28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür

 

Əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti ümumbəşəri dəyərlərə söykənir

 

Müasir dünya təcrübəsi insan amilinin uca tutulduğu ölkələrdə inkişafın labüdlüyünü çoxdan təsdiqləyib. Bu gün Azərbaycanda uğurla davam etdirilən hüquqi cəmiyyət quruculuğu prosesi sivil dünya ənənələrini əxz etməklə və dərin tarixi köklərə malik milli-mənəvi dəyərlərə söykənməklə Azərbaycan vətəndaşının hüqüq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. Ölkə vətəndaşının bir işçi olaraq hüquqlarının qorunması, əməyinin mühafizəsi, onun sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlətin siyasətinin prioritet məsələləri sırasındadır.

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübənin mütərəqqi cəhətləri əxz olunmaqla qanunvericilik bazasının təkmilləşdirilməsi və konkret əməli tədbirlərin həyata keçirilməsi baxımından Azərbaycan regionda qabaqcıl bir ölkədir. Bu, Prezident İlham Əliyevin hər bir azərbaycanlının firavanlığına xidmət edən uğurlu siyasəti, həmçinin əməkçilərin hüquqlarının təminatına daim xüsusi diqqət və qayğı göstərməsi ilə bağlıdır.

Əməyin qiymətləndirilməsi, qorunması, işçinin təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı beynəlxalq normaların Azərbaycanda fəal tətbiqini, qanunvericilikdə geniş yer verilməsini şərtləndirən mühüm bir cəhət milli mentalitetdə və dini dəyərlərdə bu məsələlərə xüsusi önəm verilməsidir.

Azərbaycanda əməyin mühafizəsi ilə bağlı milli qanunvericiliyin əsasını Konstitusiyamızın 35-ci maddəsi, yəni “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. Azərbaycanın qoşulduğu, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasının (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyasının) ümdə prinsipləri ölkəmizin Əmək Məcəlləsində öz əksini tapmışdır.

Əmək Məcəlləsinin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə etməklə, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyən edilməsinə həsr olunmuşdur. Əməyin mühafizəsi sahəsində Azərbaycanda dolğun qanunvericilik bazası formalaşdırılıb və 1997-ci ildə vətəndaşların əmək hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi yaradılıb. Bu müfəttişliyin ölkədə 18 bölgə şöbəsi fəaliyyət göstərir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun xüsusi diqqət və qayğısı nəticəsində nazirliyin Dövlət Əmək Müfəttişliyinin və zona müfəttişliklərinin fəaliyyətinin təkmilləşdirilməsi, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər işçi hüquqlarının təminatında müsbət dönüş yaratmış və mühüm uğurlar əldə olunmuşdur.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli fərmanından irəli gələn vəzifələr layiqli səviyyədə icra olunmuş, tikinti sektorunda əmək münasibətlərinin qanunçuluğa uyğunlaşdırılmasına, o cümlədən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının təmin olunmasına nəzarət dəfələrlə artırılmışdır.

Nazirliyin təklifləri nəzərə alınaraq, “Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Qanunun qəbul edilməsi, dövlət başçısının həmin qanunu təsdiqləməsi ölkədə işçi hüquqlarının təminatına dövlət nəzarətinin xeyli güclənməsinə, bu sahədə mühüm irəliləyişin əldə olunmasına, iqtisadi sferada sosial məsuliyyətin artmasına səbəb olmuşdur.

Məhz bunun ifadəsidir ki, işçi hüquqlarının təminatı və əməyin mühafizəsi sahəsində müsbət göstəricilər ilbəil artır. 2008-ci ildə respublika üzrə işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 27781 nəfər şəxslə əmək müqaviləsinin bağlanılması təmin olunub. Bu, əvvəlki illə müqayisədə (10917 nəfər) 2,5 dəfə çoxdur. Bağlanılması təmin edilmiş əmək müqavilələri il ərzində Dövlət Sosial Müdafiə Fonduna təqribən 18,5 milyon manat, dövlət büdcəsinə isə 15 milyon manat əlavə vəsaitin daxil olması deməkdir. İş yerlərində bədbəxt hadisələr nəticəsində həlak olanların sayı 2007-ci illə müqayisədə 2008-ci ildə 50 faiz azalıb. Bu müsbət dinamika cari ildə davam etməkdədir.

