İctimai asayişin qorunması başlıca vəzifəmizdir

 

Hazırda Azərbaycan dünyanın sürətlə inkişaf edən və möhkəm ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin olunan ölkələrindən biridir. Dövlətimiz dünya miqyasında öz yerini inamla tutmaqda, sosial, iqtisadi, siyasi cəhətdən davamlı şəkildə irəli getməkdədir. Bütün bunlara ümummilli liderimiz Heydər Əliyevin kursunun layiqli davamçısı cənab İlham Əliyevin ölkədə yeritdiyi düzgün, məqsədyönlü siyasətin nəticəsində nail olunub.

Regional inkişaf üzrə Dövlət Proqramının uğurla yekunlaşdırıldığı, həyatımızın bütün sahələrində tərəqqinin müşahidə olunduğu, ictimai-siyasi baxımdan isə ən böyük tarixi hadisənin baş verdiyi — növbəti prezident seçkilərinin mütəşəkkilliklə keçirildiyi 2008-ci il Azərbaycan polisi üçün də əhəmiyyətli olub. Ötən il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək mühüm təsisat kimi formalaşmış, təkmilləşmiş və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanlarının, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində nailiyyətlərini daha da artıran, dövlətçiliyin və asayişin keşiyində mətanətlə dayanan Azərbaycan polisinin 90 illik yubileyi təntənə ilə qeyd edilib. Əlamətdar bayram ərəfəsində dövlətimizin başçısı xüsusi sərəncamla DİN-in 4 nəfər əməkdaşına ali rütbə verib, DİO əməkdaşlarının aylıq pul təminatlarını artırıb. Bir qrup əməkdaş ölkənin orden və medalları ilə təltif olunub, “Azərbaycan polisinin 90 illiyi” yubiley medalı təsis edilib.

Ölkəmizdə demokratikləşmə proseslərinin inkişafı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində atılan mühüm addımlar polis orqanlarının fəaliyyətinə də müsbət təsir göstərib, ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizədə uğurlar daha da artıb.

Ötən il Masallı Rayon Polis Şöbəsinin şəxsi heyəti qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək məqsədilə bir sıra mühüm addımlar atıb. Mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın, xidməti məsuliyyətin və mütəşəkkilliyin yüksəldilməsi əhali arasında nüfuzun daha da artmasına istiqamətlənib.

Dövlətimiz və nazirliyimiz tərəfindən bizə göstərilən gündəlik qayğıya və dəstəyə cavab olaraq hər bir əməkdaşımız cinayətkarlığa qarşı mübarizə və onun profilaktikası sahəsində, ictimai asayişin qorunmasında səy və bacarığını əsirgəməyib. Nəticədə il ərzində rayonda qeydə alınmış 255 cinayət hadisəsinin 91,7 faizinin açılması təmin edilib. Əvvəlki illə müqayisədə rayonda cinayət hadisələri 50 fakt, başqa sözlə 16,4 faiz azalıb. Əgər 2007-ci ildə 24 ağır və xüsusilə ağır cinayət qeydə alınmışdısa, ötən il bu, 2 fakt az olub. Həmin növ cinayətlərin açılması 85 faiz təşkil edib.

Masallıda baş verən cinayət hadisələrindən 91-i qeyri-aşkar şəraitdə törədilib və bunlardan 78-i açılıb. Əvvəllər məhkum olunmuşlar tərəfindən 20, sərxoş şəxslər tərəfindən isə 3 cinayət törədilib. Az ağır cinayətlərdə də azalma meyli olub. 2007-ci ildə 137, keçən il isə 124 belə cinayət qeydə alınıb, açılma faizi 92,4 -dür. Qeyri-aşkar şəraitdə baş vermiş 72 az ağır cinayətdən 63-ü açılıb.

İl ərzində böyük ictimai təhlükə törətməyən 109 cinayətin 93,9 faizi açılıb. Halbuki, əvvəlki ildə 144 belə hadisə olmuşdu. Şəxsiyyət əleyhinə olan 116 (əvvəlki ildə 142) hadisə qeydə alınıb, açılması 94,2 faizdir. O cümlədən qəsdən adam öldürmə, adamöldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, seksual xarakterli zorakılıq hərəkətləri, mənimsəmə və israfetmə, soyğunçuluq, qaçaqmalçılıq, insan alveri, korrupsiya, vəzifə səlahiyyətləri ilə bağlı, fahişəliyə cəlbetmə, əxlaqsızlıq yuvaları saxlama kimi cinayətlərin açılması 100 faiz təmin edilib.

Sayıq xidmətin və profilaktik işin səmərəliliyi sayəsində bir sıra digər xarakterli cinayətlərin də törədilməsində azalma meyli olub. Məsələn, qəsdən sağlamlığa az zərər vurma hadisələri azalmaqla açılması 95,7 faiz, yüngül zərər vurma və döymə cinayətləri də azalmaqla açılması 96,3 faiz təşkil edib.

