Sənayeləşdirmə siyasəti uğurla həyata keçirilir

 

İqtisadi və maliyyə böhranının dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına mənfi təsirinin gücləndiyi bir şəraitdə Azərbaycanda yeni proqramlar, layihələr reallaşdırılır, müəssisələrin tikintisinə xarici investisiyalar yönəldilir. “Qaradağ Sement” ASC-nin yeni texnologiyaların tətbiqi, ətraf mühitə təsirin azaldılması və istehsalı artırmaq istiqamətində həyata keçirdiyi tədbirlər buna misal ola bilər. Xatırladaq ki, adı çəkilən səhmdar cəmiyyət artıq yeni texnologiyalı sobanın inşası ilə bağlı layihənin reallaşdırılmasına başlamışdır. Ümumi dəyəri təqribən 400 milyon dollar olan bu layihə ölkəmizin qeyri-neft sektorunda ən böyük layihələrdən biri olacaqdır. Müssisədə yenidənqurma işləri 2011-ci ildə başa çatacaqdır.

Yeni sobada gündə 4 min ton klinker istehsal ediləcəkdir. Yenidənqurmadan sonra klinker istehsalı ildə 0,8 milyon tondan 1,2 milyon tona çatdırılacaqdır. Bütövlükdə zavodun illik istehsal gücü təxminən 31 faiz artacaqdır. Yeni texnologiya atmosferə tullantıların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq müəssisənin fəaliyyətinin ətraf mühitə təsirini azaldacaqdır. Eyni zamanda, elektrik enerjisi sərfinin 50 faizdən az olacağı gözlənilir. Yaxın gələcəkdə isə müəssisədən 2 kilometr aralıda əhəngdaşı karxanası istismara veriləcəkdir.

Yeni texnologiyalı sobanın təməlqoyma mərasimində iştirak edən dövlət başçımız İlham Əliyev demişdir: “Sement zavodunun tikintisinə başlanılması çox böyük hadisədir. Bu, ilk növbədə onu göstərir ki, xüsusilə böhranlı durumda xarici investorların Azərbaycana marağı artıbdır. Eyni zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici investisiyaların cəlb edilməsi üçün əlavə tədbirlər görür. Azərbaycanda çox gözəl sərmayə mühiti vardır, xarici şirkətlərlə dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur və bu, daha da dərinləşir. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün çox gözəl imkanlar var və tikiləcək sement zavodunun timsalında biz bunu görürük”.

Onu da xatırladaq ki, dövlətimiz ökədə iri layihələrin reallaşdırılmasına ciddi maraq göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətində də məhz bu amil mühüm rol oynayır. Dövlət başçımız yuxarıda adı çəkilən təməlqoyma mərasimində demişdir ki, Azərbaycan İnvestisiya Şirkəti ölkəmizin lazım olan sahələrinə investisiyaların cəlb edilməsi ilə məşğuldur. Bu şirkətin belə böyük layihədə iştirakı onun gələcək fəaliyyəti üçün də çox yaxşı təcrübə olacaqdır.

Prezident İlham Əliyev nitqində bu zavodun tikintisinin yeni iş yerlərinin açılmasına da müsbət təsir göstərəcəyini vurğulamışdır. Bildirmişdir ki, həm bu müəssisənin tikintisində, həm də sonra istismarında Azərbaycan vətəndaşları işləyəcək və bu, eyni zamanda, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır.

Prezident İlham Əliyev təməlqoyma mərasimində bu gün bütün dünyanı narahat edən maliyyə böhranına da toxunmuşdur: “Bütün dünyada iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür. Ölkələr çətin vəziyyətə düşür, xarici maliyyə yardımına ehtiyacları artır. Ancaq Azərbaycanda biz tam başqa mənzərəni görürük. Azərbaycan həm maliyyə baxımından, həm də yerli resurslar baxımından özünü təmin edə ölkədir. İqtisadi inkişaf baxımından birinci rübdəki artım bir daha göstərir ki, bizim ölkəmiz uzunmüddətli inkişaf strategiyasını düzgün seçibdir. Aparılan iqtisadi islahatlar Azərbaycana böyük mənfəət gətiribdir”.

Dövlət başçısı nitqində əldə edilən uğurların səbəbini də açıqlamışdır. Göstərmişdir ki, əgər əvvəlki illərdə bəziləri bizim uğurlarımızı daha çox enerji amili ilə, neft amili ilə bağlayırdısa, artıq bu gün hər kəsə bəllidir ki, uğurların əsas səbəbi düşünülmüş siyasət, iqtisadi islahatlar, siyasi islahatlar, xarici şirkətlərlə uğurlu əməkdaşlığımızdır. Biz artıq uzun illərdir ki, xarici şirkətlərlə səmərəli əməkdaşlıq aparırıq və bu əməkdaşlıq ikitərəflidir, bütün tərəflərin maraqlarına cavab verir.

Yuxarıda qeyd edilənlərə istinadən deyə bilərik ki, son illər Azərbaycan iqtisadiyyatı dinamik inkişaf tempi ilə xarakterizə olunur. Son dörd ildə ölkə iqtisadiyyatında 3 dəfəyə yaxın artıma nail olunub. Respublikamız iqtisadi inkişafı əks etdirən göstəricini — ümumi daxili məhsul istehsalı həcmini 25 faizə çatdıraraq bütün dünya üzrə lider mövqeyə yüksəlmişdir. Əsas məqamlardan biri də odur ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin çəkisi getdikcə artır və hazırda bu göstərici 80 faizi keçmişdir. Son beş ildə paytaxtda və bölgələrdə 750 mindən artıq yeni iş yeri açılmışdır ki, onların da böyük əksəriyyəti daimidir.

