Prezident İlham
ƏLİYEV: Bizim əsas
uğurlarımızın səbəbi
iqtisadi, siyasi islahatlardır
Son illər həyata
keçirilən məqsədyönlü iqtisadi islahatlar Azərbaycan
Respublikasını dünyanın ən sabit və dinamik
inkişaf edən ölkəsinə çevirmişdir. Əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident
İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə
uyğun və dünya iqtisadiyyatına sürətli inteqrasiya
yolu ilə uğurla davam etdirilməsi nəticəsində
ölkəmizin iqtisadi qüdrəti ilbəil artmış, əhalinin
sosial vəziyyəti xeyli dərəcədə
yaxşılaşmışdır. Ölkənin
dayanıqlı iqtisadi inkişafının təmin
olunması geniş quruculuq işlərinin aparılmasına,
bir sıra investisiya layihələrinin uğurla başa
çatdırılmasına imkan yaratmışdır.
Azərbaycanın
sosial-iqtisadi inkişafının 2003-2008-ci illəri əhatə
edən dövrü, həm də ölkənin regional,
tarazlı inkişaf mərhələsi kimi xarakterizə
olunur. Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, son beş ildə Azərbaycan iqtisadiyyatı çox
sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə
2003-2008-ci illərdə iqtisadi cəhətdən ən
sürətli inkişaf etmiş ölkə kimi daxil
olacaqdır. Doğrudan da, ölkəmizin son beş ildəki
iqtisadi mənzərəsinə nəzər saldıqda heyrətamiz
nəticələrin şahidi oluruq. Təkcə onu demək
kifayətdir ki, ötən illərdə Azərbaycanın
iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə,
büdcə xərcləri isə 10- dəfədən
çox artmışdır.
Ötən il Azərbaycanın
icmal dövlət büdcəsi 16 milyard dollara
çatmışdır ki, bu da ölkədə çox
böyük sosial proqramların reallaşdırılmasına
imkan yaratmışdır. Ölkənin sosial-iqtisadi
inkişafının indikatoru sayılan ümumi daxili məhsulun
adambaşına düşən nominal həcmi ötən il
5800 dollar təşkil etmişdir ki, bu da bir sıra dövlətlərlə
müqayisədə yüksək göstərici
sayılır.
Ümummilli lider Heydər
Əliyevin müəllifi olduğu yeni neft
strategiyasının uğurla reallaşdırılması nəticəsində
Azərbaycanın ümumi valyuta ehtiyatı 20 milyard dollara
çatmışdır. Uğurlu iqtisadi islahatlar və
ümummilli mənafeyə yönəldilmiş məqsədyönlü
proqramların qətiyyətlə icra edilməsi sosial sahədə
müsbət irəliləyişlərə səbəb
olmuş, ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən
13,2 faizə enmişdir. Bütövlükdə isə ötən
hər bir il ölkə əhalisinin həyat səviyyəsinin
yaxşılaşması ilə müşayiət
olunmuşdur. Bunu əhalinin rifahını səciyyələndirən
əsas göstəricilər də sübut edir. Belə ki,
2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin
gəlirləri 4 dəfə artmış, bu dövrdə
muzdla işləyənlərin orta əmək-haqqı 3,5 dəfə
çoxalaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş
və 268 manata çatmışdır. Ötən ilin
sentyabr ayından minimum əmək-haqqının və
pensiyanın minimum məbləğinin həddi 75 manata
çatdırılmışdır. Aprelin 22-də Nazirlər
Kabinetinin cari ilin birinci rübünün yekunlrı ilə
bağlı keçirilən iclasda Prezident İlham Əliyev
ötən dövrdə əldə olunmuş uğurları
yüksək qiymətləndirərək demişdir: “... Ölkəmiz
son beş il ərzində böyük yol keçə,
böyük uğurlar əldə edə bilmişdir... Bir
sözlə, son beş ildə Azərbaycan çox
böyük addım atmışdır və bu möhkəm
zəmin əsasında biz gələcəyə ümidlə
baxırıq... Bu gün Azərbaycan o ölkədir ki, bizim
sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar,
bölgədə sabitləşdirici rol oynayır və bu rol
getdikcə artmaqdadır”.
Uğurlu neft
strategiyası Azərbaycanın enerji təhlükəsizliyinin
təmin olunmasına gətirib çıxarmışdır.
İndi Azərbaycan Respublikası enerji təhlükəsizliyinin
tam təmin olunduğu dövlətlər sırasında
öz mövqeyini getdikcə gücləndirir. Hətta ölkəmiz
bir neçə ildir ki, bir sıra Avropa dövlətlərinin
də enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynayır. Buna isə Azərbaycanın zəngin
karbohidrogen ehtiyatları və onu dünya bazarına çıxarmaq
üçün yaradılan alternativ ixrac marşrutları
imkan vermişdir. İndi Azərbaycan neftini dünya
bazarına çıxaran Bakı-Novorossiysk, Bakı-Supsa və
Bakı-Tbilisi-Ceyhan marşrutları, eləcə də
“Şahdəniz” qazını Gürcüstan vasitəsilə
Türkiyə və Yunanıstana ixrac edən Bakı-Tbilisi Ərzurum
kəməri uğurla fəaliyyət göstərir.
