Masallı:
yeni Dövlət Proqramı sürətli sosial-iqtisadi
inkişafa tam təminat verir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu
il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqştisadi inkişafı Dövlət Proqramı”
ölkənin hər yerində olduğu kimi, Masallı
rayonunda da böyük ruh yüksəkliyi ilə
qarşılanıb. Mətbuatda dərc edilmiş Dövlət
Proqramının prioritet istiqamətləri, məqsəd və
vəzifələri, həmçinin ayrı-ayrı iqtisadi
rayonlar üzrə nəzərdə tutulan tədbirlərin
mahiyyəti rayon mərkəzində, qəsəbə və kəndlərdə,
kollektivlərdə ətraflı müzakirə olunur. Hər
kəs Azərbaycan dövlətinin sosialyönümlü
siyasətini ürəkdən bəyəndiyini, regionların
mövcud potensialından daha səmərəli istifadə etməklə
inkişafın sürətləndirilməsi məramını
alqışlayır.
Qəzənfər
AĞAYEV, Masallı Rayon İcra Hakimiyyətinin
başçısı:
— Regionların
inkişafına prioritet verilməsi dövlətimizin başçısının
yeritdiyi daxili siyasətin uğurlu istiqamətlərindən
biridir. Prezident İlham Əliyev 2004—2008-ci illəri əhatə
edən 1-ci Dövlət Proqramının icrasını şəxsi
nəzarətində saxlamış, bu məqsədlə
vaxtaşırı bölgələrə səfərlərə
çıxmışdır. Dövlət
başçısı beş ildə təkcə bizim rayona 4
dəfə gəlmiş, işlərin vəziyyəti ilə
tanış olmuş, tövsiyələr vermişdir. Bu isə
yerlərdə məsuliyyət hissinin, eləcə də
uğurların artmasına səbəb olmuşdur. Ötən
beş ildə sosial-iqtisadi inkişaf sahəsində
qazanılan mühüm nailiyyətlər bunu təsdiq edir. Baxın,
beş ildə Azərbaycanda 27,5 mindən çox yeni müəssisə
yaradılıb, 766 min iş yeri açılıb. Qeyri-neft
sektoru dinamik inkişaf edib, ölkədə yoxsulluq səviyyəsi
13,2 faizədək azalıb. Dünyanın heç bir ölkəsi
bu dövrdə Azərbaycan kimi sürətli inkişaf yolu
keçməyib. Fərəhlidir ki, ötən il
açıqlanan mötəbər beynəlxalq hesabata görə,
Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi
sahəsində dünya üzrə Ən
İslahatçı Ölkə elan edilib.
Ötən beş il Lənkəran
iqtisadi rayonuna daxil olan Masallıda da əsl dönüş və
tərəqqi dövrü kimi səciyyələnib. Rayonumuzda
buraxılan ümumi məhsul istehsalı 2003-cü illə
müqayisədə 2,5 dəfə artaraq 235 milyon manata
çatıb. Yeni yaradılan iş yerlərinin sayı 14
mini keçib. Təkcə ötən il rayonda sənaye
yönümlü 18 yeni müəssisə açılıb,
19 mövcud müəssisənin istehsal həcmi genişlənib.
Dövlət Proqramından öncə təkcə Masallı
şəhəri təbii qaz alırdısa, indi 30-dan artıq
yaşayış məntəqəmiz mavi yanacaqla təmin
olunur. Rayonda 24 saat elektrik enerjisinin verilişi
üçün şərait yaradılıb. İnfrastruktur
təminatı xeyli yaxşılaşıb. Rayon mərkəzinə
6 kilometrlik məsafədən gətirilən içməli
su xətti 17 kilometrlik rayondaxili şəbəkələrə
paylanıb, içməli su 61 bulaq vasitəsilə əhalinin
istifadəsinə verilib. Abonentlərin 75 faizi elektron ATS-lərin
xidmətindən istifadə edir. Beş ildə Masallıda 21
məktəb tikilib. Müasir Olimpiya İdman Kompleksi əsl
memarlıq incisini xatırladır. Z.Əliyeva adına Göz
Xəstəlikləri İnstitutunun Masallı filialı
regional əhəmiyyət daşıyır. Aztəminatlı
ailələr üçün artıq 3-cü
yaşayış binası tikilir. Altı bankın rayonumuzda
filial və şöbələri fəaliyyət göstərir.
