Dövlət Film Fondu fəaliyyətini genişləndirir

 

Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə yenidənqurma işlərinə başlanıldı. Azərbaycan milli kinosunun yenidən qurulması prosesi isə bir az ləng aparıldı. Yeni yaradılmış “Azərkinovideo” İstehsalat Birliyi kino sahəsində islahatlara başladı. 90-cı illərin əvvəllərindən tam sahibsiz vəziyyətə düşmüş kino təsərrüfatı tədricən bərpa edilir, filmlərin çəkilişi üçün dövlət sifarişi həyata keçirilirdi. Amma bir problem hələ də qalırdı. Ölkədə film prokatı sistemi tədricən məhvə doğru gedirdi. Regionlardakı rayonlararası prokat idarələrində, filmlər demək olar ki, məhv edilmişdi. Bu təsərrüfatın bərpası vacib məsələ kimi qarşıda dururdu. Çünki milli mənəvi dəyərlərimiz hesab olunan filmlərimizin də itirilməsi təhlükəsiz yaranmışdı. Ona görə də “Azərkinovideo” İstehsalat Birliyi nəzdində Dövlət Film Fondunun yaradılması məsələsini gündəliyə gətirdi və 1996-cı ildə birliyin nəzdində belə bir idarə yaradıldı.

Bu təşkilat həm filmlərin saxlanması, həm də kinonun təbliği ilə məşğul olmalı idi. “Qələbə” kinoteatrı müvafiq hesab edildi və Film Fondu bu bunada yerləşdirildi. Beləliklə, ilk növbədə, prokat sistemindən qalmış Azərbaycan və xarici ölkə filmləri bu fonda köçürüldü. Burada həmçinin Kino Muzeyi yaradıldı. İlkin olaraq xeyli iş görüldü. SSRİ-nin və xarici ölkələrin fondlarında saxlanılan Azərbaycan filmlərinin ölkəyə gətirilməsi fondun əsas funksiyalarından birinə çevrildi. Müxtəlif tədbirlər keçirildi. Ən əsası bu idi ki, artıq müstəqil Azərbaycanımızın mənəvi sərvətlərinin çox əhəmiyyətli nümunələri olan filmlərimizin saxlanması, qorunması və təbliği ilə məşğul olan bir qurum yaranmışdı.

“Azərkinovideo” İB ləğv olunandan sonra onun funksiyaları Mədəniyyət Nazirliyinə (indiki Mədəniyyət və Turizm Nazirliyi) verildi və Film Fondu da Mədəniyyət Nazirliyinin tabeçiliyinə keçdi. Nazirlik “Qələbə” kinoteatrını Film Fondu üçün o qədər də yararlı hesab etmirdi. Ona görə də möhtərəm Prezidentimizin kino sənətinin inkişafına dair imzaladığı Dövlət Proqramına uyğun olaraq, Film Fondu üçün yeni binanın tikintisinə başlanıldı və bu yaxınlarda dövlət başçısının iştirakı ilə yeni binanın açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin xeyir-duası ilə yeni binada fəaliyyətə başlayan Dövlət Film Fondu fəaliyyətini artırmaq üçün geniş imkanlar qazanmışdır.

Film Fondunun direktoru, əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin sözlərinə görə, yeni bina “Azərbaycanfilm” kinostudiyasının həyətində 6,6 min kvadratmetr geniş bir sahəni əhatə edir. Binanın birinci mərtəbəsində texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon və yardımçı otaqlar yerləşir.

Dövlət Film Fondunda, ümumilikdə 64.373 ədəd saxlama vahidi var, onlar arasında arxiv sənədləri, Azərbaycanda istehsal olunmuş filmlər toplanmışdır. Burada Azərbaycan kino tarixinin müxtəlif dövrlərini əhatə edən 12 mindən çox nadir fotoşəkillər də saxlanılır.

