Azərbaycanın yenidən
müstəqillik əldə etməsindən ötən illər
ərzində respublikamız Avropaya və dünya birliyinə
inteqrasiya yolunda inamla irəliləyərək beynəlxalq aləmdə
mövqelərini daha da möhkəmləndirmişdir.
Hazırda müstəqil dövlətimiz beynəlxalq
münasibətlər sisteminin fəal üzvlərindən
biridir. Qürurla deyə bilərik ki, Azərbaycan mülki cəmiyyət,
hüquqi, demokratik və sivil dövlət prinsiplərini
müvəffəqiyyətlə həyata keçirən və
demokratikləşmə prosesinin dönməz xarakter
aldığı bir ölkə kimi tanınıb.
Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla
hərtərəfli əməkdaşlığına maraq
artmış, iri infrastruktur layihələrin həyata
keçirilməsində ölkəmizin zəngin təcrübəsi
beynəlxalq aləmdə örnək olmuşdur.
Azərbaycanın xarici
siyasət sahəsindəki uğurları da uzaqgörən,
mühüm əhəmiyyət kəsb edən tədbirlərin
həyata keçirilməsinin nəticəsidir. Ölkəmiz
müstəqil dövlət kimi mövcud olduğu qısa
müddət ərzində iqtisadi, siyasi və mədəni
sahələrdə böyük irəliləyişlərə
nail olmuş, iqtisadiyyatdakı geriləmə və tənəzzülün
qarşısı alınmış, insanların həyat tərzi
getdikcə yaxşılaşmış, xalqı narahat edən
işsizlik problemi tədricən aradan
qaldırılmış, əhalinin sosial rifah halı
yaxşılaşmışdır. Bu gün
qazandığımız bütün bu nailiyyətlərin,
uğurların əsası ümummilli lider, dünya
şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən
qoyulub. Azərbaycanın müstəqilliyinin əbədiyyətə
çevrilməsi, dünya birliyində özünəməxsus
layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm
qoyması məhz ulu öndərimiz Heydər Əliyevin
adı ilə bağlıdır.
Tale birinci dəfə Azərbaycan
xalqının üzünə 40 il əvvəl güldü.
1969-cu il iyulun 14-də Heydər Əliyev respublikaya rəhbər
seçilən gündən Azərbaycanın həyatında
keyfiyyətcə yeni mərhələ başlandı. Ulu
öndərin hakimiyyətə gəlişi ilə dövlət
idarəçiliyində yeni iş metodu, yeni nəfəs,
ab-hava yarandı. Respublikanı ağır vəziyyətdən
xilas etməyin və tərəqqinin yolunu milli birlikdə
görən qüdrətli şəxsiyyət buna nail olaraq
geniş planlarını tədricən həyata keçirməyə
başladı. İlk növbədə xalqı
düşündürən, narahat edən problemləri
böyük əzmlə, inadla aradan qaldırdı,
respublikanın tərəqqisi naminə əldə edilməsi
mümkün olmayan nailiyyətləri gerçəkləşdirdi.
Ulu öndər ilk
növbədə elm, təhsil, mədəniyyət, milli-mənəvi
dəyərlərin qorunması və inkişaf etdirilməsindən
başladı. Çünki hər bir müvəffəqiyyətə
düşünülmüş siyasətlə, savadla, biliklə,
elmlə nail olmaq mümkün idi. O, kadrların
seçilib-yerləşdirilməsi, işgüzar,
bacarıqlı, idarəetmədə təcrübəsi olan
insanları irəli çəkməklə Azərbaycanın
bütün sahələr üzrə inkişafının tərəqqisinin
əsasını qoydu. Ulu öndərin rəhbərliyi ilə
yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində
respublika iqtisadiyyatının bütün sahələrinin,
elmin və mədəniyyətin inkişaf etməsinə,
xalqın həyat səviyyəsinin yüksəldilməsinə
yalnız xalq təsərrüfatının dərin bilicisi
kimi müvəffəq olmaq mümkün idi.
