2009-cu
ilin I rübündə
ölkə iqtisadiyyatının
dinamik inkişafı davam etmişdir
Son üç ayda
ümumi daxili məhsul istehsalı 4,1 faiz artmışdır
Dünən Dövlət
Statistika Komitəsində 2009-cu ilin birinci rübündə
ölkənin iqtisadi-sosial inkişafının makroiqtisadi
yekunlarına həsr olunmuş mətbuat konfransı
keçirildi. Komitə sədri Arif Vəliyev jurnalistlərə
məlumat verərək bildirdi ki, sözügedən dövrdə
iqtisadi-sosial sahələrdə vəziyyəti əks etdirən
makroiqtisadi göstəricilər göstərir ki, dünyada
baş verən iqtisadi böhrana baxmayaraq, ölkə
iqtisadiyyatı dinamik inkişaf edir, əhalinin həyat səviyyəsinin
yüksəlməsini təmin edən gəlirlər və əmək
haqqı artır.
Dünya bazarında
neftin qiymətinin ucuzlaşması ilə əlaqədar
hasilatın bir qədər azaldılması nəticəsində
neft sektorunda məhsul istehsalı ötən ilin birinci
rübü ilə müqayisədə 2,1 faiz azalmış,
lakin qeyri-neft sektorunda əlavə dəyərin 13,7 faiz
artması ümumi daxili məhsul istehsalının 4,1 faiz
artmasını təmin etmişdir.
A.Vəliyev bildirdi ki,
ilin əvvəlindən yaradılmış 6,7 milyard
manatlıq əlavə dəyərin 2,8 milyard manatı və
ya 42,6 faizi sənaye sahələrində, 920 milyon manatı
(13,6 faizi) tikintidə, 617,8 milyon manatı (9,2 faizi) nəqliyyatda
və digər sahələrdə istehsal olunmuşdur.
Komitə sədri dedi
ki, aqrar sahədə yaz-tarla işləri sürətlə
aparılır və aprel ayının 1-nə kimi 104,4 min
hektar sahədə yazlıq bitkilərin səpini
aparılmışdır. Heyvandarlıq sahəsində həm
mal-qaranın baş sayı, həm də məhsul
istehsalında dinamik inkişaf nəzərə
çarpmışdır. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə birinci rübdə
mal-qaranın baş sayı 2 faiz çoxalaraq 2574,2 min
başa çatmışdır.
Ölkədə
inşaat işlərinin aparılması üçün
rüb ərzində bütün maliyyə mənbələrindən
əsas kapitala 1638,9 milyon manat və ya əvvəlki ilin
müvafiq dövründəkindən 15,2 faiz çox
investisiya yönəldilmişdir. İnvestisiyanın 1377,7
milyon manatı, yaxud 84,1 faizi istehsal təyinatlı obyektlərin
inşasında istifadə edilmişdir.
Cari ildə tikintisinin
davam etdirilməsi məqsədəuyğun hesab edilən
obyektlərdə inşaat işlərinin aparılması
üçün dövlət büdcəsində nəzərdə
tutulmuş 4718 milyon manat vəsaitin 797,2 milyon manatından
istifadə olunmuşdur.
İlin əvvəlindən
ümumi sahəsi 267,7 min kvadratmetr yaşayış evləri,
288 şagird yerlik ümumtəhsil məktəbləri, 50
yerlik məktəbəqədər uşaq müəssisəsi,
10 çarpayılıq xəstəxana və 140 yerlik klub
tikilib istifadəyə verilmişdir.
Yanvar-mart ayları ərzində
əhaliyə ticarət və xidmət şəbəkəsindən
2806,2 milyon manatlıq istehlak malları satılmış və
858,3 milyon manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə
əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin
həcmi isə 20,5 faiz artmışdır. Əhaliyə
realizə olunmuş istehlak mallarının 65,7 faizini ərzaq
məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil
etmiş və onların satış həcmi müvafiq olaraq
10,8 və 8,7 faiz çoxalmışdır.
