Taxtakörpü qəsəbəsi abadlaşır,
gözəlləşir
Taxtakörpü qəsəbəsi
son vaxtlar öz simasını əsaslı surətdə dəyişib.
Burada çoxlu ictimai və yaşayış binaları
tikilmiş, park və xiyabanlar, abad küçələr, səkilər
salınmış, müasir işıqlandırma sistemi
quraşdırılmış, yaşıllıq zolaqları
artırılmışdır.
Əvvəllər
Laçın rayonunun idarə, müəssisə və təşkilatları
müxtəlif ərazilərdə fəaliyyət göstərirdi.
Bu isə, əlbəttə, işin təşkilini çətinləşdirir,
sakinlərin haqlı narazılığına, əlavə
vaxt itkisinə səbəb olurdu. İndi isə vəziyyət
tamam dəyişib. Belə ki, artıq idarə və müəssisələrin,
demək olar ki, hamısı Taxtakörpü qəsəbəsində
fəaliyyət göstərir.
Rayon icra hakimiyyətinin
inzibati binası öz arxitektura görkəmi ilə diqqəti
cəlb edir. Son vaxtlar binanın ətrafı xeyli
abadlaşdırılmış, qarşıdakı meydanda
Dövlət bayrağı ucaldılmış, 2 hektar sahədə
Heydər parkı salınmışdır.
Yeri gəlmişkən,
son vaxtlar tikilib istifadəyə verilmiş binalardan bəzilərinin
adlarını sadalamaq istəyirik: Yeni Azərbaycan
Partiyası Laçın rayon təşkilatı, 121 saylı
Laçın seçki dairəsi, rayon rabitə
qovşağı, rayon mədəniyyət evi, suvarma sistemləri
idarəsi, “Kapital Bank”ın Laçın rayon filialı, rayon
mərkəzi xəstəxanası üçün müasir
üslubda yeni binalar tikilmişdir.
Bundan başqa, Bərdə,
Ağcabədi və Saatlı rayonlarında çadır
düşərgələrində məskunlaşmış məcburi
köçkünlər üçün 37 və 21 evdən
ibarət 2 qəsəbə də laçınlıların
istifadəsinə verilmişdir.
Hazırda
Taxtakörpü qəsəbəsində əhalinin sosial
müdafiəsi və məşğulluq mərkəzləri,
Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon
şöbəsi üçün inzibati binaların tikintisi
davam etdirilir.
Yeri gəlmişkən,
onu da əlavə edək ki, son vaxtlar təkcə
Taxtakörpü qəsəbəsində deyil, ümumiyyətlə,
bu ərazidə məskunlaşmış obaların
hamısında tikinti-abadlıq və quruculuq işləri
sürətləndirilmiş, yeni yollar çəkilmiş,
infrastruktur yaxşılaşdırılmışdır.
Məsələn, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Dövlətqaçqınkomun
yaxından köməyi və Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondu ilə aparılmış məqsədyönlü
iş nəticəsində Taxtakörpü ərazisindəki
Qarıqışlaq obasına 5,1 kilometr, Şeylanlı-Katos
obasına 5,4 kilometr, Ağcakənd obasına 5,1 kilometr,
Hacılar-2 obasına 2,7 kilometr uzunluğunda
çınqıl örtüklü avtomobil yolları çəkilmişdir.
Daxili imkanlar hesabına Qarakeçdi, Vağazin, Alxaslı
obalarında yollara çınqıl
tökülmüşdür.
Təsərrüfatların
suya olan təminatının
yaxşılaşdırılması məqsədilə
Taxtakörpü ərazisindəki Fingə, Vağazin,
Qarıqışlaq obalarında elektrik nasosları və
transformatorlar quraşdırılmış, 1600 metr elektrik
hava xətti çəkilmişdir. İçməli su şəbəkəsində
yararsız vəziyyətə düşmüş 21 kilometr
uzunluğunda su kəməri yenisi ilə əvəz
olunmuş, 7 ədəd elektrik su nasosu əsaslı təmir
edilmişdir.
Taxtakörpü ərazisindəki
Hacılar, Ərdəşəvi, Alxaslı,
Qarıqışlaq və Malıbəy obalarında 4 nömrə
tutumlu peyk rabitəli telefon stansiyası
quraşdırılmış, ərazidə mobil telefon rabitəsinin
tutumunun yaxşılaşdırılması məqsədilə
Sadınlar obasında “Azərsell”in şəbəkə dairəsi
genişləndirilmişdir. Taxtakörpü qəsəbəsindəki
256 nömrə tutumlu elektron tipli Avtomat Telefon
Stansiyasının əhatə dairəsinin genişləndirilməsi
istiqamətində işlər aparılmış, qəsəbədəki
110 yaşayış evinə telefon çəkilmişdir.
Hazırda rayonda əhali
və fermer təsərrüfatlarında 27187 baş qaramal,
192862 baş qoyun-keçi vardır ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə xeyli
çoxdur. 2947 hektar taxıl sahəsindən ötən il
9127 ton məhsul əldə olunmuşdur. Bu isə 2007-ci ildə
əldə olunmuş nəticə ilə müqayisədə
2 dəfə çoxdur.
Sonda onu da əlavə
edək ki, laçınlılar Taxtakörpü qəsəbəsində,
eləcə də bu ərazidəki obalarda nə qədər
rahat və firavan yaşasalar da, qurub-yaratsalar da ən
böyük arzuları doğma yurd yerlərinə, müqəddəs
torpaqlara qayıtmaqdır. Onlar möhkəm inanır və
ümid edirlər ki, ölkə Prezidenti İlham Əliyevin
müdrik və qətiyyətli xarici siyasət xətti,
diplomatik səyləri nəticəsində doğma
torpaqları yağı düşməndən azad ediləcəkdir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2009.- 22
aprel.- S. 4.