“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
14 aprel 2009-cu ildə imzaladığı fərman
özünün ictimai-siyasi əhəmiyyətinə görə
əvvəlkindən xeyli fərqlənir. Əgər regionlarn
sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramı (2004-2008-ci illər) ölkənin əsas sərvəti
sayılan neft-qaz amilindən bəhrələnərək
müvəffəqiyyətlə həyata keçirilmişdisə,
ikinci Dövlət Proqramında qeyri-neft sektoru sahələrinin
daha sürətlə inkişaf etdirilməsi başlıca vəzifə
kimi qarşıya qoyulur. Bununla yanaşı, hər iki
Dövlət Proqramında əhalinin maddi rifah halının
yaxşılaşdırılması, sosial problemlərin
ardıcıllıqla həll edilməsi təxirəsalınmaz
vəzifə hesab edilir.
Məlumdur ki,
regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət
Proqramının icrasına 2004-cü ilin fevral ayından
başlanmışdır. Bu gün böyük məmnunluq
hissi ilə deyə bilərik ki, proqramda nəzərdə
tutulan tədbirlər vaxtından xeyli əvvəl
artıqlaması ilə yerinə yetirilmişdir. Azərbaycan
dövləti son beş il ərzində bölgələrə
çox böyük sərmayə qoymuşdur. Bununla bərabər,
özəl sektorun inkişafı üçün iri həcmdə
güzəştli kreditlər ayrılmış, yerli
sahibkarlığın inkişafına hərtərəfli dəstək
verilmişdir.
Təkcə bir neçə
statistik rəqəmə nəzər salaq. Son beş ildə
Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır,
Ölkədə sənaye məhsulu istehsalı 2,5 dəfə
yüksəlmiş, regionlarda sənayeləşmə prosesi
geniş vüsət almış və bunun nəticəsində
də beş il ərzində 766 min yeni iş yeri
açılmışdır. Azərbaycanda aparılan
uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində
büdcə xərcləri 12 dəfədən çox
artmış, ölkədə yoxsulluğun səviyyəsi kəskin
şəkildə azalmış, 49 faizdən 13,2 faizə
enmişdir. İndi Azərbaycanın valyuta ehtiyatları 18
milyard dollardan çoxdur. Bu, bizə imkan verir ki, gələcəyə
nikbinliklə baxaq.
Rəqəmlərdən
göründüyü kimi, 2004-2008-ci illərdə Azərbaycan
sürətlə inkişaf etmişdir. İqtisadiyyat gücləndikcə
şəhər və rayonlarımızın siması ildən-ilə
dəyişir, hər yerdə abadlıq, quruculuq işləri
geniş vüsət alır, çəkilən yeni yollar,
tikilən möhtəşəm körpülər, həyata
keçirilən müxtəlif səpkili böyük layihələr
Azərbaycanın müasirləşməsinə xidmət
edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təbirincə desək, biz gələcəkdə öz ciddi
siyasi və iqtisadi islahatları daha əzmlə aparmalı,
ölkəni nəinki regionda, eləcə də bütün
dünyada qabaqcıllar sırasına
çıxarmalıyıq. Azərbaycanda bütün meyarlar
dünyanın ən qabaqcıl inkişaf etmiş ölkələrinin
səviyyəsinə çatmalıdır. Son beş il ərzində
həm regionların, sosial-iqtisadi inkişafı
proqramının həm də digər proqramların icrası
deməyə əsas verir ki, biz qarşıya qoyulan məqsədə
çatacağıq.
Fəxrlə qeyd edilməlidir
ki, dünyanı çənginə almış maliyyə
böhranı Azərbaycanda bir o qədər də hiss olunmur.
