Regionun onlarla
yeraltı şəhərində
imzası olan soydaşımız
Azərbaycan elminin, mədəniyyətinin
və ümumiyyətlə, bütün dəyərlərimizin
böyük qayğıkeşi olan ulu öndər Heydər Əliyev
tikinti-quraşdırma işlərində
çalışanların əməyini yüksək qiymətləndirərək
demişdi ki, cəmiyyətdə bütün
ziyalıların, yaradıcı adamların öz yeri
vardır. Kimsə başqa bir kəsin yerini tuta bilməz.
Ancaq memarlar, tikinti-quruculuq işləri ilə məşğul
olan insanlar daha xoşbəxtdirlər.
Çünki onların
yaradıcılığı, əsərləri olan
binaları, qurğuları, sarayları hər gün minlərlə
adam istər-istəməz görür və qiymətləndirir.
Haqqında söhbət açdığımız Valeh
İsmayılov da məhz ulu öndərimizin söylədiyi
xoşbəxt sənətkarlardandır. Çünki onun “əsərlərini”
hər gün nəinki Vətənimizdə, hətta Müstəqil
Dövlətlər Birliyinin bir çox şəhərlərində
yüz minlərlə insan görür.
Elə bu əsərlərə
münasibət də yüz minlərlə formada ifadə
edilir: “Əhsən!”, “Ustasına rəhmət!”, “Burada Azərbaycanın
tarixi ornamentləri görünür” və sairə. Xəbislər
və bədxahlar isə “kaş bu əsərin müəllifi
azərbaycanlı deyil, bizim millətdən olaydı”– deyə
qısqanclıq hisslərini ifadə edirlər. Ancaq istənilən
xoş münasibətə və diqqətsizliyə baxmayaraq
yaradılan əsərlər özləri ilə birlikdə
müəllifini də yaşadır. Daşlardan ibarət sənət
əsərlərinin ömrü isə yüz illərlə
ölçülür.
Valeh Qazax rayonunun ucqar
dağ kəndində dünyaya göz
açmışdır. Təbiətin yaratdığı ən
sərt və ən gözəl tikinti materialı olan
daşla ilk dəfə nə zaman ünsiyyət qurduğunu,
daşla ilk söhbətinin necə
başlandığını xatırlamır. Ancaq
böyük Səməd Vurğünün “Göylərə
baş çəkir Göyəzən dağı” – deyə
bütün dünyada məşhurlaşdırdığı
Göyəzən dağını görəndə yenidən
Valeh olduğunu xatırlayır. Dağın, daşın,
qayanın yaratdığı məğrurluğun, gözəlliyin
şahidi olanda qəlbində ani bir arzu yaranmışdı: Mən
özüm də nə zamansa daşlardan ibarət bir gözəllik
nümunəsi yaradacağam. Amma necə? Buna yaşı da, təcrübəsi
də imkan vermirdi. Qabaqda isə böyük bir ömür var
idi. Daşları sənət nümunəsinə çevirərək
qazanılmış çoxsaylı uğurlarla dolu,
şan-şöhrətlə zəngin, halal zəhmətlə
zinətlənmiş bir ömür. Valeh
həmin ömrün yolunu Qazaxdan Bakıya gəlməklə
başladı.
Əsgərliyə
gedirdi. Bakının gözəlliyini istədiyi kimi görə
bilməmiş Moskvaya göndərildi. Moskva ətrafında hərbi
xidmət keçdiyi illərdə ağlına belə gələ
bilməzdi ki, nə zamansa dünyanın ən böyük
şəhərlərindən biri olan bu nəhəng paytaxtda
iki möhtəşəm metrostansiyasının tikintisində
onun da əməyi olacaqdır. Əsgərlikdən sonra
Bakıdakı Azərnəqliyyat İnşaat Trestinin 446
nömrəli tikinti idarəsində (o zaman “Abşeron”
mehmanxanasının tikintisində iştirak edirdi)
çalışdığı illərdə də bir
gün müstəqil Azərbaycanın parlamentinin ətrafındakı
geniş yenidənqurma işlərinin yerinə yetirəcəyini
düşünə bilməzdi.
Bütün bunları
reallığa çevirən isə Ulu Tanrının verdiyi
bəxt, istedad və fərdi yaradıcılıq
imkanlarının üzə çıxarılması
üçün ən vacib şərt olan prinsipiallıq idi.
