2009-2013-cü illərdə
regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı
ölkənin davamlı inkişafını təmin edəcəkdir
Məlumdur ki, istənilən
ölkədə arzu edilən inkişaf səviyyəsinə
nail olmaq üçün, ilk növbədə
regıonların inkişafını təmin etmək
lazımdır. Başqa sözlə desək, regionları
inkişaf etdirmədən ümumi iqtısadi inkişafı təmin
etmək qeyri-mümkündür. Məhz bu baxımdan da, istər
ümummilli lider Heydər Əlıyevin prezidentliyi
dövründə, istərsə də ölkə
başçısı cənab İlham Əliyevin rəhbərlik
etdiyi müasir dövrdə regionların inkişafı
problemləri daim diqqət mərkəzində olmuş və
ölkənin ümumi iqtisadi sıyasətinin prioritet istiqamətlərindən
birini təşkil etmişdir.
Məhz bu səbəbdəndir
ki, son illərdə birbaşa regionların sosial-iqtisadi
inkişafı ilə əlaqədar ayrı-ayrı dövrlərdə
müxtəlif proqram və normativ sənədlər qəbul
edilmişdir. Bir məsələni də qeyd etmək
lazımdır ki, 1993-cü ildə ulu öndərimiz Heydər
Əliyevin, xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı Azərbaycan Respublikasının
sosial-iqtisadi və siyasi baxımdan elə bir dövrünə
təsadüf edirdi ki, həmin dövrdə ölkədə
baş verən qarşıdurmaları aradan qaldırmaq,
xaotikliyi tənzimləmək, iqtisadi tənəzzülü
dayandırmaq, ölkədə siyasi-iqtisadi sabitliyə nail
olmaq kımi məsələlər təcili həllini
gözləyirdi. Xalqımız çox gözəl başa
düşürdü ki, ölkənin həyatında,
müstəqilliyin qorunub saxlanılmasında xüsusi əhəmiyyəti
olan bütün bu problemləri yalnız bir nəfər -
bütün həyatını Azərbaycan xalqının
firavanlığına, Azərbaycan dövlətinin
siaysi-iqtisadi cəhətdən daha da güclənməsinə
sərf etmiş dahi Heydər Əliyev dühası həll edə
bilərdi. Hər zaman olduğu kimi, ümummilli lider bu dəfə
də xalqın istəyini nəzərə alaraq Azərbaycana
rəhbərlik etməyə başladı. Həmin dövrdən
etibarən ölkədə siyasi-iqtisadi stabillik təmin
edildi, keçmiş SSRİ-nin dağılması, mənfur
ermənilərin haqsız ərazi iddiaları və Azərbaycanda
gedən hakimiyyət davası səbəbindən milli təsərrüfatın
ayrı-ayrı sahələrində yaranmış tənəzzül
prosesi dayandırıldı, tədricən ölkədə
iqtisadi inkişafa nail olundu. Ümummilli lider Heydər Əliyev
tezliklə ölkənin investisiya cəlbediciliyinin təmin
edilməsi istiqamətində ardıcıl qərarlar qəbul
edərək Azərbaycan Respublikasını xarici və yerli
iş adamları, investorlar üçün əlverişli fəaliyyət
məkanına çevirdi. Beləliklə, dinamik iqtisadi
inkişafa istiqamətlənən layihə və proqramlar qəbul
edildi, eləcə də paralel olaraq 1995-2000-ci illər ərzində
müvafiq normativ-baza formalaşdırıldı. Artıq qəbul
edilən sənədlər, ölkədə operativ və
obyektiv surətdə həyata keçirilən özəlləşdirmə
proqramları nəticəsində əldə olunan ümumi
iqtisadi dirçəliş istər sosial-iqtisadi göstəricilərdə,
istərsə də insanların yaşayış tərzində
açıq-aydın hiss edilməkdə idi. Bütün bunlar
həm də ölkənin maliyyə imkanlarını
genişləndirməklə əldə edilən
uğurları daha da sürətləndirməyə imkan
verirdi. Belə bir şəraitdə isə ayrı-ayrı
regionların inkişafını nəzərdə turan
müvafiq proqramların qəbul edilməsi artıq zərurətə
çevrilmişdi.
2003-cü ilin
oktyabrında vətənə, dövlətə, xalqa sədaqət
andı içərək prezident səlahiyyətlərinin
icrasına başlayan cənab İlham Əliyev qısa zaman kəsiyində
xalqın dərin hörmətini qazanmış, eyni zamanda, əsası
ümummilli liderimiz tərəfindən qoyulan sosial-iqtisadi
inkişaf strategiyasının uğurla həyata keçirilməsinə
hərtərəfli zəmin
formalaşdırmışdır. Ölkəyə rəhbərlik
etdiyi ilk illərdə regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi
üçün artıq zəruri imkanların əldə
edildiyini, eləcə də regional tərəqqinin ölkənin
davamlı iqtisadi inkişafının təmin edilməsi
baxımından vacib olduğunu dəqiqliklə qiymətləndirən
ölkə başçısı İlham Əliyev
müvafiq dövlət proqramının hazırlanması
istiqamətində lazımi tapşırıqlar verdi. Hələ
2003-cü ildə prezident seçkiləri zamanı Azərbaycanın
gələcək inkişafını regionların müəyyən
edəcəyini, bölgələrdə güclü insan
potensialının olduğunu və iqtisadi potensialın da
yaradılacağını bəyan edən cənab İlham Əliyev
regionların inkişafının sürətləndirilməsini
özünün sosıal-iqtisadi platformasının
başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi.
