Örnək şəxsiyyət
Onun adı çəkiləndə
ağlıma gələn ilk fikir Şekspir qəhrəmanı
Hamletin mərhum atası kral haqqında söylədiyi: “O,
kişilər içərisində bir kişi idi” sözləri
olur. Bəli, İsmayıl Şıxlı kişilər
içərisində seçilən, öz sözü-səsi,
görkəmi ilə fərqlənən bir şəxsiyyət
idi.
Yaşasaydı 90
yaşlı nurani bir qoca olardı İsmayıl
Şıxlı! Amma yaşamadı. Hər günü, hər
saatı müxtəlif rəngə düşən o günlərdə
yaşaya da bilməzdi. Böyük həyat və
sənət təcrübəsi
olan bu insan
qeyrətli bir vətəndaş kimi hər şeyin dəyişəcəyinə — Xeyrin
Şər üzərində
qələbə çalacağına
bütün varlığı
ilə inanırdı.
O da illər uzunu tədris etdiyi V.Hüqo, O.Balzak... kimi qələmi ilə realla idealın qovuşuğunda öz millətinin mənəvi tarixini zənginləşdirmək
arzısu ilə yaşayırdı... Lakin...
Lakin, necə deyərlər,
sən saydığını say, gör fələk nə
sayır. Tüfəngi görəndə Koroğlu demişkən,
mərdlik zəmanəsi keçib, şeytan əməlləri
peyda olub. Koroğlunun par-par parlayan Misri
qılıncını yarısı ağac, yarısı dəmir
olan şeytan əməli əvəz edib. Daha düşmənlə
üz-üzə gəlməyə ehtiyac qalmamış, indi
gizlicə uzaqdan, həm də arxadan da vurub öldürmək
olur. Milli müstəqillik və demokratiya uğrunda qələmini
polad qılınca çevirən, zaman-zaman bu günün
reallaşmasını arzulayan və bu yolda
çarpışan İsmayıl Şıxlı bu
quruluşun elə ilk illərində “quyruqlu şeytan
balalarının” (H.Cavid. “İblisin intiqamı”) fitnə-fəsad
oxunun qurbanı oldu...
Sərasər bir il mənəvi
və cismani iflic vəziyyətində “yaşadı”. O nəhəng
insan, tuncdan tökülmüş sima doğmalarının
gözü önündə mum kimi saraldı, şam kimi
yavaş-yavaş əridi...
Ömrünün son
günlərini yaşayırdı. Növbəti dəfə
yoluxmağa getmişdim. Zahirən çox dəyişmiş,
xeyli arıqlamışdı. Amma həssaslığını
itirməmişdi. Hal-əhval tutdum. Yalandan: “Daha
yaxşılaşırsınız”, dedim. Sönük bir
istehza gəzdi üzündə. Heç nə demədi. Ani
sükutdan sonra:
“İşlərin necədir?
Oğlanların böyüyürmü? İnstitutda nə
var, nə yox?” — deyə aralığa söz qatdı. Mən
hər şeyin yaxşı olduğunu bildirdim. Ümidə
xanım çay və piroq gətirdi. O, kresloda stola doğru
dikəlib, məni də süfrəyə dəvət etdi. Mən:
“Ay İsmayıl müəllim, narahat olmayın mən ac deyiləm”
— deyib ayağa qalxmaq istədikdə təkidlə:
“İşdən gəlmisən, ac olarsan, bir qismət ye!”dedi.
Özü də
çayla bir kəsim çörək
yedi...
Eşitmişdim ki, xəstə
yeyirsə, qorxusu yoxdur, sağalacaq. Bir qədər ruhlandım. Ordan-burdan söhbət
etdik. Sonra onun yorulduğunu hiss edib ayağa qalxdım, ümidverici sözlərlə xudahafizləşib
çıxanda məni
qapıya ötürən
həyat yoldaşı
Ümidə xanım kədərli halda sakitcə dedi ki, çox əzab-əziyyət çəkir.
O gün deyirdi ki, Milli Məclisdə
bizə silah paylayanda gərək mən də götürəydim! Mən bu
sözü o dəqiqə
anlamadan xudahafizləşib
evi tərk etdim. Yolda bu sözləri
yadıma salıb mənasını başa
düşdüm, çox
məyus oldum. Axı niyə? Müharibədə
ön cəbhədə
barıt qoxulu şinelə bürünüb
faşist toplarının
gurultusundan qorxmadan vətəni, neçə-neçə
insanın həyatını
xilas edən, Cahandar ağa kimi mərd bir milli xarakter
yaradan, millət balalarını dünya ədəbiyyatının nəhəngləri
ilə “görüşdürən”,
mərdlik və cəsarət simvolu olan bu insan
nə üçün
belə çıxılmaz
vəziyyətə düşsün?!
Axı
o, illər uzunu arzuladığı bu dövrana gəlib çatanək onun barını — bəhrəsini
görmək əvəzinə
nə üçün
acısını-ağrısını çəkməli oldu?
Bu məqamda özümdən
asılı olmayaraq böyük Səməd Vurğunun bu misrasını xatırlamalı
oldum: “Yarəb!... nə yazıq
olarmış insan”! —
deyərək dərin bir ah çəkib qəmli xəyala cumdum.
