Yeni regional inkişaf proqramı

 

Yaxın beş ildə Azərbaycanda aqrar bölmənin inkişafı daha da sürətlənəcək

 

Ölkəmizin regional, tarazlıq inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Məlum olduğu kimi, dövlət başçısının 2009-cu il aprelin 14-də imzaladığı fərmanla “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Ölkənin növbəti beş ildə sosial-iqtisadi tərəqqisinin sürətləndirilməsini təmin edəcək bu mühüm dövlət sənədi əvvəlki analoji proqramdan daha əhatəli, daha məzmunludur.

Hər iki proqramın məqsəd və vəzifələri, bu sənədlərdə nəzərdə tutulmuş regional inkişafın prioritet istiqamətləri isə eynidir. Yəni ilk regional inkişaf proqramı kimi yeni proqramın da əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, tarazlı, davamlı iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

Bir qədər əvvəl uğurla başa çatdırılmış birinci regional inkişaf proqramı Azərbaycanın sosial-iqtisadi tərəqqisini xeyli sürətləndirmiş, ölkənin tarazlı və davamlı inkişafının əsasını qoymuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, adı çəkilən mühüm dövlət sənədinin həyata keçirildiyi ötən beş ildə Azərbaycanda sosal-iqtisadi inkişafın indikatoru sayılan ümumi daxili məhsul istehsalı 2,6 dəfə artaraq 38 milyard manata çatmışdır. Həmin dövrdə ölkədə qeyri-neft sektoru 1,8 dəfə, bu sahəyə qoyulan investisiyanın həcmi 6,2 dəfə artmışdır. 2003-2008-ci illərdə ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faizlik artım qeydə alınmışdır.

Yeri gəlmişkən, ölkə əhalisinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişaf etməsinə səbəb olmuşdur. Elə birinci regional inkişaf proqramında da kənd təsərrüfatının inkişaf etdirilməsi əsas hədəflərdən, mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdi. Təsadüfi deyil ki, adı çəkilən sənəddə kənd təsərrüfatı ilə bağlı təqribən 170 tədbir nəzərdə tutulmuşdu ki, onların da uğurla reallaşdırılması aqrar sahənin dirçəldilməsinə imkan yaratmışdır.

Proqramın həyata keçirildiyi ötən beş ildə bu sahədə sahibkarlıq hissi güclənmiş, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalına maraq xeyli artmışdır. Bu da təsadüfi deyil. Çünki ötən müddətdə dövlət aqrar sahənin inkişafına hərtərəfli qayğı göstərmiş, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, gübrə və yanacaqla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyinin göstərilməsi aqrar bölmənin inkişafında mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il yanvarın 23-də imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamın müstəsna əhəmiyyəti xüsusi qeyd edilməlidir. Belə ki, adı çəkilən sənədə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. Belə ki, 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 21,4 faiz, kartof 40,1 faiz, tərəvəz 17,4 faiz, bostan məhsulları 14,3 faiz, meyvə və giləmeyvə 24,6 faiz, üzüm 78,1 faiz artmışdır. Bu dövrdə heyvandarlıq məhsulların istehsalında da yüksək nailiyyətlər əldə edilmişdir. Belə ki, hesabat dövründə ölkədə diri çəkidə ət istehsalı 30,6 faiz, süd istehsalı 18,3 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı isə 22,3 faiz artmışdır. Bütövlükdə isə son beş il ərzində ölkədə istehsal olunmuş kənd təsərrüfatının ümumi məhsulu üzrə 25,2 faizlik artım qeydə alınmışdır.

Ötən dövrdə ölkədə aparılan aqrar siyasətin başlıca istiqamətlərindən biri də lizinq münasibətlərinin inkişaf etdirilməsindən ibarət olmuşdur. Bu məqsədlə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nəzdində ölkənin ayrı-ayrı bölgələrində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif sifarişlər əsasında 20 növ aqrotexniki xidmət göstərilmişdir. 2005-ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən ölkəyə 7299 ədəd kənd təsərrüfatı texnikası, 27 dəst texnoloji avadanlıq, 236,9 min ton mineral gübrə, 7 adda 294,3 ton pestisid gətirilmişdr.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi əsas prioritetlərdən, başlıca istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Yeni regional inkişaf proqramında kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi nəzərdə tutulur ki, bu da son nəticədə aqrar sektorun inkişafına təkan verəcəkdir.