Azərbaycan cəmiyyətinin
yenidən qurulması sahəsində geniş miqyaslı
işlər həyata keçirməyə başlayan
böyük tarixi şəxsiyyət tezliklə Azərbaycan
Respublikasını keçmiş İttifaqın qabaqcıl
respublikaları cərgəsinə çıxardı. Əsas
sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan
əksər respublikaları geridə qoydu. Heydər Əliyevin
hakimiyyətdə olduğu dövrdə gələcək
müstəqil Azərbaycanın iqtisadi, sosial, elmi-texniki
potensialının hazırlanması böyük uzaqgörənliklə
həyata keçirildi. Ulu öndərin xalqına, Vətəninə
bağlılığı sovet dövründə də
özünü büruzə verdi. Belə çətin bir
vaxtda Azərbaycan milli təfəkkürünü qoruyub
saxladı.
Sovet hakimiyyəti illərində
əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət
olmasına baxmayaraq, respublikada Azərbaycan dili hakim bir dil
deyildi. Əsasən rus dilinə böyük
üstünlük verilirdi. Ana dilinin inkişaf etdirilməsi və
zənginləşdirilməsinə lazımi şərait
yaradılmırdı, dövlət tərəfindən bu
istiqamətdə zəruri addımlar atılmır, hər
hansı ciddi tədbirlər görülmürdü. Alimlər,
ziyalılar Azərbaycan dilinin işlənməsi və
inkişafı ilə əlaqədar hər hansı əsaslı
bir iş gördükdə dərhal cəzalandırılırdı.
Azərbaycançılıq ideyasının
inkişafından danışmaq qeyri-mümkün idi.
Ümumiyyətlə,
milli dillərin inkişafının qarşısı
alınır, rus dilinin rolu gücləndirilir, ruslaşdırma
siyasəti daha geniş vüsət alırdı. Kommunist
ideologiyasının hakim olduğu bir şəraitdə
ayrı-ayrı xalqların nümayəndələrinin ana
dilinin inkişafından, işlədilməsindən
danışması “millətçi” damğası ilə nəticələnirdi.
70-ci illərin
ortalarından başlayaraq SSRİ-nin tərkibində olan
respublikaların ictimai-siyasi həyatında milli dil məsələsi
yenidən gündəmə gəldi. Lakin 1977-ci ildə
SSRİ Konstitusiyasının qəbulundan sonra rus dilinin
hüquqları daha da gücləndirildi. Həmin vaxt “vahid
dil” siyasəti ciddi şəkildə tətbiq edildi. Bununla da
milli dillər tədricən
sıxışdırıldı. Qeyd etdiyim kimi, bu siyasətə
qarşı çıxanlar, ana dilinin işlənməsi tərəfdarı
olanlar, hətta bu istəyini açıq şəkildə bəyan
edənlər millətçi adı ilə
damğalanırdı.
Bütün bunlara
baxmayaraq, belə bir təhlükəli məqamda Heydər Əliyev
qorxmadan, çəkinmədən dil məsələsində
öz mövqeyini cəsarətlə bildirmişdir.
Xalqımızın böyük oğlu SSRİ
Konstitusiyası haqqında danışarkən demişdir ki, hər
birimiz Konstitusiyanın maddələrinə böyük
hörmətlə yanaşmalıyıq. Konstitusiya vətəndaşlara
təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq
imkanı ilə təmin olunur. Qüdrətli şəxsiyyət
bu təklifi ilə əslində ana dilinin dövlət dili
statusunu qorumaq məqsədi daşıyırdı.
Sözsüz ki, həmin dövrdə belə bir təkliflə
çıxış etmək asan deyildi. Lakin Heydər Əliyev
ana dilinin dövlət səviyyəsində qorunmasını
hər şeydən üstün tutdu.
SSRİ Konstitusiyası
qəbul edildikdən sonra müttəfiq respublikaların
Konstitusiya layihəsi dərc edildi. Bu layihələrin
heç birində milli dillər haqqında maddə yox idi. Hətta
ən böyük respublikaların ana dili ikinci dərəcəli
funksiya daşıyırdı. O vaxt Azərbaycanın rəhbəri
Heydər Əliyevin gərgin fəaliyyətindən sonra
Konstitusiya layihəsinin 73-cü maddəsi
aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ulu
öndərin bu təklifi qəbul edildi və onun sayəsində
Azərbaycanda dövlət dili Azərbaycan dili oldu. Bu, Heydər
Əliyevin öz xalqına, millətinə, Vətəninə
nə qədər böyük məhəbbətlə
bağlandığını, Azərbaycanın adının
yüksəkliklərə qaldırılması yolunda həyatını
riskə qoymasını təsdiqləyən faktdır.
