Regionların mövcud potensialından istifadə etməklə ölkə iqtisadiyyatı daha da möhkəmləndiriləcək

 

Regionların sosial-iqtisadi inkişafı artıq yeni mərhələyə qədəm qoyur. Dövlət başçısı cənab İlham Əliyev 14 aprel 2009-cu il tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq etməklə növbəti beş ildə iqtisadiyyatın daha da möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələri müəyyənləşdirdi. Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılması və bu istiqamətdə digər mühüm tədbirlərin həyata keçirilməsi qarşıda duran başlıca vəzifələrdir.

Ölkəmizin hərtərəfli inkişaf etdirilməsi, regionların mövcud potensialından səmərəli istifadə olunmaqla sürətli inkişaf yolunda olan iqtisadiyyatın daha da möhkəmləndirilməsində növbəti Dövlət Proqramı böyük əhəmiyyət kəsb edir. Bu vacib sənədin əsas məqsəd və vəzifələrindən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli dövlətə çevrilməsinə nail olmaqdır. Ölkədə formalaşmış əlverişli mühit göstərir ki, növbəti Dövlət Proqramının da uğurla reallaşacağına, qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetiriləcəyinə heç bir şübhə ola bilməz.

Dünya qlobal maliyyə və iqtisadi böhranı getdikcə özünü daha qabarıq şəkildə büruzə verir. İnkişaf etmiş bir sıra dövlətlərin iri şirkətləri artıq öz fəaliyyətlərini dayandırmış, bəziləri öz işçilərini kütləvi şəkildə ixtisar edir, digərləri isə əmək haqqı verməkdə çətinlik çəkirlər. Hazırda dünyanın tanınmış iqtisadçıları vəziyyətdən çıxış yolu tapmaq üçün araşdırmalar aparır, maliyyə və iqtisadi böhranın qarşısının alınması üçün müxtəlif proqramlar hazırlayırlar.

Azərbaycan iqtisadiyyatında hər hansı bir gerilik, tənəzzül hiss olunmur. Son vaxtlar zəruri ərzaq məhsulları ucuzlaşmış, bolluq yaranmış, ümumilikdə bütün məhsulların qiymətlərinin aşağı düşməsi müşahidə olunmuşdur. Bu ondan irəli gəlir ki, Azərbaycan iqtisadiyyatı möhkəm təməllər üzərində qurulmuş, ümumi daxili məhsul istehsalı artmış, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən istehsal müəssisələri hər hansı bir problemlə qarşılaşmamışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, məntiqli daxili və xarici siyasəti sayəsində Azərbaycan iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoymuş, ölkədə çoxlu sayda istehsal müəssisələri yaradılmış, əvvəlki illərdə fəaliyyət göstərən müəssisələr isə yenidən bərpa edilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bunun da nəticəsində, ötən beş il ərzində 750 minə yaxın yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür.

Azərbaycan sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əhalinin məşğulluğunun artırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur. Regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə iqtisadiyyatı inkişaf etdirmək, bu yolla əhalinin məşğulluğunu artırmaq dövlətin qarşısına qoyduğu prioritet vəzifələrdən biri idi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla iqtisadi inkişafda və əhalinin həyat səviyyəsinin yüksəldilməsində, güzəranının yaxşılaşdırılmasında da mühüm rol oynadı. Bu barədə ətraflı söhbət açmadan təkcə onu qeyd etmək istərdim ki, Dövlət Proqramının uğurlu icrası qarşıya qoyulan bütün vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi büdcənin 10 dəfədən çox artırılmasına rəvac vermiş, əhalinin sosial-rifah halı daha da yaxşılaşmış, əmək haqları, sosial müavinətlər, pensiyalar, təqaüdlər 5-6 dəfə artırılmış, imkansız ailələrə ünvanlı sosial yardımı verilmiş, öz yurd-yuvalarından didərgin salınmış məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərcikləri tamamilə ləğv olunaraq hər cür şəraiti olan yeni qəsəbələrlə əvəzlənmiş, rahat, səliqəli evlər tikilib istifadəyə verilmişdir.

Mən Sabirabad rayonundan Milli Məclisə deputat seçilmişəm. Hər dəfə seçicilərimlə görüşlər keçirən zaman onlar yaşayış şəraitlərinin getdikcə yaxşılaşdığından, pensiyaların, əmək haqlarının tez-tez artırılmasından, rayonda açılan yeni iş yerlərinin ən müasir avadanlıqlarla təmin olunmasından razılıq edirlər. Seçicilər deyirlər ki, bir vaxtlar iş axtarmaq üçün Rusiyanın müxtəlif bölgələrinə getmiş gənclər artıq geri qayıdır və öz rayonumuzda fəaliyyət göstərən yeni istehsal müəssisələrində işləyirlər. Onlar sevinclə bildirirlər ki, bu müəssisələr Rusiyada olan müəssisələrdən həm səliqəli, həm də müasirdir. Burada istehsal olunan məhsullar da yaxşıdır. Əmək haqqına gəlincə isə digər şəhərlərdəkindən qat-qat çoxdur.

