Beynəlxalq arxeoloji tədqiqatların nəticələri

 

Azərbaycan Respublikası ən qədim tarixə və mədəniyyətə malik olan bir ölkədir. Respublikamızın ərazisində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı bəşər tarixinin müxtəlif dövrlərinə aid maddi-mədəniyyət abidələri qeydə alınıb, tədqiq olunmuşdur.

Son 55 ildə Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi mədəniyyət nümunələri tapılmışdır. Aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji materiallar əsasında Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri və ulu əcdadlarımızın maddi mədəniyyət qalıqlarının ayrı-ayrı xüsusiyyətləri öyrənilir.

Son illərdə aparılmış kompleks arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2,5 milyon il bundan əvvəllər yaşamağa başlamaları sübuta yetirilmişdir.

Halbuki, 1953-cü ilə qədər respublikamızın ərazisində qədim insan düşərgələrinin olmadığı və burada ibtidai insanların yaşamadıqları göstərilirdi. Lakin Azərbaycan arxeoloqlarının apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi, respublikamızın ərazisinin ibtidai insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda, Azərbaycanda qədim sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olduğu və bunun əsasında ölkəmizdə və Yaxın Şərq ərazisində ən qədim arxeoloji mədəniyyət müəyyən olunmasına şərait yarandı. Bu mədəniyyət Azıx paleolit düşərgəsinin VII-X təbəqələrinin maddi mədəniyyət qalıqları əsasında müəyyən edildi və tarixə Quruçay arxeoloji mədəniyyəti adı altında daxil oldu.

Hazırda Azərbaycan Respublikası ərazisində aşkar olunmuş Azıx, Tağlar, Qobustan, Gəmiqaya və digər arxeoloji düşərgələr ən qədim tarixi abidələr hesab olunur.

Aparılan kompleks elmi tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması sübut olundu, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən salıb formalaşması və Azərbaycanın türk dünyasının ən qədim sivilizasiya mərkəzlərindən biri olması elmi faktlarla təsdiq olunmuşdur. Bu baxımdan Qarabağ ərazisində aparılmış kompleks elmi-tədqiqat işlərinin mühüm elmi əhəmiyyəti vardır.

Azərbaycanın Qarabağ ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid qədim insan düşərgələri aşkar olunmuşdur. Həmin abidələrdə aparılan kompleks elmi tədqiqatlar zamanı respublikamızın ərazisində daş dövrünün ayrı-ayrı inkişaf mərhələlərini öyrənmək üçün zəngin maddi mədəniyyət nümunələri tapılmışdır.

Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Arxeoloji tədqiqatlar zamanı müəyyən edilmişdir ki, ibtidai insanlar qədim paleolit dövründə əsasən təbii karst mağaralarında, çay vadilərində, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan yerlərdə məskən salmışlar.

Azərbaycan Respublikası ərazisində paleolit dövrünə aid aparılan arxeoloji tədqiqat işləri nəticəsində daş dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin abidələr Qarabağın Quruçay və Köndələnçay vadilərində tapılmışdır. 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələri qeydə alınmışdır.

Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində ən qədim zamanlardan təbii karst mağaraları əmələ gəlmişdir. Məhz buna görə də ibtidai sakinlər təbii karst mağaraları olan Azıx və Tağlar düşərgələrində məskunlaşmışlar.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli guşəsində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli şəhərindən 16 km şimal-qərbdə olub, Tuğ çökəkliyində yerləşir.

Paleolit arxeoloji ekspedisiyasının 1960-1986-cı illərdə Azıx qədim insan düşərgəsində apardığı kompleks elmi tədqiqat işləri zamanı 10 arxeoloji təbəqə qeydə alınıb tədqiq olunmuşdur. Aparılan arxeoloji qazıntılar zamanı Azıx paleolit düşərgəsinin III, V-X təbəqələrindən 6 mindən artıq daş məmulatı və 700 mindən çox ovlanmış heyvan sümük nümunələri tapılmışdır. Daş məmulatı içərisində əsas yeri əmək alətləri tutur.

