18
aprel Beynəlxalq abidələr və tarixi yerlər günüdür
Abidələr xalqın
tarixi yaddaşıdır
Bu gün “Beynəlxalq
abidələr və tarixi yerlər günü” münasibəti
ilə bütün tarix-mədəniyyət qoruqlarında tədbirlər
və “Açıq qapı” günləri keçirilir. Gün
ərzində qoruqlara giriş və ekskursiyalar təmənnasız
təşkil olunacaq. Ən böyük tədbir Qobustanda
keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkil
etdiyi bu tədbirdə pirlərə ziyarət və geniş
konsert proqramı təşkil olunmuşdur. Hacıqabul rayonu
“Pir Hüseyn” tarix-memarlıq qoruğunda “Pir Hüseyn -
İslam mədəniyyətinin bir ocağı” adlı tədbirdə
də respublikanın müxtəlif guşələrindən
qonaqlar iştirak edir.
20 aprel 2009-cu il tarixində
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət
Tarix-Memarlıq Qoruq-Muzeyində “Qədim Quranlar” adlı sərgi
keçiriləcək. Sərgidə 200-yə yaxın qədim
Quran nümayiş etdiriləcək. Qala Dövlət
Tarix-Etnoqrafiya Qoruğunda isə aprelin 24-də ümumşəhər
dekorativ-tətbiqi sənət sərgisi və konsert
keçiriləcəkdir.
Məlumat
üçün bildirək ki, Azərbaycanda dövlət tərəfindən
qeydə alınmış 6308 daşınmaz tarix və mədəniyyət
abidəsi vardır. Bu yaxınlarda həmin siyahı yenidən
təsdiqlənəcək.
Azərbaycandakı tarixi və mədəniyyət
abidələrinin siyahısı hazırlanıb
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumatda deyilir ki, ölkə
Prezidentinin sərəncamına əsasən ölkə ərazisində
dövlət mühafizəsinə götürülməsi təklif
olunan daşınmaz tarixi və mədəniyyət abidələrinin
siyahısı variantı hazırlanıb və təsdiq
olunmaq üçün Nazirlər Kabinetinə göndərilib.
Siyahıya YUNESKO-nun
dünya irsi siyahısına salınmış abidələr
(İçərişəhər, Şirvanşahlar Sarayı
kompleksi, Qız qalası, Qobustan qoruğu) daxil edilib. Təbii
fəlakət və digər səbəblərdən itirilmiş
abidələr siyahıdan çıxarılıb və
ölkənin müxtəlif bölgələrində yeni
aşkarlanmış abidələr əlavə olunub. Yeni
aşkarlanmış abidələrdən Ağstafa rayonu ərazisində
yerləşən, ölkə başçısının sərəncamı
ilə qoruq elan edilmiş Keşikçidağ mağaralar
kompleksini, Göygöl, Gədəbəy, Şəmkir, Qəbələ,
Balakən, Lənkəran və digər rayonların ərazilərində
yerləşən tikililəri və yaşayış evlərini
göstərmək olar. Siyahının ilkin variantında 7 minə
yaxın abidənin dövlət mühafizəsinə
götürülməsi təklif edilir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 18 aprel.- S. 7.