Azərbaycanda turizm inkişaf etməkdədir
Bu yaxınlarda Azərbaycanda VIII
Beynəlxalq “Turizm və Səyahətlər” Sərgisi
müvəffəqiyyətlə keçdi. Bu beynəlxalq sərgi
bir daha təsdiq etdi ki, ölkəmizin turizm imkanları
genişdir və xarici ölkələrin nüfuzlu turizm
şirkətləri Azərbaycana böyük maraq göstərirlər.
Son illər, doğrudan da, ölkəmizdə turizmin
inkişafına xüsusi diqqət yetirilir və yeni
infrastrukturlar yaradılır. Bu sahədə ətraflı məlumat
əldə etmək üçün “Bakı Tur” Azərbaycan
Turizm Agentliyinin və “Xəzər” Turist Bazasının
direktoru Faiz Məmmədova müraciət etdik.
— Faiz müəllim, bir mütəxəssis
kimi Azərbaycanda turizmin vəziyyətini necə qiymətləndirirsiniz?
— Bu yaxınlarda turizm
işçiləri arasında belə bir müzakirə getdi
ki, turizm nə deməkdi? Bu çox geniş məfhumdur. Biz qərara
aldıq ki, bunu yalnız xidmət sahəsi kimi başa
düşməməliyik. Turizm həm də böyük bir təsərrüfatdır.
Turizmdə otellər, nəqliyyat, bələdiyyələr,
mebel sənayesi, kənd təsərrüfatı, toxuculuq sənayesi
var və s. Ümumiyyətlə, bu böyük bir şəbəkədir.
İndi elə ölkələr var ki, onların əsas gəlirləri
məhz elə turizmdəndir.
Bu gün Azərbaycanda da qeyri-neft
sektorunda turizm öncül mövqedə durur. Ona görə də
bu gün dövlətimiz tərəfindən Azərbaycanda
turizmin inkişafına şərait yaradılır. Turizm
haqqında qanunda dəyişiklik edilib, regionların sosial
inkişaf proqramında turizm infrastrukturu yaradılmasına
xüsusi əhəmiyyət verilib, turizm sahəsinə dair
Dövlət Proqramı qəbul olunub. Bu ilin fevral ayında
möhtərəm Prezidentimiz İlham Əliyevin
imzaladığı kurortların inkişafı haqqında
Dövlət Proqramında da Azərbaycanda turizmin
inkişafına xüsusi önəm verilmişdir. Bu proqramın həyata keçirilməsinə
artıq başlanılmışdır.
Azərbaycanda turizmlə
bağlı sərgilər keçirilir. Bu sərgilərdə
iştirak edən xarici ölkə nümayəndələri
Bakını, ölkəmizin inkişafını görüb
yenidən Azərbaycana qayıtmaq istəyirlər. 16-18 aprel
tarixində keçirilən beynəlxalq turizm sərgisində
iştirakçı dövlətlərin sayı bir daha
göstərdi ki, Azərbaycanda turizm inkişaf yolundadır.
2008-ci ilin noyabr ayında Londonda
keçirilən beynəlxalq turizm sərgisində mən də
iştirak edirdim. Baxmayaraq ki, iqtisadi böhran təzəcə
başlamışdı, bu nüfuzlu sərgiyə maraq xeyli
azalmışdı. Ancaq Azərbaycanda keçirilən sərgidə
iştirakçıların sayı 20 faiz artmışdı.
Sərgidə bir çox dövlətlərin
nümayəndələri ilə görüşdük. Təsəvvür
edin, İngiltərənin Mançester şəhərindən
gələn qonaqlar deyirdilər ki, biz məmnuniyyətlə
Azərbaycanda qalıb, burada yaşayardıq. 15 il bundan əvvəl
yəqin ki, onlar bu sözləri deməzdilər. Amma bu
gün Azərbaycan həqiqətən inkişaf etmiş bir
ölkədir. Bu, biz turizm işçilərini çox
sevindirir. Gürcülərin bir sözü var, deyirlər ki,
Tibilisidən Bakıya baxanda Paris görünür. İngiltərədən
olan nümayəndələr isə Yerevandan Bakıya gəlmişdilər.
Biz onlara sual verdik ki, Yerevanla Bakını necə müqayisə
edərdiniz? Dedilər ki, onlar arasında 20 dəfədən
artıq fərq var. Bakı çox inkişaf edib.
— Biz müharibə şəraitində
yaşayırıq. Adətən, belə yerlərə turistlər
az gəlirlər. Amma bizdə əksinədir. Bunun səbəbini
nə ilə izah edərdiniz?
— Məsələ ondadır ki,
dünyada ölkələrin reytinqlərini müəyyənləşdirən
təşkilatlar var. Bu müxtəlif sahələr üzrə
müəyyənləşdirilir. Doğru deyirsiniz ki,
müharibə şəraitində olan bir ölkəyə
turistlər ehtiyatla yanaşırlar. Reytinq cədvəlində
həmin ölkə münasib yerdə dayanmır. Buna
baxmayaraq, Azərbaycanda elə sabit şərait
yaranmışdır ki, turistlərin təhlükəsizliyi
yüz faiz təmin olunub.
