Ölkədə aparılan islahatlar ümumi iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi üçün etibarlı zəmin yaratmışdır

 

Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir. Biz son dörd il ərzində iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkəyik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

2003-cü il prezident seçkilərində xalqın böyük etimadını qazanan cənab İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” deyərək fəaliyyətə başladığı gündən ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin qorunub saxlanması, Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində mümkün olan hər bir addımı atmaqdadir. Artıq tam əminliklə qeyd etmək olar ki, möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin ümumi iqtisadi inkişaf strategiyasının formalaşmasına və bu strategiyanın uğurla həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır.

İstər 2008-ci ilin yekunları, istərsə də 2009-cu ilin I rübünə aid göstəricilər belə nəticəyə gəlməyə əsas verir ki, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi üçün kifayət qədər zəngin potensial formalaşdırılmışdır. 2008-ci il dünyada daha çox iqtisadi böhran ili kimi yadda qalsa da Azərbaycan Respublikası ötən ili də uğurla başa vurmuşdur.

Təbii ki, burada hökumətin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət başlıca əhəmiyyətə və aparıcı mövqeyə malikdir. Təkcə 2008-ci ildə deyil, ümumilikdə son bir neçə ildə Azərbaycan Respublikasında ümumi və regional sosial-iqtisadi inkişaf, əhalinin sosial müdafiəsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, beynəlxalq aləmdə dövlətin nüfuzunun daha da möhkəmləndirilməsi, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması və s. istiqamətlərdə aparılan işlər ölkəmizin sülhməramlı və sürətlə inkişaf edən bir dövlət olduğunu, eləcə də xalqımızın tolerant, dərin milli, mənəvi və mədəni irsə malik bir xalq olduğunu sübut etmişdir.

Konkret olaraq 2003-2008-ci illərdə iqtisadi sahədə aparılan islahatlar, həyata keçirilən dövlət proqramları gənc Azərbaycan dövlətini tarixə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil edəcəkdir. Bunu Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il hazırlanan “Doing Business” reytinqinin 2009-cu il üçün hesabatında qeyd olunmuş fikirlər də bir daha təsdiq edir. Son dərəcə dəqiqliklə hazırlanan bu hesabatda müxtəlif istiqamətlərdə müqayisəli qiymətləndirmələr aparılmış və Azərbaycanı Respublikası dünyanın “ən islahatçı dövləti” elan edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər də yuxarıda qeyd olunanları bir daha sübut edir. O cümlədən, sonuncu müşavirəni əvvəlkilərindən fərqləndırən bir cəhət də mövcuddur. Bu iclasda dövlət başçısı ağac kəsilməsinə, yaşıllıqların məhv edilməsinə qarşı sərt mövqe bildirərək, xüsusi tapşırıqlar verdi. Bu yerdə ümummilli lider Heydər Əliyevin “hərəyə bir ağac əkək” devizi və “ağac kəsən elə bil ki, mənim qolumu kəsir” müdrik deyimi yada düşür. Eyni zamanda, ulu öndərin “bir ağac əkmək, onu böyütmək bir övlad böyütmək qədər çətindir” deməsi və müşavirədə cənab İlham Əliyevin sərt mövqe nümayiş etdirməsi ekoloji problemlərin, xüsusilə ətraf mühit və yaşıllaşdırma kimi vacib işlərin istər bu gün, istərsə də keçmişdə daim dövlətin diqqət etdiyi bir məsələ olduğunu sübut edir.

Ümumiyyətlə, Nazirlər Kabinetinin iclasında səslənən bu və ya digər fikirlər, eləcə də son üç ayın iqtisadi göstəriciləri belə deməyə əsas verir ki, 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ilidir. Təbii ki, bunun da əsas təkanverici qüvvəsi son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Danılmaz faktdır ki, 2003-2008-ci illərdə Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir. Məhz bu illər ərzində ölkə iqtisadiyyatı 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə, büdcə xərcləri 10 dəfə artmış, eyni zamanda, bu müddət ərzində ölkədə həyata keçirilən genişmiqyaslı sosial proqramların nəticəsi olaraq yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə qədər aşağı düşmüşdür. Başqa sözlə desək, son beş il ərzində Azərbaycanda bütün sahələrdə çox böyük addımlar atılmış, sosial, iqtisadi, mədəni və s. sahələrdə ciddi nailiyyətlər əldə edilmişdir ki, bu da gələcəyə daha geniş məqsədlərlə, ümidlərlə baxmağa əsas verir.

