Problemlər yerində həll olunmalıdır
Kəlbəcər Rayon
İcra Hakimiyyətinin rəhbərliyi yerlərdə müntəzəm
görüşlər keçirməklə əhali ilə
sıx ünsiyyət yarada bilmişdir
Nə az, nə
çox, düz 59 rayon və şəhərdə məskunlaşıblar
kəlbəcərlilər. Yəni Azərbaycanın hər
bölgəsində köçkün həyatı
yaşayan, doğma torpaq niskilini ürəyində gəzdirən
kəlbəcərli var. Artıq 16 ildən çoxdur ki,
onların həyatı bax beləcə davam edir. Rayon icra
hakimiyyətinin başçısı, çox qısa vaxt ərzində
həmyerlilərinin dərin hörmətini qazanmış
Vidadi Məhərrəmovla tez-tez görüşüb
söhbət edirəm. Hər dəfə də deyir ki, kəlbəcərliyə
burada qızıldan ev tikdir, yenə doğma elinə-obasına
qayıtmağı üstün tutacaq.
Ömrünün
artıq son günlərini yaşayan 94 yaşlı bir
qarı ilə söhbətim heç vaxt yadımdan
çıxmır. Gəncədəki Azərbaycan Dövlət
Aqrar Universitetinin yataqxanasında darısqal bir otağa nəvə-nəticələri
ilə sığınmış qarı yataqda uzanıb
gözlərini bir nöqtəyə zilləmişdi. 5-6
yaşlarında qumral saçlı nəticəsi birdən “nənə,
Kəlbəcərə gedəkmi ?”, — deyə dilləndi. Qarı
başını ehmalca tərpədib, əlləri əsə-əsə
uşağın saçını tumarladı və zəif
səslə “bala, mən gedə bilmədim, amma sən
mütləq gedəcəksən”, — dedi.
Bu söhbətdən on ildən
çox vaxt keçib. Bu illərdə
neçə-neçə kəlbəcərli
dünyasını dəyişib,
neçə-neçə övlad
dünyaya gəlib.
Elə yeniyetmələr var ki, artıq orta məktəbi qurtarır, amma kəlbəcərin üzünü
belə görməyib.
Valideynləri sanki onlara “Kəlbəcər nağılı”
danışıb və
bu nağılların
xəyalı ilə tez-tez sıx meşələrə, büllur
bulaqlara, əl çatmaz dağlara üz tuturlar.
... Qaçqın və
köçkünə ən böyük təsəlli ona
olan diqqətdir. Evindən-eşiyindən didərgin
düşmüş, yaxınlarını, əzizlərini
itirmiş insan üçün bundan qiymətli nə ola bilər?!
Rayon icra hakimiyyətinin
başçısı Vidadi Məhərrəmov elə şəhər,
rayon, kənd, qəsəbə yoxdur ki, orada olmasın, kəlbəcərli
ailəsinə baş çəkməsin. Gəlin,
razılaşaq ki, bu, olduqca çətin bir işdir. Bir yerdə
məskunlaşan əhaliyə baş çəkməyə
nə var ki... Amma 59 rayon, 600-dən çox yaşayış
mətəqəsinin hər birinə baş çəkmək,
adamların dərd-sərini, problemlərini öyrənmək,
köməklik göstərmək üçün
görün nə qədər vaxt lazımdır. Elə buna
görədir ki, başçını iş kabinetində
tapmaq çox çətin məsələdir. Bəzən
günlərlə yollarda olur, başqa yerlərdə gecələyir.
Uzağa getməyək. Təkcə bu ilin birinci rübündə
rayon icra hakimiyyətinin başçısı Bakı, Gəncə,
Mingəçevir, Naftalan şəhərlərində,
Goranboy, Göygöl, Samux rayonlarının 18
yaşayış məntəqəsində 656 vətəndaşı
şəxsən qəbul edib, dinləmişdir. Bu, yalnız
şəxsi problemi olan köçkünlərdir. Elə də
olur ki, yüzlərlə kəlbəcərli
başçını əhatəyə alır, ümumi
işlərdən, qayğılardan danışır, problemlərin
həllində onlara köməklik göstərməsini
xahiş edirlər. Məhz belə görüşlərdən
sonra onların içməli su, işıq, qaz, mənzil
şəraitinin yaxşılaşdırılması ilə
bağlı ortaya çıxan problemlər həll
olunmuşdur. Maraqlı, həm də diqqət çəkən
məqam odur ki, bu işlərin hamısının icrasına
başçı şəxsən nəzarət edir. İcra
hakimiyyətinin aparat işçiləri, sturukturların rəhbərləri
dəqiq bilirlər ki, Vidadi müəllim heç nəyi
yadından çıxarmır. Görünür, bunun nəticəsidir
ki, son vaxtlarda adlarını çəkdiyim strukturlarda
yüksək nizam-intizam, məsuliyyəti hissi hökm
sürür.