Ona görə ki, bizdə iqtisadiyyat
düşünülmüş şəkildə məqsədyönlü
idarə olunur, israfçılığa yol verilmir, maliyyə
resursları düzgün bölüşdürülür. Bu
gün Azərbaycanın iqtisadiyyatı artıq
oturuşmuş iqtisadiyyatdır və biz elə etməliyik
ki, indiki zamanda iqtisadi böhranın ola biləcək mənfi
təsirini maksimum dərəcədə azalda bilək. Hazırda
Azərbaycan iqtisadiyyatının inkişaf potensialı
çox böyükdür. Bunun üçün Azərbaycan
iqtisadiyyatına iri məbləğli sərmayələr cəlb
edilmişdir. Bu iş indi də davam etdirilir. Bütün
bunlar növbəti illərdə ölkə iqtisadiyyatının
çiçəklənməsinə gətirib
çıxaracaqdır. Azərbaycanın uzunmüddətli
dayanıqlı inkişafı təmin ediləcək,
iqtisadiyyatın neft-qaz amilindən asılılığı
daha da aşağı düşəcəkdir. Beləliklə,
ölkə öz inkişafını uğurla davam etdirəcək
və Azərbaycan xalqı, vətəndaşlarımız
bundan sonra da ildən-ilə daha yaxşı yaşayacaqlar.
Ölkə
başçısı İlham Əliyev qeyd etmişdir ki,
bizim bütün işlərimiz, proqramlarımız, tədbirlərimiz
ilk növbədə, Azərbaycan xalqının daha da
yaxşı yaşamasına yönəldilməli,
yoxsulluğun səviyyəsi minimuma endirilməlidir. Dünya
praktikasından yaxşı bilirik ki, neft və qazla zəngin
olan ölkələrdə bir çox hallarda təbəqələmşə
prosesi gedir, varlılar daha da varlanır, kasıblar daha da
müflisləşir. Eyni zamanda o da reallıqdır ki, neft-qaz
sənayesi çoxlu iş yerlərinin yaradılmasına xidmət
etmir. Yəni bu sahədə iş yerlərinin
açılması kütləvi xarakter daşımır. Bəzi
ölkələrdə nə qədər çox neft-qaz hasil
olunursa, insanlar bir o qədər çox
kasıblaşırlar. Ancaq Azərbaycanda biz bunun tam əksini
görürük. Ötən illərin təcrübəsi
göstərir ki, Azərbaycan öz maliyyə imkanlarından
düzgün, ağıllı şəkildə istifadə edən
bir ölkədir. Əldə edilən maliyyə resursları
gərəkli investisiyalara, iqtisadiyatın real gəlir gətirə
biləcək sektoruna, energetika, qazlaşdırma, nəqliyyat,
səhiyyə və təhsilə, humanitar sahəyə
qoyulur. Buna görə də ölkədə xidmət səviyyəsi
qalxmış, biznes üçün daha yaxşı şərait
yaranmışdır.
Ən önəmlisi
odur ki, neftdən əldə olunan gəlirlər ədalətli
bölünür, xalqımız və bütün dünya
yaxşı bilir ki, Azərbaycanın nə qədər
valyuta ehtiyatları var, Neft Fondunun gəlirləri və xərcləri
nə qədərdir. Bu sahədəki şəffaflıq tam
şəkildə təmin olunubdur. Ona görə də deyə
bilərik ki, neft-qazla zəngin olan ölkələrdə
şəffaflıq Azərbaycandakı kimi yüksək səviyyədə
deyil. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı
şəffaflıq sahəsində əldə edilmiş
uğurlara görə Azərbaycan Dövlət Neft Fondunu
xüsusi mükafatla təltif etmişdir.