Məhz bu məqsədlə ölkə
başçısı regionlarda mövcud olan əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft
sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək,
yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini
və insanların yaşayış şəraitini yüksəltməklə
yoxsulluğu azaltmaq, infrastruktur sahələri təkmilləşdirmək
və yeniləşdirmək, əlverişli investisiya şəraiti
formalaşdırmaqla ölkənin, xüsusilə
regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud
potensiala və yerli şəraitə uyğun müasir müəssisələr
yaratmaq və beləliklə də tarazlı regional
inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin
həyata keçirilməsi məqsədi ilə 2004-cü il
11 fevral tarixli fərmanı ilə “Azərbaycan
Respublikasının regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər üzrə) Dövlət
Proqramı”nı təsdiq etmişdir.
Bunun nəticəsidir ki,
proqramın icra müddətində dövlət büdcəsindən
sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi
ilbəil artırılmış, Sahibkarlığa Kömək
Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324
milyon manat kredit verilmişdir ki, bunun da 87 faizi, kreditlərin isə
70 faizi, məhz regionların payına düşür. Regional
inkişaf proqramının icrası ilə bağlı
regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə
beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində
kredit cəlb edilmişdir. Nəticədə dövlət
proqramının uğurlu icrası ilə yanaşı,
makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam
etdirilməsi, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi, bir sözlə, ölkə
başçısı cənab İlham Əliyevin həyata
keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində
beş il ərzində Azərbaycanda özəl sektorun
ümumi daxili məhsuldakı payı 85-87 faizə qədər
yüksəlmiş, sənaye istehsalı 3,7 dəfə,
investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə,
ümumu daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə,
bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə,
qeyri-neft məhsullarının ixracı 2,2 dəfə
artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki
49 faizdən 2008-ci ildə 13,2 faizə enmişdir. Artıq
2008-ci ildə Azərbaycan Respublikası Qafqazda və MDB-də
deyil bütün dünyada xüsusi əhəmiyyət kəsb
edən, nüfuzlu mövqeyə malik aparıcı dövlətə
çevrilmişdir. Təbii ki, belə bir şəraitdə
ölkədə həyata keçirilən islahatlar
dünyanın diqqətindən kənarda qala bilməzdi.
2008-ci ildə açıqlanan Dünya Bankı və Beynəlxalq
Maliyyə Korporasiyası tərəfindən hazırlanan və
biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən nüfuzlu “Doing Business”
hesabatında Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi
sahəsində dünya üzrə ən islahatçı
ölkə elan edilməsi də ölkəmızə
göstərilən beynəlxalq diqqətin nəticəsi idi.
Onu qeyd edək ki, sürətlə
inkişaf edən Azərbaycan Respublikasında 2004-2008-ci illəri
əhatə edən regional inkişaf proqramı ilə
yanaşı, bir çox digər proqram və qərarlar qəbul
edilərək həyata keçirilmişdir. Bircə faktı
qeyd etmək kifayətdir ki, Quba-Xaçmaz, Şəki-Zaqatala,
Dağlıq Şirvan, Gəncə-Qazax və s. digər
iqtisadi rayonlara daxil olan şəhər və rayonların
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə olaraq 17 sərəncam imzalanmış,
“Bakı şəhərinin qəsəbələrinin
2006-2007-ci illər üzrə sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair Tədbirlər
Proqramı” qəbul edilmişdir. Bu sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin uğurlu icrası ölkənin
sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin
başlanğıcını qoymuş, qeyri-neft sektorunun
davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin
yaradılmasına, regionlarda kommunal, xidmət və sosial
infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə
təkan vermiş, sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılmasına, iqtisadiyyata investisiya
qoyuluşlarının artmasına, əhalinin məşğulluq
səviyyəsinin yüksəlməsinə və
yoxsulluğun azalmasına ciddi təsir etmiş, ümumilikdə
ölkəmizin iqtisadi tərəqqisində mühüm rol
oynamışdır.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər
nəticəsində, yalnız son beş il ərzində
ölkədə 27,5 mindən çox yeni müəssisə
yaradılmış, 547,5 min daimi yeni iş yeri
açılmışdır. Bu müddətdə əsas
makroiqtisadi göstərici olan ÜDM-in real həcmi 2,6 dəfə,
qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə
artmış, iqtisadiyyatın bütün sahələrində
dinamik artıma nail olunmuş, o cümlədən sənaye
istehsalı 2,5 dəfə, kənd təsərrüfatının
ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə
artmışdır. Əldə edilən iqtisadi uğurlar
sürətli inkişafı təmin etsə də, davamlı
iqtisadi inkişafa nail olunması baxımından proqram və
layihələrin davam etdirilməsi də zərurətə
çevrilmişdir. Eyni zamanda, Azərbaycanın malik
olduğu coğrafi-iqtisadi və təbii resurslar ölkənin
və onun ayrı-ayrı regionlarının daha da inkişaf
etdirilməsini, xüsusilə tarazlı regional inkişafa nail
olunmasını tələb edir. Başqa sözlə desək,
əldə edilən uğurlar regionların mövcud
potensialından tam və səmərəli istifadəni
bütünlüklə əks etdirmir, yəni daha sürətli
inkişaf üçün zəngin potensialın
formalaşdığını göstərir.
