İsmayıl
Osmanlını ilk dəfə “Mən ki, gözəl deyidim”
filmində poçtalyon Şərif rolunda
görmüşdüm. O vaxt bu filmə tamaşa edəndə
Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini
xatırlamışdım. İsmayıl Osmanlı
poçtalyonu elə incə cizgilərlə
tamaşaçıya təqdim etmişdi ki, adam onun sənətkarlığına
həqiqətən heyran qalırdı. “Mən ki, gözəl
deyildim” filmi əslində onun çəkildiyi ilk ekran əsəri
deyildi. İsmayıl Osmanlı teatr aktyoru idi və elə
ömrünün sonuna kimi də teatrda işləmişdi. Kino
isə onun yaradıcılığında az əhəmiyyətli
olmamışdır.
Bu böyük aktyorun Azərbaycan
teatr və kinosunun inkişafında xüsusi xidmətləri
olmuşdur. Onun qəhrəmanları çox vaxt zahirən
sadə insanlar olsalar da, əsərdə mürəkkəb
problemlərin həllinə xidmət göstərən
insanlardır. İsmayıl müəllim zəngin daxili
dünyası olan aktyor idi. O, hər bir roluna böyük məsuliyyətlə
yanaşar, qəhrəmanlarını tamaşaçılara
yüksək sənətkarlıqla çatdırardı.
Onun həyat yolu Azərbaycanın
dilbər guşələrindən olan Şəkidən
başlamışdı. 1902-ci ildə bu şəhərdə
dünyaya göz açmışdı. İsmayılın
atası keçəçilik sənəti sayəsində
ailəsini güclə dolandırsa da, övladlarının təhsilinə
xüsusi fikir verirdi. Xüsusən də, İsmayılın
maarifə, elmə maraq göstərdiyini görüb, onun təhsil
almasına xüsusi qayğı ilə yanaşıb. Beləliklə,
o, ilk təhsilini Şəkidəki “Vətən” məktəbində
alıb. Ancaq təhsilə böyük maraq göstərsə
də, məktəbi sona qədər başa vura bilməyib. 11
yaşında atasını itirən İsmayıl məktəbdən
uzaqlaşmalı olur. Gah əmisinin, gah da dayısının
himayəsində yaşayan İsmayıl məktəbə
yenidən 1914-cü ildə gedir. Belə ki, əmisi onu rus
şəhər məktəbinə düzəldir. Ancaq
İsmayılın həyatında ciddi dəyişikliyə səbəb
olan bu xoş hadisə uzun sürmür. Çünki şəhər
rus məktəbinin ciddi riayət olunan qaydasına görə,
bütün şagirdlər bahalı məktəb forması
geyirmişlər. Bu qaydanı pozan, məktəb formasında
dərsə gəlməyən uşaqlar isə məktəbə
buraxılmırmış. Məktəb forması almağa
pulu çatmayan İsmayıl məktəbi atmağa məcbur
olur. Dərzi şagirdi, ipək fabrikində, dabbaqxanada işləyən
İsmayılın həyatında növbəti dəyişiklik
əsrin ikinci onilliyinə təsadüf edir. Bu o dövr idi
ki, teatra olan maraq görünməmiş vüsətlə
artır, çoxlu sayda dram dərnəkləri fəaliyyət
göstərirdi. Belə dram dərnəklərinin biri də
Şəkidə açılmışdı. Bir çox
yaşıdları kimi, İsmayıl da bu dərnəyin məşqlərinə
baxmağı xoşlayırdı.
Tamaşaçı,
daha sonra həvəskar kimi üz tutduğu dram dərnəyi,
əslində, İsmayıl Osmanlının səhnə fəaliyyətinin
ilk və həlledici dövrü olub. Bunu isə, ilk növbədə,
onu əhatə edən mühit şərtləndirdi.
Şəki dram dərnəyində
püxtələşən İsmayıl kollektivlərinin Gəncəyə
qastrol səfəri zamanı yerli teatr ictimaiyyətinin diqqətini
cəlb edir. O, Gəncə dram dərnəyinə dəvət
alır. Gəncədə çalışdığı illər
ərzində Azərbaycan və xarici ölkə
dramaturgiyası ilə yaxından tanış olur, aktyorluq sənəti
barədə olan ədəbiyyatla maraqlanır. Bir müddətdən
sonra o, Gəncə dram dərnəyinə rəhbərlik
edir. Yeri gəlmişkən, tanınmış sənətkar
Adil İsgəndərov ilk səhnə fəaliyyətinə
İsmayıl Osmanlının rəhbərlik etdiyi dram dərnəyində
başlayıb. Məhz onun dərnəyə rəhbərlik
etdiyi dövrdə dərnək iclaslarının birində qərara
alınır ki, Adil İsgəndərov Bakıdakı teatr
texnikumunda təhsil almağa göndərilsin. Həyatının
bu dövrü barədə ən etibarlı mənbə, təbii
ki, aktyorun özünün qələmə aldığı
xatirələrdir. “Gəncədə işlərim pis getmirdi.