Beş il ərzində
Azərbaycanda təkcə iqtisadi işlərlə məşğul
olunmamışdır. Beş il bundan əvvəl qarşıda
duran vəzifələrdən biri də ondan ibarət idi ki,
bazar iqtisadiyyatı şəraitində sosial məsələlərin
həlli daha çevik, ardıcıl aparılmalıdır. İkinci
Dövlət Proqramının icrasına
başladığımız indiki dövrdə iftixarla deyə
bilərik ki, əhalinin maddi-rifah halının
yaxşılaşdırılması istiqamətində
aparılan işlər öz müsbət nəticəsini
verməkdədir. Ölkədə son beş ildə yoxsulluq səviyyəsinin
35,8 faiz aşağı düşməsi sosial siyasətin
düzgün aparıldığından xəbər verir. 2004-cü
ilə nisbətən minimum əmək haqqıının 8,3
dəfə, minimum pensiyanın təxminən 4 dəfə
artması ölkəmizdə sosial məsələlərin həllinə
dövlət qayğısının bariz ifadəsidir. Azərbaycanda
sosial infrastrukturun yeniləşməsinə böyük vəsait
xərclənir. Son beş il ərzində 1600 məktəb
tikilib, regionlarda müasir tələblərə cavab verən
yüzlərlə tibb ocağı yaradılıb. Onlardan 8-i
yüksək dünya standartlarına cavab verən müalicə-diaqnostika
mərkəzləridir. Bunlar ölkəmizin müxtəlif
bölgələrində yerləşir. Hazırda daha 8
müalicə-diaqnostika mərkəzinin tikintisi davam edir.
Yeni idman
qurğuları, Olimpiya kompleksləri ölkəmizə gələn
xarici qonaqları heyran edir. 2004-2008-ci illərin məhsulu olan
bu obyektlər Azərbaycanda idmana, gənc nəslin
sağlamlığına göstərilən dövlət
qayğısı kimi qiymətləndirilir. Muzeylərin,
teatrların, mədəniyyət evlərinin əsaslı
şəkildə təmir olunaraq müasirləşdirilməsi
göstərir ki, bu gün Azərbaycanda aparılan quruculuq,
abadlıq işləri hərtərəflidir, təkcə
hansısa bir sahəyə yönəlməmişdir.
Bölgələrdə
yaşayan əhalinin arzu və istəklərini, onların
qayğılarını əhatə edən dövlət
proqamlarının təsdiq edilməsi ölkəmizin
inkişafında yeni mərhələnin
başlanğıcını qoymuş, regionların
inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən
biri səviyyəsinə qaldırmışdır. Böyük
uzaqgörənliklə müəyyənləşdirilmiş
bu strategiyanın düzgünlüyü ötən beş
ildə təsdiqini tapmış, bütün rayonların
siması köklü şəkildə dəyişmiş,
paytaxta və digər iri şəhərlərə kütləvi
axın səngiyərək əks-proses başlanmış,
regionlarda işləməyə və yaşamağa
üstünlük verənlərin sayı
artmışdır. Bu gün hər bir ailə, hər bir vətəndaş
Dövlət Proqramının real nəticələrini
gündəlik həyatında hiss edir.
Ötən beş ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
regionların bütün rayonlarını əhatə etməklə
127 səfərə çıxmış, o cümlədən
6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş,
yerlərdə görülən işlərlə,
xalqımızın həyat səviyyəsi ilə
maraqlanmış, tapşırıq və tövsiyələrini
vermiş, ölkəmizin abadlaşması və
inkişafı üçün əhəmiyyətli olan 500-dək
müəssisə və obyektin təməlqoyma və
açılış mərasimlərində iştirak
etmişdir. Ölkə rəhbərinin regionlara hər səfəri
yeni ideyaların ortaya çıxmasına səbəb
olmuş, əhalinin sosial durumunun daha da
yaxşılaşmasına müsbət təsir göstərmişdir.