Ötən il Masallıda oğurluq hadisələri 4 fakt artaraq 38 olub, onların 34-ü açılıb. Oğurluq edənlərdən 13 nəfəri əvvəllər məhkum olunmuş şəxslərdir. İl ərzində 22 mənzil oğurluğu baş verib və açılması 83,3 faiz təşkil edib. İctimai təhlükəli və ictimai qayda əleyhinə olan cinayət hadisələrinin sayı 89 olmaqla 15 faizdən çox azalıb. Bu növ cinayətlərin 94,9 faizinin açılması təmin edilib. Xuliqanlıq maddəsi ilə keçən 18 hadisənin hamısı açılıb, narkotik vasitələrlə bağlı olan 41 hadisəninsə açılması 93,9 faiz olub. Narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi qarşımızda duran çox mühüm vəzifədir. Ötən il aşkar edilmiş bu kimi cinayət faktlarının 20-si satışla, 15-i saxlama ilə bağlı olub. “Xaş-xaş-2008" şərti adı ilə keçirilmiş tədbirlər planının icrası ilə əlaqədar rayonda qanunsuz kultivasiya edilmiş narkotik xassəli bitkilərin aşkarlanması üzrə 6 fakt qeydə alınıb və 140 yaş kol müəyyənləşdirilərək təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində qanunsuz dövriyyədən 2 kiloqram 230 qram narkotik vasitə olan heroin, 0,497 qram tiryək aşkar olunaraq götürülüb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Masallı RPŞ-nin iyun ayında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Masallı şəhər sakini Vüqar Kərimov və əvvəllər məhkum olunmuş Qadir Kərimov şöbəyə gətirilib və onlardan 2 kiloqram 125 qram heroin, həmçinin bir ədəd binokl aşkar edilərək götürülüb. Masallı şəhəri, Vidadi küçəsindəki şəxsi evdə isə tiryəkxana aşkar olunub.

Bu il də rayonda narkotiklərlə mübarizə qətiyyətlə aparılır. Artıq uğurlar da qazanılıb. Belə ki, yanvarın 12-də Masallı polisinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsiz qalmayb. Xil kənd sakini Qalib Nəsirovla Masallı şəhər sakini Elman Hüseynov Ələt-Astara yolunun kənarında, Öncəqala kəndi ərazisindəki meşə zolağında yaxalanarkən onların üzərindən bişirilərək qəbul edilmək üçün hazırlanmış heroinəoxşar maddələr doldurulmuş 3 ədəd şpris (içərisində 5,3 milliqram maye), 2 ədəd içərisində toz halında heroinəoxşar maddə olan gümüşü rəngli siqaret kağızları, 1 ədəd qırılmış boş şüşə ampula və 1 ədəd içərisinin gümüşü rəngli kağızı cırılmış halda olan “Vinston” siqaret qutusu aşkar edilərək götürülüb. Elman Hüseynovun tanışı olan daha bir nəfər hadisə yerindən qaçıb. Fakt üzrə dərhal təhqiqata başlanıb.

Fevralın 12-də isə Masallı şəhər sakini Elçin Nuriyev bir qrup şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitə olan heroini Masallı rayonu, Dadva məhəllə sakini, əvvəllər məhkum olunmuş Emin Həsənova satıb, o da öz növbəsində 1 iynə heroin qəbul etməyin əvəzinə, Boradigah qəsəbə sakini Ceyhun Talıbova narkotik vasitələr almaqda vasitəçilik edib. Bu “üçlük” həmçinin Masallı şəhər sakini Rüfət Sadıqova da heroin satmaq müqabilində ondan istifadə etmək üçün 3 ədəd birdəfəlik şprisdə həmin narkotik vasitədən alıblar. Rüfət Sadıqov aldığı heroinin yarısını bişirərək şprislərdə, qalanını isə büküm halında həmin “dostlar”a verib. Ceyhun Talıbov gümüşü rəngli siqaret kağızına bükülmüş 0,235 qram heroini könüllü olaraq polis şöbəsinə gətirib təhvil verdikdən sonra digər üç nəfər saxlanılıb və qabaqcadan əlbir olmaqla törətdikləri cinayəti etiraf ediblər.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət planına uyğun olaraq rayon polis şöbəsinin əməkdaşları müəyyən əməliyyat tədbirləri keçiriblər. Bunun nəticəsində əxlaqsızlıq yuvasına çevrilən Masallı rayonunun Gölüstü park adlanan istirahət zonasındakı motel-restoranda fahişəliklə məşğul olan 1 qadın, cinayətdə iştirak edən 6 kişi müəyyən edilib və 3 fakt üzrə cinayət işi başlanılıb.

Ötən il axtarışda olan cinayətkarların yaxalanması və itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsi sahəsində də müəyyən işlər görülüb. Axtarışda olan 55 cinayətkardan 36-sı tutulub, itkin düşən 13 nəfər şəxsdən 10-u tapılıb...

Şöbəmizin şəxsi heyəti ümummilli liderimiz Heydər Əliyevin bizə əmanət qoyduğu ictimai-siyasi sabitliyi qorumaq, cinayətkarlığa qarşı daha qətiyyətli mübarizə aparmaq üçün bundan sonra da əzmkarlıq göstərəcək.

 

 

Dövlət SƏFƏRBƏYLİ,

Masallı Rayon Polis Şöbəsinin

rəisi, polis polkovniki

 

Xalq qəzeti.- 2009.- 22 aprel.- S. 4.