General Heybət Heybətovun döyüş yolu

 

General Heybət Heybətovdan söz düşəndə bəziləri ona etinasızlıq göstərirlər, xüsusilə, müharibə görməyən cavanlar. Səbəbi də budur ki, güya general doğma soyadını ataraq arvadının (Zuvanovanın) familyasını qəbul edib. Hətta dinini belə dəyişib. Bəri başdan deyim ki, generalın 1952-ci il dekabrın 17-də və ondan əvvəllər tərtib olunmuş “Hərbi xidmət kitabça”ları bu faktları inkar edir. General Heybətovun həyat yoldaşının qız soyadı Kalakatovadır. Anna Fyodorovna Kalakatova 1901-ci ildə Həştərxan şəhərində anadan olub. Milliyətçə tatardır. General öz əli ilə doldurduğu rəsmi anket və sənədlərdə milliyəti sözünün qarşısında “azərbaycanlı” yazmışdır. Hətta doğma ana diliniz hansıdır sualının qarşısında da general “Azərbaycan dili” yazmışdır.

General-mayor H.Heybətovun döyüş dostları polkovnik Baxış Mehdiyev, yazıçı-jurnalist İbrahim Novruzov, müharibə veteranı Əbdüləli Mürsəlov, Bəxtiyar Əfəndiyev və başqa veteranlar onun haqqında böyük fəxrlə danışardılar. Qəribədir, əsl həqiqət qalıb kölgədə, amma mənasız bir fakt belə gözəl insanın, görkəmli sərkərdənin şəxsiyyətinə yersiz ləkə salıb. Uzun axtarışdan sonra 1985-ci ildə mən general Heybətovun 86 yaşlı doğma bacısı Sara xanım Heybətovanı tapa bildim.

Əvvəla onu deyim ki, indiyədək qəzet və jurnalarda, radio və televiziya verlişlərində generalın atasının adını səhvən Heybət kimi getmişdir. Onun əsl ad-familyası belədir: Heybət Atamoğlan oğlu Heybətov. Bu barədə generalın bacısı Sara xanımın söhbəti oxucular üçün də maraqlı olar.

– Ailəmiz çox böyük idi. Yeddi uşaqdıq: Heybət, Həzi, Cahangir, Nəcəf, Sara, Salman (Leninqradın müdafiəsində həlak oldu), Rəhman. Atam maştağalı idi, anam Tutixanım Ağagül qızı Saray kəndindən. Atamı çox çətinliklə xatırlayıram. Onu 1918-ci ildə erməni-müsəlman davasında heç nədən daşnaklar öldürdülər. Atamın ölümündən sonra ailəmizin dolanışığı çox çətin olduğundan anam böyük qardaşım Heybəti Zuvanov familiyalı bir hərbiçinin yanında işə düzəltdirir. Qardaşımın işgüzarlığı, fərasəti, yaxşı hafizəsi Zuvanovun xoşuna gəlir və buna görə onu hərbi məktəbə qəbul etdirir. Zuvanovun övladı yox idi. Anamdan təvəqqə edir ki, Heybəti öz familyasına keçirməyə, onu oğulluğa götürməyə icazə versin.

Anam bizi güc-bəla ilə saxlayırdı. Ağır ehtiyac və generalın şirnikləndirici vədləri anamı məcbur edir ki, belə bir güzəştə getsin. Qardaşım Heybətin başqa familiyanı götürməsinin tarixçəsi belədir.

Heybət kiçik yaşlarından fəhmli, fərasətli uşaq olub. O, 1912-ci ildə rus-Azərbaycan məktəbini, 1916-ci ildə isə üçsinifli Alekseyev ali-ibtidai məktəbini bitirmişdir. 1920-ci ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi Məktəbinə təhsil almağa göndərilir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir. Atıcı diviziyasına vzvod komandiri təyin olunan gənc Heybət Heybətov üç il burada, birinci atıcı “Dəmir alayı”nda xidmət edir və hərbi biliyi, bacarığı sayəsində rota komandiri vəzifəsinə qədər yüksəlir. 1929-cu ilin oktyabr ayında təhsilini artırmaq üçün Moskvaya, M.Frunze adına Hərbi Akademiyaya təkmilləşdirmə kursuna oxumağa göndərilir. Təhsilini müvəffəqiyyətlə başa vuran Heybət Heybətov Azərbaycana qayıdır. Birinci atıcı “Dəmir alayı”nda qərargah rəisi, alay hərbi məktəbinin rəisi, Dağ-atıcı diviziyasının komandiri kimi məsul vəzifələrdə çalışır. 1939-cu ilin avqust ayında bacarıqlı komandir Heybətov Orlov Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin olunur. Az müddət bu vəzifədə müvəffəqiyyətlə çalışan Heybət Heybətov həmin dairədə yerləşən 641-ci atıcı alayının komandiri olur. Böyük Vətən müharibəsi başlayanda isə ona daha bir məsul vəzifə tapşırılır. Eloğlumuz Cənub cəbhəsindəki 347-ci atıcı diviziyanın komandir müavini təyin olunur. 1942-ci ilin fevral ayında Zaqafqaziya Hərbi Şurasının çağırışı ilə Azərbaycana qayıdır. 223-cü Azərbaycan atıcı diviziyasının komandiri olur.