Paleolit arxeoloji ekspedisiyasının Qarabağ ərazisində apardığı elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, hələ çox qədim zamanlardan Quruçay və Köndələnçay vadilərində canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olmuşdur. Ərazidə aparılan kompleks elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ 2-3 milyon il bundan əvvəl Quruçay vadisində mülayim iqlim şəraitində yaşayan çoxlu heyvan mövcud olmuşdur. Eyni zamanda, Quruçay vadisi, Azıx və Tağlar paleolit düşərgələri yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə etmişlər. Quruçay vadisində və həmçinin Tuğ çökəkliyində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaqdaşı və s. daşlar mövcud olmuşdur.

Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və bir neçə ədəd ovlanmış heyvan sümükləri tapılmışdır. Ən aşağı təbəqələrin daş məmulatı içərisində, əsas yeri əmək alətləri tutur. VII-X təbəqələrin daş məmulatı içərisində həmçinin kobud əl çapacaqları, kubvari alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr də qeydə alınmışdır. Azıx paleolit düşərgəsində təbəqələrin yerləşmə səviyyəsindən asılı olmayaraq VII-X təbəqələrin daş məmulatı eyni texniki usulla hazırlanmışdır. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə, ərplə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində özünü göstərir.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin aşağı təbəqələrinin daş alətləri, əsasən kənarlardan mərkəzə doğru vurub qoparma üsulu ilə çox kobud formada hazırlanmışdır. Belə texniki üsulla hazırlanmış alətlər daş məmulatı içərisində çoxluq təşkil edir. VII-X təbəqələrin daş məmulatı arasında qəlpələrdən hazırlanmış əmək alətləri də qeydə alınmışdır. Qəlpələrdən hazırlanmış əmək alətləri içərisində əsas yeri qaşov tipli alətlər tutur.

Azıx paleolit düşərgəsinin VII-X təbəqələrinin daş məmulatı içərisində 3-4 kq ağırlığında olan kobud çapma alətləri diqqəti daha çox cəlb edir. Hələlik ölkəmizin və Qafqazın paleolit düşərgələrində belə alətlər qeydə alınmamışdır. Təsvir olunan alətləri Azıx tipli kobud çapma alətlər adlandırmaq olar. Azıx paleolit düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş arxeoloji tapıntıların mühüm elmi əhəmiyyəti vardır. Aşağı təbəqələrin maddi mədəniyyət qalıqları ibtidai insanların Azıx düşərgəsində ilkin məskunlaşmalarını göstərir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm əhəmiyyəti olmuşdur. Qədim Azıx düşərgəsinin sakinləri əmək alətləri hazırlamaq üçün təbii çay daşlarını Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx düşərgəsinin ulu sakinləri Quruçay dərəsində ovçuluqla məşğul olmuşlar. Quruçay vadisində ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlər mövcud olmuşdur.

Buradan tapılmış daş məmulatının özünəməxs xüsusiyyətləri olması, digər paleolit düşərgələrində belə alətlərin qeydə alınmaması və əmək alətlərinin texniki-tipoloji cəhətləri nəzərə alınıb, yeni aşkar olunmuş arxeoloji tapıntılara Quruçay mədəniyyəti adı verilmişdir. Aşağı təbəqələrin daş məmulatının elmi tədqiqi zamanı Quruçay mədəniyyətinin bir inkişaf mərhələsi olması müəyyən edilmişdir. Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlanmışdır. Sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri düzəldilmişdir.

Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən tapılmış Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə oxşar cəhətləri vardır.