Qeyd olunanlarla yanaşı, bir məsələni də unutmaq olmaz ki, 2009-cu il əvvəlki illərdən xeyli fərqli olacaq. Bunun əsas səbəblərindən biri dünyada qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsidirsə, digər bir əsas səbəb bütün dünyanı bürümüş iqtisadi böhranla bağlıdır. Bu baxımdan, 2009-cu ildə qarşıda duran vəzifələr daha ciddi və məsuliyyətlidir. Ona görə ki, bu il ölkənin inkişaf tempini qoruyub saxlamaq və sürətləndirməklə yanaşı, iqtisadi böhranın ehtimal edilən təsirlərindən maksimum müdafiə olunmaq da zərurətə çevrilmişdir.

Təbii ki, Azərbaycan inkişaf etdikcə beynəlxalq aləmə daha çox inteqrasiya olunur. Bu da böranın ölkəmizə doğru irəliləməsinə təsir edə bilər. Ona görə də Azərbaycan hökumətinin qabaqlayıcı antiböhran tədbirləri təqdirəlayiqdir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti müstəqillik tarixi baxımından elə böyük təcrübəyə malik olmasa da, ölkəmizdə kifayət qədər iqtisadi potensial mövcuddur. Bu isə böhrana qarşı tədbirlərlə yanaşı, davamlı iqtisadi inkişafı təmin edəcək istiqamətlərdə islahatların davam etdirilməsinə imkan verir.

Dünyada baş verən proseslərlə tanışlıqdan aydın olur ki, hazırkı iqtisadi böhrandan bu və ya digər dərəcədə zərər çəkməyən ölkə yoxdur. Bütövlükdə əgər dünya xəritəsinə baxsaq görərik ki, əksər ölkələrdə iqtisadi durğunluq və ya tənəzzül hökm sürür, ölkələrin milli valyutası qiymətdən düşür, kütləvi şəkildə müflisləşmə və işsizlik baş verir. Sevindirici haldır ki, bu və ya digər xoşagəlməz amillər, demək olar ki, bütün dünyada özünü büruzə verdiyi bir vaxtda, Azərbaycanın iqtisadi inkişafı hər zaman olduğu kimi, 2009-cu ilin birinci rübündə də uğurlu olmuşdur.

Belə ki, 2009-cu ilin ilk üç ayında Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Bu da iqtisadi böhranın bütün dünyanı öz cənginə aldığı bir vaxtda çox böyük nəticədir. Daha ürəkaçan amillərdən biri də odur ki, qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət siyasətinə uyğun olaraq üç ayda bu sahədə 14 faiz irəliləyişə nail olunmuşdur. Bu da ilk növbədə, ötən dövr ərzində iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılmasına xidmət edən tədbirlərin nəticəsidir. Bu baxımdan regional inkişaf istiqamətində görülən işlər daha çox diqqəti cəlb edir. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bölgələrdə dinamik və davamlı inkişaf üçün çox gözəl şərait və zəngin potensial yaradılmış, yüz minlərlə yeni iş yerləri və minlərlə yeni müəssisə açılmışdır. Artıq demək olar ki, ölkə vətəndaşlarının ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir ki, bu da milli sahibkarlığın inkişafı, yerli iş adamlarına münbit şəraitin yaradılması və s. istiqamətlərdə həyata keçirilən dövlət siyasətinin real nəticələridir.

Təsadüfi deyildir ki, Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları, eləcə də ekspertlər Azərbaycan iqtisadiyyatının dünyada baş verən böhrana qarşı dayanıqlığını birmənalı şəkildə ifadə etmişlər. Dünya Bankı mart ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranı daha güclü mövqe ilə qarşıladığını, böyük təsirlərə məruz qalmayacağını və maliyyə sektorunun böhrandan qaça bildiyini vurğulamışdır ki, bu da yuxarıda qeyd etdiklərimizi bir daha təsdiq edir. Müvafiq tədbirlərin həyata keçirilməsi, eləcə də əvvəlki illərdə aparılmış uğurlu siyasət nəticəsində cari ilin birinci rübündə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, hətta qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz artmışdır. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkənin ərzaq təhlükəsizliyinin təminatı üçün prioritet əhəmiyyət kəsb edən kənd təsərrüfatı məhsullarının istehsalı 4,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi isə 20,5 faiz artmışdır. Eyni zamanda, bu müddət ərzində nəqliyyat sektorunda da müvafiq inkişaf müşahidə edilmiş və nəqliyyat sektorunun başlıca vəzifəsi olan yük daşımalarının həcmində ümumi olaraq 1,1 faiz, qeyri-neft yük daşımalarının həcmində isə 5 faiz artım əldə edilmişdir. Bu da qeyri-neft sektorunun inkişafını əyani sübut edən əsas göstəricilərdəndir.