Son illər ölkə
iqtisadiyyatına investisiya qoyuluşu üçün
yaranmış əlverişli mühit nəticəsində
yeni tikilən yaşayış və məişət obyektlərinin
sayı əhəmiyyətli dərəcədə
artmışdır. Bu da, şəhərsalma qanunvericiliyinə
əsasən, müvafiq kommunal infrastrukturun yenidən
qurulmasını və bazar iqtisadiyyatının tələblərinə
uyğun xidmətlərin təşkilini zəruri edir. Bu sahədə
həyata keçirilməsi planlaşdırılan məqsədyönlü
islahatlar nəticəsində ölkədə mənzil-kommunal
təsərrüfatı sahələrində
istehlakçılara göstərilən xidmətlərin səviyyəsinin
dünya standartlarına uyğunlaşdırılması nəzərdə
tutulmuşdur:
Qəza vəziyyətində
olan bina və tikililərin bərpa-gücləndirilmə
işlərinin aparılması; kommunal xidmətlər sahəsində
restrukturizasiya tədbirlərinin sürətləndirilməsi;
mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi
və yenidənqurulması; məişət tullantılarının
toplanması, daşınması, zərərsizləşdirilməsi
və emalı üzrə yeni müəssisələrin
yaradılması, bu sahəyə özəl sektorun cəlb
olunması; su sektorunda restrukturizasiya tədbirlərinin davam
etdirilməsi və dünya standartlarına uyğun
etibarlı su təchizatının təmin olunması; ölkənin
şəhərlərində, rayon mərkəzlərində,
xüsusilə kənd yerlərində su və kanalizasiya
sistemlərinin bərpası və yeni xətlərin,
qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin
cəlb olunması yeni proqramın əsas tələblərindəndir.
Qarşıdakı illərdə
təhsil sahəsində həyata keçiriləcək
işlər onun strukturunun və məzmununun yeniləşməsinə
istiqamətlənəcəkdir. Ölkədə bütün əhali
təbəqələri üçün müasir tələblər
səviyyəsində qurulmuş təhsil xidmətlərinin
göstərilməsini təmin edə biləcək maddi-texniki
və tədris-metodiki şəraitin yaradılması və
bu zəmində təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə
nail olunması dövlətin sosial siyasətində əsas
yer tutur. Eyni zamanda, ölkədə rəqabət qabiliyyətli
iqtisadi sistemin formalaşdırılması və davamlı
inkişafın təmin edilməsi baxımından müasir tələblərə
cavab verən kadrlara ehtiyacın ödənilməsi, gənclərin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün lazımi şəraitin
yaradılması, dünyanın aparıcı ölkələrində
təhsil almaq imkanlarının genişləndirilməsi
prosesinin mütəşəkkilliyi və səmərəliliyinin
artırılmasını təmin etmək prioritet
olacaqdır. Bu məqsədlərə nail olmaq
üçün qarşıdakı illərdə
aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:
Təhsilin məzmununun
müasirləşdirilməsi, onun keyfiyyətinin
artırılması; yeni məktəblərin inşası, məktəblərin
texniki və kadr təminatının
yaxşılaşdırılması; təhsil müəssisələrinin
informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompyuter avadanlığı və digər zəruri rəqəmsal
avadanlıqla təminatının
yaxşılaşdırılması; şagirdlərin pulsuz dərsliklərlə
təmin edilməsi və məktəb kitabxanalarının fəaliyyətinin
təkmilləşdirilməsi; əhalinin bütün təbəqələri
üçün təhsil almaq imkanlarının bərabərləşdirilməsi;
xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq
imkanları məhdud) uşaqların təhsilinin
yaxşılaşdırılması; məktəbəqədər
təhsil sahəsində islahatların sürətləndirilməsi,
belə təhsil müəssisələri şəbəkəsinin
optimallaşdırılması, maddi-texniki bazasının
möhkəmləndirilməsi və ehtiyac duyulan şəhər,
kənd və qəsəbələrdə müasir səviyyədə
yeni məktəbəqədər müəssisələrin
yaradılması; peşə və ali təhsil sistemində
islahatların gücləndirilməsi, o cümlədən
kadr hazırlığının əmək bazarına
uyğunlaşdırılması, növbəti beş ildə
də davam etdiriləcəkdir.
