Azərbaycan Uşaq Fondu “Uşaq ili” ilə bağlı tədbirlərini açıqladı
Dünən Azərbaycan
Uşaq Fondu 2009-cu ilin Prezident İlham Əliyev tərəfindən
“Uşaq ili” elan edilməsi ilə bağlı fondun yerli
şöbələrinin iştirakı ilə geniş
yığıncaq keçirdi. Yığıncaqda fondun
2008-ci ildəki fəaliyyətinə də yekun vuruldu. Tədbirdə
Nazirlər Kabinetinin, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin, Bakı Şəhər
İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak edirdilər.
Azərbaycan
Respublikası Uşaq Fondunun sədri, akademik İsmayıl
İbrahimov bildirdi ki, fond 1988-ci il aprelin 14-də
yaradılıb. 1991-ci ildə Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra isə müstəqil
şəkildə fəaliyyətini davam etdirib. İsmayıl
İbrahimovun sözlərinə görə, Azərbaycanda
Uşaq Fondunun yaradılması ideyasının gerçəkləşməsində
ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri
olub. Bu ideya meydana gələndə görkəmli dövlət
və siyasi xadim Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində çalışıb və
SSRİ hökumətinin Azərbaycan Uşaq Fondunun
yaradılmasına hərtərəfli dəstək verməsini
təmin edib. Fond sədri bunu Heydər Əliyevin uşaqlara
qarşı həmişə qayğıkeş və diqqətli
olması ilə əlaqələndirdi.
Sədrin sözlərinə
görə, ölkəmizdə Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev
də ulu öndər tərəfindən qoyulmuş ənənələri
yorulmadan davam etdirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan
Uşaq Fondu son dövr tariximizin heç bir mərhələsində
diqqətdən kənarda qalmayıb, inkişafını davam
etdirib. Bu gün isə fond uşaqların daimi xeyirxahı,
qayğıkeşi kimi fəaliyyətdədir. Hər il
ölkəmizin paytaxtı Bakıda və rayonlarda
uşaqların sağlamlığı və təlim-tərbiyəsinin
yüksək səviyyədə təşkili
üçün müxtəlif maraqlı layihələr həyata
keçirir.
İsmayıl
İbrahimovun fikrincə, Prezident İlham Əliyevin 2009-cu ilin
“Uşaq ili” elan olunması ilə bağlı sərəncamı
dövlət başçısının uşaqlara
qayğı və diqqətinin bariz nümunəsi, Heydər Əliyev
ənənələrinin layiqincə davam etdirilməsidir. Sərəncamdan
irəli gələn vəzifələrin həlli
üçünsə fond bütün rayon şöbələrinə
öz ərazilərində keçiriləcək tədbirlərin
hazırlanması ilə bağlı göstəriş verib. Artıq
bu cür tədbirlər planı bütün rayon şöbələri
tərəfindən hazırlanaraq fonda təqdim edilib. Bunların
əsasında isə Uşaq Fondu ümumi tədbirlər
planı hazırlayıb.
Fond sədri 2008-ci ildəki
fəaliyyətlə bağlı hesabat məruzəsində
bildirdi ki, keçən il aprelin 14-də fondun yaranmasının
20 illik yubileyi təntənə ilə qeyd olunub. Bu il isə təşkilatın
21 yaşı tamam olub. 20 illik yubiley ümummilli lider Heydər
Əliyevin 85 illik yubileyi ilə eyni vaxta təsadüf edib və
keçirilən tədbirlərdə uşaqların
böyük qayğıkeşi olan ulu öndərin geniş və
çoxşaxəli ictimai-siyasi fəaliyyəti haqqında da
ictimaiyyətə ətraflı məlumatlar
çatdırılıb
İsmayıl
İbrahimovun sözlərinə görə, öz fəaliyyətində
BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını
rəhbər tutan fond 2008-ci ildə uşaqların təlim-tərbiyəsi,
sağlamlıqlarının qorunması, eləcə də xəstə,
əlil və valideyn himayəsindən məhrum olmuş
uşaqların müdafiəsi üçün çoxlu
sayda faydalı işlər görüb. Konvensiya keçən
il fond tərəfindən Azərbaycan dilinə tərcümə
olunub, yüksək tirajla çap etdirilərək yerli
şöbələrə göndərilib. Eyni zamanda, 2008-ci
ildə Uşaq Fondu Azərbaycanda uşaq hüquqları
haqqında qanun hazırlayaraq parlamentə təqdim edib və
qanun qəbul edilib. Fond valideyn himayəsindən mərhum olan
uşaqların müdafiəsi haqqında qanunun
hazırlanmasında və qəbulunda da yaxından iştirak
edib. Hazırda təşkilatın mərkəzi idarəsi və
yerli şöbələri öz fəaliyyətində BMT-nin
məlum konvensiyasından əlavə, bu qanunlara əsaslanır.
