Yeni regional
Dövlət Proqramı
sahibkarlığın inkişafını
daha da sürətləndirəcək
Azərbaycan Prezidenti cənab
İlham Əliyev dövlətimizə rəhbərlik etdiyi
ilk gündən regionların inkişafına xüsusi diqqət
və qayğı göstərmiş, bununla əlaqədar
bir sıra mühüm sənədlər
imzalamışdır. Bunun nəticəsində ölkənin
davamlı iqtisadi inkişafı təmin edilmiş, bölgələr
arasında regional tarazlıq bərpa olunmuş, yerlərdə
sosial-mədəni infrastruktur obyektləri yenidən
qurulmuş, əmək tutumlu və rəqabət qabiliyyətli
yeni istehsal, habelə xidmət müəssisələri istifadəyə
verilmiş, yeni iş yerlərinin açılması və əhalinin
həyat səviyyəsinin yüksəldilməsi istiqamətində
mühüm uğurlar qazanılmışdır.
Ölkədə sahibkarlığın
inkişaf etdirilməsi məqsədilə qanunvericilik
bazasının təkmilləşdirilməsi, investisiya fəaliyyətinin
gücləndirilməsi, antiinhisar və digər iqtisadi
münasibətlərin tənzimlənməsinə yönəlmiş
bir çox qanun qəbul edilmiş, vergi dərəcələrinin
optimal həddədək azaldılması
reallaşdırılmışdır.
Son illər ölkə
iqtisadiyyatının prioritet sahələrinə
investisiyaların yönəldilməsi nəticəsində
istehsal və emal müəssisələrinin fəaliyyəti
bərpa edilmiş, iqtisadiyyatın
balanslaşdırılmış inkişafının sürətləndirilməsi,
sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin
açılmasına şərait yaratmışdır.
Yuxarıda sadalanan əhəmiyyətli
tədbirlər nəticəsində son beş ildə ölkədə
27,5 mindən çox yeni müəssisə
yaradılmış, 547,5 min yeni daimi iş yeri
açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək
azalmışdır. Ölkənin sosial-iqtisadi
inkişafını şərtləndirən ümumi daxili məhsulun
real həcmi 2,6 dəfə, ötən beş ilin
başlıca hədəflərindən sayılan qeyri-neft
sektorunda məhsul istehsalı 1,8 dəfə
artmışdır. Həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində iqtisadiyyatın
bütün sahələrində dinamik artım baş
vermiş, xüsusən də sənaye istehsalı 2,5 dəfə,
kənd təsərrüfatının ümumi məhsulu 25,2
faiz, əhalinin gəlirləri isə düz dörd dəfə
artmışdır.
Ötən beş ildə
Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət
dövlət büdcəsinə, onun gəlir və xərclərinin
dinamikasına müsbət təsir göstərmişdir. Həmin
dövrdə aparılan uğurlu islahatlar və
ardıcıl, məqsədyönlü iqtisadi siyasət nəticəsində
dövlət büdcəsinin gəlir və xərclərinin
ümumi daxili məhsula nisbəti ilbəil dəyişmiş,
büdcə-vergi siyasəti ölkədə makroiqtisadi
sabitliyin möhkəmləndirilməsinə, iqtisadi
inkişafın sürətləndirilməsinə, əhalinin
sosial vəziyyətinin daha da yaxşılaşmasına və
büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir.
Bir sözlə, ölkənin dövlət büdcəsi
sosial və investisiya yönümlü, inkişaf və
quruculuq büdcəsinə çevrilmiş, iqtisadi
islahatların və ümummilli proqramların başlıca
maliyyələşmə mənbəyi kimi
çıxış etmişdir.
Ölkə
iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri
hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi
son beş ildə 33,5 milyard manat təşkil etmişdir ki,
bunun da 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar
olmuşdur. Onu da deyək ki, 2003-cü ildə ümumi
investisiyaların həcmində daxili investisiyaların payı
24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz
təşkil etmişdir. Göründüyü kimi, ölkənin
maliyyə resurslarının artması nəticəsində
daxili investisiyaların həcmi ilbəil artmaqdadır.
Azərbaycanda biznes
mühitinin yaxşılaşdırılması və
investisiya fəallığının artırılması məqsədilə
ötən dövrdə dövlət tərəfindən
ardıcıl tədbirlər həyata keçirilmiş,
sahibkarlığı stimullaşdırmaq üçün
vergi dərəcələri müəyyən qədər
azaldılmışdır. Xüsusi qeyd etmək
lazımdır ki, dövlət başçısının
“Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin
”bir pəncərə" prinsipi üzrə təşkilinin
təmin edilməsi tədbirləri haqqında" 2007-ci il
oktyabrın 25-də imzaladığı sərəncam ölkədə
biznes mühitinin əlverişliliyinin daha da
artırılmasına və biznesə başlama
prosedurlarının sadələşdirilməsinə imkan
yaratmışdır. Eyni zamanda, birinci regional inkişaf
proqramının icrası dövründə
sahibkarlığa dövlət maliyyə dəstəyinin
gücləndirilməsinə xüsusi diqqət yetirilmiş,
İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət
göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə
323,4 milyon manat kredit verilmişdir. Yeri gəlmişkən,
sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi
istiqamətində ölkəmizdə aparılan islahatlar beynəlxalq
təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir.
Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası tərəfindən hazırlanan və biznes
mühitinin əlverişliliyi üzrə qiymətləndirməni
özündə əks etdirən nüfuzlu “Doinq Business”in
2008-ci ildə açıqladığı hesabatda Azərbaycan
Respublikası biznes mühitinin təkmilləşdirilməsi
sahəsində dünya üzrə ən islahatçı
ölkə elan edilmişdir.
Uğurların
miqyası genişdir. Bu barədə daha ətraflı
danışmaq olar. Amma onu demək istərdim ki, ölkəmizin
potensialı, imkanları o qədər güclü,
genişdir ki, daha yüksək iqitsadi göstəricilər əldə
etmək mümkündür. Başqa sözlə,
regionların mövcud potensialından səmərəli
istifadə etməklə yerlərdə sənaye sahələrinin
və kənd təsərrüfatının
inkişafını sürətləndrmək, bu işdə sahibkarlara
dəstək olmaq, əhalinin sosial durumunu
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq elə də çətin deyil. Məhz buna görə
də cənab Prezidentimiz İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqrmı”nın təsdiq
edilməsi haqqında fərman imzalamışdır.
Yeni regional proqramın əsas
məqsədi ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın şaxələndirilməsinə, əhalinin
sosial-rifah halının daha da yaxşılaşdırılmasına
nail olmaqdır. Bunun üçün Dövlət
Proqramında qarşıya bir sıra mühüm vəzifələr
qoyulmuşdur. Nəzərdə tutulmuşdur ki, ilk növbədə
ökənin təbii və əmək potensialından səmərəli
istifadə etməklə qeyri-neft sektorunun sürətli
inkişafına nail olunmalı, infrastruktur təminatı daha
da yaxşılaşdırılmalı, sahibkarlıq
mühitinin əlverişliliyinə diqqət gücləndirilməli,
investisiyaların qoyuluşu artırılmalıdır. Bütün
bunlarla yanaşı, Dövlət Proqramında
ixracyönümlü məhsul istehsalının
stimullaşdırılması, əhalinin kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması, məşğulluq
səviyyəsinin yüksəldilməsi, yoxsulluğun
azaldılması məsələlərinin həlli də
öz ifadəsini tapmışdır.
Yeni proqramda göstərilir
ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi
üçün ölkədə makroiqtisadi sabitliyin davam
etdirilməsi mühüm şərtdir. Uğurla həyata
keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq
iqtisadi sistemə inteqrasiyasına, neft və qaz gəlirlərinin
səmərəli istifadəsi nəticəsində
makroiqtisadi sabitliyin qorunub saxlanılmasına səbəb
olmuş və bu sahədə tədbirlərin davamlı
şəkildə reallaşdırılmasına əlverişli
şərait yaratmışdır.
Yeni Dövlət
Proqramında sahibkarlığın inkişafı ilə
bağlı bir sıra tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur. Belə ki, qarşıdakı
illərdə vergi dərəcələrinin
optimallaşdırılması, sahibkarlığın təşviqinə
yönəlmiş vergi-gömrük siyasətinin həyata
keçirilməsi, kənd təsərrüfatı məhsullarının
istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin
müddətinin uzadılması, sahibkarlara göstərilən
vergi xidmətinin yaxşılaşdırılması və əhatə
dairəsinin genişləndirilməsi üçün
kompyuter terminallarının, habelə özəl vergi məsləhəti
xidmətinin yaradılması nəzərdə tutulur.
Yeni Dövlət
Proqramında göstərilir ki, sahibkarlığın
inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası
baxımından həyata keçirilən dövlət siyasətinin
aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir.
Bu siyasət iqtisadiyyatın bütün sahələrində
işgüzar fəaliyyət üçün
normativ-hüquqi, təşkilati və maliyyə təminatı
səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir.
Bundan başqa, proqramda
kiçik və orta sahibkarlığın (KOS) dünya
iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi,
ixrac potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi
də ən mühüm vəzifə kimi qarşıya
qoyulmuşdur.
Dövlət
Proqramında sahibkarlığın inkişafı ilə
bağlı digər məqamlar da öz ifadəsini
tapmışdır. Belə ki, sözügedən sənəddə
sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji
baxımdan strukturunun optimallaşdırılması,
sahibkarlığın dəstəklənməsinin müasir təşkilati
modellərinin yaradılması, o cümlədən sahibkarlar
üçün məsləhət xidməti, informasiya təminatı
və s. strukturların yaradılmasının davam etdirilməsi
nəzərdə tutulur. Dövlət Proqramına, eyni zamanda,
sahibkarlıq fəaliyyətinə müdaxilələrin
qarşısının alınması ilə bağlı bənd
də əlavə edilmişdir.
Göründüyü
kimi, proqramda sahibkarlığın inkişafına geniş
yer verilmişdir. Bu da təsadüfi deyil. Çünki
ölkədə davamlı iqtisadi inkişafın təmin
edilməsi baxımından sahibkarlığın tərəqqisi
mühüm amillərdən biridir.
Ağamirzə ƏHƏDOV,
“Karvan” ticarət-kommersiya
firmasının direktoru
Xalq qəzeti.- 2009.- 26 aprel.- S. 5.