Tərtər:
Murovun əzəməti ilə üz-üzə
Tərtərin yaxası
boyunca uzanan rahat, geniş yollar bizi gözəlliyə,
yüksəkliyə aparır. Az qala hər addımda hava da dəyişir,
təbiət də, mənzərələr də. Bir azdan isə
Murovun əzəməti ilə üz-üzə dayanırsan.
Başı qarlı dağlar adama çox yaxın
görünür. Elə bil əl uzatsan çatar. Ancaq
gör neçə ildir ki, nə əlimiz çatır, nə
ünümüz yetir. Aşağıdan isə Tərtər
axır. Adama elə gəlir ki, bu coşqun dağ
çayı özü ilə birlikdə dağların,
doğma yurd yerlərinin həsrətini, kədərini gətirir.
Bəlkə elə ona görədir ki, qəzəblə sahilə
çırpılır, məcrasına sığmır,
ötən illərin ayrılığından,
ağrısından-acısından danışır...
Salam, yeni Tərtər
Şəhərə
yaxınlaşdıqca... Yox, buradan, sadəcə olaraq,
ötüb keçmək mümkün deyil. Ona görə də
görülüb başa çatdırılmış və
hazırda davam etdirilən işlərlə daha yaxından
tanış olmaq üçün bu yolu piyada getməlisən.
Əvvəla onu deyək ki, şəhərin Heydər Əliyev
prospekti bu istiqamətdə 2,7 kilometr uzadılıb. “Səhəng
bulağı” adlanan seyrəngah da elə burada salınıb. Əvvəllər
zibillik olan bu əraziyə 5 min maşından çox torpaq
daşınıb. Qısa müddət ərzində artezian
quyusu qazılıb, bulaqlar, fəvvarələr tikilib. Təbii
daşlardan, ağaclardan istifadə edilməklə müxtəlif
mənzərələr yaradılıb, oturacaqlar qoyulub. Bundan
başqa, yolboyu yeni işıqlandırma sistemi
quraşdırılıb, Tərtər—Bərdə avtomobil
yolu genişləndirilib, 25 min ağac, 15 mindən çox
müxtəlif gül kolları əkilib, geniş
yaşıllıq zolağı salınıb.
Son aylar tikilmiş,
yaradılmış və bu yerlərə xüsusi bir gözəllik
verən bu seyrəngah,bizcə Tərtərin müasir
simasını, burada aparılan genişmiqyaslı
tikinti-abadlıq və quruculuq işlərinin mənzərəsini
və dinamikasını çox aydın göstərir. Onu da
əlavə edək ki, Tərtərin hansı tərəfinə,
hansı küçəsinə getsən, belə quruculuq və
abadlıq işlərinin, canlanma və qaynarlığın
şahidi olarsan.
Təkcə 2008-ci ildə
Heydər Əliyev xiyabanının və Sabir parkının
yenidən qurulması, Heydər Əliyev muzeyinin tikintisi
başa çatdırılmışdır. Dövlət
Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin, Baytarlıq İdarəsinin
inzibati binaları, Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün 16 və 24 mənzilli
yaşayış binaları tikilmişdir. Dövlət
bayrağı meydanı qurulmuşdur. 74 kommunal
yaşayış binasının dam örtükləri və
fasad hissələri əsaslı təmir edilmişdir və
s. Heydər Əliyev xiyabanında xatirə-bulaq kompleksi, 2 fəvvarə,
təbii daşlardan şəlalə kompleksi, 480 yerlik yay
konsert zalı, 2 çay evi tikilmişdir.
Şəhərin Heydər
Əliyev prospektində, Ş.Qurbanov, Ə.Paşayev, N.Nərimanov,
Nizami, E.Səfərov küçələrində, Səhləbad
kənd yolu ayrıcında, Hacıqərvənd və Buruc kəndləri
istiqamətində yöndəmsiz, qeyri-qanuni tikililər
sökülmüş, ərazilərdə abadlıq işləri
aparılmışdır. Bunlarla yanaşı, M.Hüseynzadə,
N.Nərimanov və E.Hüseynov küçələrinə,
stadiona gedən yola 1,72 kilometr asfalt-beton örtüyü
verilmiş, M.Hüseynzadə, M.Mahmudov, H.Aslanov, Vaqif, M.Məmmədov
və İ.Ağayev küçələri təmir
edilmişdir.