Qayğılar, problemlər
hər gün, hər saat var. Yaxşı ki, rayon rəhbərliyi
bunu bir an belə yaddan çıxarmır. Artıq
dördüncü ayına qədəm qoyduğumuz 2009-cu ildə
də belədir. 2009-cu ilin 3 ayı ərzində Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən
Gəncə şəhərində ADAU-nun 3 və 4 saylı yataqxanalarının
3000 kvm-lik dam örtükləri əsaslı təmir
olunmuş, orada müvəqqəti məskunlaşmış məcburi
köçkün ailələrinin yaşayış şəraiti
yaxşılaşdırılmışdır.
Eyni zamanda, həmin təşkilat
tərəfindən ADAU-nun 3 saylı yataqxanasında elektrik xətləri
yenidən quraşdırılmış, qəza vəziyyəti
aradan qaldırılmışdır.
ADAU-nun 4 saylı
yataqxanasında isə su və kanalizasiya sistemi əsaslı təmir
edilərək məcburi köçkünlərin
narahatçılıqları aradan
qaldırılmışdır.
Bundan başqa,
Göygöl rayonunun Mixaylovka kəndindəki pansionat
binasının dam örtüyü dəyişdirilərək
paslanmayan dəmirlə əvəz edilmişdir.
Məcburi
köçkünlərin işıq probleminin həll
olunması istiqamətində də müəyyən işlər
görülmüşdür. Belə ki, Zərdab rayonunun Bəyimli
qəsəbəsindəki fermada müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin işıq problemini həll
etmək məqsədi ilə Dövlətqaçqınkomdan
1 ədəd 100/10 kv-lıq transformator və 3000 p/m elektrik
naqili alınıb məcburi köçkünlərin istifadəsinə
verilmişdir.
Müxtəlif bölgələrdə
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin fasiləsiz elektrik enerjisi ilə təmin
olunmaları üçün yerlərlə müntəzəm
olaraq ələqə saxlanılmış,
narazılıqların aradan qaldırılması
üçün yanıb sıradan çıxmış
transformatorlar vaxtında təmir edilmiş, elektrik enerjisinin
verilişi bərpa edilmişdir.
Məcburi köçkünlərin
mənzil şəraitinin
yaxşılaşdırılması sahəsində də
müəyyən işlər görülmüşdür. Bu
baxımdan cari ildə Göygöl rayonu “Murovdağ” məcburi
köçkün qəsəbəsi ətrafında Dövlətqaçqınkom
tərəfindən 26 məcburi köçkün ailəsi
üçün yaşayış evlərinin tikintisinə
başlanılmış, hal-hazırda tikinti-quraşdırma
işləri davam etdirilir.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı
ilə təsdiq edilmiş “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğun
artırılması üzrə Dövlət Proqramı”na əlavələr
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31
oktyabr 2007-ci il tarixli 2475 saylı sərəncamının
icrası ilə əlaqədar Goranboy rayonunun EKO məcburi
köçkün qəsəbəsində müvəqqəti
məskunlaşmış 596 məcburi köçkün ailəsi
üçün yeni qəsəbə salınmasına
hazırlıq işlərinə
başlanılmışdır. Bu günlərdə qəsəbənin
tikintisinə başlanacaqdır və 2009-cu ilin sentyabr
ayının sonunadək işlər başa
çatdırılacaqdır.
Dövlət
proqramına əlavələrə uyğun olaraq 39 kilometrlik
Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunda əsaslı təmir
işləri davam etdirilir.
... Bu günlərdə
redaksiyamızın Gəncədəki müxbir məntəqəsinə
Yevlax şəhərində məskunlaşan, özlərinin
yazdığı kimi yataq xəstələri olan Dilqəm Əlişov
və Sabir İsmayılovdan məktub daxil olub. Görün, nə
yazırlar: “...İnanmırdın ki, başçı
qapımızı döyüb bizə baş çəksin. Sağ
olsun, bizə yardım göstərdi. Amma bundan daha vacib bizlə
görüşməsi, diqqət göstərməsi oldu”.
Gəncədəki Azərbaycan
Dövlət Aqrar Universitetinin yataqxanasında yaşayan birinci
qrup əlil İsrafil Qurbanovun da məktubunu həyəcansız
oxumaq olmur: “... Hərdən bu dünyada özümü
artıq adam hiss edirdim. Amma birdən-birə adi bir gəliş,
xoş söz, diqqət, qayğı həyata
baxışlarımı dəyişdirdi”.
Yeri gəlmişkən
qeyd edək ki, universitetin 2,3,4, və 5 nömrəli
yataqxanalarında köçkünlərin müraciəti əsasında
elektrik naqilləri dəyişdirilmişdir.
... Deyirlər, Kəlbəcərə
gedən yolları ot-alaq basıb. Amma çox keçməyəcək
on altı il qabaq bir yaz axşamı bu yollara, dağlara, dərələrə
səpələnən kəlbəcərlilər yenidən həmin
yerlərə ayaq basacaq. Bu dəfə ah-nalə ilə deyil,
toy-bayramla, çal-çağırla. Vidadi müəllim
deyir ki, o gün uzaqda deyil, çünki bizim Azərbaycan kimi
qüdrətli dövlətimiz, İlham Əliyev kimi
müdrik rəhbərimiz var.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2009.- 21
aprel.- S. 4.