Həmçinin müəyyən olmuşdur ki, Azıx paleolit düşərgəsində Quruçay arxeoloji mədəniyyəti uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Azıx paleolit düşərgəsinin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı aşel mədəniyyətinə aid zəngin maddi mədəniyyət nümunələri tapılmışdır. VI təbəqədən qədim aşel mədəniyyətinə aid əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış qaşov tipli alətlər, disk şəkilli nüvələr, istehsal tullantıları və fauna qalıqları tapılmışdır. Fauna qalıqları içərisində ayrı-ayrı ayı çənələri, kəllə sümükləri və dişlər çoxluq təşkil edir. Sümük məmulatının tədqiqi zamanı müəyyən olunmuşdur ki, Azıx paleolit düşərgəsində qədim aşel sakinlərinin ovçuluq təsərrüfatında əsas yeri mağara ayıları və nəhəng marallar tutmuşdur.
Azıx paleolit düşərgəsinin qədim aşel təbəqəsindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi burada qədim insanların uzun müddət yaşadıqlarını göstərir.

V təbəqədə aparılan arxeoloji qazıntılar zamanı orta aşel mədəniyyətinə aid arxeoloji, paleontoloji paleonatropoloji məmulatlar tapılmışdır. Bu, Azıxda qədim aşel dövrünün, sonralar orta aşel mədəniyyəti ilə əvəz olunduğunu göstərir. Düşərgənin V təbəqəsindən tapılmış daş məlumatların əksəriyyəti ovçuluq üçün yararlı olan əmək alətlərindən ibarətdir.

1968-ci ilin yay fəslində Azıx paleolit düşərgəsinin V təbəqəsinin III horizontunda aparılan arxeoloji qazıntılar zamanı daş və fauna qalıqları ilə birlikdə qədim insan çənəsi tapılmışdır. D.Hacıyevin apardığı elmi araşdırmalar zamanı müəyyən edilmişdir ki, Azıx qədim insan düşərgəsindən aşkar olunmuş çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə mauer adamı çənəsinə yaxınlığı ilə, digər tərəfdən də bir çox xüsusiyyətlərinə görə Fransanın Kondel-Araqo paleolit düşərgəsinin aşel təbəqəsindən tapılmış preneandertal tipli insanlara daha yaxındır. Azıx paleolit düşərgəsindən tapılmış qədim insan çənəsi Yaxın Şərq və Qafqazda ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur və bu insan 450-500 min il bundan əvvəl Azərbaycanın Quruçay vadisində yaşamışdır.

Qədim Azıx insan düşərgəsinin III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə 3 mindən artıq daş məmulatı və 400 mindən artıq ovlanmış heyvan sümükləri tapılmışdır. Daş məmulatı içərisində əsas yeri levallua itiucluları, mustye itiucluları və qaşov tipli alətlər tutur. Düşərgənin mustye mədəniyyətinə aid sümük məmulatı içərisində əsas yeri vəhşi at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və digər heyvan sümükləri tutur.

Hazırda Azərbaycan Respublikası ərazisində mustye mədəniyyətinə aid zəngin abidə Tağlar paleolit düşərgəsi hesab olunur. Tağlar paleolit düşərgəsi 1960-cı ildə M.Hüseynov tərəfindən qeydə alınmışdır. Düşərgə Qarabağın ən mənzərəli və səfalı guşələrinin birində — Quruçayın sol sahilində yerləşir. Bu düşərgə özünün maddi mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzun müddətli olmasına görə Cənubi Qafqaz və Yaxın Şərq abidələri içərisində hələlik yeganə arxeoloji abidədir. Tağlar düşərgəsindən tapılmış arxeoloji materiallar əsasında düşərgə sakinlərinin əmək alətləri hazırlama texnikasını, tipologiyasını , inkişaf xüsusiyyətlərini və yeni-yeni əmək alətlərinin hazırlanma cəhətlərini tədqiq etmək olur. Çoxtəbəqəli Tağlar paleolit düşərgəsindən tapılmış əmək alətləri içərisində əsas yeri levallua itiucluları, mustye itiucluları, limas tipli alətlər, sadə bir işlək ağızlı qaşovlar, iki işlək ağızlı qaşovlar və konvergent qaşovlar tutur.

Əgər Azıx paleolit düşərgəsində aparılan elmi tədqiqat işləri Azərbaycan ərazisində ibtidai insanların məskunlaşma tarixini və uzun müddət yaşadıqlarını göstərdisə, Tağlar düşərgəsindəki arxeoloji tədqiqatlar isə neandertal tipli adamların inkişaf edib, müasir insanların ulu əcdadlarının bu ərazidə meydana çıxmasını elmi faktlarla sübuta yetirdi.

