TƏKAN NÖQTƏSİ
yaxud həmişə yeri görünən jurnalist
Azərbaycanın
görkəmli publisisti Qubad Süleymanovun ölümündən
40 il ötür. 1969-cu il aprelin 23-də istedadlı jurnalist,
gözəl insan, səmimi dost Qubad Süleymanovun 41
yaşında qəfil ölümü milli
jurnalistikamızın ağır itkisi kimi hamımızın
qəlbini ağrıtdı. Qubad Bakı Dövlət
Universitetinin jurnalistika şöbəsini bitirmiş ilk
ixtisaslı jurnalistlər dəstəsinə mənsub idi.
Azərbaycan gəncləri”
qəzetində özünü iti qələmli, geniş
erudusiyalı jurnalist kimi tanıdandan sonra respublikanın
seçmə yazarlarının
çalışdığı “Kommunist” qəzetinə dəvət
olunmuşdu. O, burada Şəki və Qarabağ üzrə
bölgə müxbiri işləmiş, yazıları ilə
oxucuların dərin rəğbətini qazanmışdı.
Sonrakı illərdə
Qubad Süleymanov İmişli–Beyləqan bölgəsində
çıxan “Yüksəliş” qəzetinin redaktoru
olmuşdu. Jurnalist dostumuz İmişli Rayon Xalq Nəzarəti
Komitəsinin sədri və Beyləqan Rayon Partiya Komitəsinin
ikinci katibi işləmiş, yüksək təşkilatçılıq
qabiliyyəti ilə də seçilmişdi. Tale belə bir
insanla bir yerdə işləmək, dost olmaq xoşbəxtliyini
mənə də qismət etmişdi.
Hər bir insan həyatda
yüksəlmək üçün bir mənəvi
“kosmodroma”, təkan nöqtəsinə ehtiyac duyur.
Altmışıncı illərin əvvəllərində mənim
də belə bir “kosmodroma” ehtiyacım vardı. Elə bir
“meydança” axtarırdım ki, oradan təkan vurub,
yaradıcılıq səmasına, arzularımın fəzasına
qalxa bilim. Yaxşı insanlar, xeyirxah qələm sahibləri
məni belə bir “təkan meydançasına” yönəltdilər.
... “Kommunist” qəzeti
(indiki “Xalq qəzeti”) redaksiyasında fəaliyyətə
başlamağımdan heç bir ay keçməmişdi ki,
qəzetin zona müxbiri Qubad Süleymanov şöbəyə
girib, şən və gümrah səslə mənə tərəf
səsləndi:
– Hazırlaş, sabah
yola düşürük?
Bu qəfləti gəlişdən
və xəbərdən heç nə anlamadığım
üçün təəccüblə soruşdum:
– Hara gedirik?
Cavab çox ləngimədi:
– Jdanova gedirik (İndiki
Beyləqan – Y.K). Bu gün məni Mərkəzi Komitənin
yeni yaradılmış rayonlararası “Yüksəliş” qəzetinə
redaktor təsdiq etdilər. Qərara almışam ki, səni
də özümə müavin aparım...
Bir xeyli təəccüblə
baxmağımda davam etdim. Sonra mənalı-mənalı
güldüm. Bununla demək istəyirdim ki, “siz nə
danışırsınız, mərkəzi qəzeti qoyub
gedim rayon qəzetinə? Adam var, belə yer üçün
sino gedir, mən də öz xoşumla əlimdən verim bu
yeri?” Qubad Süleymanov, sanki, düşündüklərimi
gözlərimdən oxumuşdu. Astadan dedi:
– Sənə qələmini
işlətmək üçün meydan lazımdır. O da məndə.
Yaxşı-yaxşı fikirləş, sabah qərarını
mənə söylə – deyib, otaqdan çıxdı.
Mən isə
dodağımın altında mızıldandım:
– Qərarımı elə
indi də deyə bilərəm: “Mən buradan heç yerə
gedəsi deyiləm”.
Həmin gün
özümdə-sözümdə olmadım. Qubad
Süleymanovun təklifi qəfil tufan olub, fikir
ümmanımı təlatümə gətirmişdi. Ona qəti
“yox” desəm də “gedim, getməyim?” sualı
qarşısında qalmışdım. Tərəddüd
içində çapalamağım təsadüfi deyildi.
“Kommunist” qəzeti
redaksiyasında işləmək şərəfli olsa da bir qədər
əvvəlki “azadlığım” əlimdən
alınmışdı. O zaman istədiyim mövzuda istədiyim
qədər yazırdım, müxtəlif qəzetlərdə
dərc olunurdum. “Bakı” qəzeti müntəzəm olaraq,
yazılarımı dərc edirdi. Yaxşı qonarar
alırdım.
