Azərbaycanlı hüquqşünas BMT-nin mükafatına layiq görülmüşdür

 

Bu günlərdə Gəncə şəhər sakini, hüquqşünas Elşən Şubay oğlu Əliyev şad xəbər almışdır. Ona Birləşmiş Millətlər Təşkilatı İctimai Təltiflər Şurası Beynəlxalq Təltiflər İttifaqının “Şərəf” Avropa ordeni təqdim olunmuşdur. İttifaqın prezidenti M.A.Pekelisin imzaladığı diplomda göstərilir ki, Elşən Əliyev həmin mükafata “Avropa mədəniyyəti qarşısındakı xidmətlərinə görə” layiq görülmüşdür.

Qeyd edək ki, Elşən Əliyev keçən il Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının təsis etdiyi “İlin kültür adamı” mükafatını almışdır. Bundan başqa, adı çəkilən akademiyanın qərarı ilə ona bu ilin martında “Qızıl ulduz” medalı təqdim olunmuşdur.

Maraqlıdır ki, bir qədər əvvəl onun oxucular tərəfindən çox maraqla qarşılanan “Yeni dünya–Yeni həyat” kitabı akademiyanın Ali İdarə Heyətinin qərarı ilə mükafata layiq görülmüşdür. Həmin kitab Avropa nəşr mətbu evinin müəyyənləşdirdiyi “İlin ən yaxşı vətənpərvərlik kitabı” hesab olunmuşdur. Elşən Əliyev tez-tez hərbi hissələrə gedir, əsgərlərlə görüşür, onlara keçdiyi həyat yolundan danışır, vətənpərvərlik mövzusunda söhbətlər aparır. O, 90-cı illərin əvvəllərində Çaykənd, Todan ətrafında gedən döyüşlərdə yaxından iştirak etmiş, Nüvədidə olmuş, çətin günlərdə öz köməyini əsirgəməmişdir. E.Əliyev deyir:

— Həyatımda ən unudulmaz anlar ulu öndərimiz Heydər Əliyevlə olan görüşlərimdir. Hələ Naxçıvanda olarkən ilk dəfə bu böyük insanla görüşərkən hiss etmişdim ki, Azərbaycanı ağır vəziyyətdən çıxara biləcək yeganə şəxs Heydər Əliyevdir. Bax, indi biz hamımız məhz bu günümüz üçün ulu öndərin ruhu qarşısında baş əyirik.

...Elşən Əliyevi aldığı mükafata görə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq.

 

 

H.ZEYNALOĞLU

 

Xalq qəzeti.- 2009.- 25 aprel.- S. 4.