Azərbaycan dilinə
dövlət dili statusunun verilməsi ümummilli liderin xalq
qarşısında ən böyük tarixi xidmətlərindən
biri olub. Onun unudulmaz tarixi xidmətləri çox olub, ancaq
ana dilimizi bu səviyyəyə qaldırması isə
yaddaşlara əbədi həkk olunan böyük siyasi hadisə
idi. Heydər Əliyev bu tarixi xidməti ilə əslində
gələcək müstəqil dövlətçiliyin əsas
atributlarından birini – özü də ən vacibini məharətlə
qorudu. Kommunist ideologiyasının hegemonluq etdiyi bir dövrdə
Heydər Əliyev heç kimdən qorxmadan, çəkinmədən
ana dili haqqında demişdir: “Dil xalqın böyük sərvətidir.
Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin
tərəqqisi mümkün deyildir”.
Ümumiyyətlə,
ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 14 illik fəaliyyəti
dövründə respublikamızın həyatında elə
bir sahə olmadı ki, orada inkişaf, tərəqqi
müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı,
xalqın sosial rifah halı, həyat səviyyəsinin yüksəldilməsi,
elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə
və digər sahələr inkişaf edərək Azərbaycanı
keçmiş müttəfiq respublikalar sırasında ən
yüksək yerlərdən birinə gətirib
çıxardı. Qüdrətli şəxsiyyət bu fəaliyyəti
ilə təkcə həmin dövrün Azərbaycanı və
vətəndaşları üçün deyil, həm də
gələcək müstəqil Azərbaycanın davamlı təməlini,
gələcək nəsillərin xoşbəxt və firavan həyatının
özülünü qoydu.
Ulu öndər Kremldə
yüksək vəzifələrdə – Sov.İKP MK Siyasi
Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini işlədiyi dövrlərdə də Vətəninə,
xalqına əvvəlkindən də artıq bir məhəbbətlə
xidmət etdi. Onun ürəyi daim Azərbaycanla birlikdə
vururdu, respublikamızın adını yüksəkliklərə
qaldırırdı. Azərbaycan artıq beynəlxalq miqyasda
tanınırdı.
Ümummilli lider
doğma Azərbaycanını və xalqını
unutmamış, onun inkişafı və çiçəklənməsi,
əhalisinin rifah halının daha da yüksəlməsi
üçün çalışmışdır. Təbii
ki, bu da Azərbaycanı, millətimizi gözü
götürməyənlər üçün bir dərd idi.
Onlar Heydər Əliyevin SSRİ rəhbərliyindən
uzaqlaşdırılması üçün min hiylə və
məkrə əl atır, torpaqlarımızın
işğalı üçün yalnız ulu öndəri
sıradan çıxarmağa cəhd göstərirdilər.
Xain, hiyləgər və
məkrli düşmənlərimiz milli ədavəti
qızışdırmaqda, bir respublikanın ərazisini
başqa bir respublikaya pay verməkdə sanki
ixtisaslaşmış, SSRİ-nin o vaxtkı rəhbəri
Mixail Qorbaçovun əli ilə istəklərinə nail
oldular. Heydər Əliyev SSRİ rəhbərliyindən
uzaqlaşdırılandan sonra düşmənlərimizin əlləri-qolları
açıldı və bundan sonra Azərbaycanın tarixində
növbəti dəhşətli mərhələ
başlandı. Ulu öndərin hakimiyyətdə olduğu
vaxtlarda Azərbaycan torpaqlarına qarşı təcavüz
planlarını reallaşdıra bilməyən qüvvələr
xeyli fəallaşaraq öz işğalçılıq niyyətlərini
həyata keçirməyə başladılar.
