İçərişəhər dünya mədəniyyəti
irsinin nadir incisidir
Məlum olduğu kimi, hər
il aprelin 18-i bütün dünyada Beynəlxalq abidələr
və tarixi yerlər günü kimi qeyd olunur. Bu münasibətlə
dünən Muğam Teatrında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən
“İçərişəhər — dünya mədəniyyəti
irsinin nadir incisi” mövzusunda dəyirmi masa təşkil
olunmuşdu.
Tədbiri giriş
sözü ilə “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl
Cabbarov açaraq qeyd etdi ki, İçərişəhər
tariximizin əvəzsiz yaddaşı, milli mədəniyyətimizin
ensiklopediyasıdır. Bu abidənin gələcək nəsillər
üçün qorunub saxlanılmasının vacibliyini qeyd
edən Mikayıl Cabbarov öz çıxışında
ulu öndər Heydər Əliyevin, dövlət
başçısı Prezident İlham Əliyevin daim diqqət
və böyük qayğısı nəticəsində
İçərişəhərə ən yüksək səviyyədə
dövlət qoruğu statusunun verildiyini, abidələrin əsaslı
restavrasiyasına başlanıldığını bildirdi. O,
İçərişəhərin mühafizəsi istiqamətində
bundan sonra da bir sıra addımların
atılacağını bildirdi.
Daha sonra çıxış edən AMEA-nın müxbir
üzvü, tarix elmləri doktoru Məşədixanım Nemət,
professor Əli Rəcəbli, sənətşünaslıq
doktoru Kübra Əliyeva və başqaları Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın “Ümumdünya
İrs Siyahısı”nda olan İçərişəhərin
zəngin maddi-mədəniyyət nümunələrinin
üzə çıxarılmasında və bütün
dünyada tanıtdırılmasında böyük rol
oynadığını qeyd etdilər.
Dəyirmi masada 2009-cu
ildə Bakı şəhərinin İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə əlaqədar çəkilmiş
və İçərişəhərə həsr olunmuş
“Əsrlərin daş kitabəsi” adlı televiziya filminin ilk
nümayişi oldu. İçərişəhərin zəngin
mədəni irsini tədqiq etmiş tədqiqatçı
alimlər onun memarlıq və şəhərsalma tarixindən,
daş yazılarından qədim İslam mədəniyyətinin
daşıyıcılarından, xalçaçılıq məktəbinin
xüsusiyyətlərindən geniş söz açdılar.
Mahmud QƏZƏNFƏROĞLU
Xalq qəzeti.- 2009.- 18 aprel.- S. 7.