Yeni Dövlət Proqramı daha çox sosialyönümlüdür

 

2009-cu il aprelin 14-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar yeni Dövlət Proqramı haqqında fərman verib. Dövlət Proqramı 2009-2013-cü illəri əhatə edir.

Prezident fərmanında deyilir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)” və “Bakı şəhərinin qəsəbələrinin 2006—2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində, yoxsulluğun azalmasında mühüm rol oynamışdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində ötən beş ildə ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmışdır. Bunun nəticəsində isə 547,5 min daimi yeni iş yeri açılmışdır, yoxsulluğun səviyyəsi isə 13,2 faizə düşmüşdür. Son beş ildə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, əhalinin gəlirləri isə 4 dəfə artmışdır.

Prezident fərmanında deyilir ki, Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafı sürətlənməkdədir. 2009—2013-cü illəri əhatə edən Dövlət Proqramının “giriş” hissəsində isə aydın şəkildə deyilir ki, 1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır. O cümlədən Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2006-cı il 27 fevral tarixli sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007- ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” nı təsdiq etmişdir. Bu Proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilmişdir.

Proqramlarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Odur ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə də “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmışdır.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək istismara buraxılmışdır. Eyni zamanda, Bakı şəhərinin sərnişin nəqliyyatında hərəkətin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu sistemin tətbiqi ilə Bakı şəhəri üzrə sərnişin daşınmasında və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına nail olunacaqdır.

Ötən müddət ərzində Bakı şəhərində bir sıra yol qovşağı və piyada keçidi istifadəyə verilmiş, ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuşdur. Ölkənin 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan “Bakı dairəvi yolu”nun, metronun “Əzizbəyov” stansiyası dairəsindən Heydər Əliyev Hava Limanına qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, habelə Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi ölkə paytaxtının nəqliyyat sisteminin yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən “Nəsimi” stansiyası inşa olunmuş, “İçərişəhər” və “28 May” stansiyaları yenidən qurulmuşdur, “Azadlıq prospekti” stansiyasının inşası isə artıq tamamlanmaq üzrədir.

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkli suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilməkdədir. Bibiheybət və Sabunçu rayonu ərazisində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/gün olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir.

Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün “Təmiz Şəhər” ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantıları zavodunun inşası və Dünya Bankının “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Müasir dövrdə ölkədə əlverişli biznes mühitinin formalaşmasında və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rabitə xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən müddət ərzində regionlarda rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müasir tipli avtomat telefon stansiyaları tikilmiş və yenidən qurulmuş, yeni poçt binaları istifadəyə verilmişdir.

Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Bu müddət ərzində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmişdir.

Azərbaycan Respublikasında təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Dövlət Proqramının qəbulundan ötən beş il ərzində 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi, o cümlədən 28 internat məktəbi əsaslı təmir olunmuş, 8 uşaq bağçası bərpa edilmiş, müasir avadanlıqlarla təmin olunmuşdur.
Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcəkdir.

Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcəkdir.
Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaqdır.

Son illər ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün yaranmış əlverişli mühit nəticəsində yeni tikilən yaşayış və məişət obyektlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu da, şəhərsalma qanunvericiliyinə əsasən, müvafiq kommunal infrastrukturun yenidən qurulmasını və bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətlərin təşkilini zəruri edir. Bu sahədə həyata keçirilməsi planlaşdırılan məqsədyönlü islahatlar nəticəsində ölkədə mənzil-kommunal təsərrüfatı sahələrində istehlakçılara göstərilən xidmətlərin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması nəzərdə tutulmuşdur.

Qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənəcəkdir. Ölkədə bütün əhali təbəqələri üçün müasir tələblər səviyyəsində qurulmuş təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki və tədris-metodiki şəraitin yaradılması və bu zəmində təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması dövlətin sosial siyasətində əsas yer tutur. Eyni zamanda, ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara ehtiyacın ödənilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etmək prioritet olacaqdır. Bu məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə aşağıdakı tədbirlər həyata keçiriləcəkdir: təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması; yeni məktəblərin inşası, məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması; təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminatının yaxşılaşdırılması; şagirdlərin pulsuz dərsliklərlə təmin edilməsi və məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi; əhalinin bütün təbəqələri üçün təhsil almaq imkanlarının bərabərləşdirilməsi; xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin yaxşılaşdırılması; məktəbəqədər təhsil sahəsində islahatların sürətləndirilməsi, belə təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi və ehtiyac duyulan şəhər, kənd və qəsəbələrdə müasir səviyyədə yeni məktəbəqədər müəssisələrin yaradılması; peşə və ali təhsil sistemində islahatların gücləndirilməsi, o cümlədən kadr hazırlığının əmək bazarına uyğunlaşdırılması.

Elm sahəsində ən mühüm vəzifələrdən biri aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılması, elmi tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsindən ibarətdir. Qarşıdakı illərdə elm sahəsində aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi; ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi; dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi; elmi müəssisələrdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə işin daha da gücləndirilməsi; əhalinin sağlamlığının qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində elmi potensialdan səmərəli istifadə edilməsi; xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə yüksək ixtisaslı kadrların hazırlanması.

Dövlət Proqramının Bakı şəhəri və qəsəbələri üzrə tədbirlər planında 40 məsələ 8 bölmə üzrə qruplaşdırılıb: sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri; ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri; yol təsərrüfatı və nəqliyyat tədbirləri; elektrik enerjisi, istilik və qaz təchizatı; rabitə xidmətinin yaxşılaşdırılması tədbirləri; su təchizatı, kanalizasiya xidmətinin yaxşılaşdırılması tədbirləri; mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri; səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması. Bunların arasında yaşıllıqların salınması, neftlə çirklənmiş torpaqların rekultivasiyası və ümumi landşaft-arxitektura planına uyğun reabilitasiyası, su kəmərlərində boruların dəyişdirilməsi, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün ixtisaslaşmış müəssisələrin tikintisi, səhiyyə, məktəb, mədəniyyət ocaqlarının tikintisi , təmiri, müasir avadanlıqlarla təchizatı və digər məsələlər nəzərdə tutulub.

 

 

Vahid İMANOV

 

Xalq qəzeti.- 2009.- 18 aprel.- S. 5.