Ötən beş ilin
iqtisadi strategiyasının əsas hədəflərindən
biri, bəlkə də ən başlıcası ölkədə
qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın neft
amilindən asılılığının azaldılması
ilə bağlı olmuşdur. Dövlət
başçısı İlham Əliyevin
düşünülmüş iqtisadi siyasəti, qəbul
olunmuş mühüm dövlət proqramları həmin hədəfə
yetişməyə və bu sahədə böyük
uğurlar əldə etməyə imkan yaratmışdır. Təkcə
onu demək kifayətdir ki, 2003-2008-ci illərdə Azərbaycanda
qeyri-neft sektoru 1,8 dəfə artmışdır. Bu da, əsasən,
qeyri-neft sektoruna qoyulan investisiyaların həcminin ilbəil
artması ilə bağlı olmuşdur. Son beş ildə
ölkənin qeyri-neft sektoruna yönəldilən
investisiyaların həcmi 6,2 dəfə artmış və
ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi
2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə
çatmışdır.
Azərbaycanda qeyri-neft
sektorunun inkişafını sürətləndirən əsas
amillərdən biri də dövlət
başçısının təsdiq etdiyi birinci regional
inkişaf proqramının uğurla
reallaşdırılması olmuşdur.
2004-2008-ci illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası nəticəsində ölkənin
dayanıqlı, tarazlı tərəqqisi təmin olunmuş,
bölgələrdə yüz minlərlə yeni iş yerləri
açılmış, minlərlə yeni müəssisə
yaradılmışdır. Regionların iqtisadiyyatının əsasını
təşkil edən kənd təsərrüfatının
dirçəldilməsi ilə bağlı proqramda nəzərdə
tutulmuş tədbirlərin uğurla
reallaşdırılması ölkəmizin ərzaq təhlükəsizliyinin
təminatına da mühüm töhfələr vermişdir.
Ötən beş il ölkəmiz üçün
infrastruktur layihələrinin
reallaşdırıldığı son dərəcə
mühüm mərhələ kimi əlamətdar olmuşdur. Təsadüfi
deyil ki, 2003-2008-ci illərdə Azərbaycanda istər neft, istərsə
də qeyri-neft sektorunda nəhəng infrastruktur layihələri
həyata keçirilmiş, ölkənin avtomobil yolları
dünya standartları səviyyəsində təmir
edilmiş, yeni yollar çəkilmiş, Naxçıvan, Gəncə,
Zaqatala və Lənkəranda beynəlxalq aeroportlar istifadəyə
verilmiş, Bakıda çoxsaylı körpü,
yolötürücüsü, yeraltı keçid inşa
olunmuşdur. Bundan əlavə, ölkə əhalisinin və
iqtisadiyyatın elektrik enerjisi, qaz və içməli su ilə
təminatının yaxşılaşdırılması
üçün lazımi infrastrukturlar
yaradılmışdır.
Göründüyü
kimi, ötən dövrdə bütün sahələrdə
qazanılan uğurlar növbəti illər üçün,
gələcək üçün möhkəm əsas, zəngin
təcrübə yaratmışdır. Bu baxımdan 2009-cu ildə
də yüksək nailiyyətlərin, sosial-iqtisadi sahədə
uğurların qazanılması şübhə doğurmur. Elə
Nazirlər Kabinetinin məlum iclasında Prezident İlham Əliyevin
“2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni
inkişaf dövrünün başlanması ilidir” kimi nikbin bəyanatı
sabaha ümidlə, inamla baxmağa əsas verir. Hər
şeydən əvvəl qeyd etmək lazımdır ki, ötən
ilin ortalarından etibarən bütün dünyanı
bürümüş maliyyə böhranına, çətinliklərə
baxmayaraq, cari ilin birinci rübü ölkəmiz
üçün uğurlu olmuşdur. Belə ki, 2009-cu ilin ilk
üç ayında Azərbaycanda ümumi daxili məhsul 4,1
faiz artmış, qeyri-neft sektorunda inkişaf isə 13,7 faiz
olmuşdur. Həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində ölkədə kənd
təsərrüfatı məhsullarının istehsalı 4,3
faiz, ümumi yükdaşımaların həcmi 1,1 faiz,
qeyri-neft yük daşımalarının həcmi 5 faiz, pərakəndə
əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən
pullu xidmətlərin həcmi isə 20,5 faiz
artmışdır.