Şəhərimizdə 9 mərtəbəli gözəl
binalar tikilir. Hər tərəf abadlaşdırılıb.
Bu ilin ilk üç
ayında da Masallıda tikinti-quruculuq işləri eyni sürətlə
davam etdirilib. Yeni sosial-məişət, xidmət obyektləri
istifadəyə verilib. Əgər dünyanı bürüyən
iqtisadi böhran Azərbaycanda da çətinlik
yaratmış olsaydı, biz bu qədər genişmiqyaslı
quruculuq tədbirlərini reallaşdıra bilməzdik. Özünüz baxın: fevral ayında Yeyənkənd
kəndində 480 yerlik yeni məktəb binası, Ərkivan
qəsəbəsində Sağlamlıq mərkəzi, sonra
“Bank Respublika”nın filialı üçün bina, 30-dan
artıq fərdi yaşayış evi, mebel satışı mərkəzləri,
xidmət və ticarət obyektləri tikilərək istifadəyə
verilib. Tüklə kəndi istiqamətində 2,2 kilometr asfalt
yol salınıb. İlin əvvəlindən 422 yeni iş
yeri yaradılıb.
Yeni inkişaf
proqramına nəzər salaq. Burada bizim Masallı rayonuna dair
16 bənddən ibarət tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub. Bunlar əsasən
tikinti materialları və ağac emalının genişləndirilməsi,
aqrar sahənin — heyvandarlıq, taxılçılıq və
tərəvəzçiliyin dəstəklənməsi,
yolların çəkilişi və əsaslı təmiri,
elektrik enerjisi, istilik və qaz təchizatının
yaxşılaşdırılması, Masallı şəhərinin
su və kanalizasiya sisteminin yenidən qurulması, sosial
müdafiənin gücləndirilməsi, təhsilin və səhiyyənin
daha da inkişaf etdirilməsi ilə əlaqədardır. Proqramda
tikinti-quruculuq işlərinə də geniş yer
ayrılıb. Göründüyü kimi, dövlətin
regionların, o cümlədən də Masallının
inkişafına diqqəti və qayğısı
qarşıdakı beş ildə daha artıq olacaq. Biz nəzərdə
tutulan mühüm vəzifələrin layiqincə yerinə
yetirilməsinə nail olmaqdan ötrü gecəli-gündüzlü
çalışmaq əzmindəyik.
Masallıda məktəb
tikintisi ilbəil genişlənir. RİH memarlıq və tikinti şöbəsinin
müdiri Cəmil Məmmədovun bu barədə dedikləri:
— Dövlətimizin
prioritet verdiyi sahələrdən biri və bəlkə də
birincisi təhsil müəssisələrinin tikintisidir. 2004-2008-ci
illərdə regional inkişaf Dövlət Proqramı üzrə
ölkəmizdə 636 yeni məktəb inşa edilib, 192 məktəb
əsaslı təmir olunub, 243 əlavə sinif otağı
tikilərək istifadəyə verilib. Təkcə Heydər Əliyev
Fondunun təşəbbüsü ilə ötən müddətdə
238 məktəbin tikintisi, 39 məktəbinsə əsaslı
təmiri reallaşdırılıb. Bu baxımdan Masallı
da istisna təşkil etməyib. Qeyd olunduğu kimi, beş ildə
rayonumuzda 21 yeni məktəb tikilib, 5 məktəb əsaslı
təmir edilib. “Dəfinə” liseyi, Yeddioymaq, 1-ci
Şıxlar, Təzə Alvadı, Xanalion, Rüdəkənar,
Kalinovka məktəbləri ötən il müasir
avadanlıqla tam təchiz edilmiş halda istifadəyə
verilib. Dövlət Proqramının tərkib hissəsi kimi
ötən il inşasına başlanmış Hişkədərə
kənd orta məktəbində isə indi artıq son tamamlama
işləri gedir. Banbaşı kənd orta məktəbinin
tikintisi davam edir. Cari ilin yanvar ayından Sığdaş kənd
orta məktəbinin də inşasına başlanıb.
