Neft qaz hasilatına dair rüblük tapşırıqlara əməl olunmuşdur

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən neft hasilatında əldə olunmuş sabitliyin qorunub saxlanması, eləcə də qaz istehsalının artırılması istiqamətində ilin əvvəlindən etibarən mühüm tədbirlər həyata keçirilmişdir. Neft sənayesinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatla bağlı əvvəlki illərdə müşahidə olunan çətinliklərin tam aradan qaldırılması və s. tədbirlərin iqtisadi səmərəsi getdikcə artır. Məhz bunun nəticəsidir ki, son illər Dövlət Neft Şirkəti üzrə neft və qaz hasilatına dair proqnoz tapşırıqları bir qayda olaraq vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir.

Ötən ili yüksək əmək nailiyyətləri, uğurlu göstəricilərlə başa vurmuş ölkə neftçiləri 2009-cu ilin ilk rübünün hasilat tapşırıqlarına da artıqlaması ilə əməl etmişlər. Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, cari ilin yanvar-mart aylarında ARDNŞ üzrə qaz kondensatı da daxil olmaqla 2 milyon 196,43 min ton neft hasil olunmuşdur. İlin ilk üç ayı ərzində çıxarılmış ümumi neftin 1 milyon 796,95 min tonu “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür. Hesabat dövründə “Bibiheybət”, “Qum adası”, “28 May” və “Neft Daşları” neft və qazçıxarma idarələrinin hasilat göstəriciləri daha yüksək olmuşdur.

Dövlət Neft Şirkətinin ölkəmizdə fəaliyyət göstərən xarici tərəfdaşları ilə birgə həyata keçirdiyi layihələrin də iqtisadi səmərəsi aybaay, ilbəil artır. Ötən 10 ildə mütərəqqi texnologiyaların tətbiqi, infrastrukturun yeniləşdirilməsi və həyata keçirilən digər tədbirlər köhnə mədənlərdə neft hasilatının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Qurudakı yataqların istismarını həyata keçirən müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən, eləcə də Dövlət Neft Şirkətinin “Azəri — Çıraq — Günəşli” və “Şahdəniz” layihələri üzrə payı çərçivəsində ilin birinci rübü ərzində 399,54 min ton neft və qaz kondensatı hasil edilmişdir. Bundan əlavə, yanvar-mart aylarında müştərək müəssisələr və əməliyyat şirkətlərindən alınan yerli bazar nefti 80,33 min ton təşkil etmişdir.

2009-cu ilin ilk rübü ərzində Dövlət Neft Şirkəti üzrə emala 1 milyon 492,62 min ton neft təhvil verilmişdir. Hesabat dövründə şirkətin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Azərbaycandan xaricə 623,38 min ton neft ixrac olunmuşdur.

Son illər ölkəmizdə qaz hasilatının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Artıq həmin tədbirlərin müsbət nəticələri getdikcə daha çox hiss olunur. Belə ki, Dövlət Neft Şirkəti tərəfindən yeni qaz proqramının uğurla reallaşdırılması, yığım-nəql sisteminin təkmilləşdirilməsi, yeni quyuların qazılıb istismara verilməsi nəticəsində ölkədə əvvəlki illərdə müşahidə olunan qaz böhranının qarşısı tamamilə alınmışdır. Hətta son zamanlar Dövlət Neft Şirkəti üzrə qaz hasilatı iki dəfəyə yaxın artmışdır ki, bu da əhalinin və iqtisadiyyatın “mavi yanacaq”la təminatının xeyli yaxşılaşdırılmasına imkan yaratmışdır. Təsadüfi deyil ki, son illər təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respubilkasına “mavi yanacağın” verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi, Beyləqan rayonları və Ağdam rayonunun Quzanlı qəsəbəsinin, eləcə də ölkənin bir sıra kənd və qəsəbələrinin qazlaşdırılması başa çatdırılmışdır.

Ölkənin “mavi yanacağa” olan tələbatının ödənilməsi, eləcə də ixrac imkanlarının genişləndlirilməsi qaz hasilatının daha da artırılmasını tələb edir. Məhz buna görədir ki, son zamanlar bu istiqamətdə həyata keçirilən tədbirlər getdikcə intensiv xarakter alır. 2009-cu ilin yanvar-mart aylarında Dövlət Neft Şirkəti üzrə 2 milyard 64,24 milyon kubmetr qaz hasil olunmuşdur. Hesabat dövründə çıxarılan ümumi qazın 1 milyard 904,85 milyon kubmetri “Azneft” İstehsalat Birliyinin tabeliyində olan neft və qazçıxarma idarələrinin payına düşmüşdür. Bununla yanaşı, cari ilin ilk rübündə “Şahdəniz” layihəsi çərçivəsində ARDNŞ- in qaz payı 159,39 milyon kubmetr təşkil etmişdir. “Azəri—Çıraq—Günəşli” layihəsinin uğurla reallaşdırılması neftlə yanaşı, səmt qazı istehsalının da ilbəil artırılmasına imkan yaradır. 2009-cu ilin ilk üç ayı ərzində adı çəkilən layihə üzrə Dövlət Neft Şirkətinə əvəzsiz olaraq 1 milyard 54,25 milyon kubmetr qaz verilmişdir. Bundan əlavə, hesabat dövründə “Şahdəniz” layihəsinin iştirakçıları tərəfindən ARDNŞ-ə satılan qazın həcmi 324,57 milyon kubmetr təşkil etmişdir.