Cari ilin ilk iki ayında
Azərbaycanın xarici ticarət dövriyyəsi əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz
artaraq 2 milyard 418 milyon dollar təşkil etmiş, ölkənin
idxal-ixrac əməliyyatlarında 566 milyon dollarlıq müsbət
saldo yaranmışdır ki, bu da valyuta ehtiyatlarının artmasına
və manatın sabitliyinin təmin edilməsinə gətirib
çıxarmışdır. İlin birinci rübündə
ölkə üzrə əsas kapitala yönəldilmiş
investisiyalar 15,2 faiz, o cümlədən neft sektoru üzrə
72,3 faiz artmışdır. Hesabat dövründə Azərbaycanın
dövlət büdcəsinin gəlirləri 2 milyard 522 milyon
manat, xərcləri isə 2 milyard 345 milyon manat təşkil
etmişdir. Bu da ötən ilin eyni dövrü ilə
müqayisədə müvafiq olaraq 537,6 milyon manat (27,1 faiz) və
972 milyon manat (70,8 faiz) çoxdur. 2009-cu ilin ilk üç
ayında dövlət büdcəsindən investisiya layihələrinin
maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin
həcmi daha da artaraq 1 milyard 79 milyon manat təşkil
etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən
1,9 dəfə artıqdır. Dövlət
başçısı İlham Əliyev hökumətin məlum
iclasında cari ilin ilk rübünün sosial-iqtisadi mənəzərəsinə
toxunarkən demişdir: “Azərbaycan iqtisadi inkişaf
baxımından istənilən məsələni həll edə
bilər. Bizim əsas uğurlarımızın səbəbləri
neft-qaz deyil, bizim əsas uğurlarımızın səbəbləri
güclü iqtisadi siyasətdir, iqtisadi və siyasi
islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən
də görünür və qəbul edilir. Əgər belə
olmasaydı, dünyanın ən böyük maliyyə qurumu
olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir
nömrəli islahatçı ölkə kimi
tanımazdı”.
Azərbaycanda hökm
sürən siyasi sabitlik, əlverişli biznes mühiti,
iqtisadiyyatımızın investisiyalar üçün cəlbedici
olması xarici sərmayədarların ölkəmizə
marağını getdikcə artırır. Məhz buna
görədir ki, xarici investorların, beynəlxalq maliyyə
qurumlarının və Azərbaycanın İnvestisiya
Şirkətinin birgə iştirakı ilə nəhəng,
region üçün son dərəcə əhəmiyyətli
sənaye müəssisələrinin yaradılması prosesi,
qlobal maliyyə böhranına baxmayaraq, hazırda da davam edir.
Elə 70 faizi xarici mənbələrdən cəlb edilmiş
vəsaitlər hesabına həyata keçirilən və
ümumi dəyəri 350 milyon avroya yaxın olan
“Qaradağ-Sement” Açıq Səhmdar Cəmiyyətinin
müasir texnologiyalar əsasında yenidən qurulması layihəsinə
başlaması da bunun bariz nümunəsidir. Xatırladaq ki,
sözügedən layihənin reallaşdırılmasına
30-dək yerli şirkətin cəlb edilməsi və bu zaman təqribən
1100 yeni iş yerinin açılması nəzərdə
tutulur. Bununla yanaşı, hazırda ölkənin
ayrı-ayrı regionlarında sənaye, tikinti, məişət,
yeyinti və kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı sahəsində 60-a yaxın müəssisənin
tikintisi aparılır ki, həmin obyektlərdə də 15
mindən çox yeni iş yerinin açılacağı
proqnozlaşdırılır. Dövlət büdcəsinin
investisiya yönümlülüyü ilin ilk rübündə
istehsal və emal sahələri üzrə 99,5 faizi regionlarda
olmaqla 200 sahibkarlıq subyektinin investisiya layihələrinin
maliyyələşdirilməsinə 9,7 milyon manat vəsait
verilməsinə imkan yaratmışdır.
2009-cu il uğurlar ili
olmaqla bərabər, qarşıya çıxan problemlərin,
xüsusən də qlobal maliyyə böhranının təsirlərini
azaltmaq sahəsində də böyük səylər tələb
edəcək. Artıq ölkəmizdə bu istiqamətdə
mühüm işlər görülür, konkret tədbirlər
həyata keçirilir. Prezident İlham Əliyev hökumətin
iclasında bildirmişdir ki, dünya iqtisadiyyatının bir
parçası olan, dünya iqtisadiyyatına sürətlə
inteqrasiya edən Azərbaycan hazırki proseslərdən yan
keçə bilməz. Buna baxmayaraq, zaman göstərib və
sübut edibdir ki, biz böhranlı durumda da normal yaşaya və
inkişaf edə bilərik. Çünki Azərbaycanda
dayanıqlı inkişaf üçün möhkəm əsas,
güclü baza var.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 26 aprel.- S. 1.