Mövcud potensialdan daha səmərəli
istifadə etməklə regionlarda sənayenin və kənd təsərrüfatının
müxtəlif sahələrinin inkişafını sürətləndirmək,
bu işdə sahibkarlara dəstək olmaq, əhalinin
yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək hər zaman olduğu kimi, bu gün də
Azərbaycan hökumətinin qarşısında duran əsas
vəzifələrdəndir. “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın qəbul edilməsi
də məhz qarşıda duran vəzifələrin
vaxtında və müvəffəqiyyətlə icra edilməsinə
xidmət edir. İqtisadi rayonlara daxil olan ayrı-ayrı rayon
və şəhərlərin sosial-iqtisadi
inkişafını nəzərdə tutan dövlət
proqramının əsas məqsədi ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini,
iqtisadiyyatın diversifikasiyasını, regionların
tarazlı sosial-iqtisadi inkişafını, əhalinin həyat
səviyyəsinin daha da
yaxşılaşdırılmasını təmin etməklə
Azərbaycan Respublikasının, eləcə də milli
iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır.
Aydındır ki, məqsədə
nail olmaq üçün qarşıda duran vəzifələr
müəyyənləşdirilməlidir. Dövlət
proqramını bu baxımdan da mükəmməl hesab etmək
olar. Amma burada daha çox diqqəti çəkən məqamlardan
biri də ondan ibarətdir ki, ölkədə əldə
edilmiş makrosabitliyin qorunub saxlanılması və
etibarlı şəkildə davam etdirilməsi başlıca məqsəd
kimi seçilmişdir. Belə ki, müəyyən edilmiş
məqsədə nail olmaq üçün ölkənin təbii
və əmək potensialından səmərəli istifadə
etməklə qeyri-neft sektorunun sürətli inkişafına
nail olunması, infrastruktur sahələrin inkişafı
istiqamətində tədbirlərin davam etdirilməsi,
sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılması, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılması, əhalinin
kommunal xidmətlərlə təminatının və məşğulluq
səviyyəsinin yaxşılaşdırılması,
yoxsulluğun azaldılması və s. vəzifələr
müəyyənləşdirilsə də dövlət
proqramında müəyyən edilmiş məqsədlərə
nail olunması, eləcə də qeyd edilən vəzifələrin
yerinə yetirilməsi üçün ölkədə
makroiqtisadi sabitliyin davam etdirilməsinin zəruriliyi qeyd olunur.
Təbii ki, istər
makroiqtisadi sabitliyin etibarlı təminatı, istərsə də
ölkənin davamlı inkişafına xidmət edən və
proqramda müəyyən edilmiş vəzifələrin
uğurlu icrası məqsədilə qarşıdakı illərdə
bütövlükdə milli iqtisadiyyatın, o cümlədən
ayrı-ayrı regionlarda konkret sahələrin
inkişafının başlıca şərtlərindən
biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin
məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin
optimal şəkildə müəyyənləşdirilməsi,
kənd təsərrüfatı məhsulları istehsalçılarına
tətbiq edilən güzəştlərin müddətinin və
çeşidinin artırılması, yeni iş yerlərinin
yaradılması istiqamətində tədbirlərin davam
etdirilməsi, gömrük tariflərinin optimal səviyyədə
saxlanılması istiqamətində siyasətin davam etdirilməsini
zəruri edir. Bu baxımdan növbəti illərdə də
valyuta gəlirlərinin artırılması, inflyasiya və
digər risklərin azaldılması, büdcə-vergi və
maliyyə siyasətinin geniş şəkildə əlaqələndirilməsi,
dövlət xərclərinin artımının nəzarətdə
saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi
sabitliyə, habelə qeyri-neft sektorunun inkişafına mənfi
təsirlərin qarşısının alınması iqtisadi
siyasətin başlıca məsələləri hesab olunur. Təbii
ki, qeyd olunanların hər bıri davamlı iqtisadi inkişaf
baxımından mühüm əhəmiyyət kəsb edir.