Cəmil müəllim deyir ki, Dövlət Film Fondu öz fəaliyyətini Beynəlxalq Arxivlər Federasiyasının formalaşdırdığı istiqamətlər üzərində qurub. Bu istiqamətlərə filmlərin bərpası və qorunması, arxiv faktlarının tapılması və mühafizəsi, beynəlxalq əlaqələrin qurulması, elmi araşdırmaların aparılması, milli və dünya kinosunun təbliği aiddir. Beynəlxalq Arxivlər Federasiyası ilə əlaqələr sayəsində zəruri ədəbiyyatı əldə etmək, əlaqələri genişləndirmək, fondun işini müasir tələblər səviyyəsində qurmaq imkanı yaranır. Fransadan gətirilmiş, xüsusi olaraq kino-arxiv təşkilatlarının fəaliyyəti üçün nəzərdə tutulmuş avadanlıq isə filmlərin mühafizəsində yardımçı olacaq. İndi istifadə edilən avadanlıq yalnız ilkin bərpa işləri üçün nəzərdə tutulub. Bundan sonra filmlərin qorunması və bərpasında mühüm addımlar atılacaq. Fonda hər il yeni-yeni filmlər daxil olur. Məsələn, bəstəkar Müslüm Maqomayevə həsr olunmuş sənədli film arxivə ötən il gətirilmişdir. Bu filmdə məşhur opera müğənnisi Şövkət Məmmədova, görkəmli dirijor Niyazi xatirələrini bölüşür. Eyni zamanda lent yaddaşında görkəmli ifaçı Müslüm Maqomayevin də müsahibəsi var. Aktyor Ələsgər Ələkbərovun 50 illik yubileyinə həsr olunmuş 10 dəqiqəlik film çətinliklə də olsa bərpa edilmişdir. Bu film o zaman yeganə nüsxədə buraxılıb. Rejissor Tofiq İsmayılovun 1967-ci ildə çəkdiyi “Şəhərimizin daşları”, rejissor Ənvər Əblucun çəkdiyi “Körpülər” sənədli filmləri fonda daxil edilib. Bir çox rejissorlar öz şəxsi arxivini fonda hədiyyə ediblər. Sənədli filmlər rejissoru Niyazi Bədəlovun filmlərini ailəsi fonda verib. Rüstəm İbrahimbəyov “Köçərilər”, Ayaz Salayev “Yarasa” filmini, kinorejissor Şamil Nəcəfzadə filmlərini, Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun Tacikistanda çəkildiyi “Molla Nəsrəddinin 12-ci qəbri” filmini Dövlət Film Fonduna hədiyyə ediblər. Yaxın günlərdə Hacıbaba Bağırovun fəaliyyəti ilə bağlı kinoarxivin də fonda verilməsi gözlənilir.

Fonddan bildirdilər ki, Azərbaycan kino ensiklopediyası ilə bağlı işlər görülür. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdir. Elmlər doktoru Rəhman Bədəlov və tanınmış kinoşünas Aydın Kazımzadə tədqiqat apararaq, demək olar, bütün materialları hazırlayıblar. Eyni zamanda, kinooperator Rafiq Quliyevin “Azərbaycan səssiz filmlərinin təsvir irsi” adlı toplusunu da dərc etmək planlaşdırılıb. Kitabda vaxtilə Azərbaycanda çəkilmiş səssiz filmlərdə operator sənətinin əsasları, onun təsvir irsi ilk dəfədir ki, tədqiq olunur. Görüləcək işlərin sırasına fondun internet saytının yaradılması da daxildir. Orada Dövlət Film Fondunda saxlanılan Azərbaycan filmləri və xarici filmlər, o cümlədən bütün rejissorlar, aktyorlar haqqında məlumatlar olacaq.

Söz yox ki, yeni istifadəyə verilmiş binada bu işlərin həyata keçirilməsi üçün hər cür imkan vardır. Bina haqqında bir də onu deyə bilərik ki, onun özəllikləri çoxdur. Filmlərin xüsusi temperatur rejimində qalması, yenidən bərpa olunması üçün Fransadan təzə avadanlıqlar gətiriləcək. Filmlərin təmizlənməsi, müxtəlif kimyəvi maddələrlə yuyulması üçün də imkan yaradılıb. Bu da filmlərin ömrünü uzadacaq. Bundan başqa, ayrıca bokslarda xüsusi temperatur rejimi yaradılıb. Sənədlərin uzun müddət saxlanılması, kağız arxivi üçün ayrıca otaqlar, qutular var.

Dövlət Film Fondunda müxtəlif tədbirlər keçirmək üçün böyük və kiçik konfrans zalı var. Burada filmlər nümayiş etdirmək üçün müasir tipli kino avadanlıqları quraşdırılmışdır.

Dövlət Film Fondunun binası 24 saat ərzində xüsusi mühafizə xidməti tərəfindən mühafizə olunur. Hər bir sahə üzrə mühəndislər var ki, onlar avadanlıqların normal işlənməsinə nəzarət edirlər. Hər bir film üçün xüsusi rejim nəzərdə tutulub və öz təyinatına görə yerləşdirilmişdir. Bütün bunlar filmləri korlanmaqdan qoruyacaq və gələcək nəslə qiymətli milli sərvət kimi catdıracaq.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 19 aprel.- S. 7.