Təbii ki, istər böhranın təsirlərindən yayınmaq, istərsə də ölkədə əldə edilmiş iqtisadi inkişaf dinamikasını qorumaq üçün antiinflyasiya tədbirləri, milli pul vahidinin qiymətdən düşməsinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir. 2009-cu ilin I rübündə müvafiq tədbirlər öz nəticəsini vermiş və iqtisadiyyata inflyasiya təzyiqləri azalaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz təşkil etmişdir. Eləcə də ilin əvvəlindən istehlak qiymətləri indeksində 2,1 faiz azalma müşahidə edilmişdir. Yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq 2 milyard 418 milyon dollar təşkil etmişdir ki, bu da ölkədə ixracyönümlü sahələrin inkişaf etdirilməsi ilə əlaqədardır. Məhz bunun nəticəsidir ki, xarici ticarət dövriyyəsi göstəricisinin artımında ixrac əsas paya malikdir. Konkret desək, bu dövrdə ixracın həcmi 1 milyard 492 milyon dollar olmaqla 24,6 faiz artmış, idxalın həcmi isə 1 faiz azalmış, beləliklə də xarici ticarət dövriyyəsində 566 milyon dollarlıq müsbət saldo yaranmışdır. Məhz bu amil ölkənin valyuta ehtiyatlarının və manatın sabitliyinin təmin edilməsində mühüm rol oynamışdır. Nəzərə alsaq ki, ölkənin inkişafını xarakterizə edən göstəricilərdən biri də ixrac potensialının gücləndirilməsidir, onda yuxarıda qeyd edilənləri də Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlardan hesab edə bilərik.

2009-cu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 2 milyard 522 milyon manat və ya 92 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 537,6 milyon manat və ya 27,1 faiz çox olmuşdur. Bu müddət ərzində dövlət büdcəsinin xərcləri 2 milyard 345 milyon manat və ya 97,9 faiz icra edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 972 milyon manat və ya 70,8 faiz çoxdur. Təbii ki, büdcə gəlirlərinin artımı, ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu da 2009-cu ilin birinci rübündə də dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Rüb ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz və ya 245 milyon manat artırılaraq 820 milyon manat təşkil etmişdir ki, bu da ümumi büdcə xərclərinin 35 faizinə bərabərdir.

Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü sosial siyasət nəticəsində əhalinin gəlirləri 25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz, orta aylıq əmək haqqı 26,5 faiz artmışdır. Eyni zamanda, son aylar ərzində qiymətlərin aşağı düşməsi də əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir ki, bütün bunlar da insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Məlumdur ki, bu yaxınlarda xalqın dəstəyi ilə ölkə Konstitusiyasına edilən dəyişikliklərdən biri məhz ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunmasıyla əlaqədar idi, I rübün göstəriciləri belə deməyə əsas verir ki, Azərbaycan hökuməti Ana Yasanın tələblərinə dəqiqliklə əməl edərək vətəndaşların maddi rifah halının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

İqtisadi inkişafın mühüm amillərindən biri də investisiya qoyuluşları ilə bağlıdır. Başqa sözlə desək, güclü maliyyə təminatı olmayan hər hansı iqtisadi islahatın lazımi nəticə verəcəyi az ehtimallıdır. Bu ilin I rübündə bu istiqamətdə də irəliləyişlər əldə edilmişdir. Belə ki, əsas kapitala yönəldilmiş investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3 faiz artmışdır. Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi daha da artaraq rüb ərzində 1 milyard 79 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə və ya 521 milyon manat çoxdur. Bir məsələni də qeyd etmək lazımdır ki, istənilən dövrdə, xüsusilə müasir qlobal iqtisadi böhran şəraitində vacib amillərdən biri də investisiya qoyuluşları, eləcə də onun sahəvi və regional strukturunun düzgün müəyyən edilməsidir. Böhran şəraitində dünya ölkələri arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik investorların ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırmışdır. Bunu müşavirədə səslənmiş fikirlər də sübut edir. Bir faktı qeyd edək ki, yaxın zamanlarda reallaşacaq bir layihənin – “Qaradağ Sement” Səhmdar Cəmiyyətinin müasir texnologiyalar əsasında yenidən qurulması layihəsinin ümumi dəyəri 350 milyon avroya yaxındır ki, bunun da 70 faizini xarici mənbələrdən cəlb edilmiş vəsaitlər təşkil edir. Eyni zamanda, layihənin icrasına 30-dək yerli şirkətin cəlb edilməsi, 1100-dək iş yerinin açılması və ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilir. Bununla yanaşı, regionlarda sənaye, tikinti, məişət, yeyinti və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində 60-a yaxın müəssisənin tikintisi aparılır ki, bu müəssisələrdə də 15 mindən çox yeni iş yerləri açılacaqdır.