Məsələn ölkənin
iqtisadi durumuna uyğun büdcə-vergi siyasəti
yürütmədən qeyri-neft sektorunun dayanıqlı
inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin
sabit saxlanılmasına, dinamik inkişafın
stimullaşdırılmasına nail olmaq
qeyri-mümkündür. Eyni zamanda, nəzərə alsaq ki,
bazar iqtisadiyyatı şəraitində dövlətin
iqtisadiyyata, iqtisadi proseslərə müdaxiləsi yalnız tənzimləyici
xarakterə malikdir və vergi siyasəti dövlət tənzimləməsinin
başlıca istiqamətidir, onda davamlı inkişafa nail
olmaq üçün büdcə-vergi siyasətinin əhəmiyyətliliyi
bir daha aydın olar. Bütün bunları dəqiqliklə nəzərə
alan Azərbaycan hökuməti də məhz bu səbəbdən
məlum dövlət proqramında vergi sisteminin təkmilləşdirilməsi
məqsədilə konkret vəzifələr müəyyən
etmişdir. Belə ki, proqrama əsasən qarşıdakı
illərdə ölkədə vergi-gömrük sisteminin təkmilləşdırilməsi
istiqamətində vergi dərəcələrinin
optimallaşdırılması, sahibkarlığın təşviqinə
yönəlmiş vergı - gömrük siyasətinin həyata
keçirilməsi, sahibkarlara göstərilən vergi xidmətinin
yaxşılaşdırılması və s. tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur:
Ümumiyyətlə, bir məsələni
qeyd etmək lazımdır ki, 2009-2013-cü illəri əhatə
edən dövlət proqramı bir çox müsbət
xüsusiyyətlərilə əvvəlki proqramlardan xeyli fərqlənir.
Belə ki, bu proqram əvvəlkilərdən fərqli olaraq
daha geniş əhatəli və son dərəcə konkretdir.
İstər tədbirlərin həyata keçiriləcəyi,
istər onların icra müddəti və
icraçıları, istərsə də maliyyələşmə
mənbələri son dərəcə dəqiqliklə
verilmişdir. Konkret inzibati əraziləri əhatə edən
2009-2013-cü illərə dair Dövlət Proqramını dəqiqlik
baxımından, hətta ölkədə mövcud olan şəffaflıq
və aşkarlığın bir nümunəsi də hesab etmək
olar. Burada müsbət cəhətlərdən biri də
ondan ibarətdir ki, “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda təkcə
ayrı-ayrı inzibati ərazilər üzrə nəzərdə
tutulan tədbirlər deyil, həm də ümumilikdə milli
iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə həyata
keçiriləcək tədbirlər öz əksini
tapmışdır.
Məlumdur ki, son dövrlər
bütün dünya ölkələri ciddi malliyə
böhranı ilə qarşılaşmışdır.
Sevindirici haldır ki, hökumətın vaxtında
gördüyü tədbirlər nəticəsində
böhranın ən az təsir etdiyi ölkələrdən
biri Azərbaycan Respublikasıdır. Amma nəzərə
alsaq ki, böhran hələ müəyyən müddət
davam edəcəkdir, onda antiböhran tədbirlərinin
görülməsi, xüsusilə ölkənin dünyada
baş verən maliyyə böhranından zərər çəkməməsi
üçün milli pul vahidinin rəqabət qabiliyyətliliyinin
təmin edilməsi zəruridir. Məhz bu səbəbdən də,
proqramdan aydın olduğu kimi, qarşıdakı illərdə
pul-kredit siyasətində manatın rəqabət qabiliyyətliliyinin
əlverişli səviyyədə saxlanmasını təmin
edən məzənnə siyasətinin həyata keçirilməsinə,
pul təklifi kanallarının
optimallaşdırılmasına və beləliklə də
alıcılıq qabiliyyətinin saxlanılmasına
xüsusi diqqət yetiriləcəkdir. Eyni zamanda, makroiqtisadi
sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunda,
regionlarda məşğulluğun və istehsalın
stimullaşdırılması, regionların investisiya cəlbediciliyinin
artırılması, real sektorda investisiya fəallığının
yüksəlməsi, iqtisadiyyatın diversifikasiyası, əhalinin
həyat səviyyəsinin davamlı olaraq
yaxşılaşdırılması və s. kimi vacib istiqamətlər
dövlətin pul-kredit siyasətinin başlıca məqsədinə
çevriləcəkdir. Bu məqsədə çatmaq
üçün, növbəti illərdə də ölkənin
valyuta ehtiyatlarının artırılması, manatın
sabitliyinin və daxili dönərliliyinin tam təmin edilməsi,
bank sistemində maliyyə sabitliyinin qorunması, bankların
regional filial şəbəkəsinin genişləndirilməsi,
nağdsız ödəniş vasitələrinin
(POS-terminallar, bankomatlar, info-köşklər)
quraşdırılmasının sürətləndirilməsi,
sığorta və lizinq xidmətlərinin əhatə dairəsinin
genişləndirilməsi, eləcə də kənd təsərrüfatında
sığortanın stimullaşdırılması və s.
