XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, ictimai xadim Mehdi
Hüseynin anadan olmasının 100 illiyinə hazırlıqla
bağlı yazıçının həyat və
yaradıcılığından, onun xatirəsindən bəhs
edən materialları nəzərdən keçirərkən
“Ədəbiyyat və incəsənət” qəzetinin 13 mart
1965-ci il nömrəsində çap olunmuş bir yazı diqqətimi
xüsusi cəlb etdi. Bu, unudulmaz yazıçı-ədəbiyyatşünas
Mir Cəlalın öz məslək dostu Mehdi Hüseyn barədə
qələmə aldığı “Ağır itki”
başlıqlı vida sözü idi.
Yadıma indi haqq
dünyasında olan bu iki böyük sənətkarla
bağlı ötüb-keçənlər düşdü. Mehdi
Hüseynlə Mir Cəlal bir-birini hələ Gəncədə
olarkən tanıyırdılar. İki gənc qələm
sahibinin bu tanışlığı sonradan möhkəm
dostluğa, yaradıcılıq və ədəbi mübarizə
qardaşlığına çevrilmişdi. Onları xarakterlərindəki
və ideallarındakı bir çox cəhətlər
yaxınlaşdırıb birləşdirmişdi.
Bunlardan ən
başlıcası onların milli varlığımıza dərin
bağlılıqları, ciddi yaradıcılıq
üslubları, yüksək estetik düşüncələri,
səmimi və xeyirxah olmaları idi. Bu iki
yazıçının sənət dostluqları ailəvi
yaxınlıqla tamamlanırdı. Buna görə də Mehdi
Hüseynin vaxtsız, qəfil ölümünü Mir Cəlal
həm ictimai, həm də şəxsi anlamda böyük itki
kimi qarşılamışdı.
Həyat və
yaradıcılıq yollarında qoşa addımlamış,
həmişə bir-birinə arxa-dayaq olmuş bu iki
böyük şəxsiyyətin dostluğunun
çağdaş yazarlar üçün bir timsal
olacağını nəzərə alaraq Mehdi Hüseynin 100
illik yubileyi ərəfəsində Mir Cəlalın vaxtilə
onun xatirəsinə həsr etdiyi “Ağır itki”
yazısını “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.
Ağır itki
Mehdi Hüseyn
aramızdan getdi. Bu faciəli xəbər iti bir bıçaq
kimi sinəmizi yardı, qəlbimizi parçaladı. Bütün
varlığı ilə həyat, fəaliyyət, atəşin
mübarizə mücəssəməsi olan münəvvər
bir vücudun həyata əbədi göz yumduğuna, odlu qələmi
tərk etdiyinə inanmaq çətindir.
Xüsusən bizlər
— qırx ilə yaxın bir müddətdə onunla birlikdə
çalışan, onun iş stilinə,
yaradıcılıq, dostluq, yoldaşlıq stilinə, onun
sovet ədəbiyyatı, mədəniyyəti
üçün daim aramsız çırpınan, qanadlanan
ilhamına, mübariz mühakimə və təfəkkürünə
alışıb, ünsiyyət bağlayan qələm
yoldaşları çox ağır bir sarsıntı
keçirirlər.
Mehdi Hüseyn
bütün şüurlu həyatını Azərbaycan
xalqının mədəniyyətinə həsr edən
gözəl bir ədibdir. O, sovet ədəbiyyatının
yorulmaz əsgəri idi. Ancaq sıravi yox, qvardiyaçı əsgəri
idi. Bu ədəbiyyatın yaranmağa başladığı
ilk günlərdən, iyirminci illərin mürəkkəb,
mübarizəli, kəşməkəşli günlərindən
biz onu həmişə ön atəş xəttində, odlu qələm
əlində, ideya döyüşlərində
görürdük. Mehdi sovet ədəbiyyatının ideya-bədii
saflığını, şan-şərəfini uca tutan,
qoruyan, bu yolda hər bir fədakarlığa cəsarətlə
gedən və həmişə də qalib gələn
xarakterik sovet ədəbi idi. Onun zəngin, mənalı, məzmunlu
yaradıcılıq yolu əsərləri kimi
işıqlı və sovet oxucusuna, gənc nəslə parlaq
nümunədir.