İlin əvvəlindən ötən üç ay ərzində qazın təhvili planı üzrə də yüksək göstəricilər qeydə alınmışdır. Belə ki, yanvar-mart aylarında dövlətə 3 milyard 105 milyon 576,7 min kubmetr qaz təhvil verilmişdir ki, bunun da 1 milyard 700 milyon 740 min 676 kubmetri ARDNŞ-in, 1 milyard 404 milyon 836 min 76 kubmetri isə konsorsiumun payına düşmüşdür. Rüb ərzində daxili bazarda satılmış 2 milyard 904,79 milyon kubmetr qazın 1 milyard 516,68 milyon kubmetri yerli istehlakçıların “mavi yanacağa” olan tələbatının ödənilməsi üçün “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Qazın 1 milyard 388,08 milyon kubmetri isə ölkənin istilik elektrik stansiyalarının normal fəaliyyətinin təminatı üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Yanvar-mart aylarında Dövlət Neft Şirkəti tərəfindən xaricə satılmış “mavi yanacağın” həcmi isə 357,48 milyon kubmetr təşkil etmişdir.

Dövlət Neft Şirkətində neft hasilatında sabitliyi qorumaq, həmçinin qaz istehsalını artırmaq məqsədilə bir sıra texniki və geoloji tədbirlərə, eləcə də cari və əsaslı təmir işlərinə xüsusi diqqət yetirilir. Onu da deyək ki, hazırda bu sahədə həyata keçirilən tədbirlərin keyfiyyətinə xüsusi diqqət yetirildiyindən onların iqtisadi səmərəsi artır. 2009-cu ilin birinci rübündə “Azneft” İstehsalat Birliyi üzrə 870 əvəzinə 1071 texniki tədbir həyata keçirilmiş, nəzərdə tutulmuş 13 min 913 ton əvəzinə 17 min 217 ton əlavə neft alınmışdır. Hesabat dövründə həyata keçirilmiş geoloji tədbirlərin iqtisadi səmərəsi isə daha yüksək olmuşdur. Belə ki, üç ay ərzində mədənlərdə nəzərdə tutulmuş 184 əvəzinə 195 belə tədbir həyata keçirilmiş və nəticədə 21 min 823 ton əlavə neft (nəzərdə tutulduğundan 6966 ton çox) çıxarılmışdır. Bundan əlavə, yanvar-mart aylarında “Azneft” İstehsalat Birliyi üzrə nəzərdə tutulmuş 297 əsaslı və 8340 təmirə qarşı, quyularda faktiki olaraq 365 əsaslı və 8460 cari təmir işləri həyata keçirilmişdir. Birinci rüb ərzində əsaslı təmirdən sonra istismara daxil edilmiş quyulardan 28 min 752,3 ton neft hasil olunmuşdur.

Neft və qaz hasilatında digər vacib amillərdən biri də qazma işlərinin intensivliyindən asılıdır. Bu baxımdan təqribən iki il əvvəl şirkətin tərkibində ayrıca bir qurumun — Kompleks Qazma İşləri Trestinin yaradılmasını xüsusi qeyd etmək lazımdır. Məhz adı çəkilən qurumun fəaliyyətə başlaması dənizdə, eləcə də 160 ildir istismarda olan qurudakı yataqlarda qazma işlərinin xeyli intensivləşməsinə səbəb olmuşdur. 2009-cu ilin yanvar- mart aylarında ARDNŞ üzrə 47742 metr qazma işi həyata keçirilmişdir. Bu isə qazmadan alınan yeni quyuların sayının artmasına səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, cari ilin ilk üç ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə qazmadan 16 əvəzinə 21 quyu alınmış və nəticədə onlardan 14 min 254 ton əlavə neft hasil edilmişdir. Göründüyü kimi, kəşfiyyat və istismar qazmasının həcminin ilbəil artması yeni neft və qaz ehtiyatlarının aşkara çıxarılmasına, eləcə də onların hasilatına geniş imkanlar yaradır.

Dövlət Neft Şirkəti üzrə hasilat göstəricilərinin getdikcə yaxşılaşması dövlət büdcəsinə ödəmələrin həcminin artmasına səbəb olmuşdur. Təkcə bu ilin mart ayında şirkət üzrə dövlət büdcəsinə 89 milyon 914 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7 milyon 865 min manat (109,6 faiz) çoxdur. Bundan əlavə, hesabat dövründə 8 milyon 240 min manat (ötən ilin mart ayı ilə müqayisədə 1 milyon 27 min manat çox) vəsait ödənilmişdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 18 aprel.- S. 6.