kimi məsələlər prioritet olacaqdır. Eyni zamanda,
yuxarıda qeyd olunduğu kimi, istər regional, istərsə də
ümumi sosial-iqtisadi inkişafı təmin etmək
üçün investisiya siyasətinin mühüm alətlərdən
biri olduğu nəzərə alınaraq investisiya cəlbediciliyinin
yüksəldilməsi istiqamətində tədbirlər də
davam etdiriləcəkdir. Bu sahədə əsas tədbirlər
iqtisadiyyatın bütün sahələrinə investisiya
qoyuluşu imkanlarının genişləndirilməsindən,
daha əlverişli investisiya mühitinin yaradılmasından,
bütün investorlar üçün azad rəqabət
mühitinin formalaşdırılmasından, eləcə də
bu məqsədlə müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsindən
ibarət olacaqdır. Ümumilikdə isə dövlət
investisiya siyasəti regionlarda yeni iş yerlərinin
yaradılmasına, infrastruktur obyektlərinin etibarlı
istismarının təmin edilməsinə, insan
kapitalının inkişafı və vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin
həyata keçirilməsinə yönəldiləcəkdir.
Növbəti illərdə əsas məqsədlərdən
biri də iqtisadiyyatın diversifikasiyasıdır. Dünya təcrübəsindən
məlum olduğu kimi, ölkə iqtisadiyyatının
diversifikasiyası baxımından həyata keçirilən
dövlət siyasətinin aparıcı istiqamətlərindən
biri, məhz sahibkarlığın inkişaf etdirilməsidir.
Aydındır ki, özəl sektorun inkişafı və
sahibkarlığın müxtəlif formalarının təşkili
Azərbaycan hökuməti tərəfindən hər zaman
ciddi surətdə dəstəklənmişdir.
Qarşıdakı illərdə isə bu siyasət
iqtisadiyyatın bütün sahələrində, xüsusilə
prioritet inkişaf sahələrində işgüzar fəaliyyət
üçün normativ-hüquqi, təşkilati və maliyyə
təminatı səviyyəsinin daha da yüksəldilməsinə
yönəldiləcəkdir. Çünki söhbət
davamlı iqtisadi inkişafın təmin olunmasından gedirsə,
bunu güclü sahibkarlıq fəaliyyəti, xüsusilə
ixracyönümlü və ya idxalı əvəz edəcək
sahibkarlıq olmadan təsəvvür etmək mümkün
deyildir.
Məlum olduğu kimi, ölkənin
iqtisadi inkişafını xarakterizə edən mühüm
göstəricilərdən biri də sənaye
istehsalının həcmidir. Başqa sözlə desək,
ölkənin davamlı iqtisadi inkişafının
mühüm amillərindən biri də sənaye sektorunun
inkişafıdır. Digər tərəfdən, Azərbaycanın
bir çox regionlarında sənayenin müxtəlif
qollarının inkişafı üçün zəngin
potensial mövcuddur. Ona görə də növbəti illərdə
sənaye siyasətinin əsas məqsədlərdən biri,
xüsusilə regionlardakı mövcud sənaye müəssisələrinin
fəaliyyətinin bərpası, yenidənqurulması, təkmilləşdirilməsi
və yeni müəssisələrin yaradılmasından ibarət
olacaqdır. Eyni zamanda, əksər regionların güclü
kənd təsərrüfatı istehsalına malik olduğu nəzərə
alınaraq, bu məhsulların emalı müəssisələrinin
bərpasına və ixrac potensilaının
artırılmasına xüsusi diqqət yetiriləcəkdir.
Ümumilikdə isə sənayenin qeyri-neft sektorunun inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsi, rəqabətqabiliyyətli
sənaye məhsullarının istehsalının dəstəklənməsi
və ixracyönümlü istehsal sahələrinin
yaradılması, istehsalın texnoloji cəhətdən yenidən
qurulması, müvafiq ixtisaslı kadrların
hazırlanması və s. kimi məsələlər dövlətin
sənaye siyasətinin prioritet istiqamətlərini təşkil
edəcəkdir ki, bu da davamlı iqtisadi inkişaf
üçün olduqca vacibdir.