2001-ci ildən başlayaraq Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda paleolit problemləri üzrə aparılan arxeoloji tədqiqat işləri beynəlxalq xarakter almışdır. Ona görə ki, son 50 ildə respublikamızın ərazisində aparılmış kompleks arxeoloji tədqiqatlar nəticəsində paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərini öyrənmək üçün zəngin arxeoloji, paleontoloji və paleontropoloji tapıntılar aşkar olunmuşdur.

Azərbaycan Respublikası ərazisində qeydə alınmış çoxtəbəqəli paleolit düşərgələri dünyada elə abidələrdir ki, bu qədim insan məskənlərinin çöküntülərində mədəni təbəqələr tarixi ardıcıllıqla əmələ gəlmişdir və arxeoloji tapıntıların biri digərini tamamlayır. Bu da ibtidai insanların həyat tərzini, alət hazırlama texnika-tipologiyasını, daş dövrünün təbii coğrafi şəraitini, heyvanat aləmini və həmçinin ovçuluq təsərrüfatını tədqiq etməyə şərait yaradan zəngin maddi mədəniyyət qalıqlarına malik düşərgələrdir.

Azərbaycan, Qafqaz və Avropa ölkələri ərazilərində qeydə alınmış paleolit düşərgələrinin maddi mədəniyyət qalıqlarını tədqiq etmək məqsədilə 2001-ci il iyulun 3-4-də Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda Fransa, İtaliya, İspaniya, Azərbaycan, Rusiya, Gürcüstan və Hollandiya alimlərinin birgə hazırladıqları İNTAS-2000 adlı elmi proqram qəbul olunmuşdur. Həmin proqramın tədqiq olunması məqsədilə bu sətirlərin müəllifi Azərbaycan üzrə əlaqələndirici seçilmişdir. Beynəlxalq İNTAS təşkilatı Brüsseldə keçirilən iclasında alimlərin hazırladıqları elmi proqramı təsdiq etmiş və onun həyata keçirilməsi məqsədilə qrand ayırmışdır.

Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq son 50 ildə Azərbaycan, Fransa, İtaliya, İspaniya, Cürcüstan və Qafqaz ərazilərində olan paleolit düşərgələrindən tapılmış, arxeoloji, paleontroloji və paleantropoloji materiallar elmin müasir nailiyyətləri əsasında tədqiq olunmuş, paleolit dövründə yaşamış ibtidai insanların hazırladıqları əmək alətlərinin texniki-tipoloji xüsusiyyətləri, düşərgələrin xarakteri abidələrin stratiqrafilyaları tədqiq edilmiş və neandertal tipli insanların inkişaf edib homo sapiens, yəni kamil insanlara çevrilməsinin elmi xüsusiyyətləri araşdırılmışdır. Eyni zamanda, paleolit dövrü insanlarının həyat tərzi, mənəvi aləmi və ovçuluq təsərrüfatının əsas cəhətləri tədqiq olunmuşdur. Qeyd olunanlarla yanaşı, Azərbaycan, Avropa və Qafqaz ərazilərində yaşamış neandertal tipli insanların oxşar və fərqləndirici əlamətləri araşdırılmış, bu ərazidə yaşamış ibtidai insanların Avropada məskunlaşan ibtidai insanlarla əlaqələri və miqrasiya prosesləri tədqiq olunmuşdur.

Beynəlxalq İNTAS-2000 proqramına uyğun olaraq mən 2001 və 2003-cü illərdə üst-üstə 3 ay ərzində profesor Anri-dö Lümleyin dəvəti ilə Fransanın Paris, Nis, Perpinyan, Kənson və Totavel şəhərlərində olan elmi laboratoriya və muzeylərində saxlanılan paleolit, mezolit və neolit dövrlərinə aid maddi mədəniyyət qalıqları ilə tanış olmuş və elmi tədqiqat işləri aparmışam.