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 270 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin tədricən daha çox aktuallıq kəsb etməsinə səbəb olub və cəmiyyətin diqqətini işçi insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatı 28 apreli Ümumdünya Əməyin Mühafizəsi Günü elan etmişdir.

 2004-cü ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin Mühafizəsi Günü dövlət səviyyəsində qeyd olunur.

Həmin gün ərəfəsində ölkənin bütün yerlərində əməyin mühafizəsi işinin təşkili mövzusunda müxtəlif tədbirlər keçirilir, əhalinin, xüsusən işəgötürənlərin diqqəti bir daha bu məsələyə cəlb edilir, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, habelə işçilərin əmək prosesində təhlükəsizlik qaydalarına düzgün əməl etməsiylə bağlı müvafiq metodiki təlimatlandırma işləri aparılır. BƏT 2009-cu ilin 28 aprelini “Təhlükəsiz əmək hər bir insanın hüququdur” devizi ilə keçirməyi qərara alıb. Bu mövzu ilə bağlı işəgötürənlərlə birgə mühüm tədbirlər, seminar-müşavirələr təşkil olunmaqdadır.

Biz də öz növbəmizdə xidməti ərazidəki işəgötürənlərin və işçilərin iştirakı ilə müvafiq istiqamətdə tədbirlər, görüşlər keçiririk. Məqsəd iş yerlərində işçilərin sağlamlığına və təhlükəsizliyinə cavab verən əmək şəraitinin yaradılmasına, işçilərin layiqli iş şəraiti ilə təmin olunmasına nail olmaq, bu istiqamətlərdə idarə, müəssisə və təşkilatlara fəal köməkliklər göstərməkdir.

Nazirliyin zona DƏM-ləri kimi, bizim də müfəttişlik təkcə Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı deyil, ilin ayrı-ayrı vaxtlarında da müxtəlif müəssisələrdə, idarə və təşkilatlarda əmək qanunvericiliyi ilə bağlı işəgötürənləri və əmək kollektivlərini ətraflı məlumatlandırmaq üçün müxtəlif səpkili tədbirlər keçirir. Həmin tədbirlərdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, əməyin qiymətləndirilməsi və ödənilməsi, zərərə görə ödənclərin verilməsi, məzuniyyətlər, ezamiyyətlər və s. ilə bağlı məsələlərin hüquqi tənzimlənməsi barədə geniş məlumatlar verilir, eyni zamanda, əməyin mühafizəsi, həmçinin iş yerlərində peşə risklərinin idarə edilməsi, belə risklərdən qorunma mexanizminin yaradılması ilə bağlı hüquqi-praktik bilgilər aşılanır. Bu il Dövlət Əmək Müfəttişliyinin yaradılmasının 90 illiyi də qeyd olunacaq. Çalışdığımız bu dövlət orqanının yubileyinə hər şeydən öncə öz iş sahəmizdə yüksək göstəricilər əldə etməklə, əmək hüquqlarının qorunmasında yeni irəliləyişlərə nail olmaqla öz töhfəmizi verməyə çalışırıq.

Azərbaycan qurulmaqda olan vətəndaş cəmiyyətidir və həyatın bütün sahələrində olduğu kimi, əmək fəaliyyəti sahəsində də hüquqi prinsiplər daim üstün tutulmalıdır. Bu prinsiplər isə hər bir işçinin sağlamlığı, həyatı üçün iş şəraiti yaradılmasını tələb edir. Digər tərəfdən, öz müəssisəsinin iqtisadi uğurlarını daim artırmağa çalışan hər bir işəgötürən bunun üçün, ilk növbədə, öz işçiləri üçün layiqli iş yeri yaratmalı olduğunu heç zaman unutmamalı, bununla həm də insana və qanuna hörmətini, ümumbəşəri dəyərlərə sədaqətini ifadə etməlidir.

 

 

Mirsəlim SEYİDOV,

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin 2 saylı

Bölgə Dövlət Əmək Müfəttişliyinin

rəisi

 

Xalq qəzeti.- 2009.- 25 aprel.- S. 4.