Hər zaman olduğu kimi, son üç ayda da özəl sektorun nkişafı, sahibkarlığın dəstəklənməsi kımi məsələlər prioritet istiqamətlərdən olmuşdur. Bu müddətdə sahibkarlığa dövlət dəstəyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə uyğun təkmilləşdirilmiş, iş adamlarının güzəştli kreditlər əldə etməsi istiqamətində süni maneələr aradan qaldırılmıdır ki, bu da öz bəhrəsini verməkdədir. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2009-cu ilin birinci rübü ərzində istehsal və emal sahələri üzrə 200 sahibkarlıq subyektinin 9,7 milyon manat məbləğində investisiya layihəsi maliyyələşdirilmişdir. Bu layihələrin də 99,5 faizi regionların payına düşür. Ötən ilin müvafiq dövrünə nisbətən verilmiş kreditlərin məbləğində 2 dəfə, investisiya layihələrinin sayında isə 3,6 dəfə artım müşahidə edilmişdir. Eyni zamanda, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi ixracyönümlü müəssisələrin dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilmişdir.

Beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də nəqliyyat sektorunun, infrastruktur sahələrin və nəqliyyat xidmətlərinin təkmilləşdirilməsinə nail olmaqdır. Rüb ərzində bu istiqamətdə də nəzərəçarpacaq işlər görülmüşdür. Bu müddətdə nəqliyyat sisteminin, onun infrastruktur sahələrinin modernləşdirilməsi sahəsində ardıcıl işlər aparılmış, o cümlədən cənub, şimal və qərb istiqamətlərində beynəlxalq standartlara cavab verən yollar və iri infrastruktur obyektləri tikilmiş, eləcə də yeni terminallar və loqistik mərkəzlər yaradılmışdır. Heç şübhəsiz, bu sahədəki potensialdan səmərəli istifadə gələcəkdə Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır.

Ölkə başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ölkənin ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə aqrar sektora dövlət dəstəyi birinci rübdə də davam etdirilmişdir. Bu sahəyə tətbiq edilən vergi güzəştlərinin müddəti növbəti dəfə uzadılmış, subsidiyaların verilməsi mexanizminin və “Aqrolizinq” ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi, tədarük sisteminin, xarici investorların iştirakı ilə aqroservis və aqrofermaların yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək etməklə yanaşı, həm də regional inkişafa dəstək verəcəkdir.

Müşavirədə qeyd olunduğu kimi, bütün sahələrdə əldə olunmuş nailiyyətlər zamanın sınağından uğurla çıxmış və xalqımızın layiqli həyat səviyyəsinin təmin edilməsində alternativi olmayan Heydər Əliyev strategiyasının və bu strategiyanın bu gün uğurla davam etdirilməsinin nətıcəsidir. Təbii ki, əldə edilən uğurlar dövlət siyasətinin prioritet istiqamətləri olan yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaqla etibarlı təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş kompleks tədbirlərin sistemli və vaxtında yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Aydındır ki, ölkənin inkişafını xarakterizə edən əsas makroiqtisadi göstəricilərdən biri ümumi daxili məhsulun artımıdır, ancaq digər göstəricilər də xüsusi əhəmiyyət kəsb edir. Məsələn, 2009-cu ilin birinci üç ayında ixracın həcmi 20 faizdən çox, Azərbaycana qoyulan investisiyaların həcmi 15 faiz, əhalinin pul gəlirləri və orta əmək haqqı isə 20 faizdən çox artmışdır ki, bu da Azərbaycan iqtisadiyyatının davamlı inkişaf yolunda olduğunu və möhkəm dayaqlar üzərində qurulduğunu göstərir. Bütün bunlar isə cari və növbəti illərdə də qəbul edilmiş proqram və layihələrin uğurlu icrasını, Aərbaycan xalqının daha da yaxşı yaşamasına xidmət edən sosial layihələrin qəbulu və reallaşdırılmasını təmin edəcəkdir.