Məlumdur ki, ölkədə
ərzaq təhlükəsizliyinin təmin edilməsi, ilk
növbədə, aqrar sektorun inkişafını tələb
edir. Bir məsələni də yada salaq ki, yaxın
keçmişdə, ölkə başçısının
25 avqust 2008-ci il tarixli sərəncamı ilə “2008-2015- ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı” təsdiq edilmişdir. Cəmiyyəti narahat edən
aktual problemlərin həllini nəzərdə tutan bu proqram
davamlı inkişafın təmin edilməsi baxımından
da xüsusi əhəmiyyətə malikdir. Proqramda ölkədəki
makroiqtisadi göstəricilərin mövcud vəziyyəti və
artım dinamikası, torpaq, su və s. kimi təbii resurslardan
istifadənin müasir vəziyyəti, bitkiçilik və
heyvandarlıq məhsullarının istehsal və emal edilməsi
imkanları, aqrar sektor üçün kadr
hazırlığı və bu sahədə fəaliyyət
göstərən elmi müəssisələrin mövcud vəziyyəti,
ərzaq məhsulları istehsalının infrastruktur təminatı
və s. məsələlər ətraflı təhlil
edilmişdir. Təhlilin nəticələri belə qənaətə
gəlməyə əsas verir ki, bu sahədə mövcud
potensialdan tam və səmərəli istifadəyə hələ
nail olunmamışdır. Başqa sözlə desək,
inkişaf üçün potensial tükənməmişdir,
sadəcə bu sahədə müəyyən təkmilləşdirici
tədbirlər həyata keçirməklə mövcud
potensialı hərəkətə gətirmək
lazımdır. Məhz bu məqsədlə, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da aqrar
sektorun inkişafına dair konkret vəzifələr müəyyənləşdirilmişdir.
Aqrar bölmənin inkişafı istiqamətlərini
müvafiq normativ hüquqi bazanın, elmi-metodik təminatın
və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi,
xammal istehsalı və emalı sahələrinin əlaqəli
inkişafı, rəqabətqabiliyyətli məhsul
istehsalının artırılması, bu istiqamətdə
stimullaşdırıcı tədbirlər görülməsi,
maliyyə dəstəyinin gücləndirilməsi, maddi-texniki
bazanın möhkəmləndirilməsi, suvarma və
meliorasiya təminatının
yaxşılaşdırılması, torpaq və su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
və s. təşkil edəcəkdir.
Dövlət proqramında
ölkəmizin turizm potensialından istifadənin səmərəliliyinin
yüksəldilməsi, turizm xidmətlərinin beynəlxalq
standartlara uyğunlaşdırılması baxımından da
konkret vəzifələr müəyyənləşdirilmişdir.
Belə ki, Azərbaycan Respublikasında turizmin inkişafı,
bu sahədə beynəlxalq əməkdaşlığın
genişləndirilməsi qarşıdakı illərdə də
prioritet istiqamətlərdəndir. Turizmi iqtisadiyyatın
yüksək gəlirli sahəsinə çevirmək, sosial və
ekoloji tələblərə cavab verəcək səmərəli
və rəqabətqabiliyyətli müasir turizm kompleksləri
yaratmaq və bu sahədə yeni iş yerlərinin
açılmasını təmin etmək həm də
qeyri-neft sektorunun inkişafı istiqamətində
qarşıda duran mühüm vəzifələrdəndir.
Digər tərəfdən, dövlət proqramında nəzərdə
tutulan bütün tədbirlərin
reallaşdırılması, o cümlədən turizmin
inkişafı keyfiyyətli nəqliyyat xidmətlərindən
çox asılıdır. Nəzərə alsaq ki, nəqliyyat
əlaqələri həm də beynəlxalq aləmə
inteqrasiyanın mühüm istiqamətlərindən biridir,
onda bu sahənin inkişaf etdirilməsinin zəruriliyi məlum
olar. Başqa sözlə desək, ölkənin dünya
iqtisadiyyatına inteqrasiyası, xarici ticarətin genişləndirilməsi,
geniş təkrar istehsalın təmin olunması və s. kimi
vacib məsələlərin həlli, ilk növbədə nəqliyyat
infrastrukturunun yenidənqurulmasını, tranzit ölkə
kimi mövcud imkanlardan səmərəli istifadə edilməsini,
ölkə yükdaşıyıcılarının rəqabətqabiliyyətliliyinin
artırılmasını və nəqliyyat xidmətləri
ixracının inkişafını tələb edir. Bu məqsədlə
qarşıdakı illərdə ölkədə nəqliyyat
sisteminin səmərəli inkişafının təşkil
edilməsi üçün ictimai nəqliyyatın fəaliyyətini
tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi
və bu istiqamətdə digər zəruri tədbirlərin
işlənib hazırlanması nəzərdə
tutulmuşdur. Nəzərə alsaq ki, ölkəmiz
Şimal-Cənub və Şərq-Qərb kimi beynəlxalq nəqliyyat
dəhlizlərinin üzərində yerləşir və bu
strateji mövqe zəngin tranzit potensialı yaradır, onda nəqliyyat
sisteminin inkişaf etdirilməsinin, xidmətlərin beynəlxalq
standartlara uyğunlaşdırılmasının
labüdlüyü məlum olar. Ümumiyyətlə, XXI əsr
dünyada qloballaşma, inteqrasiya və davamlı inkişaf əsri
kimi qəbul edilir ki, bütün bunlar da nəqliyyat, rabitə,
ticarət kimi inteqrasiya istiqamətlərinin inkişaf etdirilməsini
zərurətə çevirir. Təbii ki, bütün bunlar nəqliyyat
sektoru ilə yanaşı, həm də inteqrativ əlaqələrin
mühüm sahəsi olan rabitə və informasiya
texnologiyaları sektorunun da inkişafını tələb
edir. Eyni zamanda, istənilən sahənin inkişafı əldə
edilən informasiyaların tamlığı və dəqiqliyindən
çox asılıdır. Bu baxımdan dünya təcrübəsinə
uyğun olaraq, informasiya ötürülməsinin və qəbul
edilməsınin çevikliyinin təmin olunması da bu sahənin
inkişafını zəruri edir.