1988-ci ildən
başlayaraq Azərbaycanda dərinləşməkdə olan
ictimai-siyasi böhran getdikcə ölkədə vəziyyəti
daha da ağırlaşdırırdı. Bir-birini əvəz
edən səriştəsiz, cəsarətsiz, qorxaq, vəzifəsini
qoruyub saxlamaq naminə itaətsizlik, prinsipsizlik göstərən
dövlət rəhbərlərinin siyasi səbatsızlıqları
nəticəsində torpaqlarımız mənfur
qonşularımız olan ermənilər tərəfindən
asanlıqla işğal olunurdu.
Anarxiya,
başıpozuqluq, qeyri-qanuni silahlı qruplaşmaların
hakimiyyətə tabe olmamaları Azərbaycanı uçuruma
daha da yaxınlaşdırırdı. Artıq dağılmaq
ərəfəsində olan SSRİ-nin xain başçısı
Mixail Qorbaçovun millətlər arasında
ayrı-seçkilik salması, Azərbaycan ərazilərinin
Ermənistana bağışlanması xalqın gərilmiş
əsəblərini daha da korladı. İstiqlaliyyət,
azadlıq uğrunda öz haqq səsini qaldıranlar M.
Qorbaçovun göstərişi ilə qanına qəltan edildi
və mərd oğul və qızlarımızın qanı
ilə tarixə 1990-cı il 20 Yanvar faciəsi yazıldı.
O vaxt hakimiyyətdə
olanlar öz vəzifəsini qoruyub saxlamaq naminə bu qanlı
faciəni ört-basdır etməyə
çalışırdı. Həmin dövrdə Moskvada
ciddi nəzarət altında yaşayan Heydər Əliyev orada
Azərbaycan nümayəndəliyinə gələrək
dünyanın tanınmış kütləvi informasiya vasitələri
nümayəndələrinin iştirakı ilə mətbuat
konfransı keçirdi və sovet imperiyasının dinc əhaliyə
qarşı törətdiyi vandal aktı haqqında beynəlxalq
aləmə geniş məlumat verdi. Bu, ulu öndərimizin Azərbaycan
xalqı qarşısında daha bir tarixi fəaliyyəti oldu.
Azərbaycan öz
müstəqilliyini yenidən bərpa etdikdən sonra AXC –
Müsavat rəhbərliyinin qətiyyətsizliyi sayəsində
ölkədə xaos, hərc-mərclik,
özbaşınalıq, anarxiya hökm sürürdü.
Ölkəmiz xırda xanlıqlara bölünmək ərəfəsində
idi, vətəndaş qarşıdurması baş
vermişdi. Belə bir şəraitdə Azərbaycanda
müdrik, idarəetmədə zəngin təcrübəsi
olan, xalqı arxasınca aparmağa qadir bir şəxsiyyətə
böyük ehtiyac yaranmışdı. Azərbaycan nəinki
müstəqilliyini qoruyub saxlamaq, hətta
varlığını belə itirmək təhlükəsində
idi.
Belə bir vaxtda
artıq Heydər Əliyevin xilaskar və nicat obrazı yeganə
ümid mənbəyi kimi ictimai şüuru fəth etdi.
Müdrik şəxsiyyətin nüfuzu qarşısında
öz niyyət və planlarının puç ola biləcəyini
dərk edən Azərbaycanın xarici düşmənləri
və daxili bədxahları nəyin bahasına olursa-olsun onu
Azərbaycanın siyasi hakimiyyətinə qoymamaq
üçün xalqla onun arasında keçilməz sədlər
qurmağa çalışırdılar. Lakin
xalqımızın böyük oğlunun qüdrətli
dühası, polad iradəsi, xalqına, Vətəninə və
millətinə olan sonsuz məhəbbəti, istəyi bu sədləri,
maneələri qırdı.
Xalqın təkidli tələbini
və xahişini qəbul edən ulu öndər
ömrünün qalan hissəsini Azərbaycanın müstəqilliyinin
qorunmasına, beynəlxalq aləmdə tanınmasına,
insanların xoşbəxt və firavan yaşamalarına həsr
etməyə razılıq verdi. Böyük şəxsiyyətin
hakimiyyətə qayıdışını yalnız xalq tələb
etmirdi. İxtilafları ilə ölkəni uçurumun
qarşısında qoyan bütün siyasi qüvvələr,
ölkəni anarxiyaya, özbaşınalığa, xaosa
aparan, qardaşı qardaşla üz-üzə qoyan o
vaxtkı hakimiyyət də bu müdrik, dahi insanın, idarəetmədə
zəngin təcrübəsi olan qüdrətli şəxsiyyətin
ölkəyə rəhbərliyə gəlişini yeganə
nicat yolu kimi dəyərləndirirdilər.