2009-cu ilin birinci
rübündə ölkənin hər bir sakininin gəlirləri
orta hesabla 575,8 manata çataraq 19,6 faiz artmışdır. Gəlirlərin
70,5 faizi son istehlaka, 10,3 faizi vergilər, sosial sığorta və
könüllü üzvlük haqlarının ödənilməsinə,
19,2 faizi isə əmanətlərin və kapitalın
artırılmasına sərf edilmişdir.
A.Vəliyev
vurğuladı ki, əhalinin gəlirlərinin artmasına
ayrı-ayrı amillərlə yanaşı, muzdla işləyənlərin
orta aylıq əmək haqqının yüksəlməsi də
təsir göstərmiş və rüb ərzində muzdla
işləyənlərin orta aylıq əmək haqqı 26,5
faiz artaraq 292 manata çatmışdır. Yanvar-fevral
aylarında sənaye sahələrində
çalışanların əmək haqqı 421,1 manat,
tikinti kompleksində 438,1 manat, nəqliyyatda 350,5 manat
olmuşdur.
İstehsal sahələrinin
inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi
ölkəmizin xarici dövlətlərlə iqtisadi, o
cümlədən ticarət əlaqələrinin genişlənməsinə
şərait yaradır. Dövlət Gömrük Komitəsindən
daxil olmuş məlumatlara əsasən 2009-cu ilin ilk iki
ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi
2418 milyon ABŞ dolları təşkil etmiş və ötən
ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz
artmışdır. Ticarət dövriyyəsinin 59,5 faizi
Avropa, 26 faizi Asiya, 14,3 faizi Amerika, 0,1 faizi Afrika qitələri
ölkələrinin payına düşmüşdür.
Komitə sədri daha
sonra göstərdi ki, əlavə dəyərin yarıdan
çoxu yaradılan sənaye sahələrində, hüquqi
şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət
göstərənlərin işi də nəzərə
alınmaqla 4,2 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye
məhsulunun 2,7 milyard manatlığı və ya 65,8 faizi mədənçıxarma
bölməsində, 1,1 milyard manatlığı, yaxud 25,4
faizi emal bölməsində, 368,8 milyon manatlığı və
ya 8,8 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və
bölüşdürülməsi bölməsində istehsal
olunmuşdur. Mədənçıxarma bölməsində
birinci rübdə 11,4 milyon ton neft, 4,7 milyard kub metr qaz hasil
olunmuş, digər faydalı qazıntılar istehsalı 64,5
faiz artmışdır. Emal bölməsində qida məhsulları
istehsalı 3 faiz, sellüloz-kağız istehsalı, nəşriyyat
işi 4 dəfə, maşın və avadanlıqların
istehsalı 56,1 faiz, elektrik avadanlığı, optik və
elektron avadanlıqları istehsalı 70,3 faiz, nəqliyyat vasitələri
və avadanlıqları istehsalı 30,1 faiz
artmışdır. İstehsal olunmuş sənaye məhsulunun
99,8 faizi istehlakçılara göndərilmiş, bununla belə
müəssisələrin anbarlarında 207,1 milyon manatlıq
hazır məhsul qalmışdır.
Avtomobil nəqliyyatı
sahəsində fəaliyyət göstərən fiziki şəxslərin
işi də nəzərə alınmaqla nəqliyyat müəssisələri
41,6 milyon ton yük və 303,8 milyon nəfər sərnişin
daşımış, keçən ilin müvafiq
dövrü ilə müqayisədə yük
daşınmasını 1,1 faiz, sərnişin
daşınmasını 7,6 faiz artırmışlar.
Beynəlxalq Avrasiya dəhlizi ilə yanvar-fevral aylarında 6,7
milyon ton yük daşınmışdır. Bu sahədə fəaliyət
göstərən nəqliyyat müəssisələri
yük və sərnişin daşımalarından 37,2 milyon
manat gəlir əldə etmişlər.