Mərhum polkovnik Baxış Mehdiyevin arxivində general Heybət Heybətov haqqında zəngin “xəzinə” varmış. Həmin sənədlərin içərisində ən qiymətlisi 1945-ci il iyunun 4-də Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı Jerebinin, beşinci zərbə ordusunun komandanı general-polkovnik Berzarinin, hərbi şuranın üzvü general-leytenant Bokovun, 416-cı Taqanroq diviziyasının komandiri general-mayor Dmitri Sızranovun general-mayor Heybət Heybətova verdikləri “attestasiya” sənədidir.

Alay komandiri Baxış Mehdiyev müharibənin ilk günündən sonuna kimi diviziya komandiri general Heybətovla çiyin-çiyinə vuruşub. O, 1983-cü ildə nəşr etdirdiyi “İki yüz iyirmi üçüncü Qırmızı Bayraqlı Belqrad diviziyası” hərbi memuarında komandir dostundan iftixarla söhbət açır:

“... General Heybətov tibb məntəqəsinin rəisi Şükür Əhmədovun müşayiətilə yaralılara yaxınlaşdı. Yaralının üzünü görən kimi Əhmədovun rəngi qaçdı. O, döyüş dostunu tanıdı. Yaralı döyüşçü Bəyqulov da gözlərini açıb Şükürü tanıdı, gülümsəməyə çalışdı. General Heybətov şinelin künçündən möhkəm yapışmış yaralının əlinə ehtiyatla toxundu:

– Möhkəm ol, oğul...

– Eybi yoxdu, yoldaş general, mən hələ...

– Bəyqulov nəsə demək istədi. Onu soyuq tər basdı, ağrıdan dişlərini möhkəm sıxdı.

General Heybətov yaralı əsgərin ipək kimi yumşaq saçlarını ata nəvazişi ilə sığalladı.

- Eybi yoxdu, oğlum, indi qospitala aparıb səni müalicə edərlər. Tezliklə qayıdarsan, biz hələ səninlə yeni döyüşlərə gedəcəyik...”

Polkovnik Baxış Mehdiyevin general haqqında kitabında yazmadığı şəxsi xatirələri, söhbətləri çoxdur. Bacısı Sara xanımdan sonra Baxış ikinci adamdır ki, general Heybət Heybətovdan ürəklə, yana-yana danışırdı:

– 1959-cu ilin oktyabr ayında Heybət Heybətov vəfat edəndə bir cümə axşamı arvadı Anna Fyodorovna çəkinə-çəkinə mənə yanaşdı.

– Baxış, – dedi, – mənə yaxşı məlumdur ki, həyatda Heybətin sizdən yaxın ikinci bir dostu yox idi. Mən çox istərdim ki, onun attestasiyası, sənədləri sizdə qalsın. Mən sizə daha çox etibar edirəm.

Mən Annanı da yaxşı tanıyırdım. Müharibənin ilk günündən sonunadək bizim diviziyada şəfqət bacısı işləmişdi. Diviziyamızda Heybətovlar ailəsindən üç nəfər vuruşurdu. General ata, zabit oğul Nikolay və hərbi şəfqət bacısı olan Anna. Güclü döyüşlərin birində generalın oğlu duşmən gülləsindən həlak oldu. Anna oğul itkisindən bir müddət özünə gələ bilmədi. Əlbəttə, ata kimi general Heybətov da yanıb-yaxılırdı. Amma çalışırdı ki, döyüşçülər yanında ümidsizliyini, kədərini biruzə verməsin.