Növbəti beş ildə kənd təsərrüfatı sahəsində sahibkarlıq hissinin daha gücləndirilməsi məqsədilə mühüm stimullaşdırıcı tədbirlər də həyata keçiriləcək. Belə ki, yeni proqrama əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddəti uzadılacaq, ölkəyə kənd təsərrüfatı texnikasının, gübrə və pestisidlərin gətirilməsi davam etdiriləcək, fermerlərə göstərilən aqrotexniki xidmətin səviyyəsi daha da yaxşılaşdırılacaq. Bütün bu tədbirlər isə, heç şübhəsiz, aqrar sektorda işgüzar fəallığın və təşəbbüskarlığın daha da artmasına, çoxsaylı iş yerlərinin yaradılmasına səbəb olacaq.

Birinci regional inkişaf proqramının həyata keçirildiyi ötən dövr ərzində institusional baxımdan torpaq və aqrar islahatlarının uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan bütöv iqtisadi sistemin — müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesinə təkan verəcək. Kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə, o cümlədən kollektiv təsərrüfat forması üzrə inkişafı regionlarda birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə gətirib çıxaracaq. Növbəti illərdə ölkənin kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalacaqdır. Bu dövrdə aqrar sektorda islahatların aparılması davam etdiriləcək, dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcək.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda aqrar bölmənin inkişaf istiqamətləri də aydın və konkret şəkildə öz əksini tapmışdır. Belə ki, qarşıdakı beş il ərzində aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, kənd təsərrüfatına maliyyə dəstəyinin artırılması və adı çəkilən sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, aqrar bölməyə xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi də yeni regional proqramın əsas hədəfləri kimi müəyyənləşdirilmişdir.

Proqramda kənd təsərrüfatı sahəsi ilə bağlı nəzərdə tutulmuş konkret tədbirlər də xüsusi maraq doğurur. Sənəddə aqrar bölmə ilə bağlı ümumilikdə 111 tədbir nəzərdə tutulmuşdur ki, onların da 13-cü bilavasitə ölkə əhəmiyyətli tədbirlərdir. Həmin tədbirlər isə, əsasən, təbii fəlakət nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə aqrar sahədə sığorta mexanizminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlət maliyyə yardımı tədbirlərinin davam etdirilməsi, regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi, taxıl istehsalının, üzümçülüyün, meyvəçiliyin və digər çoxillik əkmələrin inkişafının dəstəklənməsi və s. Daxildir.

Bununla yanaşı, ölkə əhəmiyyətli tədbirlər sırasında nəzərdə tutulan aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə və pestisidlərə olan tələbatın ödənilməsinin yaxşılaşdırılması, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışının dəstəklənməsi, aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi və s. tədbirlər də sahəyə marağın xeyli artmasına, son nəticədə aqrar bölmənin daha da inkişaf etməsinə səbəb olacaq.

Proqramın Bakı şəhərinin rayon və qəsəbələrini əhatə edən tədbirlər üzrə hissəsində yüngül və yeyinti sənayesi müəssisələrinin fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur ki, bu da regionlarda kənd təsərrüfatı məhsullarının istehsalına təkan verəcək. Eyni zamanda analoji müəssisələrin regionlarda da yaradılmasının nəzərdə tutulması istehsalçı marağının artmasına gətirib çıxaracaq.

Aqrar sahədə növbəti illərdə həyata keçiriləcək tədbirlər ölkənin bütün iqtisadi rayonlarını, o cümlədən şəhər və rayonların, demək olar ki, hamısını əhatə edəcək. Proqramda aqrar bölmə üzrə nəzərdə tutulmuş tədbirlərin əsas icraçılarına gəlincə isə bunlar Kənd Təsərrüfatı, İqtisadi İnkişaf, Maliyyə nazirlikləri, “Aqrolizinq” ASC və s. qurumlardır. Onu da deyək ki, proqramda nəzərdə tutulmuş 70-dək tədbirin birbaşa icrası Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmuşdur.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.-  23 aprel.- S. 4.