Fond sədri əlavə etdi ki, 1988-ci ildə Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı
başlanmış və sonrakı illərdə böyük
müharibəyə çevrilmiş münaqişə Azərbaycan
uşaqlarından da yan keçməyib, onlara böyük mənəvi
və fiziki ağrılar gətirib. Minlərlə uşaq
müharibədə valideynlərini itirib. Onlara mənəvi və
maddi dayaq durmaq da fondun başlıca qayğılarından
biridir.
Sədrin sözlərinə
görə, 2008-ci ildə Uşaq Fondu bu və digər xeyriyyəçilik
tədbirləri üçün böyük məbləğdə
vəsait xərcləyib. 7710 yetim uşağın müdafiəsi
üçün 121755 manat, 14373 uşağın təlim-tərbiyəsi
məqsədiləri üçün 144300 manat, 581
uşağın sağlamlığının bərpası
üçün 13525 manat maddi vəsaitdən istifadə
olunub. Ümumilikdə 2008-ci ildə fondun xeyriyyə xərcləri
2007-ci ildəkindən 100 min manat çox olub. Eyni zamanda, 1
iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü,
tarixi günlər, Yeni il, Novruz bayramı və digər
bayramlarda geniş tədbirlər keçirilib, uşaq
sağlamlıq mərkəzləri, uşaq evləri ilə
sıx əməkdaşlıq edilib.
Sədr fondun yerli
şöbələrinin dəstəklənməsi xahişi
ilə yerli icra hakimiyyəti orqanlarına müraciət
etdiyini və artıq bir çoxlarından müsbət cavab
aldığını bildirdi. Bu isə rayonlarda fəaliyyət
göstərən 64 yerli şöbənin işinə gələcəkdə
müsbət təsir göstərə bilər.
Uşaq Fondu sədrinin
birinci müavini Flora Səlimova “Uşaq ili” ilə
bağlı fondun tədbirlər planı haqqında məlumat
verərək bildirdi ki, bu tədbirlər 20 bənddən ibarətdir.
Planda əsasən, BMT-nin “Uşaq hüquqları haqqında”
Konvensiyası və Azərbaycanın bu sahədəki
qanunları ilə bağlı maarifləndirmə işlərinin
aparılması, uşaqların
yaradıcılığının, biliklərinin və
intellektual səviyyəsinin artırılması, milli-mənəvi
və ailə dəyərlərinin qorunub saxlanılması məqsədilə
məktəblərdə maarifləndirmə işlərinin
aparılması, istedadlı uşaqların aşkara
çıxarılması, bu məqsədlə intellektual,
idman və digər yarışların, müsabiqələrin,
fənn olimpiadalarının, viktorinaların təşkili,
uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi üçün xüsusi tədbirlərin
təşkili, eləcə də sağlamlıq və asudə
vaxtın təşkili ilə bağlı geniş tədbirlər
nəzərdə tutulub. Tədbirlər sırasında Azərbaycanın
rayonlarındakı aztəminatlı, məcburi
köçkün ailələrdən olan, valideyn himayəsindən
məhrum olmuş və xüsusi qayğıya ehtiyac duyan
uşaqlara maddi və mənəvi yardımlar göstərilməsi
və s. də yer alıb. Tədbirdə fond sədrinin birinci
müavini Aqil Məhərrəmov rayon şöbələrinin
2008-ci il üzrə fəaliyyətini qiymətləndirdi, fərqlənən
və fəal şöbələrin adlarını çəkdi.
Onun sözlərinə görə, Bakının Nəsimi
rayon şöbəsi (sədri Almaz Zeynalova), Ağcabədi
rayon şöbəsi və digərləri fondun fəaliyyətinin
daha yaxşı təşkilində müsbət rol
oynayırlar.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2009.- 18 aprel.- S. 7.