Burada artıq hiss edirdim ki, teatr mənim həyatımdır. Mənə
elə gəlirdi ki, teatr olmasa, həyatımın mənası
da itər”.
Teatrşünasların
fikrincə, onun professional səhnə fəaliyyəti məhz
bu dövrə təsadüf edir. Belə ki, adı teatr tarixinə
son dərəcə istedadlı teatr xadimi kimi düşən
Kirmanşahlının məşqləri dövrü bir
növ aktyorluq təlimini əvəz edirdi.
Məhz
Kirmanşahlının rejissorluğu ilə səhnəyə
qoyulan tamaşalarda İsmayıl Osmanlı özünün
teatr tarixinə adı düşəcək ilk
obrazlarını yaradıb. Bu rollar sırasında “Od gəlini”ndə
oynadığı Übeyd, “İki yetim”də Pyer, “Axmaq”da
Sadıq, “Hamlet”də Gildenstern və başqaları var. Ancaq
İsmayıl Osmanlının Tbilisidəki səhnə fəaliyyəti
uzun sürmür. Bir yandan böyük səhnə arzusu, digər
tərəfdən də məsləhətlərinə
böyük ehtiyac duyduğu, sənət müəllimi kimi
baxdığı Kirmanşahlının Bakıya getməsi
İsmayıl Osmanlının paytaxta gəlişini tezləşdirir.
1930-cu ildə İsmayılın arzusu gerçəkləşir.
O, dövrünün ən böyük sənətkarlarının
çalışdığı Azərbaycan Dövlət Dram
Teatrında işə düzəlir.
Aktyor İsmayıl Hidayətzadəyə
böyük simpatiyası var idi. Ümumiyyətlə,
böyük rəğbət bəslədiyi
adaşının səhnə fəaliyyətinin
Osmanlının yaradıcılığına böyük təsiri
olub.
Hidayətzadənin eyni
roluna belə dönə-dönə baxmaqdan yorulmayan
Osmanlı həmişə ondan öyrənməyə
çalışıb. Bu həqiqəti aktyorun özü belə
ifadə edib:
“Mənə sual versəydilər
ki, mən necə akytor olmaq istəyirəm, deyərdim Hidayətzadə
kimi”.
Yeri gəlmişkən,
adaşların, demək olar ki, eyni vaxtda oynadıqları bir
rol var: Şərif. Dövrünün ən qüdrətli sənətkarlarından
biri olan İsmayıl Hidayətzadənin oynadığı bu
rolu almasının maraqlı tarixçəsi var: “Almaz”
tamaşasında sözsüz bir epizodik rolda
çıxış edirdim. “Almaz” tamaşası gedən
axşam tezdən gəlib qrim edirdim ki, sonra Hidayətzadəyə
tamaşa edim. Hidayətzadə hər dəfə Şərifə
yeni bir oyun əlavə edirdi. O, həmişə canlı idi. Mənim
Şərif rolunu oynamaq həvəsim günü-gündən
artırdı. Bir dəfə Cəfər Cabbarlı məni
yanına çağırıb dedi ki, “Sən götür
Şərifi hazırla. Hidayətzadə
xəstədir, yorulur.
Bundan başqa, bu mənim çoxdankı
fikrimdir. Gərək sən də yaxşı oynayasan”. Mən böyük sevinclə Şərif rolunu hazırlamağa başladım. Bu işdə Cəfər Cabbarlının mənə
böyük köməyi
oldu. O, tez-tez məni otağına çağırır, bir
neçə saat mənimlə məşğul
olurdu. O, həyatda gördüyü Şəriflərdən
maraqlı söhbətlər
edər, sonra rolu mənə oxutdurub məsləhətlər
verərdi. Milli Dram Teatrı
səhnəsində bir-birindən maraqlı obrazlar yaradan İsmayıl Osmanlının
Heydərqulu (“Həyat”),
Surxay (“Toy”), Qasım (“Nişanlı qız”), Kərim Rəhimli (“Alov”), Şəkərlinski (“Kəndçi
qızı”), Şaliko
(“Vaqif”), Xəlil(“Əliqulu evlənir”), Məşədi Oruc (“Ölülər”) və s. obrazları teatr tarixində özünəməxsus
yer tutub.