Avropa ölkələri ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin maddi mədəniyyət qalıqları tapılmışdır. Daş dövrünün tədqiqi tarixində bu ölkələrin ərazilərində aşkar edilmiş arxeoloji düşərgələrin özünəməxsus yeri vardır. Xüsusilə, Fransa ərazisində tapılmış paleolit dövrünün qədim insan məskənləri bu dövrün tədqiqinin təməl daşını qoymuşdur. Daş dövrünün əsas düşərgələri ilk dəfə olaraq Fransa ərazisində tapıldığınna görə fransız adları ilə adlandırılmışdır. Artıq dünya şöhrəti qazanmış Şel, Sent-Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil və başqa arxeoloji mədəniyyətlər Fransada ilk dəfə müəyyən olunmuş abidələrin adı ilə adlandırılmışdır. Fransada qeydə alınmış qədim insan düşərgələri içərisində Vallone, Terra-Amata, Kondel-Araqo, Sent-Aşell və Lazare maraq doğurur və zəngin maddi mədəniyyət qalıqları ilə xüsusi elmi əhəmiyyət kəsb edir.

Fransanın Vallone paleolit düşərgəsindən Avropa üçün ən qədim daş dövrünün maddi mədəniyyət qalıqları tapılmışdır. Düşərgədən tapılmış arxeoloji tapıntıların yaşı bir milyon ilə bərabərdir. Hələlik, Avropa ərazisində belə qədim tarixə malik ikinci bir abidə qeydə alınmamışdır.

Fransanın dünya şöhrətli qədim paleolit düşərgələrindən biri də Kondel-Araqo abidəsidir. Düşərgə Fransanın cənubunda, Perpinyan şəhərindən 30 km aralıda olan Totavel şəhərinin yaxınlığında yerləşir. Burada arxeoloji qazıntı işləri Anri-dö Lümleyin rəhbərliyi altında hər il ardıcıl olaraq aprelin 1-dən başlayır və oktyabrın 1-dək davam edir. Aparılan arxeoloji qazıntı işlərində Fransa alimləri ilə birlikdə İtaliya, İspaniya, Çin, Tayvan, Ukrayna, Rusiya, Azərbaycan, Marokko, Gürcüstan və digər ölkələrin alimləri və tələbələri iştirak edirlər.

Kondel-Araqo düşərgəsində çöküntünün ümumi qalınlığı 17 metrə bərabərdir və 14 arxeoloji təbəqə qeydə alınmışdır. Düşərgədə aparılan arxeoloji qazıntılar zamanı ibtidai insana məxsus 4 kəllə qapağı və 5 çənə tapılmışdır. Bu tapıntılar Avropanın ilk sakinlərinə aid olub: qədim aşıl dövründə 450-600 min il bundan əvvəllər yaşamış qədim Araqo sakinlərinə məxsusdur. Düşərgədən paltoantropoloji tapıntılarla bərabər 100 minlərlə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır.

Son 50 ildə Fransa ərazisində professor Anri-dö Lümleyin rəhbərliyi ilə aparılan kompleks arxeoloji tədqiqat işləri zamanı paleolit, mezolit və neolit dövrlərinə aid düşərgələr və zəngin maddi mədəniyyət qalıqları tapılmışdır. Həmin maddi mədəniyyət qalıqları əsasında Fransanın Paris, Nis, Kənson, Totavel və digər şəhərlərində “Avropanın ilk sakinləri” adlı arxeoloji muzeylər təşkil olunmuşdur. Arxeoloji tapıntılar əsasında daş dövrü insanlarının həyat tərzi, alət hazırlama texnika-tipologiyası, heyvanat aləmi, bitki örtüyü və ayrı-ayrı arxeoloji mədəniyyətlərin xüsusiyyətləri tədqiq olunur.

Dünya paleolit məktəbinin əsası XIX əsrdə Fransada qoyulmuşdur. İstər XIX, istər XX və istərsə də XXI əsrlərdə arxeoloji tədqiqat işləri aparmış Fransa alimləri bu məktəbi daha da zənginləşdirmiş və yeni-yeni paleolit düşərgələri aşkar edərək, Fransa ərazisində ibtidai insanların məskunlaşma tarixini bir milyon ilə bərabər olmasını arxeoloji tapıntılarla sübuta yetirmişlər.