Bir dəfə kəşfiyyatdan “dil” gətirmişdik. Ondan lazım olan məlumatları alandan sonra qazmadan çölə çıxardıq. Anna əsir alman zabitini körən kimi qızmış şirə döndü, çumub mənim əlimdən naqanı bir göz qırpımında zorla aldı. (Naqan əsir alman zabitinin idi).

– Onlar mənim oğlumu güllələyiblər, mən də bu fristi öz silahı ilə öldürəcəyəm, – deyib alman zabitini güllədən keçirdi.

Generalın adına verilən “Attestasiya” sənədi onun 1943-cü il noyabrın 21-dən 1945-ci il iyulun 4-nə qədər hərbi fəaliyyətini əhatə edir. Həmin dövrdə general Heybət Heybətov 416-cı Taqanroq atıcı diviziyasında komandir müavini olub. Müharibədən sonra iki dəfə (1947-1951-ci illərdə) Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib.

1941-ci ildə xalqımızın say-seçmə oğullarından milli diviziyalar təşkil olundu. Həmin il oktyabrın 18-də 46-cı ordunun 168-ci ehtiyat alayı nəzdində 223-cü atıcı Azərbaycan diviziyasının təşkilinə başlandı. Əsasən azərbaycanlılardan ibarət olan bu birləşmə 1942-ci ilin iyulunadək hazırlıq keçdi. Diviziyanın siyasi rəhbəri, komissar və komandirləri xalqımızın qabaqcıl ziyalıları idi. Onun ilk komandiri polkovnik Heybət Heybətov təyin olundu.

Baxış Mehdiyev deyirdi ki, 1942-ci ilin sentyabrında döyüşə tam hazır olan diviziya Buynakskda dayanmışdı. Mir Cəfər Bağırov diviziyanın əsgərləri ilə görüşə gəldi. Elə sıraların qarşısında Zuvanova – Heybətova dedi ki, bu milli birləşmədir, komandiri də Azərbaycan millətinin nümayəndəsi olmalıdır. Familiyanı gərək dəyişəsən...

Polkovnikin qəzəbdən gözləri böyüdü. Sərkərdələrə məxsus sərt sifəti dartılıb qaraldı. Zabitlər, əsgərlər ürəkağrısı ilə sevimli komandirlərinə heyfsiləndilər. Həmin günü Bağırov qonşu diviziyada bir neçə fərariyə qəbir qazdırıb güllələtmişdi. Ona görə də o, çox hirsliydi.

Polkovnikin heç kəsin gözləmədiyi cavabı M.C.Bağırovu sarsıtdı:

– Mən, – dedi, – Azərbaycan xalqının əsgəriyəm. Xalqıma sidq-ürəklə xidmət edirəm, son nəfəsiməcən də edəcəyəm. O ki qaldı familiya məsələsinə, bu mənim şəxsi işimdir. Bunun mətləbə dəxli yoxdur. Zuvanov familyasını daşımaqla nə millətimdən, nə də vətənimdən üz döndərməmişəm. Bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi xidmətdə olmuşam, hər yerdə də iftixarla azərbaycanlıyam demişəm. Ən başlıcası bütün varlığımla, ürəyimlə azərbaycanlıyam. Vaxtilə mənə ata əvəzi olmuş insana – Zuvanova nankor çıxmaq istəmirəm. Müqəddəs Quranda da deyilir ki, səni xoşbəxt edən adama sadiq qalmaq borcundur.
Ta Xarkova qədər general Heybətov bizim diviziyanın komandiri oldu. 1943-cü ilin iyun ayı idi. Dyaçkino stansiyası uğrunda vuruşurduq. Əmr gəldi ki, general-mayor Heybətov 416-cı diviziyaya komandir müavini göndərilir. Əlbəttə, belə gözəl, mahir komandir üçün müavinlik aşağı vəzifə idi. Ən dözülməzi də o idi ki, general Heybətovu polkovnik Dmitri Sızranova müavin təyin etmişdilər. Bağırov ondan heyfini belə çıxdı.

1943-cü ilin iyununda 416-cı atıcı diviziyanın komandir müavini təyin olunan general Heybətovu döyüşçülər ürəkdən sevir və ona dərin hörmət bəsləyirdilər.

