Uğur olsun, Gədəbəy!

 

— Mənim oğlumun “kommunxozda” nə işi var?! Rayon icra hakimiyyəti başçısının şöbə müdirinə “kömək edin, məşğulluq mərkəzinə deyin, oğluna bir iş versinlər” göstərişindən sonra Lalə Rüstəmova etiraz edir, sakitləşmək bilmirdi. “Nə olsun ki, oğlum orta təhsillidir. O nəyə görə fəhlə işləməlidir?”

İcra hakimiyyətinin başçısı, qəbulda iştirak edən digər strukturların rəhbərləri qadına nə qədər izah etsələr belə, dediyini deyirdi.

Başçının qəbuluna gələn Nazilə Hüseynovanın da “məntiqi” maraqlı idi:

— Bu torpaqlar 1987-ci ildən məndədir. Onu mənim əlimdən kim ala bilər?! İstədiyim vaxt əkəcəyəm , biçəcəyəm .

Qəbulda qeyd olundu ki, N.Hüseynova əvvəlcə 23 sot, daha sonra 55 sot torpağı zəbt edib. İndi bələdiyyə torpaqlarının hərraca çıxarıldığı bir vaxtda məlum olur ki, qadının heç bir sənədi yoxdur və o, uzun illərdir bu torpaqdan qeyri-qanuni istifadə edir.

...Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının qəbulunda ən müxtəlif peşə sahiblərini, imkansızları, qocaları, qadınları gördüm. Maraqlıdır ki, qəbul otağına daxil olub özlərini təqdim etməzdən qabaq başçı onların demək olar ki, hamısını tanıyırdı. Adlarını (hətta ləqəblərini də) familiyalarını, iş, yaşayış yerlərini, ailə vəziyyətlərini əla bilirdi. Əslində bu, qəbula gələnlərlə isti münasibət, ünsiyyət yaratmaq üçün çox yaxşı cəhətdir. Amma bir fakt faktlığında qalır ki, şikayət edənin bir çoxu özünü haqlı sayır. Hiss olunur ki, bəzilərinin qanunlardan, qaydalardan xəbərləri yoxdur. Daha çox torpaq mübahisələri, iş problemləri, qonşu-qohum münasibətləri gündəmə çıxır. Bir sıra hallarda rayon məhkəməsinin çıxardığı qətnamələrin icra olunmaması və ya vaxtında icra olunmaması yuxarı orqanlara şikayətlərin yazılması ilə nəticələnir.

Vətəndaşların bəzisi hələ də öz qeyri-qanuni tələblərini yerli icra orqanlarına deyil, yuxarı orqanlara yazmaqla həll olunacağını düşünür və bu yolla istədiklərinə nail olmaq istəyirlər. Məsələn, keçən il rayonun Slavyanka kəndindən 130 müraciət daxil olub. Onun təxminən 70 faizdən çoxu yuxarı orqanlara göndərilib. Yaxud Plankənddən il ərzində yuxarı orqanlara 50 müraciət daxil olduğu halda, rayon icra hakimiyyətinə cəmi 10 məktub yazılıb. Düzyurdda 165 məktubdan 144-ünü (!) Prezident Administrasiyasına, Milli Məclisə, Nazirlər Kabinetinə və digər respublika təşkilatlarına göndərilmiş məktublar təşkil edir.

Niyə belədir? Yuxarıda bunun bir səbəbini izah etdik. Digər səbəb hüquqi biliklərin zəif təbliği ilə əlaqədardır. Rayonun müvafiq təşkilatları, xüsusilə hüquq-mühafizə orqanları bu işdə fəallıq və təşəbbüskarlıq göstərməlidirlər. Yerlərdə müxtəlif görüşlərə, sual-cavab gecələrinə çox böyük ehtiyac var. Doğrudur, rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə daim kabinetdə əyləşən rəhbərlərdən deyil. O, tez-tez müxtəlif kəndlərə gedir, adamlarla görüşür, onların problemləri, qayğıları ilə maraqlanır. İcra hakimiyyəti başçısının Parakənd, Əliismayıllı, Poladlı ərazisi üzrə nümayəndəlikləri də vətəndaşlarla müntəzəm izahat işləri apardıqları üçün son iki ildə həmin nümayəndəliklərdən şikayət xarakterli müraciətlərin sayı minimuma enmişdir. Amma şəhər, Düzyurd, Slavyanka və digər nümayəndəliklər haqqında bunları demək çətindir.

 

Yaxşı iş varsa, yazmağa nə lüzum?

 

Gədəbəyin inkişafı elə sürətlə gedir ki, rayonun ayrı-ayrı kənd və qəsəbələrini bəzən tanımaq olmur. Yol, körpü, su, telefon, qaz, işıq problemləri həll olunur, yeni iş yerləri açılır, torpaqdan bol məhsul götürülür, imkansızlara yardım göstərilir, yeni mənzillər tikilir.

Təqaüdçülər və digər imtiyazlı kateqoriyadan olan adamlar, büdcədən maliyyələşən təşkilatların işçiləri öz pullarını plastik kartlar vasitəsilə bankomatlardan alırlar. Hazırda rayonun 7 müxtəlif yerində belə bankomatlar var. Yaxın vaxtlarda onların sayı daha artırılacaq.

Son illər bir-birinin ardınca o qədər gözəl, yaraşıqlı, geniş və işıqlı məktəb binaları tikilib istifadəyə verilib ki, sadalamaqla qurtaran deyil. Xarxar kəndində bu günlərdə istifadəyə verilmiş məktəb binası ilə tanış olduq. Nəyi yoxdur?! Kompyuterlərdən tutmuş ən müxtəlif idman avadanlıqlarınadək. Əvvəlki binaya baxanda adam inana bilmir ki, burada necə dərs keçiblər. Amma indi tamamilə başqa mənzərədir.