Ümumiyyətlə,
2004—2008-ci illərdə rayon mərkəzi 300-dən artıq
qeyri-qanuni və yöndəmsiz köşkdən təmizlənmişdir.
Şəhərdə, Qaradağlı və Mamırlı kəndlərində
şəhidlər abidə kompleksi, 6 fəvvarə, 27 bulaq
kompleksi, sahəsi 7,3 min kvadratmetr olan mərkəzi meydan, 30
istirahət guşəsi, şəhərin və rayonun ad
göstəriciləri, Yol Polisinin, 2 kənd polis sahə məntəqələrinin
inzibati binaları, Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün 56 mənzilli 3
bina, 15 poçt şöbəsi üçün bina və 2
körpü tikilmişdir. Sarov kəndi ərazisində 500 və
250 yerlik “Xan” şadlıq sarayı kompleksi, mərkəzi
univermaq və “Şəms” şadlıq sarayı kimi
böyük obyektlər də daxil olmaqla 147 ticarət və
xidmət obyekti tikilmiş və bərpa edilmişdir. Küçələrə
9,7 kilometr asfalt-beton örtüyü salınmış, 15
küçə bərpa edilmiş, 1 prospekt və 6
küçə tamamilə yenidən qurulmuş, 43 inzibati
bina əsaslı təmir edilmişdir. 23 istehsal sahəsi
yaradılmış, 200 metr kanalizasiya xətti yenidən
çəkilmişdir. Bəyimsarov kəndində
yanğın xidməti bölməsi
yaradılmışdır.Aqrolizinq xidməti üçün
anbar və sex tikilmişdir. Beynəlxalq Avrasiya Mətbuat
Fondunun rayon şöbəsi açılmışdır.
Elektromexanika zavodunun fəaliyyəti bərpa olunmuşdur.
Əlbəttə,
sadaladıqlarımız rəsmi statistika, quru rəqəmlər
və göstəricilərdir. Əslində isə
bunların arxasında genişmiqyaslı tikinti-abadlıq və
quruculuq işləri, Tərtərin sosial, iqtisadi və mədəni
inkişafına yönəldilmiş əsaslı tədbirlər,
yeni yaradılmış müəssisələr, iş yerləri
dayanır. Başqa sözlə desək, son illər gözlərimiz
qarşısında yaraşıqlı bir şəhər — Tərtər
şəhəri yaradılmış, müasir binalar
tikilmiş, park və xiyabanlar salınmış,
yaşıllıq zolaqları dəfələrlə
genişləndirilmişdir. Yeri gəlmişkən, onu da əlavə
edək ki, son illər başlanmış, bütün sahələri
əhatə edən tikinti-abadlıq və quruculuq işləri,
əsaslı inkişaf, yüksəliş bu gün də eyni
sürət və keyfiyyətlə davam etdirilir.
Sosial ehtiyaclar diqqət
mərkəzindədir
Əvvəllər Tərtər
üçün, az qala, xroniki xəstəliyə
çevrilmiş problemər vardı: əhali fasiləsiz
elektrik enerjisinin, təbii qazın və içməli suyun həsrətində
idi. Bu isə, əlbəttə, haqlı narazılığa,
giley-güzara və söz-söhbətə səbəb
olurdu. Sözsüz ki, vəziyyət uzun müddət belə
davam edə bilməzdi. Ona görə də Tərtər Rayon
İcra Hakimiyyətinin yeni rəhbərliyinin
atdığı ilk addımlardan biri də digər vacib məsələlərlə
yanaşı, əhalinin fasiləsiz elektrik enerjisi, təbii
qaz və içməli su ilə təminatı sahəsində
işləyib həyata keçirdiyi əsaslı tədbirlərdir.