General-mayor Heybətov – Zuvanovla Qafqazdan Berlinədək döyüş yolu keçən yazıçı-mayor Məmməd Aranlının “Cəbhə gündəliyi”ndən: “9 mart 1944-cü il... Bizimkilər hücuma keçmişdilər. Çox qanlı vuruşmalar getdi. Nəhayət, faşistlər qaçmağa məcbur oldu. Bəxtiyar Əfəndiyevlə uzun-uzadı dərdləşdik. Diviziyanın tarixi haqqında düşünürdük.

General-mayor Zuvanov bizə gəldi. O, keçirdiyi günlər haqqında danışırdı. Xususilə, Səfər Məmmədovun adını tez-tez çəkirdi. Səfər öz məsləhətləri ilə bir çox hərbi əməliyyatlarda generala kömək etmişdi. General Zuvanov çox sadə, təvazökar və baməzə adamdır. Familinin rus olmasına baxmayaraq, tipik bir azərbaycanlıdır. Söhbəti çox sevir. Yaşayışı da çox qəribədir. Yağ, ət yeməz...”

Məmməd Aranlının gündəliyində adı çəkilən Bəxtiyar Əfəndiyevi axtardım. Öyrəndim ki, istefada olan kapitan 416-cı diviziyanın veteranı hazırda Nərimanov rayonundakı 39 nömrəli beynəlmiləl orta məktəbin direktorudur. General Heybətovla qələbəni Berlində qarşılayan Bəxtiyar müəllim döyüş dostu haqqında xoş xatirələr söylədi:

– Polkovnik Dmitri Sızranov general Heybətovun ona müavin göndərilməsini ədalətsizlik kimi qəbul edirdi. Ona görə də generala hədsiz dərəcədə hörmət və məhəbbət göstərirdi. Bir dəfə diviziyanın siyasi şöbə rəisi polkovnik Rəşid Məcidova dedi:

– Hiss edirəm ki, general sıxıntı keçirir. Çox nahaq. Mən yaxşı bilirəm ki, onun vəzifəsini niyə aşağı salıblar. Heybətov gözəl sərkərdədir. Onu Bağırovun tapşırığı ilə gözüm-çıxdıya salıblar. Şəxsən mən general Heybətova mərd bir azərbaycanlı kimi baxıram. O, mənə burada çox lazımdır. Çünki əsgərlərin dilini və xasiyyətini ondan yaxşı bilən yoxdur.

Doğrudan da, general Heybətov diviziyaya gələn gündən sadəliyi və qayğıkeşliyi ilə əsgərlərin, zabitlərin hörmət və məhəbbətini qazandı. O, hər bir döyüşçüyə atalıq qayğısı göstərirdi. Azərbaycan dilində o qədər şirin söhbətlər edər və atalar məsəllərini elə yerli-yerində işlədərdi ki, əsgərlər təəccüblənərdilər: görəsən, generalın özü azərbaycanlı ola-ola, bəs ad-famili niyə başqadır?

Beşinci zərbə ordusu hərbi şurasının keçmiş üzvü, ehtiyatda olan general-leytenant Fyodor Yefimoviç Bokovun xatirələrindən:

– 1945-ci ilin iyirmi bir aprel günü Beşinci zərbə ordusu, o cümlədən 416-cı diviziya üçün unudulmaz gün idi. Bu diviziya Berlinin xarici və daxili müdafiə xətlərini yararaq aprelin iyirmi birində şəhər uğrunda döyüşə girişdi. Diviziya komandirinin müavini, Azərbaycan xalqının mərd oğlu general-mayor Heybət Heybətovun rəhbərliyi altında 1373-cü polk birincilər sırasında şəhərə daxil oldu. General Heybətov diviziyanın və qoşunların əməliyyat zolağındakı vəziyyəti haqqında ətraflı məlumat verdi.

1373-cü alayın qarşısında Saraya, sonra isə Berlinin əsas küçəsi olan Unter-den Linden ilə Brandenburq darvazası istiqamətində hücum etmək vəzifəsi qoyulmuşdu. Diviziya Şpreye çayı üzərindəki körpüdə döyuşə başladı.

Böyük Vətən müharibəsinin ağır günlərində vəfalı dostum general Hebətovla yüzlərlə hadisənin şahidi olmuşam. Onlardan sizə yalnız birini qısaca nəql etdim. Hələ siz görəydiniz ki, Brandenburq darvazası önündə tankın üstünə qalxan general Heybətov necə alovlu bir nitq söylədi. İnanıram ki, general Heybətovun həmin çıxışı azərbaycanlı dostlarımın hələ də yadından çıxmayıb.