Bu, keyfiyyətlər Valeh İsmayılovun tərcümeyi-halına
düşən betonçu, briqadir köməkçisi,
briqadir ifadələrinin yanına qranityonan ifadəsinin
yazılmasını da təmin etdi. Həmin
məqamı belə xatırlayır:
– 1974-cü il idi.
SSRİ Yol Nəqliyyat Nazirliyinin tərkibində arxitektura
işləri ilə məşğul olan İttifaq səviyyəli
xüsusi metrotikinti idarəsi var idi. Bəzi məsələləri
nəzərə alaraq məni Moskva şəhərindəki həmin
idarəyə işə götürdülər. 70-ci illərdə
qranityonan peşəsi çox nadir sənət hesab olunurdu.
İşlədim. İşləməklə bərabər təhsilimi
də davam etdirdim. Fəaliyyətimə qiymət verdilər.
Başladığım ilk pillədən sonra iş
icraçısının köməkçisi, iş
icraçısı, sahə rəisi və nəhayət, idarə
rəisi vəziəsinədək müxtəlif etimadları
qazandım. Yəni, təşkilatçılıq keyfiyyətlərim
cavabsız qalmırdı.
Xüsusi metrotikinti idarəsində
çalışdığım illərdə SSRİ-nin
böyük şəhərlərində çox
mühüm və müxtəlif inşaat işlərinin
yerinə yetirilməsinə rəhbərlik etdim. Daha
doğrusu, tikinti işində rəhbərlik olmur, tikintidə
ən kiçik fəhlədən idarə rəisinədək
hamı iştirak edir. Bu, sadəcə sözdə belə
deyil. İdarə rəisi də fəhlə kimi bütün
iş gününü tikinti prosesində, materilların
arasında keçirir.
Xoşbəxtəm ki,
bu gün Moskva şəhərinin Kalinin dairəsindəki iki
metro stansiyasının, Daşkənd metrosundakı “Həmid Əlişan”
stansiyasının tikintisində bir azərbaycanlı kimi mənim
də əl izlərim vardır. Ukrayna paytaxtındakı mərkəzi
meydanda sovet dövrü üçün ən müasir olan
“Kitab evi”nin, Tbilisi şəhərində bir neçə
metro stansiyasının inşasında
çalışmışam. Bu xidmətlərimiz təkcə
bilavasitə rəhbərliyimiz və tabeçiliyində fəaliyyət
göstərdiyimiz nazirlik tərəfindən deyil, Moskva,
Kiyev, Daşkənd, Tbilisi və başqa şəhərlərin
rəhbərləri tərəfindən də daim yüksək
qiymətləndirilib. O zaman hər tikintinin başa
çatmasından sonra xüsusi tədbirlər keçirilir,
fərqlənənlər mükafatlandırıldı.
Biz Valeh İsmayılovla
söhbət edərkən, daha doğrusu, onun ömür yolu
barədə çoxsaylı faktlara qulaq asarkən yuxarıda
ulu öndərimizdən gətirdiyimiz sitatı da yada
saldıq: “... tikinti-quruculuq işləri ilə məşğul
olan insanlar daha xoşbəxtdirlər”. Valeh müəllimin bu
məsələyə münasibəti bir az başqa şəkildə
oldu:
– Əlbəttə, mən
xoşbəxt adamam. Bu xoşbəxtliyi təmin edən bir
neçə amil var. Əvvəla, ömrümün 57-ci
baharını yaşayıram. Deməli, Tanrı məni
sevibdir. Bu qısa müddətdə SSRİ məkanının
bir çox şəhərində “Azərbaycanlı mütəxəssisin
imzası” kimi qiymətləndirilən tikintilərdə
iştirak etmişəm.
İkinci, mən həmin
illərdə yuxarıda adını çəkdiyim şəhərlərdə
işləyərkən iş yoldaşlarım və həmsöhbətlərim
o zamankı Siyasi Büroya işarə edərək deyirdilər
ki, 70-ci illərdən sonra azərbaycanlılar
qurub-yaratmağın da ustası olduqlarını sübut
etdilər. Siyasi Büro barədə hər dəfə
söhbət düşəndə mən ulu öndərimizin
adıyla fəxr edirdm. Çünki o zamanlar Heydər Əliyev
təkcə Azərbaycanın deyil, bütövlükdə
SSRİ-nin inkişafını təmin edən bir idarəçilik
təcrübəsinə malik idi.