2003-cü ilin fevral ayında Fransanın Totavel şəhərində keçirilən beynəlxalq arxeoloji konfransda mən “Azərbaycanın paleolit düşərgələri” adlı elmi məruzə ilə çıxış etdim. Məruzədə Azərbaycan ərazisində olan paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının xarakterik xüsusiyyətləri şərh olunmuşdu. Eyni zamanda, çoxtəbəqəli Azıx, Tağlar və Qazma paleolit düşərgələrinin arxeoloji materiallarının Qafqaz və Yaxın Şərq abidələri arasında mövqeyi elmi faktlarla təhlil olunmuşdur.

Beynəlxalq proqrama müvafiq olaraq Qafqazın paleolit düşərgələrinin və o cümlədən Dmanisinin arxeoloji tapıntıları tədqiq edilmiş və onların xarakterik xüsusiyyətləri araşdırılmışdır. 1991-2003-cü illərdə Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı zəngin maddi mədəniyyət qalıqları tapılmışdır. Dmanisidən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının dövrü paleomaqnit yolu ilə təyin olunmuş və düşərgədə qədim insanların 1,7-1,8 milyon il bundan əvvəlcədən məskunlaşması müəyyən edilmişdir. Buradan tapılmış paleoantropoloji qalıqlara şərti olaraq Nomo Dmanisi adı verilmişdir.

Beynəlxaq İNTAS-2000 proqramına uyğun olaraq Fransa, İtaliya, İspaniya, Rusiya, Gürcüstan və Hollandiya alimləri bizim dəvətimizlə Bakıya gələrək Azıx, Tağlar, Qazma, Daşsalahlı, Buzeyir və digər paleolit düşərgələrinin maddi mədəniyyət qalıqları ilə tanış olmuşlar.

Avropa alimlərindən Anri-dö Lümley, Mariya Antuanetta dö Lümley, D.Lordkipanidze, M.Nioradze, A.Vekua, Sala, Ciakobini, Karbonelli və başqaları Azərbaycanda daş dövrü üzrə aparılan elmi tədqiqat işlərinə yüksək qiymət vermiş və respublikanın paleolit abidələrindən tapılmış maddi mədəniyyət qalıqlarıın ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərini tədqiq etməklə bunların mühüm elmi əhəmiyyətə malik olmasını yekdilliklə qeyd etmişlər.

Avropa alimləri ilə 2001-2006-cı illərdə apardığımız birgə elmi tədqiqatlar nəticəsində Azıx paleolit düşərgəsində ibtidai insanların 2,5 milyon il bundan əvvəllər məskunlaşması arxeoloji materiallar əsasında sübuta yetirilmişdir, Quruçay arxeoloji mədəniyyətin Qafqaz və Yaxın Şərqdə ən qədim mədəniyyət olması müəyyən edilmişdir.

Ararılan arxeoloji tədqiqatlar zamanı Qafqaz və Yaxın Şərq ərazisində qədim aşel mədəniyyətinə aid ən zəngin maddi mədəniyyət qalıqlarının Azıx paleolit düşərgəsinin VI təbəqəsinin tapılması müəyyən olunmuşdur.

Aparılan beynəlxalq arxeoloji tədqiqatlar zamanı Tağlar paleolit düşərgəsindən tapılmış arxeoloji və paleontroloji materialların müstye mədəniyyətinə aid ən qədim tapıntılar olması və neandertal tipli insanların inkişaf edib homo sapiens tipli kamil insanlara çevrilməsi elmi faktlarla sübuta yetirilmişdir. Eyni zamanda, Azərbaycan ərazisində mustye mədəniyyətinin 120 min il bundan əvvəl başlaması müəyyən edilmişdir.

 

 

Əsədulla CƏFƏROV,

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2009.- 21 aprel.- S. 5.