Yeni Dövlət
Proqramını diqqətlə oxumuşam. Demək olar ki,
bütün iqtisadi rayonlar üzrə yenə də məktəb
binalarının, habelə əlavə sinif otaqlarının
inşası və mövcud təhsil ocaqlarının əsaslı
təmiri nəzərdə tutulub. Bu, o deməkdir ki, dövlətimiz
strateji sahə sayılan təhsil sisteminin inkişafına
çox böyük önəm verir. Bu da təbiidir. Axı,
millətin gələcəyi məhz təhsil sisteminin səviyyəsindən
asılıdır. Qarşıdakı dövrdə bizim
Masallıda da yeni-yeni məktəblərin inşa ediləcəyi
şübhəsizdir.
Yeni Dövlət
Proqramında ölkədə sosial siyasətin başlıca
məqsədi kimi əhalinin, o cümlədən regionlarda
yaşayan vətəndaşların həyat şəraitinin
daha da yaxşılaşdırılması nəzərdə
tutulur. Masallı rayon Əhalinin
Sosial Müdafiə Mərkəzinin direktoru Azər Abdullayev
bununla bağlı ürək sözlərini bizimlə
bölüşdü:
— Dövlət
Proqramında əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi
əsas vəzifə kimi qarşıya belə qoyulub: “Əhalinin
sosial müdafiəsi sahəsində aparılan tədbirlərin
əsas istiqamətlərindən biri aztəminatlı əhali
qrupları üzrə sosial müavinətlərin
artırılması, sosial müdafiəyə ehtiyacı olan
şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin
yaxşılaşdırılması və ümumilikdə
ölkədə yoxsulluq səviyyəsinin
azaldılmasından ibarət olacaqdır. Vətəndaşların
sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin
təmin olunması məqsədilə pensiya təminatı
sistemini təkmilləşdirmək və onun səmərəliliyini
artırmaq sahəsində tədbirlərin davam etdirilməsi
nəzərdə tutulur”. Bu məqsədlə aztəminatlı
ailələrə ünvanlı sosial yardımın göstərilməsi
üçün müvafiq tədbirlər davam etdiriləcək,
Qarabağ əlilləri və şəhid ailələrinin mənzil
şəraiti yaxşılaşdırılacaq, uşaq və
ailə mərkəzləri, o cümlədən xüsusi
istirahət mərkəzləri və ixtisaslaşmış
xidmət müəssisələri yaradılacaq.
Fərəhli haldır
ki, Masallı rayonu üzrə nəzərdə tutulan konkret tədbirlərdən
biri burada yetkinlik yaşına çatmayan kimsəsiz
uşaqlar üçün ixtisaslaşdırılmış
müəssisələrin yaradılması ilə
bağlıdır. Bu, əhalinin qayğıya daha çox
ehtiyac duyan, cəmiyyətdən himayə uman təbəqəsinə,
valideynlərini itirmiş məsum uşaqlara dövlətimizin
böyük qayğısının daha bir parlaq təzahürü
olacaqdır.
Yeni Dövlət
Proqramında əhalinin sağlamlığının daha
etibarlı qorunması, səhiyyənin inkişafı məqsədilə
bir sıra konkret vəzifələr də öz əksini
tapıb. Masallı Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi Cəlil Nəzərov:
— Dövlət
Proqramını rayonumuzun çoxsaylı tibb işçiləri
diqqətlə oxuyublar. Səhiyyənin inkişafına
göstərilən qayğıdan çox razıyıq.
İnkişaf və tərəqqi ilə bağlı bu
möhtəşəm dövlət sənədində 2009-2013-cü
illərdə regionlarda həyata keçiriləcək tədbirlərin
əhalinin sağlamlığına, tibbi xidmətlərin
keyfiyyətinin yüksəldilməsinə, Azərbaycanda
yüksək standartlara cavab verən səhiyyənin
qurulmasına təminat verəcəyi qeyd olunub. Məqsədə
nail olmaq üçün səhiyyə sahəsində
dövlət siyasətinin əsas istiqamətləri də
Proqramda aydın əksini tapıb. Bunlar pulsuz xidmətin
genişləndirilməsi, aztəminatlı əhali təbəqəsinin
müayinə və müalicəsi ilə bağlı tədbirlər
sisteminin hazırlanıb həyata keçirilməsi, tibbi
profilaktikanın yüksəldilməsi, ana və
uşaqların mühafizəsi və qidalanmasının
yaxşılaşdırılması, tibbi kadr
hazırlığının təkmilləşdirilməsi, səhiyyə
müəssisələrinin dərman və avadanlıq təminatı,
maddi-texniki təchizat və yeni səhiyyə müəssisələrinin
inşasından ibarətdir.