Elm sahəsində ən
mühüm vəzifələrdən biri aparılan tədqiqatların
praktiki əhəmiyyətinin artırılması, elmi tədqiqat
və layihə institutları ilə təsərrüfat
subyektləri arasında əlaqələrin daha sıx
qurulmasının təmin edilməsindən ibarətdir. Qarşıdakı
illərdə elm sahəsində aşağıdakı istiqamətlərdə
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Bunun üçün elmi-texniki potensialın
qorunması və inkişaf etdirilməsi; ölkənin elmi
kadr potensialının artırılması və onun sosial
müdafiəsinin gücləndirilməsi; dövlətin
informasiya ehtiyatlarının artırılması və
innovasiya proseslərinin sürətləndirilməsi; elmi
müəssisələrdə və ali məktəblərdə
aparılan elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi
və istiqamətləndirilməsi üzrə işin daha da
gücləndirilməsi; əhalinin
sağlamlığının qorunmasında və ekoloji təhlükəsizliyin
təmin edilməsində elmi potensialdan səmərəli
istifadə edilməsi; xarici ölkələrdə təhsil
almaq və təcrübə keçmək yolu ilə yüksək
ixtisaslı kadrların hazırlanması təmin
olunmalıdır.
2009-2013-cü illərdə
səhiyyə sahəsində həyata keçiriləcək
tədbirlər əhalinin sağlamlığının
qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da
yüksəldilməsinə, Azərbaycan Respublikasında
müasir standartlara cavab verən səhiyyənin qurulmasına
təminat verməlidir. Səhiyyə sahəsində dövlət
siyasətinin başlıca məqsədi əhalinin
sağlamlığının
yaxşılaşdırılmasından, orta ömür
müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin
keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən
ibarətdir. Qarşıya qoyulan məqsədlərə nail
olmaq üçün səhiyyə sahəsində dövlət
siyasətinin əsas istiqamətləri
aşağıdakılardan ibarətir.
Dövlətin maliyyə
imkanları çərçivəsində pulsuz səhiyyə
xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin
artırılması; əhalinin sosial cəhətdən aztəminatlı
təbəqələrinə tibbi yardımın göstərilməsi
ilə bağlı tədbirlər sisteminin hazırlanması
və həyata keçirilməsi; analar və uşaqlar
arasında qidalanmanın və mikro- nutrientlərlə təminatın
yaxşılaşdırılması; tibbi-profilaktika tədbirlərinin
əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
səhiyyə sektorunun tələblərinə uyğun olaraq
tibbi kadr hazırlığının
planlaşdırılması və ailə həkimlərinin
hazırlanması; səhiyyə müəssisələrinin dərman
və avadanlıq təminatının
yaxşılaşdırılması məqsədilə tibb sənayesi
müəssisələrinin yaradılmasının və fəaliyyətinin
dövlət tərəfindən dəstəklənməsi;
rayonlarda yeni səhiyyə müəssisələrinin
inşası; bütün ölkə üzrə səhiyyə
sahəsində coğrafi məlumat sisteminin yaradılması.
Azərbaycan
Respublikasında əhalinin sağlam həyat tərzinin təmin
olunması məqsədilə hər bir vətəndaşın
bədən tərbiyəsi və idmanla məşğul
olması üçün aparılan işlər davam etdiriləcəkdir.
Əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin
hərtərəfli inkişafının təmin edilməsi məqsədilə
bədən tərbiyəsi və idman sahəsində dövlət
siyasəti əhalinin sağlamlığının
yaxşılaşdırılması, insanlarda yüksək mənəvi
keyfiyyətlərin tərbiyə olunması, vətənin
müdafiəsinə hazırlığın təmin edilməsi
üzrə tədbirlərin həyata keçirilməsindən
ibarət olacaqdır.
Bir sözlə, növbəti
beş il üçün ölkə
başçısının təsdiq etdiyi regionların
inkişafını nəzərdə tutan Dövlət
Proqramının həyata keçirilməsi
respublikamızı daha da zənginləşdirəcək, onu
daha baxımlı edəcək, Azərbaycana xarici turistlərin
axınını gücləndirəcək və bununla da əhalinin
güzəranını yüksək səviyyəyə
qaldıracaqdır.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2009.- 25
aprel.- S. 5.