Hər şeydən əvvəl, rayon elektrik şəbəkəsində
əsaslı yenidənqurma işləri aparılmış,
güc çatışmazlığı aradan
qaldırılmış, istifadəyə yararsız
avadanlıqlar yeniləri ilə əvəz olunmuş, şəbəkədə
istismar və təmir işlərinin keyfiyyəti yüksəlmişdir.
Müqayisə
üçün deyək ki, 2004—2008-ci illərdə 110/35/6
KV-luq Tərtər yarımstansiyasının gücü 35
MVA-dan 50 MVA-ya çatdırılmış, 35/6 KV-luq Tərtər
yarımstansiyasında transformatorların gücü ikiqat
artırılmışdır. 35/10 KV-luq İsmayılbəyli
yarımstansiyasında 1 ədəd 2,5 MVA əlavə
transformator, yaşayış məntəqələrində
28 ədəd yeni güc transformatoru
quraşdırılmışdır. Bu müddətdə 12
kilometr yeni elektrik hava xətti çəkilmiş, 249 kilometr
xətt əsaslı və cari təmir edilmiş, 280 ədəd
yeni elektrik dirəyi basdırılmışdır. Rayonda
14287 elektrik sayğacı quraşdırılmış,
bütün abonentlər
sayğaclaşdırılmışdır. Onu da əlavə
edək ki, rayonun elektrik enerjisi ilə fasiləsiz təmin
olunması üçün 110/35/6-luq Tərtər
qidalandırıcı yarımstansiyasının Mingəçevir
SES-i ilə bərabər Əlibayramlı İES-i ilə
qidalanması təmin edilmişdir.
Ötən beş ildə
daxili imkanlar hesabına 33,2 kilometr orta təzyiqli, o cümlədən
şəhərdə 3,5 kilometr uzunluqda magistral qaz kəməri
çəkilmişdir. Rayon mərkəzində bütün
qaz kəmərləri texniki şərtlərə uyğun
normaya gətirilmiş, küçələrə 12 kilometr
yeni qaz xətti çəkilmişdir. 11 küçənin
qaz xətləri yerin səthinə çıxarılaraq bərpa
olunmuş, əlavə yeni 43 qaztənzimləyici
quraşdırılmışdır. 1480 mənzilə, 8
büdcə və 8 qeyri-hökumət təşkilatına təbii
qaz verilmişdir. Beləliklə, rayon mərkəzinin və 7
kəndin tam qazlaşdırılması başa
çatdırılmışdır.
Ötən beş ildə
içməli su üçün 6 yeni subartezian quyusu
qazılıb istismara verilmiş, 2 transformator, 4 nasos
quraşdırılmışdır. 8010 metr yeni su kəməri
çəkilmiş, 1942 metr su kəməri təmir
edilmiş, 403 mənzilə içməli su verilmişdir.
Şəhərdə
20, kəndlərdə 11 bulaq tikilmişdir. Qaynaq və
Qapanlı kəndlərinin hər birində içməli su
üçün quyu vurulmuş, 6 kənddə 7 müxtəlif
tutumlu su çəni quraşdırılmışdır. Şəhərdə,
Dəmirçilər və Təzəkənd kəndlərində
mövcud su anbarları bərpa edilmişdir.
Kənd də dəyişir,
kəndli də
Tərtər ənənəvi
kənd təsərrüfatı rayonudur. Taxılçılıq,
pambıqçılıq, heyvandarlıq iqtisadiyyatın əsasını
təşkil edir. Ancaq təəssüf ki, son illərə qədər
kənd təsərrüfatı məhsulları istehsalı
artmaq əvəzinə, azalırdı, məhsuldarlıq
aşağı idi. Kənd əməkçilərini, fermerləri
ən çox narahat edən məsələ suvarma suyunun
çatışmaması idi. Burada, əlbəttə, obyektiv
səbəblər də var. Məsələn, Sərsəng
su anbarının düşmən əlinə keçməsi
onsuz da ağır olan vəziyyəti daha da
ağırlaşdırmışdı.