Masallı rayonunda səhiyyə
dinamik inkişaf edən sahələrdəndir. Ötən illərdə
burada regional təcili yardım stansiyası təşkil
edilib. Rayonlararası Ağ Ciyər Xəstəlikləri
Dispanseri əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz
edilib. Ötən ilin payızında Prezident İlham Əliyevin
Masallıya səfəri zamanı region üçün əhəmiyyətli
və bölgələrdə ilk dəfə olaraq məhz
bizim rayonda yaradılan Zərifə Əliyeva adına
Göz Xəstəlikləri İnstitutunun filialı
açılıb. Mərkəzi rayon xəstəxanasının
şöbələrində əsaslı təmir işləri
davam etdirilib, təchizat xeyli yaxşılaşıb. Ötən
il Köhnə Alvadı,
Hüseynhacılı, Köçəkli, Banbaşı kəndlərində
feldşer-mama məntəqələri tikilib. Ərkivan
Sağlamlıq mərkəzi də artıq əhalinin xidmətindədir.
Rayonumuzun ağxalatlıları bir ildə əməkhaqlarının
37,9 faiz artmasından razıdırlar. Dövlət Proqramına əsasən, Səhiyyə
Nazirliyi konkret olaraq gələn ildən Masallının səhiyyə
müəssisələrinin təmiri, ən müasir zəruri
avadanlıqlarla təchiz edilməsi və yenilərinin
tikintisi üzrə genişəhatəli işləri həyata
keçirəcək. Bununla da əhalinin
sağlamlığının daha etibarlı qorunması təmin
ediləcək.
İldırım
ALLAHYAROV, sahibkar:
Mən İstisu
“Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasına rəhbərlik
edirəm. Yeni Dövlət Proqramında turizmin inkişafı
istiqamətlərinə xüsusi yer ayrılıb. Rayonumuzda
ötən beş ildə bu yönümdə az iş
görülməyib. Elə bizim sanatoriya da xeyli
abadlaşıb, böyüyüb, xidmət dairəsi
genişlənib. Ötən mövsüm gündəlik 160 nəfərə
xidmət edə bilmişik. Müxtəlif regionlardan, hətta
xaricdən də buraya müalicəyə və istirahətə
gələnlər olub.
Masallıda
sahibkarlığa hərtərəfli dəstək göstərilir.
İstehsal və xidmətlərin həcmində özəl
bölmənin payı 98 faizə çatıb. Qəzənfər
müəllim qayğı və problemlərimizin həllinə
hər zaman həssaslıqla yanaşır, əlindən gələn
köməkliyi əsirgəmir. Biz bundan ruhlanırıq, Vətənə
daha çox xeyir verməyə çalışırıq.
Qarşıdakı yay istirahət mövsümü ilə əlaqədar
bir çox yeniliklərimiz var.
Ötən beş ildə
Masallıda 36 turizm-istirahət mərkəzi fəaliyyətə
başlayıb, bunun da yarıya qədəri artıq
müvafiq lisenziya ilə xidmət göstərir. Rayonda
gündəlik turist qəbulu ən azı 1100 nəfəri əhatə
edir. 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair
Dövlət Proqramında göstərilir: “Turizmi
iqtisadiyyatın yüksək gəlirli sahəsinə
çevirmək, sosial və ekoloji tələblərə
cavab verəcək səmərəli və rəqabətqabiliyyətli
müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni
iş yerlərinin açılmasını təmin etmək
qeyri-neft sektorunun inkişafı istiqamətində
qarşıda duran mühüm vəzifələrdəndir”. Dövlət
Proqramında həmçinin turizmin başlıca inkişaf
istiqamətləri də göstərilib. Bu,
qarşıdakı beş ildə sahibkarlıq fəaliyyətimizin
əsas özəyini təşkil edəcək və daha
sürətli inkişafa təkan verəcək. Dövlət
başçısının xüsusi fərmanla təsdiqlədiyi
proqramın bütün müddəalarını bəyənir
və yüksək qiymətləndiririk.