İsmayıl Osmanlı
o aktyorlardan idi ki, onlar həm teatrda, həm kinoda, həm də
televiziyada böyük həvəslə
çalışırdı. Filmlərimizdə də bu
aktyorun yaratdığı onlarla maraqlı obraz yadigar
qalmışdır. Şahbazov (“İyirmialtılar”),
Tağıyev (“Ulduzlar sönmür”) filmlərindəki tarixi
şəxsiyyətlərin rollarını böyük
ustalıqla yaradan aktyor milyonerlərə xas olan xarakterik cizgilər
tapmaqla yanaşı, rollara ustalıqla milli kolorit verə
bilmişdir. Rza bəy (“O olmasın, bu olsun”) obrazı
İsmayıl Osmanlı yaradıcılığında
xüsusi yer tutur.
“Poçt qutusu”ndakı
Novruzəli isə bu böyük aktyorun yaratdığı
ekran qəhrəmanlarından daha çox yaddaqalanıdır.
O, qəhrəmanların bütün cizgilərini təbii
şəkildə verməyə çalışır və
buna nail olur. Xanla görüşü, ac ulağın belinə
boş un çuvalını atıb acqarına yola
düşdüyü, eyni zamanda poçt qutusu yanında
dayanıb xanın məktubuna qarovul çəkdiyi anlarda necə
də təbiidir. Bəzən elə hiss edirsən ki, bu aktyor
özünü oynayır. Çünki İsmayıl müəllim
xaraktercə çox səmimi insan idi. Elə rollarında da
bu, aydın hiss olunurdu. İsmayıl Osmanlının
yaradıcılığından söhbət düşəndə
onun “Yeddi oğul istərəm” filmindəki Kələntər
rolunu unutmaq olmaz. Bu, olduqca çətin və mürəkkəb
bir obrazdır. Onun xarakterindəki təzadlı məqamları
aktyor çox ustalıqla açır. Filmin əvvəlində
“Hamam, hamam içində” ifadəsini eşidəndə elə
hiss edirsən ki, o, xeyirxah bir insandır. Amma gülləni Cəlala
tuşlayanda bu insanın əsl xisləti üzə
çıxır. Kələntər hər cür
alçaqlığa qadir, nifrətə layiq insandır. “Əsil
dost”da Şirəli, “Sehirli xalat”da vəzir, “Yenilməz batalyon”da
dərzi, “Bakıda küləklər əsir”də Əlibaba
kimi rolları ilə İsmayıl Osmanlı kino sahəsində
də istedadlı aktyor olduğunu təsdiq etmişdi. Daha bir
kəndli rolunu o, “Dəli Kür” filmində
yaratmışdı. Bu kinolentdəki milli xarakterlərdən
biri – faytonçu Məmmədəli kişinin obrazını
o çox bacarıqla yaratmışdı. Bu kənd adamı
oğlu Osmanı oxumağa göndərməkdən çəkinmir.
Baş verən hadisələri o qədər qiymətləndirə
bilməsə də, maarifçiliyin əhəmiyyətini dərk
edir. İsmayıl Osmanlının kinoda yaratdığı ən
qiymətli obraz “Nəsimi” filmində böyük hürufi
şair Nəiminin obrazıdır. Bu tarixi şəxsiyyəti
yaratmaq o qədər asan olmasa da, aktyor onu məharətlə
oynamışdı. Nəimi aktyorun ifasında
dövrünün böyük şairi, mübariz, öz əqidəsinə
sadiq insandır. Tamaşaçı onun simasında Nəiminin
bütün əzablarını, iztirablarını
görür. İsmayıl Osmanlı mənalı
ömrünün 50 ildən çoxunu teatra, kino sənətinə
həsr etmişdi. Teatr rejissoru Tofiq Kazımov İsmayıl
Osmanlı haqqında 1974-cü ildə çap etdirdiyi
monoqrafiyasında onun səhnə fəaliyyətini geniş və
əhatəli şəkildə təhlil etmişdi. Dövlətimiz
onun əməyini yüksək qiymətləndirib. O, SSRİ
xalq artisti fəxri adına layiq görülmüş, həmçinin
“Qırmızı Əmək Bayrağı” və “Şərəf
nişanı” ordenləri və medallarla təltif olunmuşdu.
Bu böyük sənətkarın xatirəsi onun sənətini
sevənlər tərəfindən həmişə yad ediləcək,
çəkildiyi filmlər onu əbədi yaşadacaqdır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 25 aprel.- S. 8.