin
və ÜSY-ın verilməsi üçün 834658 manat vəsait
ödənilmişdir.
Poçtamt vasitəsi
ilə 574 nəfərə 41848, Kapital bankın Qobustan rayon
filialı vasitəsi ilə 286 nəfərə 234214 manat vəsait
ödənilmişdir. Sosial müavinət alan 1288 vətəndaşa
ödəniş plastik kartlarla, Beynəlxalq Bank vasitəsi ilə
aparılır. Bu məqsədlə bankın
bankomatlarından 558596 manat vəsait ödənilmişdir. Həmçinin
15 Çernobıl əlilinə 110 manat olmaqla cəmi 1650
manat müalicə əvəzi birdəfəlik kompensasiya
ödəmişik.
Pulsuz avtomaşın
növbəsində dayanan 18 nəfər Böyük Vətən
müharibəsi, Çernobıl və Qarabağ əlillərinə
514 manat pul ödənilmiş, 1 nəfər I qrup əlilinə
pulsuz əlil arabası alınaraq evinə
çatdırılmışdır.
2008-ci ildə daxil
olmuş 11 ədəd putyovkadan istifadə olunmuşdur. 10 nəfər
sosial işçimiz qəsəbə və kəndlərdə
82 nəfər tək, tənha və kimsəsiz insana sosial məişət
xidməti göstərir.
Sosial yardıma
ehtiyacı olan insanların müəyyənləşdirilməsi,
ünvanlı sosial yardımların tətbiqi ilə
bağlı əhali arasında geniş izahat işləri
aparılmış, aztəminatlı ailələrin müəyyənləşdirilməsində
qəsəbə və kəndlərdə yerli icra
orqanlarının və bələdiyyələrin köməyindən
istifadə edilmişdir. Müraciət edənlərə
Ünvanlı Dövlət Sosial Yardımın tətbiqi ilə
bağlı məlumatlar verilmişdir. Müraciət etmiş
620 nəfərdən 524-nün sənədləri qəbul
edilmiş və komissiyanın müzakirəsinə
verilmişdir. Nəticədə 517 ailəyə
Ünvanlı Dövlət Sosial Yardımı təyin
edilmişdir. 7 ailəyə sosial yardım veriliməsindən
imtina edilmişdir, 186 ailəyə verilən yardımın təyinat
müddəti bitdiyi üçün
dayandırılmışdır. 286 ailə hazırda
ünvanlı sosial yardım alır. 45 ailənin işi yeni təyinat
olduğu üçün ödəniş 2009-cu ildə
aparılmışdır.
Dövlət başçımız 2009-2013-cü illərdə regionların
sosial-iqtisadi inkişafını
nəzərdə tutan
Dövlət Proqramını
imzalayıb. İnanırıq ki, birinci dövlət proqramı kimi yeni qəbul
olunmuş proqram da respublikamızın, regionların, eləcə
də rayonumuzun tərəqqisinə əvəzsiz
imkanlar yaradacaqdır.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2009.- 19 aprel.-
5.