Ümummilli lider
böyük Vətən, xalq, millət sevgisi nümayiş
etdirərək yenidən hakimiyyətə qayıtdı və
13 il ərzində qurduğu dövlətin 1983-cü ildən
1993-cü ilə qədər davamlı şəkildə
dağıdılması prosesinin qarşısını
aldı, xalqın ondan gözlədiyi işləri
reallaşdırdı, ictimai-siyasi sabitlik yaratdı, tənəzzülə
uğrayan iqtisadiyyatı tədricən dirçəltdi.
Yaxşı
yadımdadır. Hakimiyyətə yenidən gəldikdən
sonra mənim də iştirak etdiyim tədbirlərin birində
ulu öndər qarşıya qoyulan vəzifələrdən
danışarkən dedi: “Dövlət müstəqilliyini
möhkəmləndirmək, müstəqil dövlət
qurumunu yaratmaq, dövlət atributlarını yaratmaq və
inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi
bütövlüyünü, tam suverenliyini təmin etmək,
ölkəni müharibə şəraitindən
çıxarmaq, vətəndaşların rifahını
yaxşılaşdırmaq, onların yaşaması üçün
lazımi şərait yaratmaq – bu vəzifələr mənim
prezidentlik fəaliyyətimdə əsas istiqamətlər
olacaqdır”.
Heydər Əliyev Azərbaycana
sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş,
sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə
ehtiram, qürur bəxş etdi, vətəndaşına ən
ali hüquq və azadlıqlar, sərbəstlik, təkmil
Konstitusiya, azad və ədalətli seçkilər, xalqın
səsi ilə ərsəyə gələn parlament verdi. Ulu
öndərin bilavasitə rəhbərliyi ilə müstəqil
Azərbaycanın dünya standartlarına uyğun ilk Konstitusiyası
hazırlanmış və 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul
olunmuşdur. Azərbaycan Konstitusiyasının qəbul
olunması ilə ölkədə mülki dövlət və
açıq cəmiyyət quruculuğu üçün
möhkəm zəmin yarandı. Bununla da Azərbaycanda hakimiyyət
bölgüsünün qanuni-hüquqi əsasları bəyan
olundu və bu iş böyük müvəffəqiyyətlə
həyata keçirildi.
Əsas Qanunumuzda Azərbaycan
Respublikasının dövlət dili kimi Azərbaycan dili təsbit
olundu. Xalqımızın milli sərvəti olan ana dilimizin
inkişafına daim qayğı göstərilməsi
haqlı olaraq ümummilli lider Heydər Əliyevin
böyük tarixi xidmətlərindən sayılır. Həmin
qayğı və diqqət Heydər Əliyevin prezidentlik fəaliyyəti
dövründə özünü daha qabarıq göstərdi.
Ana dilimizin doğma adı bərpa olunmuş, “Azərbaycan dili”
ifadəsi öz yerini tutmuşdur. Bu dövrdə Azərbaycanın
dahi söz ustalarının, görkəmli şair və
yazıçılarının, incəsənət xadimlərinin
yubileylərinin keçirilməsi xalqımızın milli-mədəni
irsinin qorunmasında, təbliğində və
inkişafında çox böyük rol oynamışdır.
Heydər Əliyev siyasətinin
müdrikliyi, onun atdığı taktiki və strateji
addımların sayəsində Azərbaycan üçün
həyati əhəmiyyəti olan mənfi təzahürlər
qısa müddətdə aradan qaldırıldı, Azərbaycan
Respublikası özünə layiqli yer tutdu, diplomatiya sahəsində
bir-birinin ardınca möhtəşəm qələbələr
əldə etdi, inkişaf etmiş ölkələrlə
dostluq və əməkdaşlıq münasibətləri
quruldu. Qısa müddət ərzində Azərbaycan 150-dən
artıq ölkə ilə diplomatik əlaqələr
yaratdı.