Əmtəə
mübadiləsinin 81,9 faizi və ya 1981,3 milyon dolları uzaq
xarici ölkələrlə aparılaraq 24,2 faiz
artmışdır. Uzaq xarici dövlətlərlə ticarət
əlaqələrinin 56,1 faizi, o cümlədən idxalın
42,7 faizi və ixracın 62,9 faizi Avropa Birliyi dövlətləri
ilə həyata keçirilmiş və 2008-ci ilin yanvar-fevral
ayları ilə müqayisədə 2.4 dəfə
artmışdır.
MDB üzvü dövlətləri
ilə iki ay ərzində 436,7 milyon dollarlıq və ya 18,9
faiz az ticarət əməliyyatları
aparılmışdır. Əmtəə mübadiləsinin
49 faizi Rusiya, 25,9 faizi Gürcüstan, 17 faizi Ukrayna, 2,5 faizi
Qazaxıstanla həyata keçirilmişdir.
Əmtəə
dövriyyəsinin 1491,9 milyon dollarını, yaxud 61,7 faizini
ölkəmizdən ixrac olunmuş məhsullar təşkil edərək
keçən ilin yanvar-fevral ayları ilə müqayisədə
24,6 faiz artmışdır. İxrac olunmuş malların 88,1
faizi və ya 1314,3 milyon dollarlığı uzaq xarici ölkələrə,
177,6 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə
göndərilmişdir. İki ay ərzində 565.8 milyon
dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə
647.3 milyon dollarlıq müsbət, MDB üzvü dövlətləri
ilə 81.5 milyon dollarlıq mənfi saldo
yaranmışdır. Yanvar-fevral aylarında ölkəmizə
6,1 milyon dollar həcmində humanitar və texniki yardım
daxil olmuşdur.
İstehlak
mallarının qiymətləri və xidmət tarifləri
mart ayında əvvəlki ayla müqayisədə 0,7 faiz, o
cümlədən ərzaq məhsullarının qiymətləri
1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz
ucuzlaşmış, xidmət tarifləri isə əvvəlki
ayın səviyyəsində qalmışdır. 2008-ci ilin
birinci rübünə nisbətən istehlak mallarının
qiymətləri və xidmət tarifləri 8,3 faiz, o cümlədən
ərzaq məhsullarının qiymətləri 8,9 faiz, qeyri-ərzaq
mallarının qiymətləri 8 faiz, xidmət tarifləri
6,8 faiz bahalaşmışdır.
A.Vəliyev qeyd etdi ki,
yanvar-mart aylarında dövlət büdcəsinə 1799,8
milyon manat, yaxud ötən ilin müvafiq dövrünə
nisbətən 26,3 faiz çox vəsait daxil olmuşdur.
Büdcə xərclərinin
725,7 milyon manatı və ya 50,4 faizi iqtisadiyyatın inkişafına,
205,3 milyon manatı (14,2 faizi) sosial müdafiə və sosial təminata,
134,5 milyon manatı (9,4 faizi) təhsilə və səhiyyəyə
yönəldilmişdir.
Əhalinin banklara
qoyduğu əmanətlərin məbləği keçən
ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz
artaraq mart ayının 1-nə 1,8 milyard manata
çatmışdır. Milli valyuta ilə vəsait
qoyuluşu 12 faiz, xarici valyuta ilə isə 19,5 faiz artaraq
müvafiq olaraq 816,4 milyon və 997 milyon manat olmuşdur.
Verilmiş kreditlərin
məbləği 2008-ci ilin iki ayı ilə müqayisədə
39,1 faiz artaraq 6,7 milyard manat təşkil etmişdir. Kreditlərin
69,5 faizi uzun müddətə verilmiş, 2,2 faizinin ödəmə
vaxtı keçmişdir.
Mətbuat
konfransının sonunda A.Vəliyev kütləvi informasiya
vasitələri nümayəndələrinin çoxsaylı
suallarını cavablandırdı.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 25 aprel.- S. 3.