Araşdırmalardan aydın
olur ki, bütün sahələrdə olduğu kimi, rabitə
və informasiya texnologiyaları sahəsində də Azərbaycan
Respublikası nəzərəçarpacaq irəliləyişlərə
nail olmuşdur. Ümumilikdə son illər bu sahə yüksək
sürətlə inkişaf etməkdədir. Dövlət
Proqramından göründüyü kimi, ölkə üzrə
rabitə və informasiya texnologiyalarını inkişaf etdirməklə
ölkənin hərtərəfli tərəqqisinə nail
olmaq, xüsusilə informasiya və kommunikasiya
texnologiyalarının (İKT-nin) inkişafı üzrə
Milli Strategıyanı həyata keçirmək, qarşıya
qoyulmuş məqsədlərə çatmaq
üçün müvafiq layihə və tədbirlərin
icra edilməsi qarşıdakı illərdə də prioritet
inkişaf istiqamətləri kimi nəzərdə tutulur.
Mövcud potensialdan səmərəli istifadə etməklə
rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati,
texniki və kadr təminatı baxımından modernləşdirilməsi,
İKT sənayesinin formalaşdırılması və beləliklə
ölkədə informasiya cəmiyyətinə keçidin təmin
edilməsi məqsədilə inkişaf etmiş informasiya və
kommunikasıya infrastrukturunun yaradılması, vahid milli
elektron informasiya məkanının
formalaşdırılması, elektron hökumətin
yaradılması, regionlarda müasir universal rabitə
(telekommunikasiya, İT və poçt) xidmətinin təmin
edilməsi, bütün bölgələrdə internet şəbəkəsindən
istifadə imkanlarının genişləndirilməsi konkret vəzifə
kimi qarşıya qoyulur. Bu da davamlı iqtisadi inkişafın
mühüm amillərindən biridir.
Bir məsələni də
qeyd etmək yerinə düşərdi ki, söhbət
regionların sosial-iqtisadi inkişafından, ölkədə
davamlı iqtisadi inkişafın təmin olunmasından gedirsə,
ekoloji problemlərin operativ həll edilməsi labüddür.
Çünki “Davamlı inkişaf konsepsiyası”nın da əsas
mahiyyəti “Gələcək nəsillərin normal
yaşayışı üçün heç bir təhlükə
yaratmadan indiki nəsilin sosial, iqtisadi və ekoloji tələblərinin
normal ödənilməsindən ibarətdir.
Göründüyü kimi, konsepsiyanın müddəaları,
yəni davamlı inkişaf tələbləri üç
istiqaməti - sosial, iqtisadi və ekoloji istiqamətləri əhatə
edir. Məhz bu səbəbdən də ekoloji problemlərə
diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb
edir. Amma mövcud vəziyyətin təhlilindən aydın
olur ki, Azərbaycan Respublikasında ətraf mühitə mənfi
təsir edən amillərin qarşısının
alınması və ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün bir
sıra vacib tədbirlər görülməlidir. Bu tədbirlər
Xəzər dənizinin sahilboyu zolağında, o cümlədən
ölkənin digər regionlarında su hövzələrinin,
havanın, torpağın təbii keyfiyyətinin bərpa
olunması üçün tullantı suların təmizlənməsi,
əhalinin içməli suya olan tələbatının tam
və keyfiyyətli ödənilməsi, çirklənmiş
torpaqların rekultivasiya edilməsi, meşə və
yaşıllıqların genişləndirilməsi və s.
ola bilər. Başqa sözlə desək, milli
iqtisadiyyatın davamlı inkişafının ətraf
mühitin mühafizəsi və təbii sərvətlərdən
istifadənin səmərəliliyindən yüksək dərəcədə
asılı olduğunu nəzərə alaraq dövlət proqramında
qeyd olunduğu kimi, şəhər və qəsəbələrin
küçə və prospektlərinin
yaşıllaşdırma işlərinin genişləndirilməsi,
regionlarda meşəbərpa və meşəsalma işlərinin
sürətləndirilməsi, rekreasiya əhəmiyyətli
meşələrin (ərazilərin) müəyyən edilməsi
və ekoturizmin inkişafı üçün müasir səviyyəli
infrastruktur təminatının yaradılması, su
ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsinin,
o cümlədən transsərhəd çirklənməsinin
qarşısının alınması, sənaye müəssisələri
və nəqliyyat vasitələri tərəfindən atmosfer
havasının çirklənməsinə qarşı tədbirlərin
görülməsi, ekoloji təbliğat və maarifləndirmə
işlərinin gücləndirilməsi, torpaqların
erroziyasına və şoranlaşmasına qarşı tədbirlərin
həyata keçirilməsi çox vacibdir.