 

***

 

1985-ci ildə sazaqlı fevral ayının yarıdan çoxunu “Hünər” verilişinin çəkiliş qrupu Kuban torpağında ezamyyətdə keçirdi. Məqsədimiz general Heybət Heybətovun komandir olduğu 223-cü Azərbaycan atıcı diviziyasının döyüş yolundan silsilə verilişlər hazırlamaq idi. Diviziyanın atıcı alayının mərmi bölməsinin komandiri, istefada olan mayor Əbdüləli Mürsəlov da bizimlə birgə keçmiş döyüş yerlərinə səfərə çıxmışdı. O vaxtdan qırx ildən çox keçsə də uğrunda vuruşduğu Ust-Labinskin, Nekrasovskayanın, Stebilyevskayanın, Krasnoarmeyskin, Temirqoyevskin və Kurqansk yaşayış məntəqələrinin hər cığır və yolunu yaxşı xatırlayırdı.
Hara gedirdiksə igid oğullarımızın əsgəri rəşadətindən, döyüş məharətindən minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi iftixar hissi keçirirdik ki, qəhrəman həmyerlilərimizin igidliyi kubanlıların xatirəsindən silinməyib. Əbduləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının sədri, general-mayor Aleksey İvanoviç Kabanovun da görüşünə apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə:

– Sizə general dostum Heybətovun–Zuvanovun igidlərindən danışa bilərəm, – dedi.— General Heybətovun özünü mən daha yaxşı tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi şurasında görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini, onun mərd komandiri general Heybət Heybətovu biz kubanlıların unutmağa haqqı yoxdur. Azərbaycanlılar bizim torpağımızın azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər göstəriblər.

...1943-cü il martın doqquzunda general Heybət Heybətovun diviziyası partizan dəstəsi ilə birləşərək Krasnoarmeyski stansiyasını azad etdi. İlk dəfə diviziyanın min qırx birinci alayı bizim torpaqda, Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif olundu. Bayrağı məşhur şair Səməd Vurğun general Heybət Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş yollarında azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov və Kutuzov ordenləri olan həmin bayraq indi Moskvada – Sovet Ordusunun Mərkəzi Muzeyində saxlanılır. Kubanda 223-cü Azərbaycan atıcı diviziyasının əsgər və zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişdik. Kuban torpağının azadlığı uğrunda çanından keçən hər bir azərbaycanlı əsgərin xatirəsi bizim üçün əzizdir.

 

***


            ... “Attestasiya” sənədi hər bir zabitin keçdiyi həyat yolunun, döyüş və hərb yolunun güzgüsüdür. Hərbçinin fəaliyyətini öyrənmək üçün hər bir tədqiqatçı-jurnalist onu mütləq diqqətlə oxuyub öyrənməlidir. Xatirələrdə yazılan hər hansı publisist və bədii əsərlərdə müəllif istədiyi kimi təsvirə yol verə bilər. Amma ”Attestasiya" kimi rəsmi sənəddə bu qeyri-mümkündür. Ona görə də general-mayor Heybət Heybətova verilən “Attestasiya”nın mətnini burada verməyə ehtiyac duyuruq.

“Yoldaş general-mayor Zuvanov-Heybətov 1943-cü ilin noyabrından (416-ci diviziyadakı xidməti nəzərdə tutulur, - Ş.N.) indiyədək böyük döyüş yolu keçmiş və Dnestr, Kulstrin, Oder, Berlin ətrafında faşist işğalçıları ilə döyüşlərdə, düşmənin Visladan Berlinə kimi təqib edilməsində, hərbi hissələrə rəhbərlik işində fəal iştirak etmişdir. Taktiki şəraitdən tez baş aça bilir, xüsusi əməliyyatları ümumi əməliyyatlara görə uyğunlaşdırmağı yaxşı bacarır. Həm də qoşun növlərinin qarşılıqlı hərəkətini təşkil etmək qabiliyyətinə malikdir. Təlim şəraitində hissələrin öyrədilməsinin zəruri vaxtını bilir. Qoşunların öyrədilməsində təşkilatçılıq qabiliyyətinə malikdir.