Üçüncü,
ona görə xoşbəxtəm ki, bu gün məhz Heydər
Əliyevin qurub yaratdığı, dünya dövlətləri
sırasına çıxartdığı müstəqil Azərbaycan
dövlətində – Azərbaycan Tunelmetrotikinti Səmhdar Cəmiyyətində
çalışıram. Sonuncu quruculuq və tərəqqi
illərində Dövlət Filarmoniyasının daxilində
və çöl hissəsində bir çox təmir,
xüsusən, qranit işlərinin icrasını mənim rəhbərlik
etdiyim xüsusi tamamlama idarəsi təmin etmişdir. Milli Məclisin
həyətindəki pillələrin və fəvvarə
kompleksinin qranit işlərinin görülməsində,
Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının
memarlıq işlərinin başa
çatdırılmasında, metronun “Nəsimi”
stansiyasının mərmər-qranit işlərinin
icrasında bizim kollektivin göstərdiyi xidmət
bütün mərhələdə yüksək qiymətləndirilmişdir.
Bu, xoşbəxtlik deyilmi?
Dördüncü, mən
ona görə xoşbəxtəm ki, müstəqil Azərbaycan
dövlətinə qurtuluş, xalqa nicat gətirmiş dahi
dövlət xadiminin siyasətini bu gün məhz onun siyasi məktəbinin
məzunu olan, eyni zamanda Azərbaycan xalqının
böyük etimadını qazanan bir şəxs davam etdirir. Mən
ötən il oktyabrın 9-da Bakı metropoliteninin “Nəsimi”
stansiyasının açılışı zamanı
Prezident İlham Əliyevin metropoliten işçiləri ilə
görüşünü həmişə tarixi bir hadisə
kimi xatırlayacağam.
O, ötən ilin
avqustunda da bizim işimizlə tanış olmaq
üçün tikinti yerinə gəlmişdi. Dövlət
başçısı həmin görüşdə metro
inşaatçılarıyla, xüsusən, bizim cəmiyyətin
sədri Şaiq Əfəndiyev ilə söhbət zamanı
çox dəyərli tövsiyələr verdi. Eyni zamanda,
bizim işimizi yüksək qiymətləndirdi: “Bakı Sovet
İttifaqının ilk şəhərlərindən biri,
beşinci şəhər idi ki, burada metro stansiyası
tikilmişdi.
Ancaq Sovet İttifaqı
dağılandan və bütün postsovet məkanında
yaşanmış böhranlı hadisələrdən sonra, əlbəttə,
ki, metro tikintisinə də fasilə verildi. Məndə olan məlumata
görə indi keçmiş postsovet məkanında metro
stansiyaları Rusiyada, Ukraynada – yəni, beş-altı şəhərdə,
o cümlədən Bakı şəhərində
tikilibdir".
Bilirsinizmi, mən
Prezidentin fikirlərindən bu cümlələri nə
üçün seçirəm? Çünki, əgər
bir şəhərdə SSRİ dağılandan sonra – 18 il
metro tikilmirsə, deməli, metro tikintisi ilə məşğul
olan idarələr də ləğv edilibdir. Bu isə
artıq nə qədər insanın işsiz qalması deməkdir.
Məhz məsələni bu baxımdan qiymətləndirəndə
tam qətiyyətlə deyə bilərəm ki, tək mən
yox, bütün metro inşaatçıları, bütün
azərbaycanlılar xoşbəxtdirlər ki, onlar müstəqil
Azərbaycan dövlətində yaşayır və işləyirlər.
Xalqın 2008-ci ilin oktyabrında keçirilən prezident
seçkilərində və bu il keçirilmiş referendumda
göstərdiyi mütəşəkkillik də məhz həmin
xoşbəxtlikdən qaynaqlanır.
Qazaxda bir Göyəzən
dağı var. Tanrı ona öz əliylə mükəmməl
bir gözəllik vermişdir. Tanrı Göyəzəni
görüb valeh olan Valeh İsmayılova da daşları, mərməri,
qraniti yonaraq gözəllik yaradan əllər vermişdir. O əllər
isə Valehə xoşbəxtlik bəxş etmişdir. Moskva,
Kiyev, Daşkənd, Tbilisi və Bakıda o əllərin
yadigarı çoxdur. Ancaq onun arzuları, planları daha
çoxdur. Hələ qabaqdakı görüləsi işlər
geridə qalan işlərdən qat-qat çoxdur. Bir də
ki, özü demiş 57 yaş nədir ki?
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 23 aprel.- S. 9.