Üstəlik, adım tələbə
idi. Heç kimin məndən umacağı yox idi, əksinə,
evdən mənə görüm-baxım edirdilər. İndi
isə universiteti bitirib, müstəqil işçi
olmuşdum. Anama gözaydınlığı verib demişdilər:
“Şükür, oğlun institutu bitirdi, Bakıda qalıb
böyük vəzifədə işləyir, bundan sonra vəziyyətiniz
yaxşı olar”. Deməli, bundan sonra mən təkcə
özüm haqqında düşünə bilməzdim. Anama,
bizi “ayaq üstə qoymayınca” evlənmək haqqında
düşünməyən böyük qardaşıma maddi
kömək etməliydim.
Burada isə
aldığım özümə güclə
çatırdı. O zamanlar ədəbi işçinin
maaşı yetmiş beş manat idi. Düzdür, bu məbləğin
dəyəri indiki ilə müqayisəyə gəlməz.
Amma bununla belə şəhərdə ev-eşiyi olmayan, kirayə
mənzil tutan gözəl geyinməyi, dost-tanış
arasında şux gəzməyi xoşlayan, xüsusən,
kino, teatr tamaşalarının, gur konsertlərin, idman
yarışlarının azarkeşi olan cavan bir jurnalist
üçün həmin maaş çox az idi.
Ən pisi o idi ki, “qəfəsə
salınmışdım”, buraya gələndən ezamiyyətə
getməmişdim, fərli bir yazı yazmamışdım.
Yalnız məktub işləyirdim, redaksiyaya göndərilən
oxucu məktublarının xülasəsini, yaxud zona
müxbirlərinin yazılarını dərc
üçün hazırlayırdım. Elə Qax–Zaqatala
zonasından yazılar göndərən xüsusi müxbir
Qubad Süleymanovun da dəst-xəttinə bu yolla bələd
idim. Onun bürokrat idarəçiliyə qarşı sərt
yazıları xoşuma gəlirdi. Bir gün redaksiyada
özü ilə də tanış oldum. Bu
tanışlıq tezliklə dostluğa çevrildi.
Açıq xasiyyəti, sözü qırmızı üzə
deməsi, ifrat zarafatçıllığı, bir də hədsiz
qayğıkeşliyi ürəyimə yatmışdı. Əslən
Qarabağdan – Ağdamın Mahrızlı kəndindən idi.
Mənə “eloğlu” deyirdi. Hiss edirdi ki, bu kollektivdə
özümə yer tapa bilmirəm. Təsəlli verirdi:
– Döz, hər şey
yaxşı olacaq. Tezliklə bu “qocalardan” canın qurtarar...
Əslində, “kommunist”çilərin hamısı
qoca deyildi. Onların arasında
yaraşıqlı cavanlar,
orjinal düşüncəli
qələm sahibləri
vardı. Lakin burada
Kommunist Partiyasının
sərt tələblərinə
tabe etdirilmiş daxili qayda-qanun, nizam-intizam vardı. Bu da yazı
meydanında at oynatmağa,
sərbəst qələm
çalmağa imkan vermirdi.
Belə bir vaxtda, maddi və
mənəvi sıxıntı çəkdiyim vəziyyətdə
Qubad Süleymanovun qəfil peyda olub, “sənə qələmini
işlətmək üçün meydan lazımdır” deməsi
fikrimi yerindən oynatmışdı. Həmin gün səhəri
dirigözlü açmışdım. İşə
hamıdan tez gəlmişdim. Qubad adəti üzrə
hay-küylə, zarafat edə-edə otağa girdi.
Qızarmış, yuxusuz gözlərimə baxıb
soruşdu:
– Hə, gedirik?
Cavabım yenə də
ləngidi. Daha doğrusu, nə deyəcəyimi qətiləşdirə
bilmirdim. Hannan-hana
dilləndim:
– Qorxuram...
Qubad indi bir qədər
də ucadan güldü.
– Hə, yoxsa ilanmələyən
diyarın xofu səni də basıb? – dedi. – Mən ki,
qorxmuram, sən də qorxma. Zaqatala kimi səfalı dağlar
qoynundan enib, Jdanova gedirəmsə, deməli, orada qorxulu bir
şey yoxdur...
O zaman Mil düzü Azərbaycanın
“xam torpağı” sayılırdı. İndi Beyləqan
adı ilə tanınan böyük rayon mərkəzi o vaxt
Jdanov adlı kiçik qəsəbədən ibarət idi və
“ilanmələyən” Mil düzünün mərkəzində
yerləşirdi. Bu yerlər haqqında əcayib-qərayib rəvayətlər
danışırdılar. Odur ki, o yerlərin nəinki sakini
olmaq, hətta ezamiyyətə getmək arzusunda olanlar çətin
tapılırdı. Sonralar mənim Jdanova işləməyə
getdiyimi eşidən bacım hönkür-hönkür
ağlamışdı...
