Ekoloji tarazlığın
qorunması günün aktual problemidir
Azərbaycanda təbiətin
mühafizəsi, ətraf mühitin qorunması istiqamətində
məqsədyönlü iş aparılır. Bu sahədə
dövlət siyasətini həyata keçirən Ekologiya və
Təbii Sərvətlər Nazirliyi son illər ciddi tədbirlər
həyata keçirmişdir. Lakin buna baxmayaraq, atmosferin təmizlənməsində
əhəmiyyətli rol oynayan meşələrin məhv edilməsi,
ayrı-ayrı yerlərdə ağacların kəsilməsi
hələ də problem məsələ kimi qarşıda
durur. Məhz buna görə də Nazirlər Kabinetinin 2009-cu
ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında möhtərəm
Prezidentimiz bu məsələyə kəskin münasibətini
bildirmişdir.
Dövlət
başçısı yerli icra orqanlarına, iş
adamlarına və öz vəzifəsindən istifadə edən
şəxslərə sonuncu dəfə xəbərdarlıq
etdi. Cənab Prezident bildirdi ki, Bakı və paytaxt ətrafında
ən azı 3 milyon ağac əkilməlidir. “Nazirlər
Kabinetinə, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə
tapşırıq verirəm ki, təkliflər planı
hazırlayıb, o ekoloji xəritəni təsdiq etmək
lazımdır. Bütün bu konkret proqramın icrası
üçün tədbirlər planı
hazırlanmalıdır... Mənə verilən məlumata
görə, bəzi hallarda Bakıda hansısa obyektin tikintisi
üçün ağaclar məhv edilir, kəsilir, yerlər
alınır, hasarlanır və ondan sonra hasarın dalında
bütün ağaclar məhv edilir. Ondan sonra orada binalar, fərdi
yaşayış evləri, yaxud da hündürmərtəbəli
binalar tikilir”.
Dövlət
başçısı yerli icra orqanlarına, iş
adamlarına və öz vəzifəsindən istifadə edən
şəxslərə sonuncu dəfə xəbərdarlıq
edərək dedi: “Bu gün də həm yerli icra
orqanlarına, həm də vəzifədən istifadə edən
şəxslərə sonuncu dəfə xəbərdarlıq
edirəm ki, bunu yığışdırsınlar. Mən
Bakıda və Azərbaycanda ağacların kəsilməsinə
qadağa qoyuram”.
Prezident ağacların
yalnız infrastruktur layihələri icra olunanda və yol
genişlənən zaman kəsilə biləcəyini qeyd
edib. Amma dövlət başçısı bu problemin
xüsusi olaraq alınmış ağacların
çıxarılaraq başqa əraziyə
köçürülməsini həyata keçirəcək
maşınlardan istifadə hesabına həll ediləcəyini
bildirib.
Hələ bir müddət
əvvəl ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov bildirmişdi ki, hər il Azərbaycanda
qanunsuz olaraq 45 min kubmetrədək ağac qırılır. Doğrudan
da, son vaxtlar ağacların kəsilməsi halları ilə
tez-tez rastlaşırıq. Min bir əziyyətlə
Bakıda yetişdirilmiş zeytun bağlarının
qırılıb yerində mənzil və yaxud hansısa bir
obyektin tikilməsi yolverilməzdir. Heç təsadüfi deyil ki, bu il
aprelin 4-də möhtərəm Prezidentimiz Bakı şəhərinin
yaşıllaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında sərəncam
imzalamışdır.
Ulu öndər Heydər Əliyev
də bu məsələyə konkret münasibətini
bildirmiş və demişdi ki, bir ağacın kəsildiyini
görəndə elə bilirəm mənim qolumu kəsirlər.
O vaxt ümummilli lider Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəhbərliyinə bu məsələ ilə
bağlı xüsusi tapşırıqlar vermişdi. Sonradan
cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda
yaşıllıqların, meşə təsərrüfatının
genişləndirilməsi istiqamətində ciddi tədbirlər
həyata keçirilmişdir. Bu gün dövlət rəhbərimiz
cənab İlham Əliyevin imzaladığı Dövlət
Proqramına uyğun olaraq ölkədə meşəbərpa
və meşəsalma sahəsində uğurlu nailiyyətlər
əldə olunmuşdur. Bir neçə faktı diqqətə
çatdıraq. Artıq 10740 hektar sahədə meşəbərpa
və meşə əkini tədbirləri həyata
keçirilmişdir.