Yeni Dövlət
Proqramında Masallı rayonunun mədəniyyət müəssisələrinin
təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin
bərpası və konservasiyası da nəzərdə
tutulub. Bu tədbirlər 2010-2013-cü illərdə
reallaşdırılacaq. Rayon
mədəniyyət şöbəsinin müdiri, əməkdar
mədəniyyət işçisi Lətifə
Mövsümovanın fikirləri maraq doğurur:
— Həyatımız
inkişaf etdikcə, güzəranımız
yaxşılaşdıqca ölkəmizdə mədəniyyət
sahəsinin inkişafı da labüdləşir. Artıq
bölgələrdə, ən ucqar kəndlərdə belə
klub və kitabxanaların təmir edilməsi, maddi-texniki
bazanın möhkəmləndirilməsi adi hal alıb. Dövlətimiz
qüdrətləndikcə mədəni-maarif müəssisələri
də yenidən qurulur, müasir səviyyəyə
çatdırılır. Hətta ayrı-ayrı vətəndaşlar
da öz qəlblərinin hökmü ilə bu işə
töhfələr verməkdən məmnunluq duyurlar.
Təsəvvür edin
ki, Masallının ucqar kəndlərinin birində kimsə
xeyriyyəçilik məqsədilə kitabxana və klubu təmir
etdirməyi öz öhdəsinə götürür. Bu, təkcə
maddi imkanın artması deyil, həm də vətənpərvər
təşəbbüskarlığın, mədəni səviyyənin
yüksəlməsi amilidir.
Son illərdə
Masallıda yeni muzeylər, istirahət parkları
yaradııb. Vaxtaşırı paytaxtın peşəkar
musiqi kollektivləri, teatrların yaradıcı heyətləri
rayonumuza qastrol səfərlərinə gəlir və
böyük məhəbbətlə, istəklə
qarşılanırlar. Camaat yaxşı
çalışdığı, maddi tələbatını
yetərincə ödədiyi kimi, yaxşı da dincəlmək,
istirahət etmək istəyir. Bundan ötrü isə indi
artıq hər cür şərait var. Şəhər mədəniyyətinin
başlıca elementlərinin rayonlara, ucqar əyalət mərkəzlərinə
də nüfuz etməsi fərəh doğurmaya bilməz. Dövlət
Proqramında bu barədə mühüm müddəalar var. Bu möhtəşəm inkişaf və tərəqqi
sənədində göstərilir ki, mədəniyyət sahəsində
dövlət siyasətinin strateji məqsədləri ölkənin
mədəni potensialının, sərvətlərinin və ənənələrinin
qorunub-saxlanmasından və inkişaf etdirilməsindən,
yaradıcılıq və təhsil sisteminin təkmilləşdirilməsindən
ibarətdir. Bu məqsədlə
regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsi,
mədəni irsin qorunmasının təmin edilməsi, o
cümlədən daşınar mədəniyyət sərvətlərinin,
muzey fondlarının sayının artırılması, muzey
işi sahəsində sistemli islahatların
aparılması, kitabxana fondlarında müasir kompleksləşdirmə
mexanizminin yaradılması, kitabxanaların informasiya təminatı
şəbəkəsinin yaradılması kimi məsələlər
önə çəkilib.
İnanıram ki, yeni
Dövlət Proqramının da uğurlu icrası
bütövlükdə mədəni həyatımızı
daha da mənalı, maraqlı, zəngin edəcək, milli-mənəvi
dəyərlərimizə hər kəsdə tükənməz
ehtiram hissi aşılayacaqdır.
Masallıda söhbət
etdiyimiz adamların hamısı yeni Dövlət
Proqramının əhəmiyyətini beləcə layiqincə
dəyərləndirdi. Kənd təsərrüfatının
inkişafı, yeni iş yerlərinin yaradılması, sosial
təminat, daxili bazarın qorunması və burada sağlam rəqabət
mühitinin formalaşdırılması, infrastruktur layihələrin
tətbiqi kimi həyati əhəmiyyətli məsələlərdə
dövlətin qarşıya qoyduğu vəzifələrin
sözsüz həyata keçiriləcəyinə möhkəm
əminlik ifadə olundu. Obrazlı şəkildə desək,
yeni Dövlət Proqramının daha aydın sabahlara, daha
xoşbəxt gələcəyə aparan yolda mayak kimi
parlayacağına əhali arasında güclü inam var.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 18 aprel.- S. 6.