Ancaq məni qorxudan nə “ilanmələyən düzün”
istisi, nə də başqa çətinliyi idi.
– Bəs, onda nədən
qorxursan? – deyə Qubad təkidlə soruşdu.
– Qorxuram batam, oralarda
qalam...
Fikrimi tam
açıqlamasam da, görünür, dostum qəlbimin
narahatlığını başa düşmüşdü.
Bir xeyli mənə baxandan sonra qətiyyətlə dedi:
– Qorxma, batmazsan... Yenə
də qayıdarsan...
Otaqdan
çıxdı. Bir qədərdən sonra məni redaktorun
yanına çağırdılar. Kabinetdə İsrafil Nəzərovdan
başqa redaktor müavini İdris Qasımov, şöbə
müdiri Nəriman Zeynalov və Qubad Süleymanov da vardı.
Mən içəri girən kimi İsrafil müəllim
sözə başladı:
– Bu Qubad Süleymanov
tutduğunu buraxan deyil. Təkid edir ki, səni özü ilə
aparsın. Eşitdiyimə görə, sən də tərəddüd
edirsən. Əlbəttə, səni məcbur etməyə
heç kimin haqqı yoxdur. Amma getməyə razılıq
versən və Jdanovda işləyəsi olsan, bizim də sənə
tapşırığımız olar...
Redaktor sözünə
ara verdi, son sözləri eşidərkən bir qədər
dikəldiymi və maraqla dinlədiyimi hiss edib,
sözünün ardını dedi:
– Nəriman Zeynalovun təklifi
belədir ki, sən Mil–Muğan zonasında həm də bizim
qəzetin xüsusi müxbiri olasan. Orada işlədiyin
müddətdə o zonaya ayrı müxbir göndərməyəcəyik.
Bütün tapşırıqlarımızı sən yerinə
yetirəcəksən...
İçərimdə
bir yüngüllük hiss etdim. Bu ləyaqətli insanlar bir
yerə toplaşıb, məşvərət etmişdilər,
qərara gəlmişdilər ki, mənim qəlbimdəki xofu
dağıtsınlar, “ucqarda qalıb unudulmaq” qorxusunu aradan
qaldırsınlar.
Redaktor sözünü
belə yekunlaşdırdı:
– İstədiyin vaxt
öz yerinə qayıda bilərsən...
İndi söz mənim
idi. “Gedirəm, getmirəm?” sualına, nəhayət, cavab verməliydim.
Amma razılığımı başqa cür bildirdim:
– Etimadınız
üçün təşəkkür edirəm. Qubadın
“çiçəyi çırtladı”, mənə tərəf
gəlib, əlini çiynimə qoydu, kabinetdəkilərə
tərəf:
– Görəcəksiniz
ikilikdə o zonada nə tufan qoparacağıq, – dedi.
Gülüşdülər.
Bizə xeyir-dua verdilər, uğurlu fəaliyyət
arzuladılar.
... Mərkəzi Komitənin
rayonlararası “Yüksəliş” qəzeti birləşdirilmiş
üç rayonu – İmişli, Jdanov, Füzuli
rayonlarını əhatə edirdi. İstehsalat idarəsi və
partorq (ərazi partiya təşkilatı) Jdanovda yerləşdiyindən
bura mərkəz sayılırdı və “Yüksəliş”
qəzetinin redaksiyası da burada yerləşirdi. Qəzet
kiçik formatda günaşırı
çıxırdı. İmişli və Füzuli
rayonlarının keçmiş mətbəələrindən
avadanlıq daşınıb gətirilsə də mətbəəni
müasir tələblər səviyyəsinə qaldırmaq
mümkün deyildi. Materiallar “nabor” üsulu ilə (əl ilə)
yığılır, qəzet mexaniki üsulla çap
olunurdu.
Lakin poliqrafiya bazamız
nə qədər kasıb olsa da qəzetin məzmunu o qədər
zəngin və rəngarəng olmuşdu. O vaxtkı
oxucuların dediklərinə görə, “Yüksəliş”in
özünəməxsus “sifəti və nəfəsi”
vardı. Bu da təsadüfi deyildi. Qubad Süleymanov
keçmiş “qəzetçilərdən” imtina etmişdi, yəni
bağlanmış rayon qəzetlərinin rəhbərlərini
yaxına buraxmamışdı. Hərçənd bu bizə
baha başa gəlirdi. Həmin “qəzetçilər”
narazı olduqlarından “Yüksəliş”in hər
sayını “al qana boyayıb”, başqa sözlə, tənqid
atəşinə tutub, mərkəzə göndərirdilər.
Qubad Süleymanov isə bildiyindən dönən deyildi.