Məlumdur ki, Azərbaycan Respublikasının coğrafi-strateji mövqeyi, eləcə də zəngin təbii potensialı turizmi əsas gəlir mənbələrindən birinə çevirməyə imkan verir. Məhz bu məqsədlə də 2009-cu ildə bu istiqamətdə tədbirlər davam etdiriləcəkdir və bu işlərə artıq I rübdən başlanılmışdır. Təkcə bir faktı qeyd etmək istərdim ki, 2008-ci ilin yekunlarına görə aparılan təhlillər göstərmişdir ki, dünyada baş verən ciddi maliyyə böhranına baxmayaraq, Azərbaycana gələn xarici turistlərin sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 1 milyon 400 mini aşmışdır. Bu gün respublikada 230 turizm şirkəti, 370 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən ilin yekunlarının təhlilinə görə mehmanxanaların sayı 2008-ci ildə 2007-ci ilə nisbətən 16,9 faiz artmışdır. Hazırda ölkəmizdə daha 35 mehmanxana binasının inşa edilməsi nəzərdə tutulur ki, bu da rəqabət mühitinin yaradılması, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və beləliklə, turizm sektorunun inkişaf etdirilməsi üçün çox vacibdir. Eyni zamanda, mehmanxanaların əksəriyyətinin regionlarda tikilməsi planlaşdırılır ki, bu da sosial-iqtisadi inkişaf sahəsində aparılan uğurlu siyasətin, regionlara göstərilən diqqətin, yaradılan infrastrukturun, turizmin yüksəlişinə verilən xüsusi önəmin bariz nümunəsidir. Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasında da qeyd olunduğu kimi, turizmin inkişaf etdirilməsi və bu sahənin dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilməsi istiqamətində görülən işlər müxtəlif istiqamətləri əhatə etmişdir. Məsələn, respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə 2009-cu ilin birinci rübü ərzində ölkəmiz 7 beynəlxalq turizm sərgisində təmsil olunmuşdur. O cümlədən, “CNN” və “EuroNews” kimi dünyanın məşhur telekanallarında Azərbaycanın turizm imkanları haqqında reklam çarxlarının nümayiş etdirilməsi artıq ənənəyə çevrilmişdir. Bütün bunlar dövlətin iqtisadiyyatın neft amilindən asılılığının azaldılması siyasətinə uyğun olaraq turizmin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. 2009-cu ildə mədəniyyət və turizm sahəsinə keçən ilə nisbətən dövlət büdcəsindən 11,7 faiz çox vəsait ayrılmışdır. 2006-cı ilə nisbətən 2009-cu ildə müvafiq sahə üzrə büdcə xərcləri 3,7 dəfə artmışdır. Təmir-bərpa və layihələndirmə işləri üçün investisiya xərclərinin həcmi 8 dəfə çoxalmışdır. Heç şübhəsiz ki, bu vəsait da tarixi-mədəni abidələrin aşınmasının qarşısının alınmasına, eləcə də milli mədəniyyətimizin nümunələri olan tarixi binaların, teatrların yenidən qurulmasına, onların daha səmərəli fəaliyyət göstərməsinə müsbət təsir edəcəkdir.

Hələ 2003-cü ildə prezident seçkiləri zamanı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələri təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq məqsədi ilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər üzrə) Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramın icrası zamanı əldə edilən uğurlar, eləcə də hələ mövcud potensialdan tam və səmərəli istifadəyə nail olunmaması qarşıda yeni vəzifələr qoyurdu. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu vəzifələrin kompleks şəkildə həllinə xidmət edir. Bu proqram regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, ölkəmizin dayanıqlı inkişafının təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Nazirlər Kabinetinin iclasında səhiyyə, mədəniyyət və turizm, habelə ailə, qadın və uşaq problemlərinin həlli istiqamətlərində həyata keçirilmiş tədbirlərdən söhbət açılmış, qarşıda duran vəzifələrdən ətraflı bəhs edilmişdir. İclasa yekun vuran Prezident İlham Əliyev əminliklə vurğulamışdır ki, növbəti aylarda da nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaqdır.

Beləliklə, istər birinci rübdə əldə edilən iqtisadi uğurlar, istərsə də il ərzində həyata keçirilməsi planlaşdırılan işlərin strukturu və icrası Azərbaycan Respublikasının daha da sürətlə inkişafını, beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsini təmin edəcəkdir.

 

 

Aqil ƏSƏDOV

AMEA-nın İqtisadiyyat İnstitutunun

aparıcı elmi işçisi, iqtisad elmləri

namizədi

 

Xalq qəzeti.- 2009.- 25 aprel.- S. 2.