Dövlət Proqramı Sabirabad rayonunda da bir sıra obyektlərin tikintisi, fəalliyyətini dayandırmış zavod və fabriklərin yenidən qurulması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması vəzifəsini qarşıya qoymuşdur. Dövlət Proqramında nəzərdə tutulmuş pambıqçılığın və taxılçılığın, heyvandarlıq və quşçuluq məhsullarının emalı və inkişaf etdirilməsi, konservləşdirilmiş meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalına kömək göstərilməsi, beton və plastmas məmulatlar istehsalının artırılması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının inşası, müasir tələblərə cavab verən idman kompleksinin tikintisi, həmçinin yeni məktəb binalarının inşası, əsaslı təmir işlərinin aparılması və digər zəruri məsələlərin həyata keçirilməsi kimi mühüm vəzifələr qarşıya qoymuşdur. Rayon rəhbərliyinin gərgin səyi və təşkilatçılığı sayəsində Sabirabadda əsaslı yenidənqurma, abadlıq işləri aparılmış, Dövlət Proqramının qarşıya qoyduğu vəzifələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2008-ci ilin sonunda Sabirabad rayonuna gəlişi ilə əlaqədar rayonda bir sıra yeni müəssisələr açılmışdır. Mən rayonun Qalaqayın kəndində açılmış “Qafqaz MT3" MMC-nin lift istehsal edən zavodunu xüsusi olaraq qeyd etmək istərdim.Bu zavod MDB ölkələri arasında nadir zavodlardan hesab olunur. Zavodda yükqaldırma gücü 400 kiloqramdan 5 tonadək olan sərnişin və yük liftləri istehsal olunması nəzərdə tutulur. Bulaqlı kəndində ”Aqrolizinqservis" müəssisəsinin yaradılması kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerlərə böyük köməkdir. Rayonun bir sıra kəndlərində yeni məktəb binaları tikilmiş, bəzilərində isə əsaslı təmir işləri aparılmışdı. Belə faktlardan istənilən qədər göstərmək olar. Bu abadlıq, tikinti və yenidənqurma işləri təkcə bir rayonda yox, respublikanın bütün rayonlarında həyata keçirilmişdir. İndi elə bir rayon yoxdur ki, orada əlillər və şəhid ailələri üçün yaşayış binaları tikilib istifadəyə verilməmiş olsun. Dövlət Proqramının qarşıya qoyduğu vəzifələr regionları tanınmaz dərəcədə dəyişib.

Gənc nəslin savadlı yetişməsi istiqamətində görülən işləri xüsusi qeyd etmək istərdim. Dövlət Proqramının qəbulundan ötən beş il ərzində 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Regionlarda isə 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilmişdir.

Mədəniyyət, səhiyyə və digər sahələrdə də xeyli iş görülmüşdür. Ölkəmizin təşəbbüsü ilə irəli sürülən nəhəng transmilli enerji, nəqliyyat layihələri və böyük geosiyasi əhəmiyyətə malik təşəbbüslər uğurla icra olunub. Mən dünyanın diqqətini cəlb etmiş, hazırda Azərbaycanın təbii sərvətlərini Avropaya, oradan da dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini xüsusi olaraq diqqətə çatdırmaq istərdim. Bakı-Tbilisi-Qars dəmir yolunun inşası daha bir iri infrastruktur layihəsinin həyata vəsiqə almasına bariz nümunədir. Qeyri-neft sektorunun inkişafı da diqqət çəkən məqamlardandır. Dünyanı maliyyə və iqtisadi böhran bürüsə də, 2009-cu ilin birinci rübündə ölkəmizdə qeyri-neft sektorunda 14 faiz artım qeydə alınıb. Ümumilikdə, qeyd etmək istərdim ki, Dövlət Proqramının qəbulundan ötən beş il ərzində ölkəmizin iqtisadi inkişafı heç bir başqa ölkədə olmamışdır. Son beş ildə iqtisadiyyat 2,5 dəfə, dövlət büdcəsi isə 10 dəfədən çox artıb.

Qarşıda duran növbəti beş ilin ilk ili dünyada qlobal maliyyə və iqtisadi böhran ilə başladı. Lakin bu bizi heç də qorxutmur. Qarşıya qoyulan vəzifələr uğurla yerinə yetiriləcək. Dövlət başçımız da Təhlükəsizlik Şurasının iclasında bu barədə qətiyyətlə dedi: “2009-cu ildə qarşıda duran bütün vəzifələr icra olunmalıdır, konkret proqramlar icra edilməli, nəzərdə tutduğumuz bütün məsələlər həyatda öz əksini tapmalıdır. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Uzun illərdir ki, ölkədə sabitlik, əmin-amanlıq hökm sürür və bu amillər hər bir ölkə, o cümlədən Azərbaycan üçün, hər bir ölkənin inkişafı üçün başlıca şərtdir”.

Hazırda dünyanı təlatümə salan maliyyə və iqtisadi böhran möhtərəm Prezidentimiz tərəfindən təsdiqlənmiş növbəti Dövlət Proqramının həyata keçirilməsinə heç bir əngəl yarada bilməz. Çünki Azərbaycanın beynəlxalq aləmdəki əlaqələri daha da möhkəmlənmiş, iqtisadi inkişaf tempi səngiməmiş, nəzərdə tutulmuş proqramların reallaşması üçün ciddi addımlar atılır. Bundan sonra da həyata keçiriləcək sosial-iqtisadi siyasət keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılacaq, Dövlət Proqramında müəyyənləşdirilmiş məqsədlərə nail olunacaq.

 

 

Rüstəm XƏLİLOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2009.- 26 aprel.- S. 2.