Yaxşı tanıdığı, qələminə və təşkilatçılığına
bələd olduğu adamları işə
götürürdü. Aramızda ikicə nəfər yaşlı
jurnalist vardı: Şamil Əkbərov və Salman Fətiyev.
Qalanları cavanlar idi: Fərman Kərimzadə, Barat
Şirinov, Təvəkkül Hüseynov, Əjdər Fərzəliyev,
Yaqub Abdullayev, Məcnun Namazəliyev.
Mən məsul katib vəzifəsində
çalışırdım. Partiya üzvü
olmadığım üçün “redaktor müavini” ola bilməzdim.
Çünki ştat statusuna görə bu vəzifədə
çalışan həm də “Partiya həyatı”
şöbəsinin müdiri olmalı idi. Odur ki, Ağdamdan gəlmiş
təcrübəli qəzetçi Şamil Əkbərov
redaktor müavini təyin olunmuşdu.
Məsul katiblik “kabinet
işi” olduğundan o qədər də ürəyimcə
deyildi. Lakin bizim poliqrafiya imkanları şəraitində bu vəzifənin
qayğıları o qədər də ağır
olmadığından dözürdüm. Bir ayağım
“qaçaraq” idi. Yəni çölə-bayıra, təsərrüfatlara
can atırdım. Yazmaq istəyirdim.
İş-güc
başımı qatsa da hərdən bərk
darıxırdım. Bunu Qubad Süleymanov da hiss edirdi. Redaktorluğun gündəlik ağır
yükündən xilas
olan kimi mənim “nazımla oynayırdı”. Hara gedirdisə məni də özü ilə aparırdı.
Bəzən axşam çağları,
istirahət günləri
Qarabağın səfalı
yerlərinə qalxırdıq.
Qubad tez-tez Ağdamın Mahrızlı kəndinə,
ata yurduna gedərdi, məni də aparardı. Atası, anası, qardaşları ilə
Qubadın yaşı
30-u ötsə də subay idi. Daha doğrusu, erkən evlənmişdi,
amma oxu daşa dəymişdi, arvadı həyatdan vaxtsız
getmişdi, izi qalmamışdı. O vaxtdan Qubad evlənmək
sözünü dilinə gətirmirdi. Təbiətcə
çox şən, haylı-küylü olan bu adam bəzən
uşaq kimi kövrək olurdu. Gecələr yol gedəndə
hərdən oxuyurdu. Onun sinədən gələn məlahətli,
bir qədər də qüssəli səsi vardı. Oxuyarkən,
sanki, nakam eşqini söyləyirdi. Olduqca dostcanlı,
qayğıkeş idi. Mənim yeməyimə, yatmağıma
xüsusi diqqət yetirirdi.
– Səni buraya əmanət
gətirmişəm, – deyirdi, – Xəstələnsən, məni
qınayarlar.
Bir dəfə
qarpızdan zəhərlənmişdim, halım
xarablaşmış, hərarətim qalxmışdı. Həmin
gün Qubad özünə yer tapa bilmirdi. Rayonun
tanınmış həkimlərini bir neçə dəfə
üstümə gətizdirdi, gecə səhərədək
yatağımın yanından çəkilmədi.
Darıxmağıma da dərman tapmaq istəyirdi.
– Çox gəzməlisən,
çox görməlisən, çox yazmalısan. Onda darıxmazsan,
– deyirdi.
... Q.Süleymanovun
yaratdığı münbit şərait nəticəsində
mən bütün cənub bölgəsini – Arazbasarı,
Mil–Muğan diyarını qarış-qarış
dolaşdım, qələmimi geninə-boluna işlətmək,
püxtələşdirmək imkanı qazandım. “Yüksəliş”in
səhifələri bədii yaradıcılığım
üçün də bir növ sınaq meydanına
çevrildi. Sonralar yaranan bir çox hekayə və povestlərim,
Azərbaycanın çətin taleyindən bəhs edən
tarixi roman (“Qırmızı sahil”) mövzu mənbəyini məhz
bu yerlərdən götürmüşdü. Xatırladım
ki, sonralar istedadlı, məhsuldar yazıçı kimi
tanınan Fərman Kərimzadənin də ilk yazıları
“Yüksəliş” qəzetində çap olunmuşdu.
... Gənclik
çağlarında Qubad Süleymanovla keçirdiyim ikiillik
zaman kəsiyi mənə çox şey öyrətdi,
yaradıcılığım üçün əsl təkan
nöqtəsi, “kosmodrom” oldu. Ölümündən 40 il
keçsə də Qubad Süleymanov kimi qələm sahibinin,
şəxsiyyətin, cavanlar üçün mayak rolunu
oynamış qayğıkeş insanın yeri bu gün də
görünür. Haqq dünyasında yeri behişt olsun.
Yusif KƏRİMOV,
yazıçı-publisist
Xalq qəzeti.- 2009.- 22 aprel.- S. 7.