Ölkəmizdə 82
xarici dövlətin səfirlikləri fəaliyyətə başladı.
Bunların 26-sı bilavasitə Bakıda, 56-sı isə həmin
dövlətlərin qonşu ölkələrdəki səfirliklərində
akkreditə olundu. Öz növbəsində Azərbaycanın
29 xarici ölkədə səfirlik, baş konsulluq və daimi
nümayəndəliklərinin fəaliyyətə
başlaması üçün yüksək səviyyədə
şərait yaradıldı.
Heydər Əliyevin Azərbaycan
dövləti və xalqı qarşısındakı ən
böyük xidmətlərindən biri də onun Azərbaycana
yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti
gətirməsidir. Ulu öndər dərin nəzəri biliyi,
zəkası, böyük təşkilatçılıq məharəti
və səmərəli əməli fəaliyyəti ilə
dövlət idarəçilik elmini çox zənginləşdirdi.
Onun bu sahədəki çoxcəhətli zəngin təcrübəsi
böyük bir sərvətdir. Qüdrətli tarixi şəxsiyyətin
dövlət idarəçiliyi sahəsində
yaratdığı bu zəngin xəzinə, Azərbaycan
dövlətçiliyi tarixində əbədi olaraq qalacaq.
Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz
çox qədim və həm də zəngindir. Ona görə
də bu dövləti qurarkən, müstəqilliyimizi yenidən
bərpa edərkən, biz dövlətçilik ənənələrimizə
söykənmiş, ondan səmərəli istifadə etmişik.
Bu ənənələr
məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında daha da təkmilləşdirildi. Ulu öndər
dövlət idarəetmə sahəsi üçün
müasir tələblərə cavab verən mütəxəssislərin
hazırlanmasını vacib və zəruri məsələlərdən
biri hesab edirdi. Dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi
tədbirləri sistemində dövlət idarəetmə
sistemi üçün hərtərəfli biliyə malik olan
kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin
artırılması dövlət idarəçiliyi sahəsində
elmi-tədqiqatlar aparılmasının təşkili və həmin
sahənin analitik informasiya təminatının möhkəmləndirilməsi
kimi kompleks tədbirləri həyata keçirmək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının yaradılması
haqqında sərəncam imzaladı.
Dövlətimizin
möhkəmləndirilməsi və elmi əsaslarla idarə
olunması baxımından bu ali təhsil ocağı yeni mərhələnin
başlanğıcı kimi fövqəladə əhəmiyyətə
malikdir. Qürurla deyə bilərəm ki, Dövlət
İdarəçilik Akademiyası Heydər Əliyev
dühasının bəhrəsidir. Özünün 10
illiyini qeyd etməyə hazırlaşan, dövlət idarəçiliyinin
yeniləşməsində mühüm rol oynayan akademiya bu
günün vəzifələrini həll etməyə qadir
olacaq müasir, yeni təhsil və elm mərkəzidir.
Ümumi idarəçilik nəzəriyyəsinin Azərbaycanda
dövlət quruculuğu və dövlət idarəçiliyinin
tarixi və müasir təcrübəsi ilə, eləcə də
dünya təcrübəsi ilə birləşməsi
parametrlərinə əsasən tam əminliklə deyə bilərəm
ki, Azərbaycanda müxtəlif səviyyələrdə
dövlət idarəçiliyinin əsas prinsipləri
yüksək səviyyədə formalaşdırılıb.
Akademiyanın yaradılması
sözsüz ki, müstəqil dövlətimizin kadr siyasətinin
əsas istiqamətlərini, kadrların
formalaşdırılmasının strategiya və
taktikasını müəyyənləşdirərkən bu
sahədə ümumi konsepsiyanın işlənib
hazırlanmasını daha da sürətləndirdi. Bütün
bunlar ulu öndərin Azərbaycan xalqı
qarşısındakı əvəzsiz xidmətlərindən
biridir.
