Zəngin ənənələri olan təhsil ocağı

 

Bu məktəbin adı müxtəlif illərdə müxtəlif cür olub. 1920-ci ildə Azərbaycanın məşhur rəssamı Əzim Əzimzadənin səyi nəticəsində yaradılmışdır. Əvvəl Ali bədii emalatxana, sonra isə Azərbaycan Ali Rəssamlıq Məktəbi adlandırılan bu təhsil ocağı 1929-cu ildə Azərbaycan Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildən isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra ulu öndərin fərmanı ilə 2001-ci ildə Rəssamlıq Akademiyası yaradılan zaman bu məktəb də İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verildi.

Elə həmin vaxtdan da bu məktəbə məşhur heykəltəraş, əməkdar incəsənət xadimi Akif Əsgərov rəhbərlik edir.

Akif müəllim söhbət zamanı məktəbin fəaliyyəti ilə bağlı öz fikirlərini bildirdi.

– Böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin yaratmış olduğu bu məktəbin öz ənənələri olmuşdur və bu gün də biz bu ənənələri davam etdirmək əzmindəyik.

Deyə bilərəm ki, Azərbaycanın sayılıb-seçilən rəssamları bu məktəbin yetirmələridir. Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Vəcihə Səmədova, Maral Rəhmanzadə, Lətif Kərimov, Fuad Əbdurrəhmanov, Qəzənfər Xalıqov, Ömər Eldarov və başqaları bu təhsil ocağında sənətin sirlərini öyrənmişlər. 90 ilə yaxındır ki, bu məktəbdə rəssamlar yetişdirilir. Onların böyük bir qismi Leninqradın (Sankt Peterburq) Repin adına, Moskvanın Surikov adına rəssamlıq akademiyalarında öz təhsillərini davam etdirmişlər. Çox maraqlı məqamlardan biri də budur ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərən müəllimlərin də əksəriyyəti bizim məktəbin yetirmələridir. Bir sözlə, Azərbaycan Rəssamlıq Məktəbi ölkəmizdə bu böyük sənətin inkişafında çox əhəmiyyətli rol oynamışdır. Milli rəssamlıq kadrlarının yetişdirilməsində onun əvəzsiz xidmətləri olmuşdur.

Akif müəllim bildirdi ki, məktəb Rəssamlıq Akademiyasının tabeliyinə veriləndən sonra onun fəaliyyəti genişləndi, maddi-texniki bazası xeyli möhkəmləndirildi. 90-cı illərin əvvəlindən baxımsız vəziyyətə düşmüş Rəssamlıq Məktəbi ulu öndərin hakimiyyətə qayıdışından sonra tədricən öz əvvəlki ənənələrini özünə qaytardı. Bu gün akademiyanın rəhbərliyi, rektor akademik, xalq rəssamı Ömər Eldarov, prorektor, xalq rəssamı Cəlil Hüseynov vaxtaşırı məktəbimizin fəaliyyəti ilə maraqlanır, problemlərimizin həllinə kömək göstərirlər.

Məktəbimizdə 8 şöbə fəaliyyət göstərir. Onlar rəngkarlıq, heykəltaraşlıq, qrafika, keramika, xalça sənəti, interyer, dizayn və dekorativ-tətbiqi sənət şöbələridir. Hər il bu şöbələrə, bütövlükdə, 80 tələbə qəbul edirik. Onların təhsil almaları üçün hər cür şərait yaratmışıq. Onu deyim ki, məzun oğlanlarımız hərbi xidmətə çağrılır, qızların isə 70 faizi akademiyada təhsillərini davam etdirirlər.

Bu gün bizdən tələb olunan əsas məsələ təhsilin keyfiyyəti məsələsidir. Bizim çox təcrübəli pedaqoji kollektivimiz var və onlar sənətin sirlərini tələbələrə yeni, müasir metodlarla öyrədirlər.

Rəssamlıq fitri istedad tələb edən sənət sahəsidir. Hər il bu məktəbdə təhsil alan tələbələrin içərisindən 3-4 nəfər yaxşı rəssam çıxırsa, bu, özü böyük göstəricidir. Yaxşı rəssam olacaq tələbələri isə elə ilk gündən tanımaq olur. Onlara xüsusi diqqət yetirilir.

Bizim tələbələr tez-tez şəhərimizdə keçirilən bayram tədbirlərinə cəlb olunurlar. Gül bayramında, Novruz bayramında onlar şəhərimizin tərtibat işlərinə yaxından kömək göstərirlər. Tələbələrimiz tez-tez sərgilərdə iştirak edir, onların əsərləri xarici qonaqların da diqqətindən yayınmır.

Direktor məktəbin problemlərindən də söz açdı. Bildirdi ki, emalatxanalar kifayət qədər deyildir, məktəbin binasının əsaslı təmirə ehtiyacı var. Bəzi avadanlıqları vaxtında əldə etmək olmur.

Akif müəllim öz yaradıcılığı barədə də danışdı. Bildirdi ki, akademiyada heykəltəraşlıqdan dərs deyir. Azərbaycanın müxtəlif regionlarında ulu öndərin heykəllərinin müəllifidir. Mehdi Hüseynzadənin Sloveniyadakı, Əliağa Vahidin Masazırdakı, Yusif Məmmədəliyevin Bakıdakı heykəllərinin yaradıcısıdır. Parisdə Əlimərdan bəy Topçubaşovun qəbirüstü abidəsinin də müəllifidir. Bu gün o, yaradıcılıq axtarışlarını uğurla davam etdirir.

Sonda Akif müəllim onu da bildirdi ki, Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyevin sənətə, xüsusilə rəssamlığa göstərdiyi qayğı bizi daha məsuliyyətlə işləməyə, keyfiyyətli kadrlar hazırlamağa ruhlandırır.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 22 aprel.- S. 7.