Döyüş və təlimlərdə qoşunların idarəsinin təşkili məsələsini düzgün qiymətləndirir, idarə işini təşkil etməyi bacarır. Arxa cəbhə xidmətini və döyüşdə arxa cəbhənin rolunu bilir. Yürüşlərdə dözümlüdür, ancaq son vaxtlar sağlamlığından tez-tez şikayət edir. Xaraktercə möhkəmdir, general kimi mədənidir, icraçıdır, mərd və qorxmazdır, cəsarətli və qətiyyətlidir. Mənəvi cəhətcə yenilməzdir, ünsiyyətlidir, xüsusi heyətin arasında nüfuzludur, söhbətlərində sadədir. Siyasi cəhətcə savadlıdır. İdeoloji cəbhədə təmkinlidir. Yaralı olsa da heç vaxt döyüşdən yarımçıq çıxmayıb, axıra kimi əməliyyatlarda fəal iştirak edib.

ÇIXARIŞ: – Nizami hissə komandirinin müavini vəzifəsinə layiqdir.

Otuz ikinci Suvorov ordenli atıcı korpusun komandiri, Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-leytenantı Jerebin.

Beşinci zərbə ordusunun komandanı, general-polkovnik Berzarin.

Hərbi Şuranın üzvü, general-leytenant Bokov.

12 iyun 1945-ci il

 

***

 

İbrahim Novruzovun “Yaşıdlarım” kitabındakı balaca bir epizodu oxuyanda qeyri-ixtiyari kövrəldim: “Bir səhər qəzetlər general Heybətovun Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etdiyini xəbər verdilər.

Deyirlər ki, general Heydət Heybətov canını tapşırmamışdan qabaq bayatı çağırmışdır. “Ölməyə Vətən yaxşıdır” söyləyrək, cənazəsinin Odlar yurduna dəfn olunmasını vəsiyyət etmişdi..."

Qədirbilən xalqımız general oğlunun vəsiyyətinə əməl etdi. 1959-cu il oktyabrın 7-də altmış bir yaşında vəfat edən general-mayor Heybət Atamoğlan oğlu Heybətov Fəxri Xiyabanda dəfn olundu. Doğma kəndi Maştağada indi abad bir küçə onun adını daşıyır.

... Səksəninci illərdə bəzi ziyalılar Heybətov-Zuvanovu qəbul etmək istəmirdilər. Buna səbəb də onun daşıdığı rus familyası və danışılan mənasız bir əhvalat idi. Guya, gəncliyində o bir keşiş qızına vurulub, qızını vermək istəməyən keşiş gənc Heybətin qarşısında iki şərt qoyub: əvvəl soyadını dəyiş, sonra xristianlığı qəbul et. Bu yalan saf bir insanın tərcümeyi-halına ləkə salırdı. Hətta Azərbaycan Sovet Ensiklopediyasının 4-cü cildində belə (səh. 348) general Zuvanov Vladimir Pavloçiv kimi təqdim olunur. Mötərizədə isə atasının adı səhvən Heybət yazılır. Bir xeyli axtarış aparıb onun çoxsaylı cəbhə dostları və bacısı Sara xanımla görüşdüm.

Generalın “Zabitin xidmət kitabıçası” çətinliklə də olsa tapdım. Bu rəsmi sənədi oxuyanda gördüm ki, onun bioqrafiyası başdan-başa təhrif olunur. 1990-cı ildə “Sovet kəndi” qəzetində, 1991-ci ildə “Azərbaycan generalları” kitabımda general barədə əsl həqiqəti oxuculara çatdırdım.

Dünyadan, hərb tariximizdən silinib getməkdə olan bir sərkərdənin adı xalqımızın yaddaşında əbədi qalacaq. General 1922-ci ildə tatar qızı Anna Kalakatorva ilə evlənəndən sonra onun haqqında bu günə qədər min yalan, uydurmalar danışılıb və yazılıb. Rəsmi sənədlərin dili ilə bu yalanlara son qoyduq. Müdrik atalar gözəl deyib ki, min yalan bir doğruya dəyməz. Generalın ruhunun rahatlığı naminə bu araşdırmalardan sonra biz də rahat nəfəs aldıq. Allah-təala onun müqəddəs məzarına bol günəş işığı, ruhuna əbədi rahatlıq versin.

 

 

Şəmistan NƏZİRLİ,

polkovnik-leytenant,

MN-nin Hərbi-Elmi

Mərkəzinin baş elmi işçisi

 

Xalq qəzeti.- 2009.- 19 aprel.- S. 8.