Avşarlar onların türk tarixində yeri

 

“Şuşa” nəşriyyatında işıq üzü görmüş “Avşarlar” kitabı xalqımızın soy-kökündə dayanan, onun formalaşmasında, dövlətlər qurmasında fəal iştirak edən eyniadlı el və oymaqlar barədə zəngin tarixi materialı və çağdaş gerçəkliyi oxuculara təqdim edir. Müəlliflər — jurnalist-etnoqraf Ənvər Çingizoğlu və müstəqil araşdırmaçı Aydın Avşar İranda və Türkiyədə səfərdə olmuş, canlı təmaslara və bir sıra tarixi mənbələrə istinad edərək avşarların qədim dünəni və bugünü barədə əhatəli bir tədqiqat hasilə gətirmişlər.

Kitabın girişində məşhur türkoloq Faruq Sümerin “Oğuzlar” kitabında avşarlar barədə söylədiyi mülahizə önə çəkilir: “Türk tarixində avşarlar ən davamlı rol oynamış böyük bir oğuz boyudur. Bu baxımdan heç bir oğuz boyu onunla müqayisə edilə bilməz. Bu səbəblə adlarını zamanımıza qədər yaşatmış yeganə oğuz boyudur”. Ümumi tariximizdən də məlumdur ki, avşarlar müxtəlif dövrlərdə ictimai-siyasi həyatda seçilən mövqe sərgiləmiş, bir sıra tanınmış hərbçi, siyasətçi, dövlət adamı, elm-mədəniyyət xadimi yetirmişlər. Böyük bir türk imperiyası qurmuş Nadir şah avşarların adını tarixdə daha da məşhurlaşdırmışdır. Tarixən Yaxın Şərqin İran, Türkiyə, Əfqanıstan, Suriya kimi ölkələrində, Qafqazda məskunlaşmış avşarlar, indi Ermənistan istisna olmaqla, yenə geniş bir ərazidə özəl yaşam tərzlərini qoruyub saxlayırlar.

Müəlliflər tarixçilər Rəşidəddinə və Əbülqazi xana istinadən “avşar” sözünün “çevik”, “ov həvəsli” mənasında olduğunu bildirir, onların lap qədimdən günümüzədək olan soy-kök şəcərəsini, tayfa-el quruluşunu təsnif edirlər. Kitabı vərəqlədikcə avşarların Azərbaycan və ümumtürk tarixində tutduqları mövqe, qoyduqları silinməz izlər daha aydın görünür.

Birinci fəsildə avşarların 24 oğuz boyundan biri kimi sülalə və şəxsiyyətlərindən söz açılır. İkinci fəsildə avşarların öygüsü, öyüdü, onqonu, damğa və nişanları təqdim olunur. “Avşar elinin tarixi” adlı sonrakı fəsildə onların ünlü nümayəndələri, qorçubaşı avşarlar, avşarların coğrafiyası və statistikası barədə məlumat verilir. Daha sonra Avşar elinin əsas oymaqları, tayfa-tirələri, qrupları, onlara qoşulan el-oymaqlar təsvir olunur. Sonrakı fəsillərdə avşar elinin mədəniyyətinə, görkəmli adamlarına geniş nəzər salınır. Kitaba əlavə olunmuş illüstrativ materiallar avşarların tarixi və el-tayfa özəllikləri barədə təsəvvürlərə aydınlıq gətirir.

Quzey Azərbaycanda məskunlaşan avşarlar, xüsusən onların Qarabağ tarixi ilə bağlılığı, Qarabağ xanlığının qurulmasında rolu, avşarlardan olan məşhur Aşurbəyovların xeyirxah əməlləri barədə kitabda əksini tapan materiallar oxucular üçün daha maraqlıdır. Tariximizin dərindən araşdırılmasında mühüm mənbə olan diyarşünaslıq ədəbiyyatı sırasında “Avşarlar” kitabı müəlliflərin uzunmüddətli, çətin axtarışlarının uğurlu nəticəsidir. Şübhəsiz, bu kitab araşdırıcıları tariximizdə mühüm rol oynamış başqa el-tayfalar barədə tədqiqatlara da həvəsləndirəcək. Tariximiz abidə-abidə, bölgə-bölgə, tayfa-tayfa öyrənildikcə ötənlər barədə bilgilərimiz artır, tamamlanır. Qəhrəman keçmişimizdən doğan milli qürur isə vətəndaş həmrəyliyini və siyasi-mədəni birliyi gücləndirir.

 

 

Zeynəb CƏFƏRLİ,

jurnalist

 

Xalq qəzeti.- 2009.- 19 aprel.- S. 7.