Bəs yaranmış vəziyyətdən
necə çıxmalı? Əvvəllər səlahiyyət
sahibləri bu suala sükutla cavab verirdilər. Son illər isə
bu və ya başqa sualların konkret cavabı tapıldı. Biz
burada həmin cavabın real ifadəsini əks etdirən tədbirləri,
fakt və göstəriciləri sadalamaqla kifayətlənəcəyik.
Təkcə ötən il kanal və arxlarda 452 min kubmetr lildən
təmizləmə işləri görülmüşdür,
11 hidrotexniki qurğu təmir olunmuş, 34 subartezian quyusunun
yararsız nasosları yenisi ilə əvəz olunmuş, 11
yeni subartezian quyusu qazılıb istifadəyə
verilmişdir.
Əgər son 5 ilin
faktlarına nəzər salsaq, görərik ki, bu müddətdə
rayon üzrə 26 subartezian quyusu bərpa edilmiş, 47
subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Daşarxın
su tutumu 3 dəfə artırılmış, Ələsgərli
və Bayandur kəndlərini suvarma suyu ilə təmin edən
arxın Tərtər yatağından keçən hissəsində
beton kanal tikilmişdir. 40 kilometr təsərrüfatlararası,
180 kilometr təsərrüfatdaxili arxlar lildən təmizlənmiş,
Qapancı-İsmayıbəyli, Xoruzlu arxlarında,
Azadqaraqoyunlu kollektorunda, Yuxarı Qarabağ kanalında, Tərtər
çayının yatağında müvafiq tədbirlər həyata
keçirilmiş və s. Bəs nəticə? Nəticə
göz qabağındadır. 3000 hektardan çox azyararlı
torpaq sahələri yararlı hala salınmış və əkin
dövriyyəsinə cəlb edilmişdir. Əvvəllər əkinə
yararlı torpaqların yalnız 65—70 faizindən istifadə
olunduğu halda, hazırda onların 85 faizi istifadədədir.
2008-ci ildə ilk dəfə
olaraq 48 min 828 ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki
ildəkindən 20 min ton çoxdur. Taxılın hər
hektarda məhsuldarlığı 4 sentner artaraq 33,5 sentnerə
çatmışdır. 86 min 868 ton yem bitkiləri istehsal
olunaraq daxili tələbat tam ödənilmişdir.
Rayonda 15 min 451 ton şəkər
çuğunduru, 994 ton günəbaxan, 4626 ton kartof, 12608 ton
tərəvəz, 8117 ton meyvə istehsal olunmuşdur. Bu isə
əvvəlki illərdəkindən 10-12 faiz çoxdur.
Rayonda iri malın
sayı 23358 başa, qoyunların sayı 65352 başa,
quşların sayı 226465 başa, arı ailələrinin
sayı 1375-ə çatmışdır. 1698 ton diri çəkidə ət,
10850 ton süd, 4 milyon 690 min ədəd yumurta istehsal
olunmuşdur. Ümumiyyətlə, ötən il rayon üzrə
42 milyon 246 min manatlıq kənd təsərrüfatı məhsulları,
o cümlədən 32 milyon 97 min manatlıq bitkiçilik və
10 milyon 119 min manatlıq heyvandarlıq məhsulları istehsal
edilmişdir ki, bu da əvvəlki ildəkindən 18 faiz
çoxdur.
Təhsilə qayğı gələcəyə
qayğıdır
Son illər Tərtərdə
diqqət mərkəzində saxlanılan və ciddi
dönüş yaradılan sahələrdən biri də təhsil,
səhiyyə və mədəniyyətdir. Əsas cəhət
odur ki, həmin sahələrdə maddi-texniki baza möhkəmləndirilmiş,
yeni avadanlıqlar alınmış, intizam və tələbkarlıq
artırılmışdır. Ötən il təlimin keyfiyyətinin yüksəldilməsi
məqsədilə şəhər 6 saylı orta məktəbin
bazasında metodiki kabinet yaradılmışdır. Hüləbətli,
Söylən, Dəmirçilər, Hacıqərvənd və
Seydimli kənd orta məktəblərində monitorinq
keçirilmişdir.
