Musiqili Komediya
Teatrı Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv seçilmişdir
Bir əsrlik yubileyinə
hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya
Teatrı bu günlərdə xoş bir müjdəni öz həmkarları,
respublika teatr ictimaiyyəti və sevimli
tamaşaçıları ilə
bölüşmüşdür.
Rusiyanın Akademik
Bolşoy Teatrının, Qalina Vişnevskayanın Opera
İfaçılığı Mərkəzinin, Moskvanın
Y.Kolobova adına Yeni Opera Teatrının, Sankt-Peterburqun
“Muzik-Xoll” Teatrının, K.S.Stanislavski və
V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili
Teatrının, Sankt-Peterburqun Musiqili Komediya Teatrının,
ümumiyyətlə Rusiyanın, Ukraynanın, Belarusun,
Qazaxıstanın dünya şöhrətli teatr kollektivlərinin
daxil olduğu Musiqili Teatrların Beynəlxalq
Assosiasiyasında bundan sonra Azərbaycan teatrının da
adı çəkiləcəkdir.
Aprelin 18-də Moskvada
keçirilən Assosiasiyanın ümumi
yığıncağında teatrın direktoru Əliqismət
Lalayevin kollektivin yaradıcılıq yolu haqqında məruzəsindən
sonra, yığıncaq iştirakçıları teatrın
tamaşalarından, gündəlik iş fəaliyyətindən
hazırlanan video görüntülərə baxmış, bu
video materiallar əsasında teatrın ümumi iş ahəngi
ilə tanış olmuşlar.Bundan sonra açıq səsvermə
keçirilmiş, teatr yekdilliklə Musiqili Teatrların Beynəlxalq
Assosiasiyasının üzvləri sırasına daxil
edilmişdir. Bu, Qafqazda və bütün Şərqdə ilk
və hələlik yeganə teatrdır ki, bundan sonra öz fəaliyyətini
musiqili teatrların bu nüfuzlu qurumunda davam etdirəcək,
dövlətlərarası mədəni əlaqələrin
inkişafına öz töhfəsini verəcəkdir.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 25 aprel.- S. 8.