Yeni Dövlət Proqramı ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiyasını sürətləndirəcək

 

Artıq 2004-2008-ci illəri nəzərdə tutan regional Dövlət Proqramı uğurla başa çatdırılmış, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına nail olunmuş, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq mühiti canlanmış, iqtisadiyyata investisiya qoyuluşu artmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmişdir.

Hazırda ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq qarşıda duran əsas vəzifələrdəndir. Bu vəzifələr Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında öz aydın ifadəsini tapmışdır.

Dövlət proqramında göstərilir ki, son beş ildə olduğu kimi, qarşıdakı dövrdə də aqrar islahatların davam etdiriləcəyi nəzərdə tutulur. Kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə, o cümlədən kollektiv təsərrüfat forması üzrə inkişafı regionlarda birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə gətirib çıxaracaqdır. Növbəti illərdə Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalacaqdır. Bütün bunlarla yanaşı, dağ rayonlarında da aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılacaqdır.

Xatırladaq ki, dövlət proqramında aqrar bölmənin inkişaf istiqamətləri konkret şəkildə göstərilmişdir. Bura sözügedən sahənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, aqrar bölməyə maliyyə dəstəyinin artırılması məsələləri daxildir.

Dövlət proqramında diqqət yetirilən sahələrdən biri də turizmin inkişafı ilə bağlıdır. Sənəddə göstərilir ki, bu sahədə beynəlxalq əməkdaşlağın genişləndirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdən biri olacaq. Turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdəndir. Yeni proqramda göstərilir ki, turizm sənayesinin yaradılması, mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, ölkədə turizm zonalarının müəyyənləşdirilməsi də mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında karbohidrogen ehtiyatlarından səmərəli istifadə müstəsna əhəmiyyət kəsb edir. “Əsrin müqaviləsi”nin imzalanması ilə beynəlxalq neft şirkətlərinin enerji sektoruna uzunmüddətli investisiya qoyuluşunun təmin olunması ölkəmizi dünyanın enerji sahəsində aparıcı dövlətə çevirmişdir. Respubikanın yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatını daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir.

Dövlət proqramında neft-qaz hasilatı, nəqli və emalı infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi, ölkənin tamamilə qazlaşdırılması, yeni yataqların işlənməsinin sürətləndirilməsi, enerji təhlükəsizliyi təminatının yüksəldilməsi, energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və s. məsələlərin 2009-2013-cü illərdə reallaşdırılması nəzərdə tutulmuşdur.

Son illər ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün yaranmış əlverişli mühit nəticəsində yeni tikilən yaşayış və məişət obyektlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu da şəhərsalma qanunvericiliyinə əsasən, müvafiq kommunal infrastrukturun yenidən qurulmasını, habelə bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətlərin təşkilini zəruri edir.

Sözügedən sahədə qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirmə işlərinin aparılması, mövcud istilik sistemlərinin bərpası, modernləşditrilməsi, məişət tullantıları emalı zavodunun yaradılması, dünya standartlarına uyğun etibarlı su təchizatının təmin olunması, yerlərdə kanalizasiya sisteminin bərpası, yeni xətlərin, qurğuların tikilməsi və bu işlərə özəl sektorun, bələdiyyələrin cəlbi nəzərdə tutulmuşdur.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi nəqliyyat infrastrukturunun yeniləşdirilməsini, tranzit ölkə kimi mövcud imkanlardan səmərəli istifadə edilməsini və nəqliyyat xidmətləri icrasının inkişafını tələb edir. Qarşıdakı illərdə Azərbaycanda nəqliyyat sisteminin səmərəli inkişafının təşkil edilməsi, müasir yolların, yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçidlərin, dayanacaqların tikilməsi, habelə nəqliyyatın fəaliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi qarşıda mühüm vəzifə kimi durur. Dövlət proqramında bu məsələlərin həlli ilə bağlı konkret istiqamətlər göstərilmişdir.
Son illər ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi yüksək sürətlə inkişaf edir. Yaşadığımız əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid, elektron hökumətin formalaşdırılması və intellektual potensialın tərəqqisi sosial-iqtisadi inkişaf üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Eyni zamanda, ölkə üzrə rabitə və informasiya texnologiyalarını inkişaf etdirməklə bu sahənin hərtərəfli tərəqqisinə nail olmaq, xüsusilə İKT-nin inkişafı üzrə Milli Strategiyanı həyata keçirmək, müəyyənləşdirilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun layihələri planlaşdıraraq icrasını reallaşdırmaq qarşıdakı illərdə prioritet istiqamətlərdir.

Ölkədə ətraf mühitə mənfi təsir göstərən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlərin görülməsi də yeni proqramda öz əksini tapmışdır. Nəzərdə tutulmuşdur ki, 2009-2013-cü illərdə Xəzər dənizinin sahilboyu zolağında, Abşeron yarımadasında və ölkənin digər regionlarında su hövzələrinin, havanın, torpağın təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənəcək, çirklənmiş torpaqlar rekultivasiya ediləcək, geniş sahələrdə meşələr və yaşıllıqlar salınacaq, abadlaşdırma işləri aparılacaqdır.

Yeni dövlət proqramında sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsi də nəzərə alınmışdır. Belə ki, proqramda göstərilir ki, qarşıdakı illərdə aztəminatlı ailələrə ünvanlı sosial yardımın göstərilməsi üçün müvafiq tədbirlər davam etdiriləcək, gənc ailələrin mənzilə olan ehtiyaclarının daha dolğun ödənilməsi məqsədilə ipoteka kreditləşmə mexanizmi təkmilləşdiriləcək, Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılacaq, ana və uşaqların sosial müdafiəsi və mühafizəsi gücləndiriləcək, uşaq və ailə mərkəzlərinin, o cümlədən xüsusi istirahət müəssisələri yaradılacaqdır.

Proqramda təhsil sahəsinə də geniş yer ayrılmışdır. Sənəddə bildirilir ki, ölkədə bütün əhali təbəqələri üçün müasir tələblər səviyyəsində qurulmuş təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki və tədris-metodiki şəraitin yaradılması dövlətin sosial siyasətində mühüm yer tutur. Eyni zamanda, mühüm tələblərə cavab verən kadrlara ehtiyacın ödənilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması prioritet olacaqdır.

Elm sahəsində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Burada ən mühüm vəzifələrdən biri aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılması, elmi tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsindən ibarətdir.

Dövlət proqramında 2009- 2013-cü illərdə səhiyyə, bədən tərbiyəsi və idman, mədəniyyət sahələrində də bir sıra tədbirlərin reallaşdırılması, xüsusilə dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi, yerlərdə bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının gücləndirilməsi, regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsi, milli mədəniyyətin ümumdünya mədəni proseslərinə inteqrasiyası, mədəniyyət obyektləri arasında əməkdaşlıq və kooperasiya sisteminin qurulması da göstərilmişdir.

Dövlət proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla Azərbaycanın tərəqqisində, eləcə də əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 19 aprel.- S. 1-2.