2004—2008-ci illərdə Heydər
Əliyev Fondu hesabına Sarıcalı kənd orta məktəbi
üçün 240 yerlik, Düyərli kənd əsas məktəbi
üçün 100 şagird yerlik yeni binalar tikilmişdir.
Şəhər 5 saylı orta məktəbi və məktəbdənkənar
iş mərkəzi, Bəyimsarov, Ələsgərli, Sarov,
Qaradağlı və Evoğlu kənd orta, Poladlı kənd əsas
məktəbi əsaslı, Qarağacı kənd orta, Rəcəbli
və Bəyimsarov kənd əsas, Kovdadıq kənd ibtidai məktəbləri
cari təmir edilmişdir. Şəhər 2
saylı orta məktəbinin nəzdində məktəb-lisey
təşkil olunmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin sərəncamları ilə son beş ildə
rayonun 3 müəlliminə “Əməkdar müəllim”
adı verilmiş, 3 müəllim “Tərəqqi” medalı, 4
müəllim isə “Qabaqcıl təhsil işçisi”
döş nişanı ilə təltif edilmişdir.
2008-ci ildə
rayon mərkəzi xəstəxanasının 15
çarpayılıq vərəm xəstəlikləri
şöbəsi və poliklinika əsaslı təmir
edilmiş, müasir rəqəmsal avadanlıqlarla təchiz
olunmuşdur.
Cərrahiyə və təcili yardım
şöbələri, Azadqaraqoyunlu kənd xəstəxanası
əsaslı, uşaq xəstəxanası cari təmir
edilmişdir. Ümumiyyətlə, son beş ildə
İsmayılbəyli, Sarıcalı və Bayandur kənd tibb
məntəqələri üçün yeni bina tikilmiş,
7 kənd tibb məntəqəsi və 1 kənd xəstəxanası,
mərkəzi xəstəxananın 4 şöbəsi əsaslı
təmir edilmişdir. Mərkəzi xəstəxanaya
əlavə su və qaz xətləri çəkilmiş, səhiyyə-informasiya
mərkəzi, tibbi kitabxana yaradılmışdır.
Heydər Əliyev idarəetmə
məktəbi zəngin xəzinədir
Axırıncı dəfə
rayonda olanda bizi məsələnin bu tərəfi daha
çox maraqlandırırdı: son illər Tərtər
Rayon İcra Hakimiyyətində formalaşan iş üslub və
metodları, təşkilat-idarəetmə məsələləri
daha çox nə ilə fərqlənir? Burada diqqəti cəlb
edən, nümunə ola biləcək
hansı vacib amillər var? Ən əvvəl, əlbəttə,
çevik, operativ iş üslubunu, daha çox elmi münasibəti,
yüksək icra intizamını qeyd etmək lazımdır. İnsan amili, onun qayğı və problemləri
diqqət mərkəzindədir. Bilavasitə
yerlərdə keçirilən, müntəzəm xarakter
daşıyan qəbul günləri də xüsusi maraq
doğurur.
Burada daha bir
vacib amil barədə danışmaq lazım gəlir. Tərtər
cəbhə bölgəsidir. Kəndlərin
çoxu, əkin-biçin sahələri, örüş
yerləri düşmənlə üz-üzədir. Başqa sözlə desək, cəbhə bölgəsində
əhalinin həyat şəraitinin
yaxşılaşdırılması, onların sosial
ehtiyaclarının daha dolğun ödənilməsi olduqca
vacibdir. Təsadüfi deyildir ki, rayon icra hakimiyyətində
bu istiqamətdə ardıcıl, sistemli iş qurulmuş, dəqiq
icra intizamı yaradılmışdır. Cəbhəyanı
kəndlərdə keçirilən görüş və
söhbətlərdən başqa, icra hakimiyyətində
operativ qrup da fəaliyyət göstərir.