Təkcə ötən il ərzində
30,5 milyon ədəd müxtəlif çeşiddə əkin
materialı yetişdirilmişdir. 63,2 hektar ərazidə toxum
səpilmiş, 5 tondan artıq ağac və kol cinslərinin
toxumları tədarük olunmuşdur. Meşələrin
qorunub mühafizə olunmasının gücləndirilməsi
məqsədilə, “Meşələrin özbaşına
qırıntılardan və digər meşə
pozulmalarından qorunması vəziyyətinə operativ nəzarətin
təşkil edilməsi haqqında” təlimat işlənib
hazırlanmış və təsdiq olunmuş, eyni zamanda “Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi sistemində meşələrdə qırıntı
nəzarət və seçmə damğalarının verilməsi
və istifadəsi Qaydaları” təsdiq edilərək bu sahədə
əvvəllər istifadə olunan damğalar tam dəyişdirilmişdir.Onu
da qeyd edək ki, meşələrin qorunub mühafizə
olunması sahəsində aparılmış məqsədyönlü
tədbirlər nəticəsində respublikaya ağac və
ağac məhsullarının idxalı artmışdır.
Belə ki, 2003-cü ildə respublikamızın meşələrində
qanunsuz qırıntıların həcmi 49 min kubmetr
olmuşdursa, 2007-ci ilin yekununa görə bu rəqəm 36
faiz azalaraq 31,4 min kubmetr olmuşdur. 2008-ci ildə də bu
istiqamətdə məqsədyönlü iş
aparılmışdır.
Milli Proqramın tələbinə
uyğun ən çətin bitmə şəraiti olan,
sürətli səhralaşmaya məruz qalan Qobustan rayonunda Cəngi
Meşəsalma Müəssisəsi
yaradılmışdır. Buranın müxtəlif geoloji
proseslərə məruz qalması, bitki
örtüyünün zəifliyi, sel və külək
eroziyaları nəticəsində torpağın humus
qatının parçalanması, ağır gil
qatının formalaşması bu ərazinin gələcəyini
təhlükə qarşısında qoyduğundan, ilk olaraq Cəngidə
meşəsalma işlərinə başlandı. Susuzluq bu
yerlərdə torpağın köksünü
parçalamış, ərazini boz səhraya
çevirmişdir. Sınaq məqsədilə 85 hektar sahədə
quraqlığa davamlı ağac və kol cinslərindən
istifadə edilməklə meşə əkininə
başlanmışdır. Cəngi Meşəsalma Müəssisəsi
yarandığı gündən hazırki vaxta kimi Cəngi kəndindən
Bakı-Şamaxı şose yolunun sağ və sol kənarı
boyu Qobustan rayonunun Ceyrankeçməz ərazisi istiqamətində
272 hektar sahədə meşə əkini
salınmışdır. Qeyd olunan ərazidə gələcəkdə
2 min hektar meşə zolaqları salınması nəzərdə
tutulmuşdur.
Həmçinin,
respublikanın arid zonalarından sayılan Qaradağ inzibati ərazisində
2002-ci ildə Qaradağ Meşəsalma Müəssisəsi
yaradılmışdır. Bu ərazidə meşəbitmə
şəraitinin ağır və su
qıtlığının olmasına baxmayaraq 187 hektar sahədə
meşə əkini işləri aparılmışdır. Dənizkənarı
qumluqların bərkidilməsi və Bakı-Rostov magistral
şose yolunun kənarlarının
yaşıllaşdırılması məqsədilə
Xızı inzibati rayonu ərazisində Giləzi Regional Meşəsalma
Müəssisəsi yaradılmışdır. Müəssisə
yarandığı vaxtdan 333 hektar meşə əkini işləri
aparmışdır. Bununla yanaşı, Asiya İnkişaf
Bankının maliyyə dəstəyi ilə respublikada həyata
keçirilən “Selə qarşı tədbirlər layihəsi”
çərçivəsində Şəki rayonunun Kiş
çayı hövzəsində 550 hektar sahədə meşəsalma
və meşəbərpa tədbirləri həyata
keçirilir.Hövzə ərazisinin 250 hektar sahəsində
yeni meşəliklərin salınması, 300 hektar sahədə
isə təbii bərpaya kömək tədbirlərinin
aparılması nəzərdə tutulmuşdur.