Birdən elə bil bu gərgin
anda daxilimdən gələn səs məni xəyaldan ayıltdı:
Bu nə ağır fikirlərdir, səni
çulğalamışdır?!. Sən kimin haqqında belə
yazıq-yazıq, bədbin-bədbin düşünürsən?!
Axı, sən özün şahid deyilsənmi, bu parlaq zəka,
yanar ürək sahibi neçə-neçə qəlbləri
işıqlandırıb, nə qədər ziyalı —
yazıçı, jurnalist, ictimai xadim, müəllim, akademik
yetişdirmişdir! Onun zəhmindən əli-əyrilər və
vicdanı ləkəlilər, rüşvətxor və
yaltaqlar həmişə gizlənməyə yer
axtarmışlar. O, “Azərbaycan” jurnalının baş
redaktoru, Yazıçılar İttifaqının birinci katibi
olduğu zamanlarda neçə-neçə istedadla
yazılmış əsər işıq üzü
görmüş, neçə-neçə cızma-qaralar
zibil qabına atılmışdır. 50 ildən artıq ali
məktəb auditoriyaları onun ahəngdar, mənalı səsini,
sözünü yeni-yeni gənc nəsillərə
çatdırmış, “İliada”, “Prometey”, “Tiran Edip”,
“Hamlet”, “Kral Lir”, “Səfillər”, “Bəşəri komediya”...
kimi dünya sənət inciləri ilə gəncliyin mənəvi
dünyasını zənginləşdirmişdir. O,
İsmayıl müəllim deyildimi, imtahandan kəsiri olan bir
tələbənin kimsəsiz olduğunu bildikdə bir il onu
öz hesabına təqaüdlə təmin etmişdi. O,
İsmayıl müəllim deyildimi, bircə dəfə
seminarda “Xarici ölkələr ədəbiyyatı”ndan
“Otello” əsərini danışmaqla səni fərqləndirib,
sonra Nizami adına yüksək tələbə təqaüdçüsü
olmağına kömək edən, Azərbaycan Pedaqoji
İnstitutunda ilk dəfə “Rus və xarici ölkələr
ədəbiyyatı” kafedrası açıb heç bir təmənna
güdmədən tanıdığı bir tələbəsi
kimi səni ora işə götürən, filoloq alim — pedaqoq
kimi yetişməyinə səbəb olan?! Yadında deyilmi, bədxahlar
o zaman rektora məlumat vermişdilər ki,
İ.Şıxlı yerliçilik edir, işə öz
qazaxlısını götürüb. Rektor da səni
çağırtdırıb məsələni ayırd
etdikdə ki, sən Qazaxdan yox, Vartaşen (indiki Oğuz)
rayonundansan, İsmayıl müəllimdən də, səndən
də üzr istəyib, yerli komitə sədrini və kadrlar
şöbəsinin müdirini danlayan?! İsmayıl müəllim
deyildimi, institut partiya komitəsinin büro
iclaslarında...sözü üzə şax deyən,
haqqı nahaqqın məngənəsindən qurtaran?!.
Sovet
ideologiyasının tüğyan etdiyi bir zamanda İsmayıl
Şıxlı deyildimi Cahandar ağa simasında mərd, cəsur
milli bəy obrazı yaradaraq xarakterinin bir çox cizgilərini
və faciəli taleyini bu surətdə qabaqcadan əks etdirən?!.
İsmayıl müəllim deyildimi, xalqını “Sapı
özümüzdəndir” alleqorik novellası ilə sərvaxtlığa,
həssaslığa çağıran? Hansını deyim,
bir deyil, iki deyil onun əbədi yaşarılığına
səbəb olan amillər. Hələ əvvəlki nəsli
demirəm, 1970-ci ildən bu yana yetişdirdiyi məzunların
səsi Milli Məclisdən, hərbi akademiyadan, mətbuatdan, ədəbi
mühitdən, neçə-neçə orta və ali məktəb
auditoriyalarından... gəlir. Bu tələbələrinin
uğurları deyilmi bu böyük pedaqoqu yaşadan?!.
Millilik və bəşərilik,
Azərbaycançılıq, ziyalılıq və
kübarlıq, əqidə və xarakter
bütövlüyü, sadəlikdə müdriklik onun şəxsiyyətinin
atributları deyilmi?! Milli xəyanətə, dövlətçiliyə
qəsdə, simasızlığa, şəxsi mənafeyi naminə
qatığa qara deyən simasızlara, mənəvi əxlaqsılığa
qarşı son dərəcə kəskin olan İsmayıl
Şıxlı prinsipiallığı bir mənəvi
örnək kimi bu gün yaşamamalıdırmı?!.
Beləliklə, nikbin
bir ovqatla evə doğru yol başladım və daha neçə-neçə
anları xatırlamalı oldum...
İndi həmin xatirələr
çözələndikcə bir həqiqət mənə
bir daha aydın olur ki, İsmayıl Şıxlını
zaman bizdən ayırsa da o bir dağ əzəməti ilə
getdikcə bizə yaxşılaşır! Çünki onun
həyatının hər anı bizim üçün örnəkdir!
Ramin ƏHMƏDOV,
filologiya elmləri namizədi
Xalq qəzeti.- 2009.- 19 aprel.- S. 7.