İkinci şərt odur ki, Azərbaycan
özünü dünyaya tanıdıb. Ölkəmizin
yeritdiyi xarici siyasət, dövlətimizin beynəlxalq
konfranslarda iştirakı, təbliğat işinin genişlənməsi,
Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif
ölkələrdə keçirdiyi sərgilər Azərbaycana
marağı xeyli artırmışdır. Mədəniyyət
və Turizm Nazirliyinin səyi ilə ölkəmizdə
İslam ölkələri mədəniyyət nazirlərinin
konfransının keçirilməsi, Bakının İslam Mədəniyyətinin
Paytaxtı elan olunması və s. bunlar Azərbaycanın beynəlxalq
aləmdə tanınmasında əhəmiyyətli rol
oynayır.
Göründüyü kimi, Azərbaycana
maraq ildən-ilə artır və bu da turizmin
inkişafına öz töhfəsini verir.
— Deyirsiniz ki, Azərbaycanda turizmin
imkanları genişdir. Hansıları nəzərdə
tutursunuz?
— Gəlin ötən 15 ili
müqayisə edək. 15 il bundan öncə Azərbaycanda
üç-dörd otel var idi, onlar da yararsız vəziyyətdə
idilər. Yəni, turistlərin istirahəti üçün
heç bir şərait yox idi. Bu gün isə Azərbaycanda
son məlumata görə 370 otel fəaliyyət göstərir.
Onun 50-si 2008-ci ildə istifadəyə verilib. Həm də
onlar tək Bakıda deyil, regionlarda da
yaradılmışdır.
Bundan başqa, turistləri qəbul
etmək üçün nəqliyyat strukturu yaradılıb. Bu
gün Azərbaycanda turistlərə yüksək komfortlu
avtobuslar xidmət edir. 4 beynəlxalq standartlara cavab verən
aeroport istifadəyə verilib.
Kadr məsələsində problemlər
var. Əvvəlki illərlə müqayisədə onların
sayı xeyli çoxalıb. Turizm İnstitutu yaradılıb
ki, gələn il onun ilk buraxılışı olacaq. Orada
beynəlxalq qrup var. Bu qrupda dərslər ingilis dilində
keçirilir.
Biz xidmət sahəsini xeyli
inkişaf etdirməliyik. Bütün xidmət sahələrində
turistlərə münasibəti dəyişməliyik.
— Azərbaycanda turizmlə məşğul
olan xeyli özəl şirkət fəaliyyət göstərir.
Onlardan biri də sizin şirkətdir. Öz şirkətiniz
barədə nə deyərdiniz?
— Mən iki şirkətə rəhbərlik
edirəm. Onlar Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının “Bakı Tur” Azərbaycan Türizm
Agentliyi və bir də “Xəzər” Turist Bazasıdır. “Bakı
Tur” 17 ildir fəaliyyət göstərir. Biz bu vaxta kimi bir
neçə ölkə ilə turizm əlaqələri
yaratmışıq. Bu şirkət həm xarici ölkələrdən
Azərbaycana və əksinə, Azərbaycandan xarici ölkələrə
turist göndərməklə məşğuldur. Daxili turizm
də bizim fəaliyyət sahəmizə aiddir. Həm də,
bələdçi-tərcüməçi xidməti göstərir,
turistləri nəqliyyat vasitələri ilə təmin edirik,
eyni zamanda beynəlxalq konfransların, simpoziumların təşkili
ilə məşğuluq.
Dünyanın 100-ə yaxın
sanatoriyası ilə əlaqə yaratmışıq. Müalicə
turlarına da turistləri göndərirdik.
“Bakı Tur”un Nabranda istirahət
zonası var. 1996-cı ildən fəaliyyət göstərən
bu istirahət zonası “Xəzər”in içərisindədir.
“Xəzər” təmirə ehtiyacı olan bir istirahət
zonasıdır. SSRİ dövründən yaranmış bu
istirahət zonasında demək olar ki, çox şey yenidən
qurulmalı idi. Biz burada xeyli iş görmüşük.
2009-cu ildə qarşıya məqsəd qoyulmuşdu ki, biz bu
istirahət zonasını yeni tələblərə uyğun
quraq.
Möhtərəm Prezidentimizin
kurortların inkişafı ilə bağlı
imzaladığı 10 illik dövrü əhatə edən
Dövlət Proqramına uyğun olaraq “Xəzər”də
yenidənqurma işləri aparmağa başladıq. Bir aydan
sonra təmir işləri başa çatdırılacaq.
Artıq “Xəzər” tanınmaz dərəcədə dəyişmişdir.
Çox geniş giriş kompleksi yaratmışıq.
İşçilərin şəraitini
yaxşılaşdırmaq üçün yeni ofis inşa
etmişik. Eyni zamanda maşınlar üçün xüsusi
örtülü yerdə dayanacaq yaradılmışdır.
Burada Laçından olan
qaçqınlar da məskunlaşmışdır. Qaçqınkomla
əlaqə yaratmış, müvafiq təşkilatlara
müraciət etmişik. Onların yaşadıqları ərazi
indi tam izolyasiya edilmişdir. Bu da müvəqqəti çətinlikdir,
yəqin ki, onlar da yaxın vaxtlarda tikiləcək yeni qəsəbələrə
köçürüləcəklər.
“Xəzər” Turist Bazası
artıq müasir tələblərə uyğun istirahət
zonası kimi fəaliyyət göstərəcək.
Sonda Faiz müəllim onu da
vurğuladı ki, Azərbaycan yaxın gələcəkdə
turizmin geniş inkişaf etdiyi bir ölkəyə çevriləcək.
Bunun üçün ölkədə hər cür şərait
və imkan yaradılmışdır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 23
aprel.- S. 11.