Regionda təbii halda bitən
əsas meşə əmələ gətirən ağac cinslərindən
əkin materiallarının yetişdirilməsi
üçün 2 hektar sahədə tinglik
salınmışdır. Bundan əlavə polietilen torbalarda əsasən
palıd cinsindən ibarət 70 min ədəd
örtülü kök sistemli əkin materialları
yetişdirilmişdir. Ərazidə təsərrüfat fəaliyyəti
məhdudlaşdırılmış, qanunsuz
qırıntı və özbaşına mal-qara
otarılması tam dayandırılmışdır.
Bütün bunlardan başqa respublikanın arid zonalarında
külək və su eroziyası olan dağlıq və
dağətəyi bölgələrdə, Xəzər sahili
qumluqlarda qoruyucu meşə massivlərinin yaradılması
üçün tələb olunan müxtəlif
çeşidli ağac və kol cinslərindən ibarət əkin
materialı yetişdirmək məqsədilə Abşeron,
Quba və Kür (Hacıqabul rayonunda) regional meşə
tingliyi müəssisələri yaradılmışdır.
Adı çəkilən tingçilik müəssisələrində
yarandıqları vaxtdan indiyə kimi 21 milyon. ədəddən
çox müxtəlif ağac və kol cinslərindən ibarət
əkin materialları yetişdirilib. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yarandığı vaxtdan hazırki dövrədək
60674 hektar ərazidə meşəbərpa işləri
aparmışdır ki, bunlardan da 24132 hektarı yeni meşələrin
salınmasıdır. Eyni zamanda, bu dövrlərdə 200
milyon. ədəd müxtəlif çeşidlərdə əkin
materialları yetişdirilmiş və 1155 ton meşə cinslərindən
ibarət toxum tədarük olunmuşdur. Respublikamızda səhralaşmaya
qarşı mübarizə aparmaq, ekoloji tarazlığın bərpa
edilməsi üçün mümkün olan bütün vəsaitlərdən
istifadə etmək, o cümlədən əhalinin mənalı
istirahətini təşkil etmək görülən işlərin
əsas məqsədidir. Ölkənin bütün sahələrinin
gələcək inkişafının real perspektivləri cənab
Prezident İlham Əliyevin rəhbərliyi altında
respublikanın meşə təsərrüfatının
inkişafının daha böyük nailiyyətlər əldə
ediləcəyinə ümid verir. Təbiət də, onun nemətləri
də insanı yaşatmağa qadirdir. Bir şərtlə ki,
onu sevməyi və sevdirməyi bacarasan. Təbiətin qiymətli
sərvətlərindən biri də meşədir. Meşələr
hər bir ölkədə iqtisadiyyatın inkişaf etdirilməsində,
ətraf mühitin yaxşılaşdırılmasında,
xalqın rifahının yüksəldilməsində
mühüm rol oynayan təbii ehtiyatlar kompleksidir. Meşələr
iqlimə, atmosferə, çayların və digər su obyektlərinin
hidroloji rejiminə əlverişli təsir göstərir,
torpağı külək və su eroziyasından qoruyur.
Meşələrdən sağlamlıq məqsədilə əhalinin
mədəni və estetik tələblərinin ödənilməsi
üçün də istifadə edilir...
Əfsuslar olsun ki, bu gün
də təbiətin neməti olan meşələrin
qırılması, hallarına rast gəlmək olar.
Xatırladaq ki, Azərbaycan Cinayət Məcəlləsinin
259-cu maddəsi qanunsuz ağac kəsilməsi ilə
bağlıdır. Məcəlləyə görə,
ağac və kolların qanunsuz kəsilməsində təqsirkar
olanlar 1000-2000 manat məbləğində cərimələnə,
ya da 2 il müddətinə azadlıqdan mərhum edilə bilər.
Hər bir ağacın
qorunması, yeni ağacların salınması, ilk növbədə,
bizim vətəndaşlıq borcumuzdur.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 26 aprel.- S. 2.