Tərtər
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi
İsayevlə söhbətimiz həmişə maraqlı
keçir. Sözün açığı, Vidadi müəllimlə
ünsiyyətdə olmaq adama mənəvi zövq verir. Özü də təkcə ona görə yox ki,
onunla ən müxtəlif məsələlərlə
bağlı söhbət etmək mümkündür, zəngin
və maraqlı həmsöhbətdir. Həm də ona
görə ki, Vidadi İsayev rayon icra hakimiyyətinin
başçısı kimi orijinal, daha çox elmi münasibətə
söykənən müasir iş üslubuna malikdir, idarəetmədə
konkretliyə, reallığa, dəqiqliyə
üstünlük verir. Budəfəki söhbətimiz də
istisna olmadı:
— Həyatımızın
bütün sahələrində olduğu kimi, rəhbərlik,
idarəetmə məsələlərində də
hamımız üçün parlaq nümunə ola biləcək zəngin və həmişəyaşar
xəzinə var. Bu, xalqımızın böyük oğlu,
ulu öndər Heydər Əliyevin bütün nəsillərə
örnək ola biləcək irsi, müəyyən etdiyi yeganə
düzgün istiqamət, tarixi yoldur. Məhz bu
yol xalqımızı tarixin sərt döngələrindən
böyük müdriklik və uzaqgörənliklə
çıxardı, onu parçalanmaqdan, məhv olmaqdan xilas
etdi, azad, rahat və xoşbəxt bir həyata qovuşdurdu.
Mən ixtisasca tarixçiyəm, əvvəllər
elmi-tədqiqat işi ilə məşğul olmuşam, tarix
elmləri namizədiyəm. Demək istəyirəm
ki, tarixdə şəxsiyyətin roluna aid çox misallar
göstərmək olar. Ancaq cəsarətlə
deyə bilərəm ki, ümummilli lider Heydər Əliyevin
öz milləti, Vətəni üçün elədiklərini
heç kimlə müqayisə etmək mümkün deyil.
Azərbaycanın
xoşbəxtliyi bir də ondadır ki, həmin müdrik və
uzaqgörən siyasət bu gün daha böyük uğurla
davam etdirilir.
Ölkə Prezidenti İlham Əliyevin qətiyyətli
daxili və xarici siyasət xətti barədə, əlbəttə,
çox danışmaq olar. Qısaca olaraq
onu xatırladaq ki, ölkəmiz son illər ümumdaxili məhsul
istehsalına görə dünyada birinci yerdədir. Bu
müddətdə yüzlərlə yeni müəssisə
yaradılmış, yüz minlərlə iş yeri
açılmışdır. Elə bir bölgə
yoxdur ki, ölkə başçısı ora səfər etməsin.
Biz tərtərlilər də ölkə
Prezidentinin rayonumuza tarixi səfərini böyük minnətdarlıq
hissi ilə xatırlayırıq.
— Sizi daha çox adamlar arasında, iş üstündə görmək
olar...
— İndi kabinetdən rəhbərlik
dövrü deyil. Heç bir rəsmi
arayış və məlumat adamlarla canlı işi,
görüş və söhbəti əvəz edə bilməz.
Bir də, görünür, bu, mənim şəxsi
xarakterimlə bağlıdır. Mən
görülmüş işlərlə şəxsən
maraqlanmasam, adamların qayğı və problemləri ilə
bilavasitə
— Tərtərin 5-10 il bundan əvvəlki görkəmi
hamımızın yaxşı yadındadır.
Respublikamızın bütün bölgələrini
bürüyən və geniş vüsət alan
inkişaf və yüksəlişin, tikinti-quruculuq tədbirlərinin,
sanki, bu rayona dəxli yox idi. İndi el
arasında deyildiyi kimi, yeni bir Tərtər yaranıb.
Rayon qəzetinin əməkdaşı Svetlana Əzizovanın
yazısından bir cümlə bizcə, lap yerinə
düşər: “Cəmi bir neçə il bundan əvvəl
kimsə Tərtərin bu günü haqqında
danışsaydı, adama yuxu kimi gələrdi”. Qısaca olsa da, bu uğurların başlıca səbəbləri
barədə nə deyə bilərsiniz?