Sonuncu göstəricinin əldə edilməsində sahibkarlığın inkişafına göstərilən diqqətin rolu danılmazdır. Belə ki, bölgələrdə sahibkarlığın inkişafına verilən dəstəyin hesabına özəl bölmə ildən-ilə inkişaf edir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Ölkə Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi olan sahibkarlığın inkişafı keçid iqtisadiyyatı ölkələrinin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır.

Onu da deyək ki, iqtisadiyyatın dinamik inkişafı, təbii ki, ölkənin maliyyə imkanlarını da genişləndirmişdir. Artıq respublikamızın strateji valyuta ehtiyatları 20 milyard dollara çatmışdır. Azərbaycanın beynəlxalq maliyyə qurumlarından asılılığına son qoyulmuşdur. Təkcə daxili investisiyalarda hökumətin payı daha 12 faiz artaraq 64 faizə yüksəlmişdir. Yeri gəlmişkən, başqa bir fakta da diqqət yetirək: əgər ölkənin xarici borclanmasının ümumi daxili məhsula nisbəti 2005-ci ildə 18 faiz, 2006-cı ildə 12 faiz, 2007-ci ildə 8 faiz, ötən il isə analoji rəqəm cəmi 6,5 faiz olmuşdur. Müqayisə üçün deyək ki, bu, bütün dünya üzrə ən az riski olan göstəricidir. Yeri gəlmişkən, beynəlxalq maliyyə qurumlarının, Dünya Bankının təmsilçiləri də Azərbaycanın iqtisadiyyatının əsasən güclü daxili potensial üzərində qurulduğunu vurğulayaraq respublikamızın qlobal maliyyə böhranının təsirindən qorunmağa daha yaxşı hazır olduğunu etiraf edirlər.

İqtisadiyyatın inkişafından danışarkən, sənayenin dinamikasına da diqqət yetirməyi zəruri sayırıq. Ölkə iqtisadiyyatında aparıcı mövqeyi olan sənayedə istehsal olunmuş məhsulun həcmi ötən il təxminən 8,5 faiz, o cümlədən neft sektorunda 8,6 faiz, qeyri-neft sektorunda isə 8,1 faiz artmış, ümumilikdə sənaye işlərinin həcmi 25,4 milyon manat təşkil etmişdir. Sənayenin artımı neftin hasilatında 7,6 faiz, qazın hasilatında 54,2 faiz, qida məhsullarının istehsalında 0,2 faiz, kimya sənayesində 43,8 faiz və s. sahələrdə müşahidə olunmuşdur.

Sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən 882,6 milyon manatlıq və ya ümumi buraxılışın 3,5 faizi qədər sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənayedə daha çox xüsusi çəkisi olan mədənçıxarmada ötən il qaz kondensatı ilə birlikdə 37,8 milyon ton xam neft, səmt qazı da nəzərə alınmaqla19,2 milyard kubmetr təbii qaz hasil edilmişdir.

Ötən il mədənçıxarma sənayesində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 8,4 faiz çox olmuş və bu sahədə aparıcı qüvvəyə malik Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 30,6 milyon ton neft (qaz kondensatı da daxil olmaqla) və 7,1 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir.

Sənaye işçilərinin orta hesabla hər dörd nəfərindən biri mədənçıxarma sənayesində çalışmış, bu sahədə çalışanların orta aylıq əmək haqqı 995,6 manat, yaxud 2007-ci illə müqayisədə 18,6 faiz çox olmuşdur.

Emal bölməsində məhsul istehsalı 7,7 faiz çoxalmış və sənayenin ümumi məhsul istehsalında bölmənin xüsusi çəkisi 17,5 faizə bərabər olmuşdur. Qida məhsulları istehsalı 0,2 faiz, neft məhsulları istehsalı 5,9 faiz, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı 32,2 faiz, sellüloz-kağız istehsalı, nəşriyyat işi məhsulları istehsalı 0,7 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 18,1 faiz, metallurgiya sənayesi və hazır metal məmulatları istehsalı 34,1 faiz, qeyri-metal mineral maddələr istehsalı 2 faiz, maşın və avadanlıqlar istehsalı 8,2 faiz artmışdır.

Ötən il ərzində sənaye müəssisələrində siyahı tərkibində olan faktiki işçilərin sayı 179,1 min nəfər təşkil etmiş və 2007-ci ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox olmuşdur. Onların 60,8 faizi sənayenin dövlət bölməsinə, 39,2 faizi isə qeyri-dövlət bölməsinə məxsus müəssisələrində çalışmış, işçilərin 22,6 faizi mədənçıxarma, hər dörd nəfərindən biri elektrik enerjisi istehsalı bölməsində cəmləşmişdir.

Göründüyü kimi, iqtisadiyyatın bütün sahələrində, o cümlədən sənaye sektorunda yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi son illər qazanılan uğurlardandır. Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyinin qorunması və milli iqtisadiyyatın, eləcə də sənayenin müxtəlif sahələrinə qoyulan sərmayələrin ildən-ilə artması öz müsbət nəticələrini göstərmişdir. Buna görə də Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir, bu isə ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 19 aprel.- S. 3.