Heydər Əliyev siyasi
məktəbi zəngin bir xəzinədir. Məhz bu siyasət
Azərbaycanı dünya miqyasında tanıdır, daim irəliyə
doğru aparır, xalqın həyat səviyyəsini getdikcə
yüksəldir. Sevinirik ki, bu gün müstəqil dövlətimizə
rəhbərlik məhz bu siyasi məktəbin ən layiqli
yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə
etibar edilib. Əlbəttə, bu, xalqın seçimi,
etibarı, inamıdır. Möhtərəm Prezidentimiz
ümummilli liderin müəllifi olduğu neft strategiyasının
dönməz və ardıcıl həyata keçirilməsində,
Azərbaycanın Avropaya və dünya birliyinə uğurlu
inteqrasiyasında, müstəqil dövlətimizin beynəlxalq
aləmdə mövqelərinin daha da möhkəmləndirilməsində,
torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın
təcavüzkar dövlət kimi tanınmasında
bütün bilik və bacarığından istifadə edib.
Fərəhli haldır
ki, möhtərəm Prezidentimiz qarşısına qoyduğu
vəzifələri layiqincə yerinə yetirir. Son illər Azərbaycanın
xarici siyasət sahəsində bir-birinin ardınca uğurlar
qazanması da xüsusi qeyd edilməlidir. Bu, bir daha təsdiqləyir
ki, müstəqil dövlətimizin xarici siyasəti ulu öndərimizin
uzaqgörənliyi sayəsində möhkəm, davamlı
özüllər üzərində qurulub. Bu siyasətin
layiqincə davam etdirilməsi, cənab Prezidentin
düşünülmüş, məntiqli qətiyyətli
addımları sayəsində bu gün dünyanın
inkişaf etmiş qüdrətli dövlətləri Azərbaycanla
hərtərəfli əməkdaşlığa böyük
maraq göstərirlər.
Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş
Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft və Bakı–Tbilisi–Ərzurum
qaz kəmərlərinin möhtərəm Prezidentimiz tərəfindən
reallaşması və bu kəmərlər vasitəsi ilə
Azərbaycanın təbii sərvətlərinin heç bir
dövlətin vasitəçiliyi olmadan Avropaya və dünya
bazarına çıxarılması Azərbaycanın beynəlxalq
aləmdəki mövqelərini daha da möhkəmləndirdi,
nüfuzunu yüksəkliklərə qaldırdı. Möhtərəm
Prezidentimizin uğurlu diplomatik fəaliyyəti nəticəsində
dünyanın bütün ölkələri, habelə
tanınmış beynəlxalq qurumları Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında Azərbaycan Prezidentinin mövqelərini dəstəkləyərək
beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin
ərazi bütövlüyünə toxunulmadan həlli
variantına üstünlük verirlər.
Azərbaycanın beynəlxalq
aləmdəki nüfuzunun artmasından, milli-mənəvi dəyərlərimizin,
adət-ənələrimizin daha yaxından
tanınmasından söhbət düşəndə bu sahədə
xüsusi rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın əməyini
xüsusi qeyd etmək istərdim. Onun təşkilatçılığı,
bilavasitə rəhbərliyi ilə Azərbaycan musiqisi, mədəniyyəti,
incəsənəti artıq bütün dünyada
tanınır.
Bu günlərdə
Bakıda keçirilən Beynəlxalq Muğam festivalı Azərbaycan
musiqisini, xüsusilə muğamını beynəlxalq aləmdə
daha yaxından tanıtdı. Dünyanın 17 ölkəsindən
Bakıya gəlmiş qonaqlar Mehriban xanım Əliyevanın
birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam
sənətinin qorunması, inkişafı və təbliği
sahəsində görülən böyük işlərlə
yaxından tanış olmuşlar.
Ulu öndərin siyasi məktəbinin
ən layiqli yetirmələri olan möhtərəm
Prezidentimiz cənab İlham Əliyev və Mehriban xanım Əliyeva
ölkəmizin adının daha yüksəkliklərə
qaldırılması üçün bilik və
bacarıqlarını əsirgəmirlər.
İnanırıq ki, yaxın gələcəkdə Azərbaycan
dünyanın inkişaf etmiş ən qüdrətli dövlətləri
ilə bir cərgədə olacaq.
Seyfəddin QƏNDİLOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru, əməkdar elm
xadimi, professor
Xalq qəzeti.- 2009.- 23 aprel.- S. 5.