— Əslində, yuxarıda
bu barədə xeyli danışdıq. Əlbəttə,
burada həlledici amil, necə deyərlər, təkan nöqtəsi
tapşırılan iş üçün möhkəm
intizam və məsuliyyət hissi, ölkə Prezidentinin
böyük etimadını əməli işlə
doğrultmaq cəhdi, bu millətin, torpağın layiqli
övladı olmaq borcudur. Yaddaşımdan silinməyən
bir epizodu burda da xatırlamaq istəyirəm. İcra hakimiyyətinin başçısı kimi fəaliyyətə
başladığım ikinci gün idi. Kəndlərin
birindən Süleyman adlı kişi qəbula
gəlmişdi. Onun dediyi sözlər təsirli olduğu qədər
də düşündürücü idi: “Düşmənlə
çəpər-çəpərəyik. Nə
işığımız yanır, nə qazımız gəlir,
nə də içməli suyumuz var. Uzaqda yaşasaydıq, bəlkə
də bu barədə danışmazdım. Axı, düşmən bizə baxır”.
İndi özünüz
deyin: Bu sözləri necə sakit qarşılamaq,
qaldırılan məsələlərə necə biganə
qalmaq olardı? Müqayisə üçün
deyim ki, indi rayon ərazisində bütün sutka ərzində
fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su
verilir. Bəli, hər şey işin
düzgün təşkilindən, bütün sahələrdə
yaradılan möhkəm intizam və tələbkarlıqdan
asılıdır.
— Burada, əlbəttə, həlledici
amillərdən biri də kadrlarla aparılan iş,
onların düzgün seçilib yerləşdirilməsidir...
–– Doğrudan
da, hər hansı sahədə işin düzgün təşkili,
əldə edilən uğurlar kadrların düzgün
seçilib yerləşdirilməsindən çox
asılıdır. Digər sahələrdə olduğu kimi, Tərtərdə
ardıcıl və sistemli iş qurulmuşdur. Bu gün
rayonda iş və mənəvi keyfiyyətləri ilə
seçilən, öz işini günün tələbləri
səviyyəsində quran təşəbbüskar kadrlar
çoxdur. Biz belələrini cəsarətlə
irəli çəkir, hər cür diqqət və
qayğı göstəririk.
— 2009—2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı Tərtərə yeni nələr vəd edir?
— Qətiyyətlə demək
oar ki, ölkə Prezidenti İlham Əliyevin
imzaladığı yeni Dövlət Proqramı ölkəmizin
hər yerində olduğu kimi, Tərtərdə də
inkişaf və yüksəlişin daha məsul mərhələsinə
gətirib çıxaracaqdır. Deməli, qarşıda bizi
daha böyük işlər, məsul və şərəfli
vəzifələr gözləyir...
Bəli, Tərtər
özünün qaynar, yaradıcı və işgüzar həyatını
yaşayır.
Rayonda sağlam mənəvi-psixoloji mühit, təşəbbüskar
ab-hava mövcuddur. Hər sahədə
yüksəlişin, inkişafın, yeniliyin şahidi olursan.
Hamı iş üstündə, çöldə-bayırdadır.
Hara üz tutursan tikinti-abadlıq, səliqə-sahman
işlərinin aparıldığını görürsən.
Yaşıllığa qulluq edən kim,
ağac, gül əkən kim. Səkilər
ağardılır, yeni salınan asfalt yollar təmizlənir.
Bir sözlə, insan əli baharın gəlişi
ilə qənirsiz gözəlliklərə
bürünmüş, bu yerlərə — Murovun sinəsinə
sığınmış, dağ çayının gecə-gündüz
nəğmə oxuduğu Tərtərə sığal
çəkir, əlavə ilmələr vurur, yeni
naxışlar salır. Ana təbiət nə qədər
zəngin, nə qədər gözəl olsa da, hər halda,
insan əlinə möhtacdır...
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2009.- 26 aprel.- S. 4.