Üzlərdə
təbəssüm, qəlblərdə sevinc...
“Uşaq ili” çərçivəsində
Lənkəranda rəngarəng tədbirlər keçirilir
Uşaqlar
ömrümüzün bəzəyi, qəlbimizin sevincidir. Onların
varlığı saflıqdan, sadəlikdən, işıqdan
yoğrulub. Ürəkləri kəpənək qanadından zərif,
gözləri bulaq suyundan duru, dilləri şəkərdən
şirin olur. Uşaqlar çox həssasdırlar.
Öydünmü — fərəhlənəcək, xətrinə
dəydinmi — gözü dolacaq, soyuq baxdınmı —
üşüyəcək...
Onların elə
vaxtıdır ki, biz böyüklərə güvənirlər,
bizi özlərinə arxa-dayaq, himayədar sayırlar. Bir
dəfə nəvəm Gülarə dedi ki, ay baba, bu küləyə
de də, axı, saçlarımı dağıdır...
Uşaqlar bizə, bax, beləcə təbəssüm, sevinc,
fərəh bəxş edirlər.
Azərbaycanda
uşaqların xoşbəxt böyüməsinə dövlət
səviyyəsində göstərilən qayğı, elə
2009-cu ilin “Uşaq ili” elan olunması hər kəsin ürəyincədir.
İllə əlaqədar Prezident İlham Əliyev
xüsusi sərəncam imzalayıb. Tədbirlər
planında ölkənin bir sıra dövlət qurumları
qarşısında çox mühüm vəzifələr
qoyulub. Müvafiq nazirliklər, komitələr, yerli icra
hakimiyyəti orqanları il ərzində uşaqların təhsili,
sağlamlığı, bədii
yaradıcılığı və digər məsələlərlə
bağlı çoxsaylı tədbirlər keçirməlidirlər.
Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov “Uşaq ili”nin əhəmiyyətini yüksək
dəyərləndirir. Elə onun yanvarın 15-də təsdiqlədiyi
tədbirlər planının zənginliyi, əhatəliliyi
göstərir ki, bu cənub bölgəsində gələcəyimiz
olan uşaqlarla bağlı işlər çox böyük
həvəslə, istəklə həyata keçirilir.
Tədbirlər
planı 33 bənddən ibarətdir. Hər aya 2-3 sanballı
tədbir düşür. Artıq bəzi tədbirlər
keçirilib. Özü də, necə deyərlər,
urvatlı şəkildə, mütəşəkkil qaydada. Məsələn,
“Dünya bizim evimizdir” musiqili kompozisiyası, “Uşaqlar bizim gələcəyimizdir”
mövzusunda dəyirmi masa, “Şənlik” rəqs
ansamblının konsertləri, “Novruz” bayramı tədbirləri
Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin,
xüsusi internat məktəbin, ümumtəhsil müəssisələrinin
yetirmələrinə unudulmaz təsir
bağışlayıb. Bayram süfrələrinin
açılması, müsabiqələrdə qaliblərin
mükafatlandırılması, tibbi müayinələrin
keçirilməsi, uşaqların başqa şəhərlərə
idman yarışlarına göndərilməsi, imkansız ailələrə
yardımlar edilməsi mütəmadi səciyyə
daşıyır.
Lənkəranda
uşaqlar hər zaman diqqətdədirlər. 2008- 2009-cu tədris
ilində Heydər Əliyev Fondunun hesabına imkansız ailələrin
uşaqlarına 16500 manatlıq vahid məktəbli
formaları verilib. Ötən il Prezident İlham Əliyevlə
xanımı Mehriban Əliyevanın iştirakı ilə Lənkəranda
Uşaq Sağlamlıq Mərkəzinin təntənəli
açılışı olub. Müasir avadanlıqla təchiz
edilmiş mərkəz 47 min uşağa xidmət göstərir.
Şəhər icra
hakimiyyəti tərəfindən az vaxtda məktəblilər
üçün 30-a qədər kompyuter alınıb, yüzədək
əlil uşağa maddi yardım göstərilib, 16
uşağa əlil arabaları alınaraq
bağışlanıb. Rayondakı xəstə
uşaqların bir çoxunun müalicəsinə RİH tərəfindən
hər cür yardım edilib. Şəhərdəki yeni
parklar, istirahət guşələri uşaq əyləncə
qurğuları ilə təchiz olunub.
Novruz bayramı ərəfəsində
yenə də Heydər Əliyev Fondunun hesabına Lənkəran
uşaq evi və xüsusi internatda tərbiyə alan
bütün balacalara pal-paltar verilib, bayram süfrələri
açılıb, konsert proqramı təqdim olunub, hədiyyələr
paylanıb. Ötən ay Muğam Teatrının
yaradıcı heyəti ilə uşaq evində keçirilən
görüş bütün iştirakçılara yaz
ovqatı, könül xoşluğu bağışlayıb.