Yeri gəlmişkən qeyd edək ki, yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə baxmayaraq, hələ də bir sıra tədris müəssisələrində öz işinə laqeyd yanaşan, müasir dövrlə ayaqlaşmayan müəllimlər var. Biz keçən yazılarımızın birində bu barədə söhbət açmışdıq. Bu dəfə məsələni bir qədər də dərindən araşdırdıq. Rayon təhsil şöbəsinin müdiri Ramiz Məmmədov dedi ki, Təhsil Nazirliyi, rayon icra hakimiyyəti, Heydər Əliyev Fondu Gədəbəydə təhsilin maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərir. Son 5 ildə 65 məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Amma hələlik tədrisdə istədiyimizə tam nail ola bilməmişik. Müəllimlərimiz arasında hazırlıqsız, öz üzərində işləməyənlər də var. Belə bir fakt narahatlıq doğurmaya bilməz ki, rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlərin 28 faizi pensiya yaşına çatmışlardır. Onların 169 nəfərinin 70-dən çox yaşı var. Özü də dərs yükləri kifayət qədərdir. Təbii ki, bu müəllimlərin bir çoxu nəinki müasir tələblərə cavab verə bilmir, həm də onların fiziki durumu, sağlamlığı narahatçılıq doğurur. Təkcə son vaxtlar 4 nəfər yaşlı müəllimin elə sinif otağında, dərs dediyi zaman dünyasını dəyişməsi ürəkağrıdan məqamlardandır.

...Gədəbəydə yaxşı işlər çoxdur. Bütün bunlar adamların sabaha daha ümidlə baxmasına imkan verir. Rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ləzgi Zeynalov söhbət zamanı dedi ki, yaxşı iş varsa, heç yazmağa lüzum da olmayacaq. Gədəbəydə isə belə işlər son illər çoxalıb. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ilin noyabrında Gədəbəyə səfərə gəldikdən sonra bu inkişaf, bu yüksəliş daha qabarıq hiss olunur. Əhalisinin sayı 93 min nəfərə yaxın olan Gədəbəy təkcə zəngin təbii sərvətləri ilə deyil, iqtisadiyyatının və kənd təsərrüfatının dinamik inkişafı, abadlıq, quruculuq işlərinə geniş meydan verilməsi ilə seçilir. Əgər beş il qabaq rayonda 48 min tondan bir qədər çox kartof tədarük olunmuşdursa keçən il bu rəqəm 200 min tonu keçmişdir. Digər kənd təsərrüfatı məhsullarının istehsalı nəzərəçarpacaq dərəcədə artmış, heyvandarlıq inkişaf etmişdir. Yaxud 2003-cü ildə orta aylıq əmək haqqı 48,8 manat olduğu halda, keçən il bu rəqəm 212 manata çatmışdır. Son 5 ildə 7200 iş yeri açılmış, onlardan 1874-ü daimi olmuşdur.

Əhaliyə göstərilən səhiyyə xidməti durmadan yaxşılaşır. Doğrudur, burada da problemlər var. Xüsusilə tibb kadrlarına ehtiyacın olması müəyyən işlərin tam həyata keçirilməsinə öz mənfi təsirini göstərir. Amma maddi-texniki baza sürətlə inkişaf edir. Akademik Zərifə Əliyeva adına mərkəzi rayon xəstəxanasının yeni korpusları, Ağamalı, Novoivanovka, Rüstəm Əliyev kənd xəstəxanaları yenidən tikilmiş ən müasir avadanlıqlarla təchiz edilmişdir. Qoşabulaq, Slavyanka, Düz Rəsullu, Novosaratovka kənd sahə xəstəxanaları əsaslı təmir olunaraq öz görkəmini tamamilə dəyişdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, rayon mərkəzi xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevin uzun illik təcrübəsi, təşkilatçılığı sayəsində səhiyyədəki uğurlar artmaqdadır. R.Pirverdiyev söhbət zamanı bu işlərin görülməsində səhiyyə naziri Oqtay Şirəliyevin, rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadənin digər xeyirxah adamların adlarını çəkdi.

Mədəniyyət, idman qurğularına “ikinci həyat” verilməsi, müxtəlif təşkilatlar üçün yeni inzibati binaların tikintisi, qaz, elektrik xətlərinin, yolların salınması, körpülərin inşası və sair işlər Gədəbəyi tanınmaz dərəcədə dəyişdirib.

 

Qarşıda hələ çox iş var...”

 

Rayon icra hakimiyyətinin başçısı K.Rzazadə gələcək işlərdən söhbət açır. Deyir ki, tezliklə qızıl zavodunun işə düşməsi rayonun infrastrukturunu tamamilə dəyişdirəcəkdir. Görün nə qədər adam işlə təmin olunacaq. Maaşları da yüksək.

Növbəti beş ildə də Gədəbəyin sürətli inkişafı nəzərdə tutulub. 2009-2013-cü illərin sosial-iqtisadi inkişaf proqramında rayonda məktəb tikintisi, yeni EATS-lərin quraşdırılması, körpü və keçidlərin tikintisi, səhiyyə və mədəniyyət obyektlərinin inşası, 110 kilovoltluq Zəyəm-Gədəbəy elektrik verilişi xəttinin çəkilməsi, mədəniyyət abidələrinin bərpası, bir sözlə, rayonun infrastrukturunun yeniləşməsi istiqamətində daha böyük tədbirlərin həyata keçirilməsi gözlənilir.

Uğur olsun, Gədəbəy!

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2009.- 25 aprel.- S. 4.