Əvvəlki illərdə
olduğu kimi, növbəti beş ildə də ölkə vətəndaşlarının
sosial-müdafiəsinin gücləndirilməsi, insanların
yaşayış şəraitinin
yaxşılaşdırılması, yoxsulluğun
azaldılması, məişət mədəniyyətinin
yüksəldilməsi və digər tədbirlər, növbəti
illərdə də Azərbaycan hökumətinin diqqət mərkəzində
olacaqdır. “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda da qeyd olunduğu kimi,
qarşıdakı illərdə dövlətin sosial siyasətinin
başlıca məqsədi əhalinin, o cümlədən
regionlarda yaşayan vətəndaşların həyat şəraitinin
daha da yaxşılaşdırılmasını təmin etməkdən
ibarət olacaqdır. Burada da əsas istiqamətləri aztəminatlı
əhali qrupları üzrə sosial müavinətlərin
artırılması, sosial müdafiəyə ehtiyacı olan
şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin
yaxşılaşdırılması, pensiya təminatı
sisteminin təkmilləşdirilməsi və ümumilikdə
ölkədə yoxsulluq səviyyəsinin azaldılması təşkil
edəcəkdir.
Dövlət proqramında
elm sahəsi də diqqətdən kənarda
qalmamışdır. Növbəti illərdə elm sahəsində
ən mühüm vəzifələrdən biri aparılan tədqiqatların
praktiki əhəmiyyətinin artırılması, elmi tədqiqat
və layihə institutları ilə təsərrüfat
subyektləri arasında əlaqələrin daha sıx
qurulmasının təmin edilməsindən ibarətdir.
Qarşıdakı illərdə, dövlət proqramı
üzrə elm sahəsində aşağıdakı istiqamətlərdə
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur: elmi-texniki potensialın qorunması və
inkişaf etdirilməsi, elmi kadr potensialının
artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi,
innovasiya proseslərinin sürətləndirilməsi, elmi
müəssisələrdə və ali məktəblərdə
aparılan elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi,
xarici ölkələrdə təhsil almaq və təcrübə
keçmək yolu ilə müasir tələbata uyğun
yüksək ixtisaslı kadrların hazırlanması və
s.
Yuxarıda qeyd olunduğu
kimi, 2009-2013-cü illəri əhatə edən proqram son dərəcə
təkmil bir sənəddir və orada bütün
sosial-iqtisadi, mədəni, ekoloji sahələr dəqiqliklə
təhlil edilmiş və qarşıda duran vəzifələr
göstərilmişdir. Bütün bu istiqamətlər
dövlətin gündəlik fəaliyyətində də diqqət
və qayğı ilə əhatə olunur.
Milli musiqimizin və adət-ənənələrimizin
unudulmaması, mədəni-tarixi irsimizin qorunub saxlanması,
Azərbaycanın qədim və zəngin mədəni irsə
malik olduğunu bütün dünyaya tanıtmaq istiqamətində
çox böyük işlər görən Azərbaycan
hökumətinin növbəti illərdə mədəniyyət
sahəsində strateji məqsədləri ölkənin mədəni
potensialının, sərvətlərinin və ənənələrinin
qorunub saxlanmasından və inkişaf etdirilməsindən,
yaradıcılıq və təhsil sisteminin təkmilləşdirilməsindən
ibarət olacaqdır. Bu məqsədlə də regionlararası
mədəni əlaqələrin möhkəmləndirilməsi,
milli mədəniyyətin ümumdünya mədəni proseslərinə
inteqrasiyası, daşınar mədəni sərvətlərin,
muzey fondlarının sayının artırılması,
ölkənin tarixi-mədəni irsinin və mədəni
potensialının qorunması və digər tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur.
Yekun olaraq bu nəticəyə
gəlmək olar ki, “Azərbaycan Respublikası
regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” əhatəli və
konkret olmaqla yanaşı, ölkənin davamlı iqtisadi
inkişafının strateji istiqamətlərini əhatə
edir. Proqramın üstün cəhətlərindən biri də
ondan ibarətdir ki, yuxarıda qeyd olunduğu kimi, burada mədəni,
ekoloji, sosial-iqtisadi sferaya aid olan bütün sahələr
üzrə növbəti illərdə qarşıda duran vəzifələr
ətraflı şəkildə öz əksini
tapmışdır. Dövlət proqramının icrası gələcəkdə
həyata keçiriləcək digər proqram və layihələrin
uğurla yerinə yetirilməsi üçün də zəngin
potensial formalaşdıracaqdır.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru,
Aqil ƏSƏDOV,
İqtisadiyyat İnstitutunun
baş elmi işçisi
Xalq qəzeti.- 2-009.- 21 aprel.- S. 3.