Bu günlərdə Lənkəran
Dövlət Dram Teatrında Türkiyədə qeyd olunan
Cocuqlar günü münasibətilə daha bir maraqlı tədbir
— konfrans təşkil ediləcək. Ayın sonunda isə
şəhər icra hakimiyyətinin başçısı
Süleyman Mikayılovla uşaqların görüşü
olacaq. Gələn ilin əvvəlində Q.Vəliyev adına
şəhər mədəniyyət evində uşaq muğam
ifaçılarının müsabiqəsi vasitəsilə gənc
istedadlar üzə çıxarılacaq. Uşaq
Hüquqları Konvensiyası ilə əlaqədar təhsil
müəssisələrində zonalar üzrə disputlar
keçirilməsi nəzərdə tutulur.
Lənkəran Şəhər
Təhsil Şöbəsinin nəzdində Şahmat məktəbi,
gənc texniklər stansiyası, Uşaq Yaradıcılıq
Mərkəzi, İGİMU, Ekoloji tərbiyə və təcrübəçilik
mərkəzi də səmərəli fəaliyyət göstərir.
Lənkəran Uşaq–gənclər
İdman Məktəbində futbol və voleybol üzrə
keçirilən yarışlarda yüzlərlə yeniyetmə
idmançı qüvvəsini sınayıb.
Məktəbli
şahmatçılar arasında keçirilən rayon
birinciliyi 4 saylı məktəb komandasının qələbəsi
ilə başa çatıb. Xolmili kənd məktəbinin
gənc zəka sahibləri 2-ci, 10 saylı məktəbin
şahmatçıları isə 3-cü yeri tutublar. Bu
yaxınlarda isə Bakıda keçirilən Azərbaycan
birinciliyində Lənkəran Şahmat məktəbinin yetirmələri
uğurla çıxış ediblər. Cavidan Babazadə və
Əsgər Rzayev aprelin sonunda Yunanıstanda keçiriləcək
Avropa birinciliyinə vəsiqə qazanıblar.
Xatırladaq ki, bir
neçə ay öncə İtaliyada keçirilmiş beynəlxalq
festivalda Lənkəran şahmatçısı Sirus Həsənli
öz yaşıdları arasında parlaq qələbə
qazanaraq pul mükafatına, diplom və medala layiq
görülmüşdü. Fevralda isə İranın
Rəşt şəhərində “Xəzər-7" beynəlxalq
turnirində Lənkəran Şahmat məktəbinin
idmançıları uğurlu nəticələr
qazanıblar.
“Cəsurlar” hərbi-idman
oyunu üzrə respublika zona yarışında Lənkəran
komandası 1-ci yeri tutaraq finala vəsiqə əldə edib. Bu
ay isə UGİM-də “Şahin” hərbi-idman oyunları
keçirilib. Xüsusi internat məktəbin komandası qalib
gələrək zona turnirinə vəsiqə qazanıb.
Şəhər Gənclər və İdman İdarəsi bu
kimi yarışların təşkili və keçirilməsində
fəallıq göstərir. “Uşaq ili” ilə əlaqədar
təhsil şöbəsi ilə birgə təşkil olunan
“Şən startlar” əyləncəli idman yarışı
on növ üzrə, özü də gərgin mübarizə
şəraitində keçib, 16 komanda qüvvəsini
sınayıb. 9 saylı orta məktəbin
idmançıları daha güclü olublar. “Mahir
nişançı” adı altında tir
atıcılığı növü üzrə zona
yarışları da “Uşaq ili” çərçivəsində
keçirilib. Beş komanda arasında Lənkəran
atıcıları 120 xalla qalib gəliblər və Bakıda
keçiriləcək final turnirində iştirak hüququ əldə
ediblər.
Rayon məktəbliləri
arasında “Bilik yarışı” bir qayda olaraq Azərbaycan
dili, tarixi və coğrafiyası üzrə 9-11-ci sinif
şagirdləri arasında təşkil olunur. Qaliblərə
ŞİH-in, TŞ-nin hədiyyələri, pul
mükafatları verilir. Şeir və rəqs müsabiqəsi,
fənn olimpiadaları, gənc ifaçıların
müsabiqəsi də istedadların üzə
çıxarılmasına və qayğı ilə əhatə
olunmasına xidmət edir. Bu il belə tədbirlərin daha
mütəşəkkil keçməsi təsadüfi deyil.