Mehdinin ilhamı qüdrətli
və çoxcəhətli idi. O, həm gözəl realist
roman və hekayələri ilə, həm xalqımızın
rəşadət, şücaət, qəhrəmanlıq ənənələrini
tərənnüm edən səhnə əsərləri ilə,
həm də dərin elmi, fəlsəfi məzmunlu ədəbi
məqalələri ilə sovet oxucusunun məhəbbətini
qazanmış, qəlbini fəth etmişdi. Onun, xüsusən,
Vətən müharibəsi dövründə və
sonrakı illərdə yaratdığı bədii, elmi
publisist əsərlər sovet ədəbiyyatı xəzinəsini
zənginləşdirən qiymətli incilərdir. Azərbaycan
fəhlə sinfinə, xüsusən, qəhrəman Bakı
neftçilərinin həyat və mübarizəsinə həsr
etdiyi əsərlər (“Abşeron”, “Qara daşlar”, “Səhər”...)
sovet ədəbiyyatı tarixində şərəfli yer tutur
və həmişə də tutacaqdır.
Mehdi Hüseyn milli,
coğrafi və professional məhdudluqdan uzaq bir ədib idi. Onun
kamil əsərləri respublikada sevildiyi kimi, dünyanın hər
yerində mütərəqqi adamlar tərəfindən də
sevilə-sevilə oxunur, təqdir olunur. Mehdinin alovlu, ictimai
ehtirasları yalnız ədəbiyyat çərçivəsinə
sığmırdı. O, Mirzə Cəlil, Sabir, Cabbarlı,
Vurğun xarakterli ədib idi. O, xalqını, Vətənini
hər yerdə — siyasətdə, ictimaiyyətdə, ədəbiyyatda
ləyaqətlə təmsil edən bir ədib idi.
Təsadüfi deyil ki, o
yalnız respublikamızda, yalnız Sovet İttifaqında
deyil, sərhəd xaricində də hörmət və
şöhrət qazanmışdır.
Mehdi Hüseyn
bütün varlığı ilə sevdiyi sovet ədəbiyyatı
yolunda hər cür fədakarlığa gedən, hər
şeyi, hətta canını da qurban verən bir ədib idi. Bu
ədəbiyyat haqqında ən adi oxucunun şirin bir
sözü onu qanadlandırırdı. O, heç bir zaman
şəxsi şöhrət hissinin naxoşu
olmamışdır. O, klassiklərdən tutmuş cavanlara qədər,
bütün əsərləri diqqətlə oxumaqdan
yorulmurdu, zəngin mütaliə sahibi idi. Onun qədər
sovet yazıçıları haqqında yazan, böyükdən-kiçiyə
müasir ədib və şairlər haqqında açıq
fikir söyləyən ikinci bir ədib göstərmək
çətindir. Akademiyada çalışdığım
illərdə sovet ədəbiyyatının, klassik ədəbiyyatın
mühüm məsələləri haqqında bəzən
ona müraciət etməli olurdum. Həmişə doğma
işi kimi qəbul edib səs verirdi. “Bayatılar” kitabı
onun ixtisasından, stilindən uzaq bir kitabdır. Xahiş edəndə
“bunlar bizim xalqımızın mədəniyyət inciləridir”
— dedi və kitaba müqəddimə yazdı.
Mehdi ədəbi ictimai
hadisələrə biganə münasibət bəsləyən
ətalətli adamların düşməni idi. O, ən fəal
ədib idi və elə mühüm bir məsələ
olmazdı ki, orada Mehdinin səsi eşidilməsin. O, ədəbi
gəncliyi də bu ruhda tərbiyə etmək istəyirdi.
Mehdi, səhhəti və işinin çoxluğuna baxmadan,
ömrünün son saatlarına qədər gərgin yaradıcılıq
həyatı yaşayırdı. “Yeraltı çaylar dənizə
axır” adlı çox aktual və məfkurəvi əsəri
onun son romanı oldu. O, hələ çox yazıb-yarada bilərdi.
Təəssüf ki, amansız ölüm bu qüdrətli ədibin
alovlu yaradıcılıq niyyətlərini
qılıncladı.
Mehdi aramızdan getdi,
ancaq onun ürəklərə yeriyən zəngin
yaradıcılıq irsi, onun mənalı əsərləri
həmişə yaşayacaqdır.
Qədirbilən
xalqımız Mehdinin əziz xatirəsini həmişə
yaşadacaqdır.
Mehdinin zəngin
yaradıcılıq yolu, dərin məzmunlu, yüksək məfkurəli
və mənalı əsərləri gənc nəslimiz
üçün ən yaxşı tərbiyə vasitəsidir.
Teymur BÜNYADOV,
akademik
Xalq qəzeti.- 2009.- 22 aprel.- S. 5.