Axı, “Uşaq ili” gənc soydaşlarımızın
yaddaşlarında daha dərin üz buraxmalıdır. Lənkəranlılar
fənn olimpiadaları üzrə yarışın respublika
turuna vəsiqə qazanmış 14 məktəblinin rayona
heç də əliboş qayıtmayacağına ürəkdən
inanırlar.
“Uşaq ili” Lənkəranda
daha nə ilə yadda qalacaq? Rvo kəndində 360 yerlik
orta məktəb binası inşa olunur, artıq 2-ci mərtəbədə
tamamlama işləri gedir. Şəhərin 8 saylı orta məktəbinin
layihə sənədləri hazırlanır ki, tezliklə
orada da tikintiyə başlansın. Bundan başqa, son 25-30 ildə
ilk dəfə Lənkəranda yeni uşaq bağçası
inşa ediləcək. Özü də şəhərin mərkəzində.
Bu il Lənkəran
Şəhər İcra Hakimiyyəti yanında “Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiya” daha
məhsuldar fəaliyyət göstərir. Məktəblilərin
hüquqi biliklərinin artırılması, qanuna hörmət
ruhunda tərbiyə olunması üçün komissiyada
işçi qrup yaradılıb və 42 orta məktəbdə
görüşlər, seminar-treninqlər keçirib. ŞİH
rəhbərliyi bu komissiyanın işinə daimi diqqət və
qayğı göstərir. Uşaqların təhsildən
yayınması və sair bu kimi halların aradan
qaldırılması məqsədilə komissiyanın təşkil
etdiyi reydlər nəticəsiz qalmır.
Dərsdən
yayınıb ticarət və digər sahələrdə
işə cəlb olunan uşaqlar qeydə alınır və
təsirli inzibati tədbirlər görülür. Komissiya həmçinin
valideynlərini itirmiş və himayədən məhrum
olmuş uşaqlarla əlaqə saxlayır, onların
hüquqlarının qorunması, sosial şəraitinin
yaxşılaşdırılması məqsədilə aidiyyəti
təşkilatlar qarşısında məsələ
qaldırır, fəaliyyəti əlaqələndirir.
Əhalinin həyat
şəraiti, rifah halı yaxşılaşdıqca uşaq
evində qalan balacaların öz bioloji ailələrinə
qayıtması və ya digər ailələrə verilməsi
(de-institusionalizasiya), onlara alternativ qayğı göstərilməsi
daha da artır. Məsələn, ötən il Lənkəran
qarışıq tipli uşaq evində 78 uşaq olduğu
halda, cari ildə orada 51 uşaq tərbiyə alır. Yaxşı
göstəricidir.
Göründüyü
kimi, “Uşaq ili” çərçivəvində Lənkəranda
çoxsaylı, məqsədyönlü tədbirlər həyata
keçirilir. Yaxın vaxtlarda rəsm müsabiqələri,
uşaqların rayon ziyalıları, müharibə
veteranları, idmançılar, incəsənət
ustaları ilə görüşləri də təşkil
ediləcək...
...Nədənsə hər
dəfə Lənkəran uşaq evinin yanından ötəndə
90-cı illərin ortalarını xatırlayıram. Uşaqların
arasında gördüyüm bir zənci qızın məsum
və kədərli çöhrəsini hələ də
unuda bilmirəm. Zavallı qızcığaz həm valideynsiz
qalmışdı, həm də ki, dərisinin rəngi...
Utanırdı, çəkinirdi.
Çünki bura onun mühiti deyildi. Onda mən
qızcığaza qəlbən acımışdım. Görəsən,
indi o, haradadır?... Kaş ki, sonrakı taleyi də dərisinin
rəngi kimi qara gəlməyəydi! Kaş ki, irqindən,
dinindən, milliyyətindən asılı olmayaraq
uşaqların heç biri ana nəfəsinə, ata nəvazişinə,
qardaş-bacı mehrinə həsrət qalmasın!..
Böyük fransız yazıçısı
Antuan de Sent Ekzüperi deyib ki, hamı öz
uşaqlığından gəlir.
Ölkəmizdə
keçirilən “Uşaq ili” qoy bizi yenidən
uşaqlığımıza qaytarsın. Köhnə
dünyanı təzə bilək. Özümüzü
uşaqların yerinə qoyaq, onların əlvan, parlaq arzu və
istəkləri ilə yaşayaq. Layiq olduqları sevinci,
səadəti, firavanlığı uşaqlardan əsirgəməyək.
“Uşaq ili” ölkə rəhbərliyinin sosial
yönümlü siyasətinin daha bir təntənəsinə
çevrilsin.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 23
aprel.- S. 11.